Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi

Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi

08.02.2012 [21:22]

Prezident İlham Əliyevin konfransda “Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri” mövzusunda çıxış etməsi Azərbaycanın bu sahədə xüsusi əhəmiyyətindən xəbər verir
Məlum olduğu kimi, hər il keçirilən Münxen Təhlükəsizlik Konfransı dünyanın iqtisadi-siyasi gündəliyinə nəzər salınmasına, həmçinin, qlobal əhəmiyyət kəsb edən məsələlərin dövlət başçıları, siyasi xadimlər, politoloqlar, QHT və KİV nümayəndələri tərəfindən geniş təhlilinə imkan yaradır. Qeyd edək ki, 1962-ci ildən keçirilən konfrans ilk dövrlərdə sırf hərbi məsələlərə həsr olunub. Lakin 1993-cü ildən etibarən “soyuq müharibə”nin başa çatmasının nəticəsi olaraq, daha çox sırf iqtisadi problemlər konfransın gündəliyində yer almağa başlayıb. Nəticədə isə bu gün Münxen Təhlükəsizlik Konfransı dünyanın iqtisadi-siyasi gündəliyindəki əsas problemlərin müzakirə olunduğu, əksər ölkələrdə böyük maraqla izlənən mötəbər beynəlxalq tədbirə çevrilib.
3-5 fevral tarixlərində baş tutan builki Münxen Təhlükəsizlik Konfransı da hər zaman olduğu kimi aktual qlobal məsələlərə həsr edilib. Konfrans çərçivəsində “Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri”, “Almaniyanın Avropada və dünyada rolu”, “Avroatlantik təhlükəsizlik təşəbbüsü”, “Avroatlantik təhlükəsizlik mühitinin yaradılması”, “Amerika, Avropa və Asiyanın dirçəlişi”, “Qlobal sıfır hədd: Avropada taktiki nüvə silahları”, “Maliyyə böhranı və onun beynəlxalq təhlükəsizliyə təsiri”, “Ağıllı müdafiə, Aİ və Transatlantik alyansın gələcəyi”, “Yeni Yaxın Şərqin formalaşması” və “Kibertəhlükəsizlik: ən yaxşı müdafiə hücumdurmu?” mövzuları ətrafında çıxışlar olub. Buradan da görünür ki, konfransdakı çıxışların əsas istiqamətləri “ərəb baharı”nın nəticələrinin regional və qlobal prizmadan dəyərləndirilməsi, Avroatlantik məkanda nüvə təhlükəsinin azaldılması, NATO-nun Sakit okean hövzəsində maraqlarının qorunması, qlobal iqtisadi böhran, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, kibertəhlükəsizlik məsələləri təşkil edib.
Yaxın şərqin yenidən formalaşdırılması hansı dəyişiklikləri gətirdi?
Konfransda “ərəb baharı” ilə bağlı məsələnin müzakirə olunması heç də təsadüfi deyil. Belə ki, 2011-ci ilin əvvəllərindən alovlanan, həmçinin, hələ də davam edən “ərəb baharı” adı altında gerçəkləşən inqilablar və sosial çaxnaşmalar hələ də davam etməkdədir. Heç şübhəsiz, Qərbin “Böyük Yaxın Şərq layihəsi”nin tərkib hissəsi olan regiondakı bir sıra ərəb ölkələrində hakimiyyətin zorla dəyişdirilməsi və ölkələr daxilində etnik-dini parçalanmaların dərinləşdirilməsi məqsədinə xidmət edən bu inqilablar bölgəyə yalnız dağıntı və fəlakət gətirib. çünki inqilabların baş verdiyi ərəb ölkələrində hazırda nə yeni qurulan demokratik əsaslı hökumətlərdən, nə də insan hüquq və azadlıqlarının genişlənməsindən danışmaq mümkündür. Daha dəqiq desək, inqilabın dövlət çevrilişi ilə nəticələndiyi Tunisdə hakimiyyətə gələn islamçıların Qərbin dəstəklədiyi demokratik dəyərlərlə ziddiyyət təşkil edən addımlar atması, Misirdə qurulan hərbi hökumətin hakimiyyətdən əl çəkmək istəməməsi və bunun təsirilə kütləvi etiraz mitinqlərinin yeni dalğasının baş qaldırması, Liviyada isə keçid hökumətinin rəhbərliyi altında ölkənin hələ də qeyri-müəyyən gələcəyə doğru irəliləməsi inqilabların tamamilə fərqli nəticələrə gətirib çıxardığını göstərir. Təsadüfi deyil ki, Münxen Təhlükəsizlik Konfransında çıxış edənlər də “ərəb baharı”nın regiona daha çox “qış” ab-havası gətirdiyini etiraf ediblər.
Yeri gəlmişkən, ərəb inqilabları təkcə regional deyil, qlobal proseslərə də təsir göstərmək gücündədir. Belə ki, son aylarda Suriyada vəziyyətin daha da gərginləşərək qonşu dövlətlərlə münasibətlərə mənfi təsir göstərməsi, Qərbin bu ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq məqsədilə sərt sanksiyalar tətbiq etmək istəyinə Rusiya ilə çinin qarşı çıxması nəticəsində gərginliyin daha da artması, eyni zamanda, Suriyaya mümkün xarici hərbi müdaxilə barədə fikirlərə qonşu İranın sərt təpkisi inqilabların dünyadakı siyasi proseslərə ciddi təsir göstərdiyini bir daha təsdiqləyir.
Avroatlantik məkanın nüvəsizləşdirilməsi
Heç şübhəsiz, müasir zaman kəsiyində nüvə silahlarının geniş yayılması dünyanı təhdid edən ən təhlükəli problemlərdən biri kimi qalmaqdadır. Təsadüfi deyil ki, bu məsələ də konfransın gündəliyində diqqət çəkən mövzulardan biri olub. Məlumat üçün bildirək ki, 2008-ci ilin dekabrında Parisdə 100-dən artıq ölkənin siyasi liderləri, QHT rəhbərləri, hərbçiləri tərəfindən irəli sürülən “Qlobal sıfır hədd” (Global Zero) layihəsində 2030-cu ilədək 4 mərhələdə mövcud nüvə başlıqlarının və nüvə arsenalının tamamilə məhv edilməsi nəzərdə tutulub. Lakin bu gün dünyada nüvə təhlükəsinə qarşı aparılan mübarizənin hansı istiqamətdə getdiyi də göz önündədir. Belə ki, İranın nüvə proqramı ətrafında yaranan qalmaqalın daim gündəmdə saxlanması on minlərlə nüvə başlıqlarına malik olan dövlətlərin özlərinin dünyaya yaratdığı təhlükəni və üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi məsələsini arxa plana salır. Bu vaxtadək dünyada elan olunan “nüvəsiz zonalar” əsasən nüvə silahına malik olmayan ölkələrin yerləşdiyi regionları əhatə etməklə daha çox bu silahın yayılmasının qarşısını almaq məqsədini daşıyır. Lakin bu bir həqiqətdir ki, bəzi dövlətlərin nüvə silahına sahib olması digərlərini də bu silahı əldə etmək istiqamətində fəaliyyətə sövq edən başlıca amildir. Belə olan halda, nüvə təhlükəsinə qarşı mübarizə aparmaq istəyən dövlətlərin bu işə ilk olaraq məhz öz cəbhəxanalarında təmizlik aparmaqla başlaması daha məntiqəuyğundur.
Asiya və Sakit okean hövzəsində Avroatlantik ittifaqın maraqlarının qorunması
Dünyada cərəyan edən proseslərdən danışarkən onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Asiya və Sakit okean hövzəsi uğrunda gedən qlobal rəqabət hərbi qüvvələr balansının pozulması təhlükəsi ilə yanaşı, iqtisadi proseslərə də təsirini göstərir. Son zamanlar Qərb analitiklərini ən çox maraqlandıran məsələlərdən biri Avropada və bütövlükdə Qərb dünyasında maliyyə böhranının hökm sürdüyü, iqtisadi geriləmənin, istehsalın və üDM-in azaldığı bir vaxtda Asiya regionunun, xüsusən də Şərqi Asiya ölkələrinin durmadan inkişaf etməsidir. Texnoloji imkanlarını genişləndirən Asiya dövlətləri əmtəə və xidmətlərin istehsalına görə dünyadakı çəkisini artırmaqdadır. Qərbin Sakit okean hövzəsində mövqeyini gücləndirməyə çalışmasına paralel olaraq, iqtisadiyyatı güclənən çinin bölgədə təsir imkanlarının genişlənməsi isə Avroatlantik ittifaqın aparıcı dövlətlərini narahat edir. Təsadüfi deyil ki, ABŞ rəsmiləri dəfələrlə çin hökumətinin iqtisadiyyatı nəzarətdə saxlamaqla artımı təmin edən siyasətini tənqid edərək, bu ölkənin artıq kifayət qədər inkişaf etdiyini əsas gətirməklə rəsmi Pekini “oyun qaydalarına riayət etməyə”, digər ölkələr kimi liberal iqtisadi siyasət yeritməyə çağırıblar.
Kibertəhlükəsizliyin təmin olunmasının önəmi artır
Bu bir həqiqətdir ki, kompüter texnologiyasının imkanlarının genişləndiyi, internetin bütün dünyada əsas informasiya və ünsiyyət vasitəsinə çevrilməkdə olduğu indiki dövrdə kibertəhlükəsizliyin təmin olunması daha aktual məsələyə çevrilib. İnternetin insan həyatının demək olar ki, bütün sahələrinə daxil olması, kiberhücumların da insanların həyat fəaliyyətinə bir çox yöndən zərbə vurmaq ehtimalını artırır. Bu səbəbdən də kibertəhlükəsizliyin təmin olunması məqsədilə iki istiqamətdə tədbirlərin gücləndirilməsi böyük əhəmiyyət daşıyır: 1) kompüter proqramlarının kiberhücumlara qarşı maksimal təhlükəsizliyinin təmin edilməsi; 2) kibercinayətlər törədənlərin aşkarlanması və belə hallara yol verənlərə qarşı hüquqi əsasda tədbirlərin görülməsi. Bütün bunlar isə konfransda sözügedən məsələnin də müzakirəsini təmin edib.
Yeri gəlmişkən, son günlərdə Azərbaycanın internet məkanına, xüsusən də dövlət strukturlarına aid olan vebsəhifələrə qarşı yönələn hücumların artması bu məsələnin ölkəmiz üçün də aktuallıq səviyyəsini yüksəltdi.
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi
Ən nəhayət, enerji resurslarından istifadə, ətraf mühitin qorunması, enerji təhlükəsizliyinin təmin edilməsi də Münxen konfransında diqqət mərkəzində oldu. Məhz belə bir mövzu ilə bağlı Prezident İlham Əliyevin çıxışçı kimi dəvət olunması isə Azərbaycanın bu sahədəki roluna və təcrübəsinə, eləcə də, dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasətə verilən qiymətin göstəricisidir. Dövlət başçısının Münxen Təhlükəsizlik Konfransının “Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri” mövzusunda çıxışında da qeyd etdiyi kimi, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti həm ölkəmizin, həm də tərəfdaş dövlətlərin maraqlarına uyğundur. Azərbaycan enerji siyasətində şaxələndirməyə üstünlük verməklə enerji nəqlinin təhlükəsizliyinə nail olub, əlverişli bazar imkanlarından yararlana bilib. Ənənəvi enerji mənbələri olan neft və qaz hasilatı ilə bərabər, ölkəmiz alternativ enerji sektorlarının yaradılması və inkişafına vəsait ayırır, eləcə də, əvvəlki tarixi dövrlərdən qalan neftlə çirklənmiş ərazilərin təmizlənməsi yönündə əsaslı işlər görülür.
ümumiyyətlə, Azərbaycan təkcə iqtisadi sahədə deyil, digər sferalarda da etibarlı tərəfdaşdır. Prezident İlham Əliyevin tədbirdə səsləndirilən suallardan birinə cavabında da dediyi kimi, ölkədə siyasi sabitlik var, eyni zamanda, respublikada hər cür demokratik azadlıqlar bərqərar olub: “Bizim çoxpartiyalı sistemimiz vardır. Bizim parlamentdə təmsil olunan 10-dan çox partiyamız vardır. Bizim azad mətbuatımız vardır. Bizdə söz azadlığı vardır. Bizdə din azadlığı vardır. Nəhayət, bizdə azad internet vardır. Qeyd etmək istərdim ki, bizim regionda heç də bütün ölkələrdə azad internet yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 50 faizdən artıqdır və bu rəqəm artmaqdadır”.
Bir sözlə, dünyada insan hüquq və azadlıqlarına dair başlıca dəyərlər hesab olunan etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, hər bir kəsin qanun qarşısında bərabərliyi, söz, mətbuat, vicdan azadlığı, demokratik siyasi sistem, vətəndaş cəmiyyəti institutlarının geniş şəbəkəsi artıq respublikamızda formalaşıb. Azərbaycandakı demokratik inkişafı ölkə əhalisi ilə yanaşı, beynəlxalq ictimaiyyət də görür və dəyərləndirir.
Göründüyü kimi, Azərbaycan insan hüquq və azadlıqlarının təmin olunmasına, vətəndaşların informasiya əldə etmək və yaymaq imkanlarının sərbəstliyinə və genişliyinə görə hətta bir sıra dövlətlər üçün nümunə də ola bilər. Azərbaycanın demokratik inkişaf yolunda inamlı addımları ölkəmizin BMT, Avropa İttifaqı, Avropa Şurası, AŞPA, ATƏT, UNESCO və digər beynəlxalq təşkilatlarla möhkəm əməkdaşlıq əlaqələrinin qurulmasına da imkan yaradıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə təsir göstərən amillər içərisində, heç şübhəsiz, respublikamızın demokratik azadlıqlar sahəsində əldə etdiyi nailiyyətlərin də böyük rolu olub. Beynəlxalq təşkilatlarla əlaqələr çərçivəsində müxtəlif dövlətlərin demokratiya institutları sahəsində təcrübəsindən yararlanan Azərbaycan özünün demokratik inkişaf modelini formalaşdırıb.
Hülya MƏMMƏDLİ
Paylaş:
Baxılıb: 892 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30