Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Diplomatik sifariş: müxalifət, "Eurovision"a hazır ol!

Diplomatik sifariş: müxalifət, "Eurovision"a hazır ol!

27.04.2012 [01:07]

Məqsəd və vasitə dilemması
Almaniya imperiyasının və ya “ikinci reyx”in ilk kansleri Otto fon Bismark siyasətdə sərhəd tanımırdı və hesab edirdi ki, siyasətçi məqsədinə nail olmaq üçün bütün imkanlardan istifadə edə bilər. Böyük rus yazıçısı İ.S.Turgenev isə qətiyyətlə bu fikirə qarşı çıxaraq yazırdı: “Bəzi yezitlər iddia edirlər ki, məqsədə çatmaq üçün hər vasitə yaxşıdır. Düz deyil. Yolun çirkini gəzdirən ayaqla təmiz məbədə girmək insana yaraşmaz”.
Həqiqətən də, “məqsəd vasitəyə bəraət qazandırır” tezisini rəhbər tutan Adolf Hitler hesab edirdi ki, alman xalqının hökmranlığını təmin etmək üçün günahsız milyonların qanını axıtmağa dəyər. Bunun əksini düşünən Konrad Adenauer isə bütün səylərini alman xalqını Hitler faşizminin faciələrindən biri kimi təzahür edən mənəvi kollapsdan xilas etməyə yönəltmişdi.
Göründüyü kimi, istər adi həyatda, istərsə də siyasətdə məqsəd üçün hər vasitə məqbul hesab edilə bilməz. Məsələyə hakimiyyət-müxalifət münasibətləri prizmasından yanaşdıqda əminliklə demək olar ki, müasir dövrdə demokratiya yolu ilə inkişaf edən ölkələrdə, o cümlədən Azərbaycanda hakimiyyətə gəlməyin yolu xarici dairələrin pul kisəsi və siyasi dəstəyindən deyil, xalqın iradəsi və seçicinin səsindən asılıdır.
Bu, bir həqiqətdir ki, Azərbaycanın dağıdıcı müxalifəti uzun illərdir, siyasi ambisiyalarını anti-milli metodlardan istifadə etməklə reallaşdırmağa çalışır. İsterik bəyanatlar, çıxışlar, razılaşdırılmış və ya qeyri-qanuni aksiyalar bir məqsəd güdür: xarici anti-Azərbaycan dairələrin diqqətini cəlb etmək və məhz onların dəstəyi ilə öz istəyinə nail olmaq. Ərəb ölkələrində baş vermiş hakimiyyət dəyişikliklərindən ruhlanan “İctimai Palata” adlanan qurumun aprelin 8-də və 22-də keçirdiyi aksiyalar radikal müxalifətin özünü güc mərkəzi kimi təqdim etmək, xarici sponsorlar qarşısında mövcud olduqlarını təsdiqləmək cəhdi idi. Xarici dillərdə şüarlar da bu aksiyaların Azərbaycan xalqına deyil, kənar auditoriyaya ünvanlandığını açıq göstərdi. Ekspertlər aprelin 22-də keçirilmiş mitinqi radikal müxalifətə xaricdən maliyyə vəsaitinin ayrılmasında həlledici aksiya kimi qiymətləndirdilər. Onların fikrincə, bu aksiyaların gözləniləndən çox zəif keçməsi, cəmi 1200-1300 nəfər iştirakçı toplaması, xüsusilə gənclərin aksiyaya qoşulmaması müxalifətin xarici sponsorlarını bərk narahat edib. Həqiqətən də, hər iki aksiyada “İctimai Palata”nın üzvləri, Müsavat partiyası və AXCP-nin funksionerləri, fəalları və onların ailə üzvləri iştirak ediblər. Mətbuat, hətta ritorik şəkildə yazır ki, aksiyanı işıqlandırmağa gələn jurnalistlərin sayı mitinq iştirakçılarının sayından çox olub. Bunun ardınca aprelin 24-də Qərb ölkələrinin səfirlərinin və səfirlik əməkdaşlarının Müsavat partiyasının qərargahında toplaşaraq müxalifət partiyalarının və müxalifyönlü QHT-lərin rəhbərləri ilə görüşü də deyilənlərin əyani sübutudur.
Düzdür, gündəlik işi-gücü ilə məşğul olan, adi həyatı ilə yaşayan sıravi vətəndaş dağıdıcı müxalifətin fəaliyyətini görmür, öz həyatında onun mövcudluğunu hiss etmir və təbii ki, bu siyasi avantüraya qiymət vermək imkanları məhduddur. Amma adi vətəndaşlar AXCP, Müsavat, İsa Qəmbər, Əli Kərimli adı eşidəndə 1990-cı illərin acı günlərini gözlərinin önünə gətirirlər və öz həyatlarını, ölkənin gələcəyini yenidən onlarla bağlamaq istəmirlər. Siyasətlə az-çox maraqlanan aktiv şəxslər isə, təbii ki, həm ötən əsrin sonlarında Azərbaycanın yaşadığı təlatümləri xatırlayır, həm də Qərbin dəstəyi ilə Misir, Liviya və digər ərəb ölkələrində baş verənləri görür, bu hadisələrə və onun dağıdıcı nəticələrinə öz düşüncəsinə uyğun siyasi qiymət verirlər. Bu gün müxalifətin mitinqlərinin iştirakçı toplaya bilməməsinin əsas səbəbi vətəndaşların Azərbaycanı inkişaf edən, çiçəklənən ölkədən 1990-cı illərə qayıtmasını və ya Liviyaya çevrilməsini istəməməsi, belə cəhdlərə qarşı kəskin neqativ münasibətidir. Vətəndaş xoşagəlimli sözlərlə pərdələnmiş çirkin məqsədin daha çirkin vasitələrlə reallaşdırılmasına birmənalı şəkildə “yox” deyir.
Demokratiya, yoxsa NABUCCO, iqtisadi maraqlar, islamofobiya...
Müsavat partiyasının qərargahında diplomatlarla keçirilmiş görüş barədə danışmazdan əvvəl son zamanlar müəyyən xarici dairələrin, siyasətçilərin, insan haqları təşkilatlarının və KİV-lərin Azərbaycana qarşı elan etdiyi informasiya müharibəsinin səbəblərini araşdırmağa çalışaq.
Bəzi Qərb siyasətçilərinin və KİV-lərinin son dövrdə “Azərbaycan sevgisi”, əlbəttə, bizləri təəccübləndirməyə bilməz. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında informasiya təhlükəsizliyi məsələsinin vacibliyini önə çəkərək bildirmişdi: “Eurovision” mahnı müsabiqəsi ilə bağlı ölkəmizə qarşı mətbuatda çirkin kampaniya davam edir. Biz bu kampaniyanın arxasında hansı qüvvələrin dayandığını yaxşı bilirik. Yaxşı bilirik ki, hansı ölkənin mətbuatında bu kampaniya daha sürətlə gedir. Bu, əlaqələndirilmiş şəkildə aparılan bir siyasətdir. Ancaq bu siyasətin heç bir nəticəsi yoxdur və olmayacaqdır”.
Artıq mətbuatda Qərbin bəzi dairələrinin anti-Azərbaycan isterikasının arxasında enerji layihələri ilə bağlı planların iflası təhlükəsinin durduğu barədə çoxsaylı materiallar verilib. Qeyd etmək lazımdır ki, avropalılar Rusiyadan enerji asılılığını azaldacaq xilaskar NABUCCO layihəsini reallaşdırmağa çalışırlar. Lakin əsas məsələ layihənin maliyyə tərəfilə bağlı olduğundan indiyə qədər NABUCCO-nun reallaşdırılması üçün hər hansı əməli addım atılmadı və razılaşmalar elə kağız üzərində qaldı. Nəticədə konsorsiumun ən iri iştirakçılarından biri olan Almaniyanın RWE şirkətinin baş direktoru Yurgen Qrossman deyib ki, layihənin baş tutmaması səbəbindən, çox güman ki, şirkət həmin konsorsiumdan çıxacaq. Bunun ardınca Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə Avropa Siyasi Mərkəzində çıxışı zamanı bəyan edib ki, bu ölkənin MOL şirkəti də NABUCCO-nu tərk etməyə hazırlaşır. Paralel olaraq Rusiyanın “Cənub axını” və “Şimal axını” kimi iki böyük layihəni reallaşdırması, Avropanın aparıcı neft-qaz şirkətlərinin bu layihələrdə fəal iştirakı, eyni zamanda Almaniya, Fransa və İtaliyanın “Rusiyanın qaz iynəsi”nə getdikcə daha çox oturması, əslində, NABUCCO-ya kimin qəbir qazdığını açıq göstərir.
Digər tərəfdən, Gürcüstanın ABŞ-ın nəzarətində olması, Ermənistanın isə Rusiyanın forpostu funksiyasını yerinə yetirməsi fonunda Azərbaycan Cənubi Qafqazda müstəqil siyasət yürüdən yeganə ölkədir. Müstəqillik Azərbaycanın inkişafının, beynəlxalq nüfuzunun yüksəlməsinin təməl daşıdır. Bu gün müstəqil siyasət Azərbaycana digər ölkələrlə bərabərhüquqlu əməkdaşlıq etməyə, xarici bazarlara çıxmağa, öz mövqeyini açıq deməyə imkan yaradır. Prezident İlham Əliyev bildirir: “Bizim müstəqil siyasətimizi qəbul etməyən qüvvələr vardır. Onları bizim siyasətimiz qıcıqlandırır. Onlar çalışırlar ki, yeni imkanlardan istifadə edib informasiya təxribatları ilə məşğul olsunlar, yalan, böhtan xarakterli məlumatları ötürsünlər”.
Məhz müstəqil siyasət sayəsində Azərbaycan güc mərkəzlərinin platsdarmına çevrilmir. Təbii ki, Prezident İlham Əliyevin “Elə qüvvələr vardır ki, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyirlər... Azərbaycan heç vaxt başqa ölkələrin planlarında iştirak etməyəcəkdir. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin və bunu hamı bilir” fikri belə planların olduğunu təsdiq edir və bu planları reallaşdıra bilməyən qüvvələrin Azərbaycana qarşı informasiya təxribatlarında fəal iştirak etdiyini diqqətə çatdırır.
Bu qüvvələr sırasında, deyildiyi kimi, erməni lobbisinin və islamofob dairələrin səyləri də unudulmamalıdır.
“Qələbə-qələbə” formulu və Markus Löninqin “kansler olmaq sevdası”
2007-ci il, 14 fevral. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri. Almaniyanın Kansleri Angela Merkel bəyanatında Azərbaycan-Almaniya əlaqələrinin çox vacib olduğunu xüsusi vurğulayır və əməkdaşlığın daha da güclənəcəyini bildirir.
2010-cu il, 5 fevral. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri. Almaniyanın Kansleri Angela Merkel bəyan edir: “Bizim iqtisadi münasibətlərimiz çox gözəl səviyyədədir. Əməkdaşlığımız sıxdır. Biz əməkdaşlığımızı “qələbə-qələbə” formulunda qura bilərik. Mən bunu deyəndə nəzərdə tuturam ki, hər iki tərəf bu əməkdaşlıqdan faydalana bilər. Azərbaycan bizim üçün çox vacib tərəfdaşlardan biridir”.
Göründüyü kimi, xanım Merkel Almaniya ilə Azərbaycan arasında tərəfdaşlığın güclənməsini ölkəsinin rəsmi Bakı ilə münasibətlərində prioritet kimi müəyyənləşdirir və hətta hazır formul da təklif edir. ötən dövrdə Azərbaycanın bu tərəfdaşlıqdan boyun qaçırmasına dəlalət edən hər hansı fakt yoxdur. Bəs onda son zamanlar Almaniya mətbuatında, siyasi dairələrində ölkəmizə ünvanlanmış əsassız ittihamların artması, bu ölkənin Fridrix Nauman, Konrad Adenauer və s. fondlarının müxalifətlə yaxın təmasları, “Sərhədsiz Reportyorlar”, “Human Rights Watch” kimi təşkilatların Berlində Azərbaycanda söz və mətbuat azadlığına dair dinləmələr təşkil etməsi, Almaniyadan yayımlanan “Kanal Avropa” telekanalında “Azərbaycan saatı” adlı verilişin efirə buraxılması, Almaniyanın xarici işlər naziri Gido Vestervallenin Azərbaycanda səfərdə olarkən müxalifətlə görüşməsi, Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninqin Azərbaycana qarşı aqressiv çıxışları, Avropa Şurasının Azərbaycanda qondarma “siyasi məhbuslar” məsələsi üzrə məruzəçisi, AFR-i təmsil edən Kristofer Ştrasserin fəaliyyəti, Almaniya “Yaşıllar” Partiyasının Azərbaycana qarşı demarşları və s. faktlar nə ilə izah oluna bilər?
Almaniya Ombudsmanı Markus Löninq Azərbaycana qarşı həyata keçirilən kampaniyanın əsas təşkilatçılarındandır. Qeyd edək ki, M.Löninq keçən ilin avqustunda Azərbaycana səfəri zamanı kəskin fikirləri ilə yadda qalmışdı. Müxalifət nümayəndələri ilə görüşündə o bildirmişdi: “Almaniya Azərbaycanda dəyişikliklər etmək üçün sizə hər zaman kömək etməyə hazırdır”.
Ombudsman bu xətti ardıcıl şəkildə davam etdirərək “Şpigel” jurnalında, Almaniyanın digər mətbuat orqanlarında sərt anti-Azərbaycan xarakterli materiallar dərc edir, müsahibələr verir. O, ölkəmizə səfər etmək istəyən rəsmi şəxslərə, siyasətçilərə, jurnalistlərə, musiqiçilərə məktub yazaraq onları Azərbaycana qarşı aparılan kampaniyaya qoşulmağa çağırır. Bu günlərdə isə cənab Löninq daha uzağa gedərək iddia edib ki, bütün bunlar Almaniyanın rəsmi mövqeyidir. Görünür, cənab Ombudsman artıq özünü Almaniyanın Kansleri kürsüsündə görməyə başlayıb.
çox maraqlı məqamlardan biri də son zamanlar Almaniyanın “Yaşıllar” Partiyasından olan Bundestaqın Cənubi Qafqaz parlament qrupunun sədr müavini ermənipərəst Viola fon Kramonun və həmin partiyanın digər deputatı Folker Berqin fəaliyyəti ilə bağlıdır. Viola fon Kramon bu ilin əvvəllərində Almaniyada səfərdə olan Rəsul Quliyevlə görüşərək parlamentin və təmsil olunduğu partiyanın Azərbaycan müxalifətinə dəstəyi məsələsinə dair müzakirə aparıb. Həmçinin, Kramon R.Quliyevin digər parlament nümayəndələri ilə görüşlərini də təşkil edib. Folker Berq isə Bakıda “Eurovision”un keçirilməsi əleyhinə fəal kampaniya aparanlardan biridir.
Almaniya parlamentindən aldığımız xəbərə görə, bir ay öncə Kramonla Berqin təşkilatçılığı ilə AFR Bundestaqının “Yaşıllar” fraksiyası tərəfindən federal hökumətə Azərbaycanla bağlı sorğu göndərilib. Sorğuda qaldırılan bütün məsələlərin mahiyyətinə varmadan bəzi məqamlar üzərində dayanmaq istərdik. Suallar elə tərtib olunub ki, elə bil, söhbət Almaniya hökuməti ilə rəsmi Bakının münasibətlərindən deyil, Berlinlə hansısa federal torpaqın əlaqələrindən gedir. Məsələn, “Azərbaycanda homoseksual, biseksual, transseksual insanların vəziyyəti necədir? Azərbaycan hökuməti vəziyyəti “Eurovision” müsabiqəsindən əvvəl və müsabiqə dövründə təcili yaxşılaşdırmaq üçün nə kimi tədbirlər görür?”. Əlavə şərhə ehtiyac yoxdur.
Digər tərəfdən, rəsmi Berlinin Azərbaycanla əlaqələrinə məsul şəxs kimi səfir Herbert Kvellenin fəaliyyəti də anlaşılmazdır. Məsələn, bir tərəfdən o, qəzetimizdə dərc olunmuş məqaləsində “Almaniyanı sevən və Almaniya haqqında heç bir mənfi fikri olmayan ölkədə işləmək və yaşamaq necə də xoşdur”, “Mən Almaniya-Azərbaycan dostluğunun gələcək inkişafına böyük nikbinliklə baxıram” deyir, digər tərəfdən də Əli Kərimliyə Avropa Şurasının və Avropa İttifaqının Azərbaycana qarşı təzyiqlərini vəd edir. Aprelin 24-də xarici ölkələrin səfirləri və səfirlik əməkdaşlarının müxalifətlə görüşü zamanı cənab Kvellenin xüsusi canfəşanlığı isə heç anlaşılan deyil. Bismark təsadüfən deməyib ki, Almaniyanı yalnız yəhərə oturtmaq lazımdır, qaçmağı necə lazımdır bacaracaq.
Göründüyü kimi, baş verən hadisələr Almaniyanın Kansleri A.Merkelin mövqeyinə və deməli, rəsmi Berlinin Azərbaycanla bağlı bəyan edilən siyasətinə daban-dabana ziddir. Belə olduğu təqdirdə, Azərbaycan ictimaiyyəti kimə daha çox inanmalıdır?
Müxalifət, “Eurovision”a hazır ol!
Yuxarıda göstərildiyi kimi, aprelin 24-də Müsavat partiyasının qərargahında ATƏT, Aİ, ABŞ, Türkiyə və Avropa ölkələrinin diplomatları radikal müxalifət partiyalarının və bəzi müxalifyönlü QHT-lərin rəhbərləri ilə görüş keçirib. Görüşdən sonra Müsavat partiyasının sədri İsa Qəmbər və AXCP sədri Əli Kərimli mətbuata heç bir informasiya yükü olmayan açıqlama veriblər. Lakin müxalifətdəki mənbəmiz 3 saat ərzində qızğın müzakirələrin getdiyini bildirib. Belə ki, görüşdə Azərbaycanda gedən ictimai-siyasi proseslər, keçirilmiş son mitinqlərin nəticələri, “siyasi məhbus” olduqları iddia edilən müxalifət fəallarının azad olunması, “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər, söz azadlığı ilə bağlı vəziyyət, mülkiyyət hüququ və digər məsələlər müzakirə olunub.
Mənbəmiz bildirib ki, müxalifət nümayəndələri artıq iki dəfə razılaşdırılmış mitinq təşkil etdiklərini qeyd edərək mayın 6-na təyin olunmuş aksiyanın şəhərin mərkəzində keçirilməsi üçün Azərbaycan hökumətinə təzyiq göstərilməsini xahiş ediblər.
İsa Qəmbər deyib ki, “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər, partiyaların maliyyələşməsi ilə bağlı məsələ müzakirə olunarkən onların rəyi soruşulmayıb. Nəticədə Müsavat partiyası və AXCP maliyyələşmədən kənarda qalıblar. Bununla əlaqədar İsa Qəmbər və Əli Kərimli xarici diplomatlardan “İctimai Palata”nın maliyyələşməsi və AXCP ilə Müsavata yardımların ayrılmasını xahiş ediblər.
İndi bəlli olur ki, “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər müzakirə olunan zaman dağıdıcı müxalifətin funksionerləri partiyalara verilən ianələrin köçürmə yolu ilə həyata keçirilməsi, habelə partiyaların müvafiq dövlət orqanına maliyyə hesabatı verməsi və məlumatı mətbuatda dərc etməsi ilə bağlı müddəalara niyə kəskin etiraz edirdilər.
Maraqlıdır ki, görüşdə iştirak edən ATƏT-in Bakı ofisinin nümayəndəsinin “Siyasi partiyalar haqqında” Qanunun Avropa standartlarına uyğun olması barədə fikri müxalifətçilərin etirazlarına səbəb olub.
Daha sonra onlar diplomatlardan “Eurovision” öncəsi Azərbaycan iqtidarına təzyiqləri artırmağı, müxalifətin həbsdə olan fəallarının buraxılması istiqamətində iş aparmağı və Avropa Şurasının yaz sessiyasında Azərbaycana qarşı sərt bəyanatın qəbul edilməsini, sənəddə müxalifətə dəstək ifadə olunmasını xahiş ediblər.
Mənbəmizin sözlərinə görə, Almaniyanın səfiri Herbert Kvelle müxalifətə olduqca “qiymətli tövsiyələr” verib. Əvvəla, o, maliyyələşmə ilə bağlı məsələnin həllinə yardım göstərəcəyini deyib. Sonra isə “İctimai Palata” ilə Rəsul Quliyevin sədri olduğu Açıq Cəmiyyət partiyasını barışdırmaq təklifi ilə çıxış edib. Kvelle “Əli-İsa-Rəsul” birliyinin yaranmasını arzu etdiyini deyib.
Bütün bunlarla yanaşı, səfir Kvellenin “Eurovision” zamanı baş verə biləcək hadisələrə diqqəti çəkməsi maraq doğurmaya bilməz. Səfir “İctimai Palata”nın nümayəndələrinə müsabiqə zamanı baş verə biləcək hər hansı prosesə hazır olmalarını və bu prosesin önündə getmələrini istəyib.
Göründüyü kimi, bu görüş diplomatların müxalifəti qızışdırmaq və təlimatlandırmaq məqsədi daşıyıb.
Təbii ki, Kvellenin hansı prosesdən danışdığını və “İctimai Palata”nı nəyə hazır olmağa çağırmasını özü daha yaxşı bilir. Lakin əgər söhbət müsabiqədə çıxışdan gedirsə, cənab səfirə xatırladırıq ki, Əli Kərimli və İsa Qəmbər aprelin 22-də 20-ci sahədə sürücülük məktəbinin meydançasında vokal məharətlərini göstəriblər və səsləri heç mitinq iştirakçılarının da xoşuna gəlməyib.
Səfir Kvelleyə “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası” barədə xatırlatma
ABŞ Prezidenti Barak Obama çıxışlarının birində demişdi: “Siyasət o qədər sərt və qızğın olub, elə pul və təsirlə hopdurulub ki, biz həlli tələb olunan problemlərlə məşğul ola bilmirik”.
Lakin Obamanın xoşbəxtliyi ondadır ki, o, superdövlətin rəhbəridir və kimsə nə onun, nə də dövlətinin işlərinə qarışmağa cəsarət etmir. Hətta ATƏT-in müşahidə missiyası ABŞ-da keçirilən seçkiləri izləmək istəyəndə onlara “hörmət”lə qapını göstərirlər.
Buna görə də bəziləri düşünür ki, kiçik dövlətlərin daxili işlərinə qarışmaq, onları təsir altına salmaq, yönləndirmək olar və hətta bu, onların “haqqı”dır. Lakin beynəlxalq münasibətlər sistemi, diplomatik əlaqələr istək və arzularla deyil, Almaniyanın da qoşulduğu konkret beynəlxalq qanunlarla tənzimlənir. Səfir Kvelle və tədbirdə iştirak edən digər diplomatlar bilməmiş deyillər ki, diplomatik normaların pozulması xarici dövlət nümayəndəsinin statusuna uğun olmayan şəkildə özünü daxili siyasətin bir subyekti kimi aparması və Azərbaycanda hakimiyyət uğrunda mübarizədə bir tərəfin mövqeyini dəstəkləməsi anlamına gəlir.
Səfir Kvelle böyük, ehtimal ki, 1961-ci il “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”nın müddəaları, xüsusilə də, onun 3-cü və 41-ci maddələri ilə yaxından tanışdır. Buna baxmayaraq, cənab səfirə bir daha xatırlatmaq istərdik ki, 3-cü maddə diplomatik nümayəndəliyin funksiyalarını nəzərdə tutur və bu funksiyalar sırasında səfirin akkreditə olunduğu ölkənin daxili işlərinə müdaxilə hüququ verən müddəa yoxdur. 41-ci maddənin 1-ci bəndində isə açıq-aydın deyilir: “öz güzəştlərinə və immunitetinə zərər olmadan bu güzəştlər və immunitetdən istifadə edən şəxslər olduqları ölkənin qanunlarına və qərarlarına hörmətlə yanaşmalıdırlar. Onlar, həmçinin bu dövlətin daxili işlərinə qarışmamalıdırlar”.
Həmin maddənin 2-ci bəndində isə bildirilir ki, olduğu ölkə ilə bütün rəsmi işlər Xarici İşlər Nazirliyi və ya müqaviləyə əsasən digər nazirliklə həyata keçirilir. Bu sənəd səfirlik əməkdaşlarına, hətta demokratiya kimi sərhəd tanımayan məsələ ilə əlaqədar olduqları ölkələrin daxili işlərinə qarışmaq hüququ vermir. Heç bir beynəlxalq təşkilatın normativ sənədləri bu Konvensiyadan üstün ola bilməz.
Nəticələr onu deməyə əsas verir ki, demokratiya, insan haqları, söz azadlığı istər dağıdıcı müxalifət, istərsə də onun xarici havadarları üçün məqsəd yox, Azərbaycan hakimiyyətinə təzyiq üçün vasitədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: “20 il ərzində biz dağıdılmış, xaos hökm sürən, dövlətçilik əsasları olmayan ölkədən dünyanın sayılıb-seçilən ölkələri sırasına daxil olmuşuq”.
Təbii ki, 20 il ərzində möhtəşəm nailiyyətlərə imza atmış bir ölkənin qarşıdan gələn 20 ildə necə möhkəmlənəcəyini, yüksələcəyini ehtimal etmək çətin deyil. Bu amil isə bəzi xarici anti-Azərbaycan dairələrin, erməni lobbisinin və hakimiyyət sevdası ilə alışıb yanan daxili anti-milli qüvvələrin yuxusunu ərşə çəkib.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Paylaş:
Baxılıb: 886 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30