Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qusar və Xaçmaz şəhərlərində təməlqoyma mərasimləri keçirilib

Qusar və Xaçmaz şəhərlərində təməlqoyma mərasimləri keçirilib

19.04.2012 [23:44]

Dünən Qusar və Xaçmaz şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimləri keçirilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe, həmçinin, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyətinin iştirak etdiyi hər iki mərasimdə ilk olaraq rayon icra hakimiyyətlərinin başçıları çıxış ediblər.
Qusarda keçirilən tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində paytax Bakı ilə yanaşı regionların da inkişaf etdiyini bildirib: “Dövlət başçısının, eyni zamanda, əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində tapşırıq və tövsiyələrinə uyğun olaraq regionlarda, o cümlədən, Qusarda müvafiq işlər görülür”.
Məlumat verilib ki, “Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Qusar şəhərində 19618, Balaqusar, Həsənqala, Köhnə Xudat, çiləgir, Yuxarı Ləyər, Qayakənd, çartəpə, Orta Xuç, Aşağı Xuç, Xuray kəndlərində isə 11835 nəfər olmaqla 31453 insanın su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb. Layihənin 1-ci mərhələsinə uyğun olaraq Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 85 litr və ya sutkada 7360 kubmetr olan drenaj tipli suqəbuledici qurğu (700 metr uzunluğunda) tikiləcək, 315 mm diametrli 17,8 km uzunluğunda magistral su xətti çəkiləcək. Hər birinin tutumu 1000 kubmetr olan 3 su anbarı inşa olunacaq, 2,8 km uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkiləcək, xlorator qurğusu daxil olmaqla yeni xlorator binası tikiləcək. Layihənin növbəti mərhələsində 105 km uzunluğunda su şəbəkəsi yaradılacaq, 80 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, həcmi 1000 kubmetr olan su anbarı tikiləcək, 5700-dən artıq abunəçi su sayğacı ilə təmin olunacaq. Yaranan çirkab suları Xaçmaz rayonu ərazisində inşa ediləcək məhsuldarlığı sutkada 40 min kubmetr olan çirkab sutəmizləyici qurğuya nəql edilərək burada emal olunacaq.
Xaçmazdakı tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev də Prezident İlham Əliyevin tapşırığı əsasında regionların, o cümlədən, Xaçmazın inkişafı, həmçinin, əhalinin içməli su ilə təminatı istiqamətində mühüm işlərin görüldüyünü bildirib: “Bizə göstərilən diqqət və qayğıya görə 165 minlik Xaçmaz əhalisi adından Prezident İlham Əliyevə səmimi minnətdarlığımı bildirirəm”.
Bildirilib ki, “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Xaçmaz şəhərində 46776, Qobuqırax, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 10863 nəfər olmaqla ümumilikdə 57639 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb. Layihənin 1-ci mərhələsinə uyğun olaraq mövcud Uçqun bulağı bərpa olunacaq, bununla da bu mənbədən saniyədə 200 litr və ya sutkada 17300 kubmetr su götürmək mümkün olacaq. 400 mm diametrli 2 km uzunluğunda magistral su xətti çəkiləcək. Hər birinin tutumu 3000 kubmetr olan 2 və hər birinin tutumu 2000 kubmetr olan 2 su anbarı inşa olunacaq (ümumi həcm 10000 kubmetr), 1,5 km uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkiləcək, xlorator qurğusu daxil olmaqla yeni xlorator binası tikiləcək. Layihənin növbəti mərhələsində 165 km uzunluğunda şəbəkə su xətti, 154 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 12 minə yaxın abunəçi su sayğacı ilə təmin olunacaq. Layihəyə uyğun olaraq Xaçmaz şəhərində 2 ədəd su, 4 ədəd kanalizasiya nasos stansiyasının tikintisi də planlaşdırılır. Yaranan çirkab suları Xaçmaz rayonu ərazisində inşa ediləcək məhsuldarlığı sutkada 40 min kubmetr olan çirkab sutəmizləyici qurğuda emal olunacaq. Quba, Qusar və Xaçmaz şəhərlərində yaranan çirkab suları emal üçün bu təmizləyici qurğuya nəql ediləcək.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe isə “2012-ci il çox əlamətdar ildir. Bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyi qeyd olunur. Bu layihənin məhz 2012-ci ildə təməlinin qoyulması çox böyük rəmzi məna daşıyır. Bu, o deməkdir ki, bizim əməkdaşlığımız çox güclüdür və bu əməkdaşlığı daha da yüksək zirvələrə aparmağa hazırıq” deyib.
Səfir ölkəsinin Azərbaycan Hökuməti ilə əməkdaşlığını yüksək qiymətləndirib, Azərbaycanda həyata keçirilən sosial və infrastruktur layihələrinə bundan sonra da dəstək verəcəklərini bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair Kredit Sazişi 29 may 2009-cu il tarixdə imzalanıb və sazişə əsasən, Yaponiya tərəfi 10 şəhər və rayon mərkəzində görüləcək işlərə 32,8 milyard Yapon yeni (təqribən 400 milyon ABŞ dolları) kredit ayıracaq.
Hər iki tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının tərkib hissəsi olan bu layihələr üzrə işlərin 2014-cü ildə başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacaqlarını söyləyib: “Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biri əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsidir. Son illər ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində Azərbaycanda yeni infrastruktur layihələri həyata keçirilmiş, ayrı-ayrı şəhər və rayonlarda təhsil, səhiyyə, rabitə və mədəniyyət müəssisələri istifadəyə verilmişdir. Bu tədbirlər çərçivəsində ötən ildən su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına başlanmışdır. 2011-ci il sentyabrın 8-də Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun təməlqoyma mərasimində iştirak edən cənab Prezident İlham Əliyev əhalinin 24 saat keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsini prioritet məqsəd kimi müəyyənləşdirmişdir. ötən ildən başlayaraq həm büdcə vəsaiti, həm də beynəlxalq qurumlardan dövlət zəmanəti ilə cəlb olunan kreditlər hesabına bir sıra layihələr reallaşdırılır”.
“Azərsu” ASC-nin rəhbəri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd yaşayış məntəqələrinin su təchizatının yaxşılaşmasının da diqqət mərkəzində olduğunu deyib: “3 gün əvvəl Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident bildirdi ki, “Su və kanalizasiya layihələrinin icrası bütün ölkə üzrə gedir. Hər bir yerdə, hər bir rayon mərkəzində işlər ya başlamışdır, yaxud da ki, bu yaxınlarda başlanacaqdır. Bölgələrdə bu layihə rayon mərkəzlərini, şəhərləri əhatə edir. Ancaq elə rayonlar vardır ki, əhalisinin 80-90 faizi kəndlərdə yaşayır. Elə rayonlar vardır ki, rayon mərkəzi ilə kəndlərdə yaşayan əhali əlli-əlliyə bölünür. Ona görə, biz bir qədər gələcəyə baxmalıyıq. İndi biz rayon mərkəzlərini, şəhərləri kanalizasiya və içməli su xətləri ilə təmin edəcəyik. Bəs kəndlərdə necə olacaqdır? Əlbəttə, birinci növbədə 2014-cü ilin sonuna qədər bütün şəhərlər və rayon mərkəzləri içməli su, kanalizasiya layihələri ilə təmin edilməlidir. Ancaq indidən hazırlıq işləri aparılmalıdır ki, rayon mərkəzlərinə yaxın yerləşən böyük yaşayış yerlərində də, kəndlərdə də bu layihələr icra edilsin”. Təbii ki, ölkəmizin iqtisadi imkanları artdıqca bu cür layihələrin icrası imkanları da genişlənir. Bununla belə, yeni infrastruktur layihələrinin icrasında xarici şirkət və təşkilatlarla, eləcə də, maliyyə qurumları ilə əməkdaşlığa önəm verilir”.
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində Yaponiya hökumətinin də yaxından iştirak etdiyini deyən Q.Hüseynov əlavə edib ki, bu əməkdaşlığın tərkib hissəsi olaraq Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi birgə “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”ni həyata keçirir: “Bu layihə çərçivəsində 10 şəhər və rayon mərkəzinin-Şirvan, Salyan, Neftçala, Qusar, Xaçmaz, Xızı, Qobustan, Yevlax, Bərdə, Naftalanın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Bu ilin əvvəlində Qusar, Xızı və Xaçmaz şəhərlərinin su təchizatı sistemlərinin bir hissəsinin (suqəbuledici qurğu, magistral boru xətti və su anbarları) yenidən qurulması üzrə beynəlxalq müsabiqəli tender yekunlaşdı və “Azərsutəchizattikinti” Açıq Səhmdar Cəmiyyəti qalib şirkət seçildi”.
Q.Hüseynov onu da bildirib ki, əhalinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasını prioritet hesab edən Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əhalinin su təchizatı sahəsində problemlərinin həlli bundan sonra da diqqətdə saxlanılacaq və gələcəkdə kəndlərimizdə də belə layihələr reallaşdırılacaq.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 823 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30