Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Siyasi partiyalar haqqında" Qanuna təklif edilən dəyişikliklər parlamentdə müzakirə olundu

"Siyasi partiyalar haqqında" Qanuna təklif edilən dəyişikliklər parlamentdə müzakirə olundu

11.04.2012 [00:07]

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. İclasda ilk olaraq “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Komitənin sədri Əli  Hüseynli qanun layihəsinin Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim olunduğunu bildirib. Layihə haqqında məlumat verən Əli Hüseynli deyib ki, qanuna təklif edilən əlavə və dəyişikliklər çox mütərəqqidir, dövlətin siyasi partiyalara dəstəyidir.
Qanuna təklif olunan dəyişikliyə görə, siyasi partiya dövlət qeydiyyatına alınan zaman proqramını və sonradan həmin proqrama edilən hər hansı dəyişikliyi müvafiq icra hakimiyyəti orqanına məlumat üçün təqdim edir. Həmçinin qeyd olunub ki, siyasi partiyaların ilk təşkilatlarının, komitələrinin və digər təşkilati strukturlarının Azərbaycanın dövlət orqanlarında fəaliyyətinə yol verilmir.
Dəyişiklikdə göstərilir ki, dövlət qeydiyyatına alınmayan siyasi partiya dövlət qeydiyyatına alınmış siyasi partiya kimi çıxış edə və ya fəaliyyət göstərə bilməz. Həmçinin, qanuna təklif olunan əlavəyə görə, dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilməyəcək. Qanuna dəyişikliklər siyasi partiyalar qarşısında müəyyən vəzifələr də qoyur. Siyasi partiyanın ali rəhbər orqanı siyasi partiyanın beş ildə bir dəfədən az olmayaraq keçirilən qurultayıdır.
Layihədə vacib məqamlardan biri siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə əlaqədar xüsusi maddənin əlavə olunmasıdır. Belə ki, maddə 17-1. bu məsələni tənzimləyir. Partiyaların dövlət büdcəsindən maliyyələşməsi aşağıdakı qaydada təklif edilir: “17-1.1. Siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Həmin vəsait dövlət büdcəsində ayrıca sətirlə göstərilir.
17-1.2. Dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünür.
17-1.3. Siyasi partiyalar Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş son seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak etdikdə, dövlət büdcəsindən ayrılan vəsait bu Qanunun 17-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada hər bir siyasi partiyaya ayrıca verilir”.
Layihəyə əsasən vəsait rüblər üzrə bərabər hissələrlə siyasi partiyaların bank hesabına köçürüləcək. Əgər hansısa partiya bu vəsaitdən imtina edərsə, onda həmin vəsait dövlət büdcəsinə qaytarılacaq.
İclasda çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili  Əli Əhmədov bildirib  ki, “Siyasi partiyalar haqqında” Qanuna təklif olunan dəyişikliklər Azərbaycanda siyasi islahatların tərkib hissəsi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, bu dəyişikliklər Azərbaycanın siyasi sisteminin, onun siyasi sisteminə daxil olan ünsürlərin, o cümlədən, siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradacaq. “Bu təkliflərin xüsusi əhəmiyyətini onda görürəm ki, Azərbaycan dövləti, hökuməti ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalara bu günə qədər olan dəstək siyasətini daha da genişləndirir. Qanuna təklif olunan dəyişikliklər qəbul edildikdən sonra hökumətin siyasi partiyalara dəstəyi yeni məna və məzmunla daha da zənginləşmiş olacaq. Konkret olaraq partiyalara dövlət tərəfindən maliyyə dəstəyi də ediləcək. Hesab edirəm ki, təklif olunan dəyişikliklər kifayət qədər maraqlıdır. Bu təkliflər həmçinin, partiyaların daha səmərəli  fəaliyyəti üçün etibarlı mexanizmlərin yaradılması baxımından da əhəmiyyətlidir”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov layihə ilə bağlı bir sıra təkliflərlə çıxış edib. Onun sözlərinə görə, siyasi partiyaların anlayışında hüququ yükü olmayan ifadələrin təkmilləşdirilməsinə ehtiyac var. Millət vəkili qeyd edib ki, siyasi partiya vətəndaşların Azərbaycan Konstitusiyasında təsbit olunmuş hüquqlarının həyata keçirilməsi məqsədilə könüllü birliyi əsasında yaradılmış hüquqi şəxsdir. Əli Əhmədov partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı qanuna təklif olunan dəyişiklikləri prinsip etibarilə dəstəklədiyini deyib. Bununla belə, YAP Sədrinin müavini bu məsələ ilə əlaqədar bəzi fikirlərini bildirib: “Amma bu mexanizmin YAP-ın təmsilçisi kimi bizim maraqlarımıza müəyyən qədər uyğun olmadığını bildirmək istəyirəm. Məsələn, 10 faiz, 40 faiz, 50 faiz mexanizmi nəticə etibarilə YAP-ın parlamentdə təmsilçilik dərəcəsinə uyğun şəkildə maliyyə dəstəyi almasına imkan vermir. Bildiyiniz kimi, parlamentdə 125 nəfər deputat təmsil olunur ki, onların da 84-ü parlamentdə təmsilçilik hüququ əldə etmiş partiyaların nümayəndələridir. Həmin 84 nəfərin 71-i YAP-ın, 13-si isə parlamentdə təmsil olunan digər 11 partiyanın üzvləridir. Bütövlükdə Milli Məclisin deputatlarının 56,8 faizini YAP üzvləri təşkil edir. Amma siyasi mənsubiyyəti olan parlament üzvlərinin içərisində YAP-ın təmsilçilik dərəcəsi 84,5 faizdir. Əslində, bütün dünyada mövcud praktika nəzərə alınsaydı, onda YAP-ın maliyyələşmə baxımından dövlət dəstəyinə bəslədiyi ümid təxminən 80-84 faiz civarında olmalıydı. Qanuna təklif olunan varianta əsasən isə dövlət büdcəsindən partiyalara ayrılan  maliyyə vəsaitinin 46,5 faizi  YAP-ın payına düşəcək. Prinsip etibarilə konsensus variantının qəbul olunmasının tərəfdarıyam, amma bu, həddən artıq fərqli gerçəkliyə gətirib çıxaranda burada müəyyən qədər dəyişiklik etməyə ehtiyac yaranır. Mən bu fikirləri deməklə, partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinin əleyhinə deyiləm. Hesab edirəm ki, bu prosesin mexanizmi reallığı əks etdirməlidir. Bu maliyyələşdirmə mexanizmi nəticə etibarilə YAP-ın maraqlarının daha çox qurban verilməsinə gətirib çıxarmamalıdır”.
Əli Əhmədov bildirib ki, dünya təcrübəsində seçkilər zamanı dövlət tərəfindən partiyalara dəstək bir neçə dəfə artırılır. O təklif edib ki, Azərbaycanda da bu təcrübə tətbiq edilsin.
ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılmasını müsbət qiymətləndirib. O bildirib ki, əslində Mərkəzi Seçki Komissiyasında siyasi partiya kimi seçkilərdə iştirakı qeydiyyata alınmış partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə ehtiyac var: “Yoxsa bir siyasi partiyadan bir nəfərin namizədliyi fərdi qaydada keçir, sonra o seçilir, parlamentdə oturub dövlətdən pul alacaq”.
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev də qanun layihəsinin müzakirəyə çıxarılmasının mütərəqqi addım olduğunu deyib. O, siyasi partiyalara ianələrin verilməsinin qadağan olunmasını təklif edib. Deputat deyib ki, siyasi partiyalar yalnız dövlət büdcəsindən maliyyələşməlidir. O hesab edir ki, hansısa fiziki və yaxud hüquqi şəxsin partiyanın fəaliyyətini maliyyələşdirməsi zamanı həmin partiyanın o şəxsdən asılılığı yaranır. Millət vəkili təklif edib ki, ianələrin yuxarı həddi müəyyənləşməlidir. BAXCP sədri, həmçinin qeyd edib ki, maliyyə vəsaiti yalnız Milli Məclisdə təmsil olunan partiyalara ayrılmalıdır: “Belə olmasa, gələcəkdə siyasi partiyaların yaradılmasına kommersiya obyekti kimi baxılacaq”.
Ana Vətən Partiyasının sədr müavini, millət vəkili  Zahid Oruc öz növbəsində adıçəkilən qanuna dəyişiklikləri müsbət qiymətləndirib. O, eyni zamanda, təklif edib ki, dəyişikliklərdə siyasi partiyaların dövlət tərəfindən qeydiyyatı məsələsi də yer alsın: “Yəni siyasi partiyaların qeydə alınması üçün tələb olunan min nəfərlik say göstəricisi ən azı 5 minə qaldırılsın”.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bildirib ki, siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi baxımdan qanuna dəyişikliklərin edilməsi vacibdir. Onun sözlərinə görə, xeyli vaxtdır cəmiyyətdə bu istiqamətdə müzakirələr gedir.  S.Novruzov təklif edib ki, o partiyalar dövlət qeydiyyatına alınsın ki, onlar ölkə seçicilərinin 0,1 faizinin səsini qazanmış olsunlar: “Seçicilərin 1 fazini demirəm, 0,1 faiz səsini də qazana bilməyən nə cür siyasi partiya hesab oluna bilər. Hesab edirəm ki, məlum dəyişikliklərdə bu məsələ də öz əksini tapmalıdır”.
Millət vəkili bildirib ki, layihədə qeyd olunduğu kimi, ikitərəfli maliyyələşmə - həm dövlət, həm də ianə vasitəsilə maliyyələşmə ən optimal variantdır. O, şəxsiyyət vəsiqəsində olan məlumatları gizlədən şəxsin ianə vermək hüququnun məhdudlaşdırılmasının tərəfdarı olduğunu bildirib. S.Novruzov layihədə fiziki və hüquqi şəxslərin partiyalara ayıracaqları ianənin həddinin göstərilməsini də təklif edib. S. Novruzov onu da deyib ki, bu günə kimi YAP-dan başqa heç bir partiya maliyyə barədə hesabat verməyib.
VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı isə qeyd edib ki, maliyyələşmə ən azı Azərbaycanın rayonlarının yarısında təşkilatlanmış partiyalara şamil olunmalıdır. O iddia edib ki, mövcud maliyyə mexanizmi hakim partiyanın vəziyyətini daha yaxşılaşdıracaq, digər partiyaların maliyyə durumuna müsbət təsir göstərməyəcək.
Amma millət vəkilinə cavab olaraq YAP Sədrinin müavini Əli Əhmədov bildirib ki, maliyyələşmə ilə bağlı şübhələrə heç bir əsas yoxdur. Onun sözlərinə görə, YAP üzvləri hər ay 1 manat üzvlük haqqı verir: “Partiyanın mövcudluğu onun hökumətdən pul istəməsi üçün əsas yaratmır. Partiyalar üçün əsas məsələ fəaliyyətdə olmaqdır. İnsanların partiyaya dəstəyi iclaslarda sadəcə onu tərifləməkdən ibarət olmamalıdır. Dəstəkləmək istəyirlərsə, onu müəyyən qədər maddi yardım əsasında da həyata keçirə bilərlər”.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, bu dəyişiklərin edilməsindən sonra süni olaraq yeni partiyaların yaranacağı ilə bağlı cəmiyyətdə fikirlər səslənir. çünki dövlətdən maliyyə vəsaiti almaq üçün belə istəklərin olması realdır. Millət vəkili təklif edib ki, siyasi partiyaların qeydiyyata alınmasında müəyyən şərtlər olmalıdır: “Ən azı Azərbaycanda seçki dairələrinin üçdə ikisini buraya daxil etməliyik. Bu məhdudiyyət qoyulsa, lokal, məhəlli partiyaların yaradılmasının qarşısı alınacaq. Əks halda, dövlətdən maliyyə vəsaiti almaq  üçün süni surətdə yeni partiyalar meydana gələ bilər. Biz bu dəyişiklikləri etməklə istəyirik ki, partiyaların təmərgüzləşməsi prosesi getsin. Amma bəziləri yalnız maddi dəstək almaq məqsədi ilə bu addımı ata bilər”.
M.Qurbanlı bildirib ki, partiyalara ianələrin verilməsində anonimlik ola bilməz.
İclasda həmçinin, millət vəkilləri - Ədalət Partiyasının sədri İlyas İsmayılov, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, komitə üzvləri Rafael Cəbrayılov və çingiz Qənizadə çıxış ediblər. ümumilikdə, çıxış edənlər “Siyasi partiyalar haqqında” Qanuna təklif olunan dəyişiklikləri müsbət qiymətləndiriblər. çıxışlarda həmçinin, qanun layihəsi ilə bağlı bir sıra təkliflər irəli sürülüb.
Sonda qanun layihəsinin parlamentin plenar iclasına çıxarılması tövsiyə edilib.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 977 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30