Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni inkişaf mərhələsində müstəqil Azərbaycanın qarşısında daha mühüm hədəflər və vəzifələr durur

Yeni inkişaf mərhələsində müstəqil Azərbaycanın qarşısında daha mühüm hədəflər və vəzifələr durur

24.02.2012 [01:20]

“Yeni Azərbaycan” qəzeti “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı ictimai müzakirələrə start verdi
Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən ilin noyabr ayının 29-da “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması haqqında Sərəncam imzalayıb. 2011-ci ilin dekabr ayının 29-da isə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da çıxış edən akademik Ramiz Mehdiyev bildirib ki, bu sənəd ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Bununla yanaşı, akademik Ramiz Mehdiyev Konsepsiyanın hazırlanmasının əsas istiqamətlərini də sadalayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamında göstərilib ki, İnkişaf Konsepsiyası hazırlanarkən, eyni zamanda, vətəndaş cəmiyyəti təsisatlarının iştirakı təmin edilsin, habelə, layihə açıq müzakirələrə çıxarılsın. Bu baxımdan da, “Yeni Azərbaycan” qəzeti “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ictimai müzakirələrdə” rubrikası çərçivəsində ictimai müzakirələrə start verir.
İlk müzakirənin qonaqları isə millət vəkilləri Musa Quliyev, Vahid Əhmədov, Fəzail Ağamalı, Sahibə Qafarova və Kamilə Əliyeva, həmçinin, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev olub.
Hikmət Babaoğlu: Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il noyabrın 29-da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncam imzalayıb. Bununla əlaqədar olaraq, ötən il dekabrın 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə “dəyirmi masa” keçirilib. İnkişaf konsepsiyasının hazırlanması ilə bağlı layihələrin hazırlanması və ictimaiyyəti narahat edən problemlərin öyrənilməsi və bunların həlli ilə bağlı təkliflərin hazırlanması aktual məsələdir. Bugünkü müzakirələrimiz də məhz bu məqsədə xidmət edir. Ona görə də, ilk olaraq, qonaqlarımıza bu sənədin tarixi əhəmiyyəti haqqında sual ünvanlamaq istərdik. Sizcə, bu sənəd hansı zərurətdən doğdu və konsepsiyanın ölkəmizin yaxın gələcəkdə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində rolunu nədə görürsünüz?
Vahid Əhmədov: Məlum olduğu kimi, Azərbaycan ötən il müstəqilliyinin 20-ci ildönümünü qeyd etdi. Bu 20 il ərzində Azərbaycanın həyatında çox təlatümlü anlar yaşanıb. Birinci onilliyi nəzərdən keçirsək, yəni, 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən müəyyən hadisələr ölkənin inkişafında problemlər yaratmışdı. Yalnız 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanda müəyyən qədər sabitlik meyilləri yarandı.
Mən hesab edirəm ki, müstəqilliyimizin birinci 10 ili ərzində görülən işlər Azərbaycanın gələcək inkişafı üçün əsas baza yaratmış oldu. Növbəti 10 il, yəni, 2001-2011-ci illər ərzində Azərbaycanda iqtisadi inkişaf sürətlə getməyə başladı. Xüsusilə, cənab İlham Əliyevin 2003-cü ildə dövlət başçısı seçilməsindən sonra artıq proqramlar çərçivəsində ölkə iqtisadiyyatı inkişaf etməyə başladı. Məsələn, regionların sosial-iqtisadi inkişafı, iqtisadiyyatın diversifikasiyası ilə bağlı proqramlar qəbul olunub, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar çox ciddi addımlar atılıb. Faktiki olaraq, Azərbaycanın inkişafında bu 2-ci onilliyin payı daha artıqdır. Respublikamızın siyasi arenada, təkcə bölgədə yox, eləcə də, Avropada nüfuzu artıb. ötən il Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, bu yaxınlarda xarici işlər nazirinin G20-nin iclasına dəvət olunması, “Eurovision-2012” mahnı müsabiqəsinin Azərbaycana diqqəti cəlb etməsi ölkəmizi ön plana çıxarıb. Digər tərəfdən, ölkəmizin neft və qaz ehtiyatlarının yüksək olması, qaz ehtiyatlarının trilyon kubmetrlərlə ölçülməsi və s. Avropa dövlətlərinin, o cümlədən, Amerikanın Azərbaycana diqqətinin artmasına səbəb olub. Azərbaycan artıq dünyada sayılıb-seçilən dövlətlərdən biridir. Bölgədə heç bir iri layihə Azərbaycanın mövqeyi və razılığı olmadan həyata keçirilə bilməz. Bütün məsləhətləşmələr faktiki olaraq Azərbaycan dövləti ilə aparılır. Mən deyərdim ki, Azərbaycan bölgədə hegemon dövlətdir və iqtisadi inkişaf tempinə görə dünyada qabaqcıl ölkələrdən biridir. Mən hesab edirəm ki, gündəmə gətirilən yeni inkişaf konsepsiyası çox vacib və strateji bir sənəd olacaq. Ona görə də, sənədin hazırlanmasında QHT-lər, ictimai təşkilatlar, hər bir vətəndaş iştirak etməli və öz mövqeyini bildirməlidir. Bu proqram Azərbaycanın 2020-ci ilə qədərki inkişafını özündə əks etdirəcək. Bütün sadalanan uğurlar isə nəticə etibarı ilə yeni inkişaf konsepsiyasının hazırlanması üçün zəmin formalaşdırıb.
H.B.: İnkişaf konsepsiyası, əslində, 2003-cü ildən başlanılıb. Yəni, 2003-cü ildə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının qəbul olunması ilə bağlı cənab Prezidentin ilk Sərəncamı oldu, 2008-ci ildə isə ikinci Dövlət Proqramının icrasına başlanıldı. Burda bir ardıcıllıq var. Musa müəllim, sizcə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası nəyi nəzərdə tutur?
Musa Quliyev: Artıq müstəqil Azərbaycan inkişafının yeni bir mərhələsinə qədəm qoyub. Azərbaycan müstəqil dövlət kimi yaranandan sonra qarşısına qoyduğu bir sıra hədəflərə artıq çatıb. Müstəqil dövlətçilik quruldu, bazar iqtisadiyyatı yönündə islahatlar nəticəsində azad rəqabətə əsaslanan iqtisadiyyat yaradıldı. Hüquqi sahədə də genişmiqyaslı islahatlar həyata keçirildi. Beynəlxalq müstəvidə ölkəmiz istədiyi hədəflərə çatdı.
İndiyədək olan proqramlarla müəyyən hədəflərə çatmaq və konkret müddətə real nəticələr əldə etmək onu göstərdi ki, Azərbaycanda çox yaxşı idarəetmə və inkişaf modeli var. 20-ci ilə qədər təbii ki, ətrafımızda baş verən hadisələr, qarşıya qoyulan məqsədlərə çatmaq üçün proqnozlaşdırmalar, daxili və xarici siyasətdə hədəflərə çatmaq yollarının müəyyənləşdirilməsi belə bir konsepsiyanın hazırlanmasını zəruri edib. Mən belə düşünürəm ki, bu konsepsiyada bir sıra istiqamətlər nəzərdə tutulacaq. Bu konsepsiyanın hazırlanmasında təkcə millət vəkilləri deyil, ictimaiyyət nümayəndələri, müxtəlif sahələr üzrə ekspertlər, hətta müxtəlif siyasi partiyalar birgə işləməlidirlər. Hesab edirəm ki, bu, bütöv bir millətin, dövlətin konsepsiyası olduğuna görə hər kəsin mövqe və fikrinin öyrənilməsi vacibdir. İlk növbədə, 2020-ci ilə qədər qarşıya qoyduğumuz hədəflər sırasında müstəqil dövlətçiliyi möhkəmləndirmək və ərazi bütövlüyünün təminatı birinci şərtlərdəndir. Nə qədər ki ərazi bütövlüyümüz təmin olunmayıb, nə qədər ki Dağlıq Qarabağ problemi həll olunmayıb, biz öz hədəflərimizə bütünlüklə çata bilməyəcəyik. Beləliklə də, inkişaf konsepsiyasında ön planda ərazi bütövlüyümüzün bərpası dayanmalıdır. Düşünürəm ki, milli ideyanın inkişafı, azərbaycançılıq ideyası ətrafında birləşmək, ölkəmizi dünya azərbaycanlılarının dövlətinə çevirmək, türk birliyinin mərkəzlərindən birinə çevirmək həm gücümüzü artıran faktorlardan biridir, həm də dövlətimizin inkişafı naminə mərkəzdə dayanan vəzifələrdən biri olmalıdır.
Sahibə Qafarova: Mən də qeyd etmək istərdim ki, bu konsepsiyanın hazırlanması tarixi əhəmiyyət daşıyır. çünki bu sənəd ölkəmizin gələcək 7-8 ildə hansı şəkildə inkişaf edəcəyini, hansı yolu tutacağımızı ifadə edəcək. Bu çox strateji bir sənəddir. Bilirsiniz ki, dövlət tərəfindən qəbul olunan inkişaf proqramlarının hər biri xalqın rifahının yaxşılaşdırılmasına hesablanıb. Mən həm də təhsil sistemində çalışıram və bir təhsil işçisi kimi onu deyə bilərəm ki, inkişafın əsası yüksək səviyyəli təhsil sisteminin təşkilidir. Hesab edirəm ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da təhsillə bağlı məsələlərə geniş diqqət ayrılacaq. Və burada təhsilə yeni dövrün tələblərinə uyğun olaraq, müasir standartlar çərçivəsində yanaşılmalıdır.
H.B.: Azərbaycan hüquqi-demokratik dövlət qurur, ölkəmizdə demokratik cəmiyyət formalaşıb. Təbii ki, demokratik cəmiyyətin atributları olan siyasi partiyalar mövcuddur, qeyri-hökumət təşkilatları, ictimai siyasi institutlar fəaliyyət göstərir. Fəzail müəllim, bu nailiyyətlər yetərlidirmi? 2020-ci ilə qədər daha nələr olmalıdır?
Fəzail Ağamalı: Belə bir konsepsiyanın qəbul olunmasını təmin edən mühüm şərtlərdən biri də heç şübhəsiz ki, Azərbaycanın artıq stabil dövlətə, dinamik inkişaf edən bir ölkəyə çevrilməsidir. Azərbaycan dövləti 2008-ci il iqtisadi və maliyyə böhranından üzüağ çıxdı, özünü sığortalaya bildi. Hətta dünyanın aparıcı maliyyə qurumlarının dediyi kimi, bir Azərbaycan modeli, təcrübəsi, Azərbaycan fenomeni artıq təcrübədə özünü doğruldub. Eyni zamanda, Azərbaycan təkcə ölkə daxilinə deyil, xarici ölkələrə investisiya qoyan bir dövlətə çevrilib. Azərbaycan öz daxili maliyyə imkanları hesabına fəaliyyətini qurur və bu istiqamətdə işlərini genişləndirir. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirib. Bu cür faktları əsas gətirərək demək olar ki, dövlət başçısının zamanında imzalamış olduğu Sərəncam heç şübhəsiz ki, ciddi əsaslara malikdir və gələcək hədəfləri özündə ehtiva edərək, Azərbaycanın inkişaf səviyyəsini yüksəltməyə imkan verəcək.
Konkret sualınıza gəldikdə isə, qeyd etməliyəm ki, siyasi sistemdə siyasi partiyaların yeri və rolu son dərəcə əhəmiyyətlidir. Bu gün Azərbaycanda siyasi sistemdə siyasi partiyalar ciddi rol oynayır fikrini səsləndirmək üçün tezdir. Müəyyən dərəcədə bəli, ölkədə siyasi sistemdə siyasi partiyaların yeri görünməkdədir. Bu və ya digər səviyyədə öz töhfələrini verməkdədirlər. Siyasi sistemdə siyasi partiyaların rolunu gücləndirmək üçün siyasi partiyaların fəaliyyətini gücləndirə biləcək yeni qanunun qəbuluna ehtiyac var. Elə bir qanun ki, siyasi partiyaların fəaliyyətini sözün həqiqi mənasında qurmağa imkan verir, stimullaşdırır və bu partiyalar öz gücünə, potensialına, qarşıya qoymuş olduğu ideya yükünə görə cəmiyyətdə öz yerini tutur və siyasi sistemə öz töhfələrini verir. Dünyada qəbul olunduğu kimi, çoxpartiyalılıqdan bir neçə partiyanın mövcud olacağı səviyyəyə gələ bilməliyik. Bu da öz növbəsində ölkənin siyasi sisteminin möhkəmlənməsinə əhəmiyyətli təsir edə bilər.
H.B.: Vüqar müəllim, Azərbaycan demokratik inkişafına görə, region, mən deyərdim ki, Şərqi Avropa, hətta bir sıra Qərbi Avropa dövlətlərini qabaqlayır. Azərbaycanda insan hüquqları və azadlıqları, söz və mətbuat azadlığı təmin olunub. Lakin bununla bərabər insan hüquqları və söz azadlığı ilə əlaqədar olaraq ən çox tənqid olunan bəlkə də elə Azərbaycandır. Bu nə ilə bağlıdır? Gələcəkdə nə etmək lazımdır?
Vüqar Rəhimzadə: Əvvəla, “Yeni Azərbaycan” qəzetinə bütövlükdə cəmiyyət üçün çox əhəmiyyətli və mühüm olan bir mövzunu müzakirəyə çıxardığına görə təşəkkür edirəm. Son illər Azərbaycan dünyanın ən mötəbər dövlətlərindən birinə çevrilib. Azərbaycanın əldə etdiyi uğurlar bütövlükdə deməyə əsas verir ki, bu gün hətta Avropanın ən inkişaf etmiş ölkələri belə müəyyən məsələlərdə Azərbaycan təcrübəsindən yararlanmalıdırlar. Mətbuata gəlincə, mən rəsmən 23 ildir ki, mətbuatda çalışıram. Azərbaycan mətbuatı ümumiyyətlə Sovetlər dönəmindən də daha öncə fəaliyyəti zamanı basqılara məruz qalıb. Bütövlükdə 90-cı illərdə mətbuatda söz azadlığı yox idi. Ulu öndər Heydər Əliyevin 2-ci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə oluğu kimi, ölkədə söz və mətbuat azadlığı sahəsində də tənəzzüldən inkişafa doğru yüksəliş müşahidə olunmağa başladı. Bu gün Azərbaycanda söz və mətbuat, fikir azadlığı birmənalı şəkildə bərqərar olub.
Beynəlxalq təşkilatların münasibətinə gəlincə, demək istərdim ki, bu ikili standartların bir nümunəsidir və mən bunu həmin təşkilatların obyektivlikdən uzaq olması ilə əlaqələndirirəm. Subyektiv, qərəzli mövqedən çıxış edərək Azərbaycanı uyğun olmayan dövlətlərlə müqayisə etməyə çalışırlar. Azərbaycanda həqiqətən də, kifayət qədər müxalifət və radikal müxalifət mətbuat orqanları fəaliyyət göstərir. Hətta tənqid deyil, bəzən təhqirə yol verilsə də, dövlət bu sahədə hər hansı bir mexanizmi işə salmayıb. Mətbuatın 135 illiyi ərəfəsində Prezident İlham Əliyev jurnalistlərə pulsuz evlərin verilməsi üçün 5 milyon maliyyə vəsaiti ayırıb. Artıq gələn ilin sentyabr ayında 154 mənzil təhvil veriləcək. Mən əminəm ki, bu işlər gələcəkdə də davam etdiriləcək və biz 2020-ci ildə bu gün haqqında danışdığımız problemləri artıq geridə qoymuş olacağıq.
H.B.: Azərbaycan mətbuatı cəmiyyətin bir hissəsidir. Ayrılıqda Azərbaycan mətbuatı müstəqil bir institut deyil. Cəmiyyətin içərisində yaranan və onu təmsil edən, onun səviyyəsinə uyğun olaraq formalaşan bir təsissatdır. Bu da gəlib çıxır təhsil və intellektə. Biz hazırlıqlı olmasaq da savad və biliyimiz olmasa da, bu şeylər olacaq. Ona görə də, hər bir cəmiyyətin mətbuatı ona layiqdir onun davamçısıdır. Hər bir cəmiyyət yetişdirdiyi mətbuata layiqdir. Mən də istərdim ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bütün bu məsələlər öz əksini tapsın. Məsələ orasındadır ki, xaricə təhsil almağa gedən gənclərimizin əksəriyyəti konkret sahələr üzrə gedirlər. Hesab edirəm ki, gələcəkdə bu sahəyə xüsusi diqqət ayrılmalıdır.
Genetika sahəsində çalışan bir elm adamı kimi, millət vəkili kimi Kamilə xanım, sizcə, 2020-ci ilədək bu sahədə nə kimi işlər görülməlidir? Bu gün ölkəmizdə bu sahədə yetərli baza formalaşıbmı?
Kamilə Əliyeva: Möhtərəm Prezidentimizin imzaladığı Sərəncamı çox doğru və yerində verilmiş qərar hesab edirəm. Bu sənədin gələcəkdə icrası bütün sahələrdə, o cümlədən, elm sahəsinin inkişafında da özünü göstərəcək. Cənab Prezident dəfələrlə bildirib ki, biz artıq neft kapitalını insan kapitalına, intellektual kapitala çevirməliyik. Təbii ki, bunun üçün ilk növbədə təhsil sistemində islahatlar aparılmalıdır. Nailiyyətlər göz qabağındadır və bu barədə kifayət qədər danışılıb. Amma hesab edirəm ki, dövlət başçısının belə bir Sərəncam imzalaması nailiyyətləri göstərməyə deyil, məhz çatışmazlıqları aradan qaldırmağa hesablanıb. Biz təhsil və elm sahələrinin birgə inkişafı yönündə daha genişmiqyaslı fəaliyyət göstərməliyik. Hesab edirəm ki, ilk növbədə, elm və təhsil sahəsində inteqrasiyanın təşkilinə ehtiyac var.
H.B: Bəhruz müəllim siz həm yazılı, həm də bu gün dəbdə olan alternativ media, yəni elektron medianın təmsilçisi kimi burada iştirak edirsiniz. Bu gün ictimai fikir yükü, təbliğat və informasiya yükü elektron medianın üzərinə daha çox düşür. Azərbaycanda da internet azadlığı var, internet istifadəçilərinin sayı durmadan artır. Burada da demokratik əsaslar təmin olunub. Bu barədə nə deyə bilərsiniz?
Bəhruz Quliyev: “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası modernləşmə strategiyasıdır. Bu gün zamanın tələbinə uyğun olaraq bütün sahələrdə sürətli inkişaf gedir. Hüquqi, iqtisadi, siyasi sahədə islahatlar həyata keçirilib. Dəfələrlə Prezident İlham Əliyev çıxışlarında bildirib ki, əsas məqsəd neft resurslarının insan kapitalına çevrilməsindən ibarətdir. Bu gün xarici ölkələrə təhsil almağa gedən tələbələr gələcəkdə Azərbaycan üçün bir çox sahələrdə yeniliklər tətbiq edə bilərlər. Mətbuata gəlincə, həm Ulu öndərin, həm də dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasət dövlətin ölkədə fikir plüralizminin, söz və mətbuat azadlığının inkişafında maraqlı olduğunu göstərir. Bu gün informasiya texnologiyaları elə inkişaf edib ki, artıq kifayət qədər informasiya mənbələri var. İnformasiya istənilən yerdə əlçatandır. Amma ölkədə texniki imkanlar daha da gücləndirilməlidir. Ən son texnologiyalar, müasir avadanlıqlar daha geniş şəkildə quraşdırılmalıdır. Azərbaycan bu kimi vasitələrin idxalçısı olaraq qalmamalı, bunu istehsal edən, müasir texnoloji avadanlıqlarla özünü, daxili bazarı təmin edən bir ölkəyə çevrilməlidir. Mən düşünürəm ki, bizim belə bir imkanımız var və yaxın perspektivdə artıq bu istiqamətdə də işlər aparılmalıdır.
H.B: İstərdik bu suala bütün qonaqlarımızın cavabını alaq. Siz, 2020-ci ilin Azərbaycanını necə görürsünüz? Cəmiyyətimizin kifayət qədər tanınmış nümayəndələri olaraq, bu strateji İnkişaf Konsepsiyasında hansı məsələlərin öz əksini tapmasını istərdiniz?
Kamilə Əliyeva: Mən hesab edirəm ki təhsil müəssisələri ilə Milli Elmlər Akademiyası arasında əlaqə daha da gücləndirilməlidir. Elə təhsil ocaqları var ki, onların bazaları var. Məsələn, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Texniki Universitetin bazaları var. Amma BDU-da əksər kafedralar var ki, onun bazası yoxdur. Bunun üçün də mən təklif edərdim ki, Elmlər Akademiyasının müvafiq institutlarında bizim ali təhsil ocaqlarının filialları açılsın. Filialların açılması ilə təhsil sahəsində çalışanlarla oxuyanlar arasında inteqrasiya yaradılacaq. Təhsil müəssisələlərinin maddi texniki bazası gücləndirilməli, Azərbaycanda elmlə-təhsilin vəhdəti möhkəmləndirilməlidir. Konkret olaraq məsələn, genetika sahəsində tibb işçiləri ilə genetiklər əlaqəli şəkildə fəaliyyət göstərməlidirlər. Nəzəri biliklər praktikada, praktika nəzəri biliklərlə gücləndirilməlidir. Bundan başqa, peşə təhsilinin inkişafı ilə bağlı tədbirlər gücləndirilməlidir.
Fəzail Ağamalı: Azərbaycanda siyasi, hüquqi, iqtisadi, sosial, səhiyyə, təhsil sistemində islahatlar bundan sonra da davam etdirilməlidir. Eyni zamanda, Azərbaycanda intellekt kapitalının yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilməlidir. İntellekt kapitalının mövcudluğu ölkəmizin gələcəyinin sığortalanması deməkdir. İntellekt kapitalının milli-mənəvi dəyərlər sistemi ilə uzlaşdırılması da olduqca vacibdir. Yəni, qloballaşan dünyada millət olaraq milli-mənəvi keyfiyyətlər aşınmamalıdır. Bütün bunlar isə konsepsiyada öz əksini tapmalıdır.
Həmçinin, təhsillə elmin uzlaşdırılması vacib bir məsələ olaraq ortaya qoyulmalıdır. Biz elə etməliyik ki, orta məktəblərdə şagirdlərin hərtərəfli yetişməsi təmin olunsun. Elə etmək lazımdır ki, repetitr orta təhsil sistemini məhv etməsin. Bunu aradan qaldırmaq üçün addımlar atılmalıdır. Fikrimcə, 12 illik təhsil sisteminə keçid zəruridir. Bundan başqa, konsepsiyada hökmən texniki-peşə məktəblərinin bazasının möhkəmlənməsinə xüsusi diqqət ayrılmalıdır. Ali təhsil ocaqlarının sayı artırılmalıdır.
Musa Quliyev: Bu konsepsiyada hədəflər müəyyən olunmalıdır. Bu hədəflərə çatmaq üçünsə, hansısa proqramlar işlənməlidir. Düşünürəm ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasına çatmaq üçün bu yolu getməlidir. Son 5 ildə Azərbaycan insan inkişaf indeksinə görə, 30-35 pillə irəliləyib. Bu yüksək göstəricidir. Bu sahədə siyasətimiz əsas strateji hədəflərdən biri olmalıdır. İqtisadi sahədə mütləq daxili bazarı qorumalı, gücləndirməliyik. Kənd təsərrüfatını inkişaf etdirməklə, məhsulun həm daxili bazarın ödəməsini, həm də ixrac edilməsini təmin etmək lazımdır. Sosial sahədə islahatlara gəldikdə orta aylıq əməkhaqlarının, təqaüdlərin artırılması nəzərdə tutulur.
Vahid Əhmədov: Mən də düşünürəm ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da gücləndirilməlidir. Düzdür, bu gün işlər görülür, tədbirlər həyata keçirilir, amma bu daimi olmalı, daha konkret nəticələr verməlidir. 2020-ci ilə qədər əsas hədəflərdən biri bu, olmalıdır. İkincisi, təhsillə bağlı məsələlərdir. Bu istiqamətdə tədbirlər görülməlidir. Vaxt vardı ki, Azərbaycan elmi dünyaya yüksək səviyyəli alimlər bəxş edirdi. Bu gün bir az durğunluq müşahidə olunur. Azərbaycanın dövlət başçısı hökumətin qarşısında iki məsələ qoyub. Birincisi, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi, ikincisi qeyri-neft sektorunun inkişafı. Xüsusilə də, müharibə şəraitində olan bir dövlət kimi ərzaq təhlükəsizliyinin təminatı vacibdir. Dünyada da ərzaq qıtlığı var. Get-gedə dünyada bu sahədə vəziyyət daha da gərginləşir, qıtlıq yaranır. Bu dünya üçün qlobal bir problemə çevrilir. Azərbaycan da bu problemlə qarşılaşmamaq üçün öz ərzaq təhlükəsizliyini təmin etməlidir. Qeyri-neft sektorunun inkişafına gəldikdə isə, neft ixracında enmələr başlayan zaman əlavə iş yerlərinin olması üçün bu vacibdir. Azərbaycanda böyük metallurgiya, maşınqayırma zavodlarının fəaliyyəti üçün kifayət qədər potensial var.
Sahibə Qafarova: Faktiki olaraq, təhsil məsələsində yeniliklərin tətbiqinə uşaq baxçalarından başlanılmalıdır. Eyni zamanda, gənc alimlərin yetişdirilməsinə də xüsusi diqqət ayrılmalıdır. çünki onlar gələcəyin əsas elmi potensialına çevriləcəklər. Bildiyiniz kimi, bu gün xüsusi proqramla Azərbaycanlı tələbələr xaricdə təhsil alırlar. Onlar xarici universitetlərdə təhsil almaqla yanaşı, elmi fəaliyyətlə də məşğul olmalıdırlar. Bunun üçün də kifayət qədər səmərəli təkliflər irəli sürülməlidir.
Hikmət Babaoğlu: Mən təklifimizi qəbul edib bu müzakirələrdə iştirak etdiklərinə görə, bütün qonaqlarımıza minnətdarlıq edirəm.
Aqşin ŞAHİNOÄžLU
Sevinc NURİYEVA
Paylaş:
Baxılıb: 974 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30