Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 8000 illik tarixi olan İzmir şəhərində bir həftə...

8000 illik tarixi olan İzmir şəhərində bir həftə...

04.10.2012 [02:31]

Böyük tarixi mədəniyyətilə diqqət çəkən şəhərlə tanışlıqdan sonra İzmir dünyanın bir çox ölkələrindən axışan turistlərə yüksək səviyyəli turizm xidməti təqdim edən məkan kimi də yaddaşlarda qaldı
Mətbuat Şurası və Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və Tanıtma Müşavirliyinin birgə keçirdiyi “Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq” mövzusunda müsabiqədə qalib gəlmiş 9 jurnalist avqust ayının 25-dən 31-dək qardaş ölkənin İzmir şəhərində səfərdə oldu. Əlbəttə ki, bu, ilk dəfə olaraq, azərbaycanlı media nümayəndələrinin İzmir şəhərinə səfərlərinin təşkil edilməsi baxımından, xüsusilə də, qardaş ölkəyə birinci dəfə səfər edəcək jurnalistlər, eyni zamanda mənim üçün çox həyəcanlı və maraqlı bir səfər idi. Çünki səfər öncəsi internet vasitəsilə apardığım qısa araşdırmalar zamanı bəlli oldu ki, İzmir şəhəri 8000 illik tarixə malikdir və burada dünya sivilizasiyasının inciləri var. Lakin bu şəhərə ayaq basdıqdan və onunla yaxından tanış olduqdan sonra İzmir, daha geniş mənada Türkiyə, ümumilikdə isə dünya mədəniyyətinin inkişaf reallıqları haqqında zəngin təsəvvürə sahib olduq...
Qardaşları birləşdirən “yanar ilan” düşmənə sərt cavabını verir...
Təbii ki, ilk dəfə təyyarə ilə hansısa ölkəyə səfər etdiyim, eyni zamanda, qardaş ölkəyə getdiyim üçün bir qədər həyəcanlı idim. Hətta bu həyəcan o səviyyədə idi ki, təyyarə İstanbulun Atatürk Hava Limanında yerə enənədək gözlərimə yuxu getmədi. Məhz iki saat qırx dəqiqəlik müddətdə təyyarədən müşahidə etdiyim mənzərə bir çox düşmənlərimizə, həm də daxilimizdəki qaragüruhçulara təsirli cavabını verirdi. Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə uzanan işıqlı yollar sanki “yanar ilana” bənzəyirdi. Əlbəttə ki, Azərbaycan və Türkiyənin qardaşlığı sayəsində reallaşmış bu mənzərə düşmənlərimizə dostluğumuzun əsaslarını nümayiş etdirir. Hətta bu, bütün dünyaya mesaj ötürür ki, iki qardaş ölkə arasında heç bir halda narazılıq salına bilməz. Tarixi reallıqdan doğan, Çanaqqalada və 1918-ci ildə Bakıda gedən döyüşlərlə möhkəmlənən iki ölkə arasındakı münasibətlər daha da güclənəcək...
İzmirlə ilk tanışlığım...
İzmir şəhəri Türkiyənin ən böyük 3-cü şəhəridir ki, 4 milyonluq əhaliyə malikdir. Egey bölgəsində yerləşən bu şəhərin əsas özəlliklərindən biri odur ki, burada yay aylarında insanların sayı dəfələrlə artır, hətta orta saylı əhaliyə sahib dövlət qədər olur. Bu da təbii ki, şəhərin malik olduğu turizm və tarixi imkanlarla bağlıdır. Elə İzmirlə ilk tanışlığım da şəhərə gələn turistlərlə dolu olan Menderes adına aeroportda oldu. Burada dünyanın bir çox ölkələrinin vətəndaşlarını görmək mümkün idi. Xüsusilə də, ərəb dünyasından və Uzaq Şərqdən gəlmiş turistlər daha çox idi. Lakin şəhərin mərkəzinə doğru getdikcə, həmin turistlərin sayının Avropa ölkələrinin vətəndaşlarının hesabına artdığını müşahidə edirdim. Diqqətimi çəkən məqam ondan ibarət idi ki, İzmir şəhərinə gələn turistlərin içərisində dəniz nəqliyyatı vasitəsilə səyahətə çıxmış yunanlar və italyanlar çoxluq təşkil edirdi. Elə yerli əhalidən eşitdiyim söhbətlər zamanı bəlli oldu ki, böhran qabağı Yunanıstan hökuməti vətəndaşlarına Türkiyəyə səfər etməyi qadağan etmişdi. Lakin maliyyə və iqtisadi böhran Yunanıstanı verdiyi qərardan dönməyə məcbur etmişdi. Elə təkcə bu fakt bir daha göstərirdi ki, Türkiyə hansı səviyyədə güclü və böyük dövlətdir...
Bir neçə söz yerləşdiyimiz hotel barəsində...
Hava limanında qarşılanmadan sonra bizi İzmir şəhərinin ən tanınmış hotellərindən biri olan “Kaya Termal Hotel”də yerləşdirdilər. Bu hotel digər hotellərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənirdi. Belə ki, burada yüksək xidmətlə yanaşı, turistlərə təbii termal hovuzlar təqdim olunur. Bu hovuzların da əsas xüsusiyyəti insan sağlamlığına müsbət təsir etməsilə bağlıdır. Hoteldə, həmçinin, tay masajlarından tutmuş, xəstəxanaya qədər bütün şərait yaradılıb. Hətta burada mövcud olan spa xidməti ən çətin sağalan xəstəliklərin dərmanı sayılır...
“Asansör”də şam yeməyi daim yaddaşlarda qalacaq
İzmirə səfərimizin ilk günündə yaddaqalan məqamlardan biri şəhərin ən məşhur “Asansör” restoranında şam yeməyi oldu. Restoranın adı cəlbedici olduğundan bununla maraqlanmamaq olmazdı.
Demək, bu ərazidə hələ XIX əsrdən başlayaraq, evlər ardıcıllıqla tikilməyə başlanıb və sonradan bəlli olub ki, evlərarası yollar bağlanıb, çıxış üçün imkan mövcud deyil. Belə bir şəraitdə vəziyyətin çıxılmaz olduğunu görən bir fransız inşaatçı evlərə qalxmaq üçün lift inşa edir. Bir müddət sonra isə izmirlilər ikinci belə lifti inşa edirlər. Məhz bu gün İzmir şəhərinin sakinləri bu tarixi hadisəni əbədiləşdirmək üçün liftin sonuncu dayanacağını restorana çeviriblər. Bu gün də həmin restoranda görüşlər olur, toy mərasimləri keçirilir, istirahət edilir.
Elə bizim İzmirə səfərimizin ilk gününün şam yeməyi bu tarixi məkanda oldu. Həmin vaxt bizimlə görüşə İzmir valisinin köməkçisi, həmçinin, “Sabah” və Egey bölgəsinin ən populyar qəzeti “Yeni Əsr” qəzetlərinin nümayəndələri də gəlmişdi. Həmin möhtəşəm gecədə izmirlilərə ölkəmizin inkişafı ilə bağlı məlumatlar verdik, hətta “Eurovision-2012” ərəfəsində Azərbaycanda antimilli qüvvələrin fəaliyyəti haqqında da danışdıq.
Qardaş ölkənin bəzi nümayəndələri Azərbaycan mediasını qınamaqdan da çəkinmədi. Onlar iddia etdilər ki, “Yaxşı Cazibə” filminin sonuncu bölümü bilərəkdən şişirdildi. Məhz “Yeni Əsr” qəzetinin müxbirinə və Türkiyənin Mədəniyyət Nazirliyinin İzmir bölgəsi üzrə nümayəndəsinə ən doğrusunu çatdırmağı özümə borc bildim. Həmin vaxt maraqlı bir dialoq da yarandı.
“Yeni Əsr” qəzetinin müxbiri: “Yaxşı Cazibə”nin sonuncu bölümü əsassız olaraq, şişirdildi. Orada heç bir təhqir elementi yox idi.
Mən: Azərbaycan mediası yalnız həmin filmi lentə almış rejissoru qınadı və etirazını bildirərək, “Azərbaycan qadınını təhqir etmək qəbuledilməzdir” dedi.
“Yeni Əsr” qəzetinin müxbiri: Hər halda məsələni bu qədər böyütməyə dəyməzdi.
Mən: Qardaşım, bir türk kişisi, xüsusilə də, azərbaycanlılar üçün qadın hər şeydən əvvəl namus, qeyrət, bir sözlə, hər şey deməkdir. Onun təhqir olunması tamamilə qəbuledilməzdir. Xüsusilə də, erməni mətbuatında “qardaş qardaşın qadınını təhqir etdi” yazılması vəziyyəti daha da ağırlaşdırdı...
“Yeni Əsr” qəzetinin müxbiri: Biz həqiqətən bilmirdik bu şeyləri. Sizinlə razıyam ki, belə şeyə yol vermək olmaz...
Həmin gecə Türkiyə mətbuatının nümayəndələrilə bir çox məsələlərlə bağlı fikir mübadiləsi apardıq və hətta onların həm Azərbaycandan kənardakı, həm də daxildəki qara qüvvələrin dediklərinə inanmamalarını, bütün reallıqları Bakıya gəlməklə, öz gözlərilə görmələrini də məsləhət bildik.
İzmirə dünya sivilizasiyasının “mədəniyyət beşiyi” də demək olar
Əvvəldə dediyim kimi, İzmirin qədim tarixə malik olması haqqında internetdən müəyyən məlumatlar əldə etmişdim. Amma canlı olaraq, həmin tarixi görmək insana fərqli duyğular bəxş edirdi.
Səfər çərçivəsində bizi İzmirin ən qədim kəndlərindən olan Teosa apardılar. Teos kəndi dağla dənizin qovuşduğu bir məkanda yerləşir. Bu ərazi də turistlərlə zəngin idi. Teos kəndində diqqətimizi çəkən bir məqam qədim parlamentlə bağlı oldu. Məlumat üçün deyək ki, bu parlamentdə e.ə. I minillikdə mühüm müzakirələr aparılıb, qərarlar verilib. Həmin ərazidə hələ də qazıntılar aparıldığından bəzi tarixi abidələr xüsusi hasarlara alınmışdı.
Bununla yanaşı, bizi İzmir şəhərinin ən çox turistin olduğu Teos limanına, Çeşməyə, Quş adasına, Zeytunluğa, Aqoraya və bir çox ərazilərə apardılar. Həmin məkanlarda inkişaf etmiş turizm sənayesilə bərabər, tarixi sənətkarlıq növlərinin də yaşadıldığının şahidi olduq.
Daha çox maraq doğuran tarixi məkanlardan biri isə Məryəm Ana ziyarətgahı idi. Bu yer Efesdən bir neçə kilometr yuxarıda dağlıq ərazidə yerləşir. Hətta bu məkanı xristianların “həcc” yeri də adlandırırlar.
Belə ki, yüksək təhlükəsizlik tədbirləri görülmüş Məryəm Ana ziyarətgahının girişində “qıfıl girişi” formasında olan su hovuzu vardı. Rəvayətlərə görə, bu “qıfıl girişi” cənnətin qapısınındır. Məhz həmin dövrün inancına görə, bu hovuzda yuyunanlar cənnətə düşə biləcəkdilər. Hal-hazırda da qorunub saxlanılan bu hovuz çoxsaylı turistlərin ziyarət etdiyi abidələrdən biridir. Həmçinin, xristianların daha çox ziyarət etdiyi abidə Məryəm Ana ziyarətgahıdır. Burada Məryəm Ananın qəbiri olduğu iddia olunan abidə ziyarət olunduqdan sonra şam yandırılır və dağ bulaqlarından gələn suyun içilməsindən sonra kağızlara arzular yazılır, yapışdırılır. Bu, bir növ İslam dini daşıyıcılarının da ziyarət etdiyi ziyarətgahlar kimidir. Burada da dualar edilir, nəzirlər verilir. Məhz bu abidə tolerantlığın ən böyük nümunəsidir ki, Türkiyədə məscidlərlə yanaşı, xristianların ziyarət etdiyi müqəddəs ziyarətgah da mövcuddur.
Ən çox maraq doğuran turistik məkanlardan biri də Efes idi. Burada 6 min il əvvəl salınmış şəhər var. Şəhərin qalıqları o dərəcədə qabarıq və gözəçarpandır ki, oranı 2-3 saata ancaq gəzmək mümkündür. Əlbəttə ki, bu qədim məkanda diqqəti çəkən ilk məqam bu şəhərin su-kanalizasiya sistemilə bağlı oldu. Təsəvvür edin ki, 6 min il öncə salınmış bir liman şəhərində hər ailənin evində su var idi. Bu su isə, məhz kirəmitdən hazırlanmış borular vasitəsilə axıdılırdı.
Eyni zamanda, şəhərdə ictimai hamam və tualet də var idi. Bu abidələr o dərəcədə qorunub saxlanılıb ki, bütün reallıqları gözlə görmək mümkündür. Adını çəkdiyimiz ictimai tualet həm də gizli siyasi məsələlərin müzakirə olunduğu yer kimi də tarixə düşüb.
Amma bütün bunların fonunda daha çox maraq kəsb edən qədim kitabxana oldu. Bu kitabxana bəlkə də, dövrünün ən böyük kitab evlərindən biri olmuşdu. Eramızdan əvvəl inşa edilmiş bu kitabxana ilə bağlı bəzi rəvayətlər də çox böyük maraq kəsb edir. Belə ki, həmin xalq danışıqlarından birinin məzmununa görə, o zaman imperatorlardan biri şəhər kişiləri arasında “ictimai evə” olan marağı azaltmaq məqsədilə xüsusi qadağa qoyur və hər kəsə kitabxanaya getməyi məsləhət görür. İlk günlərdə kitabxanaya gedənlərin sayı az olsa da, bir müddət sonra bu axın halına çevrilir. İmperator kişilərin kütləvi şəkildə kitabxanaya getməsindən şübhələnir və bu işin araşdırılmasını tələb edir. Aparılmış araşdırma zamanı imperatorun nümayəndələri kitabxanadan “ictimai evə” gedən yeraltı yol aşkarlayırlar. Üstündən min illər keçsə də həmin yeraltı keçid o dərəcədə sağlam qalıb ki, bu gün də onu adi göz ilə gömək mümkündür.
Efesdə ən çox insanın olduğu yerlərdən biri də amfiteatrdır. Bu teatr ilk vaxtlarında 26 000 tamaşaçı üçün nəzərdə tutulub. Xüsusilə də, şəhərə gəlmiş əcnəbilərə qladiator döyüşləri nümayiş etdirilirdi.
Bir sözlə, İzmir şəhərinin qədimliyi hər bir kəsdə böyük maraq doğurur. Bu tarixi reallıq isə insanın dünyagörüşünü genişləndirir və vahid düşüncə formalaşdırır: İzmir dünya sivilizasiyasının “mədəniyyət beşiyi”dir.
Heydər Əliyev bulvarını ziyarət
Qeyd edək ki, İzmir və Bakı qardaşlaşmış şəhərlərdir. Bakı şəhərində İzmir küçəsi olduğu kimi, İzmirdə də Heydər Əliyev bulvarı salınıb. Lakin səfər proqramında Heydər Əliyev bulvarını ziyarət yox idi. Səfərin ilk günündən də həmin əraziyə getmək istəyi məndə formalaşmışdı. İstənilən halda müasir Azərbaycanın qurucusu və banisi Ümummilli lider Heydər Əliyevin adına salınmış bulvara getmək çox arzuolunandır...
Əlbəttə ki, səfər proqramı da əvvəlcədən hazırlandığından onda düzəlişlər etmək bir qədər çətin olur. Amma bir azərbaycanlı kimi, Heydər Əliyev bulvarına getməyi özümə mənəvi borc bilirdim. Bu səbəbdən də, İzmirdəki bələdçilərimizlə “apardığım uzun mübarizədən” sonra onları razı sala bildim və bizi Heydər Əliyev bulvarına apardılar. Həmin bulvar İzmirin mərkəzi küçələrindən birində yerləşir. Hər tərəf yaşıllıqla bürünmüş, yol kənarında yerləşən bulvar göz oxşayırdı...
Dəniz, dağ, günəş, tarixi yerlər, hotellər
Ümumiyyətlə, İzmir şəhərində müşahidə etdiyimiz mənzərə bir daha sübut etdi ki, bu şəhər dünyanın ən böyük turistik bölgələrindən biridir. Xüsusilə də, qeyd edilməlidir ki, İzmir şəhərində dəniz və dağ relyefi bir-birini tamamlayır. Hotellər isə xüsusi olaraq, dağlıq və meşəlik ərazilərdə salınıb ki, bu da istirahət üçün gələn turistlərə böyük zövq verir. Baxmayaraq ki, İzmirdə çimərliklər azdır, amma buranın tarixiliyi həmin faktoru neytrallaşdırır və bu yoxluğu hissedilməz edir.
Hotellərlə bağlı diqqətçəkən məsələ ondan ibarədir ki, onlar son dərəcədə ucuz qiymətlər təklif edirlər. Hətta əldə etdiyimiz məlumata görə, Quş adasında günü 25 manata dənizkənarı hotel də tapmaq mümkündür. Əlbəttə ki, bahalı hotellər də var. Lakin onların təklif etdikləri xidmətlər həddindən artıq sərfəlidir və ancaq insan istirahətinə hesablanıb.
ÜmumTürkiyə reallıqlarından doğan bəzi nüanslar haqqında
Sonda isə bütövlükdə Türkiyə reallığından doğan bəzi nüanslara diqqət çəkmək istəyirəm. Bunlardan birincisi, türkiyəlilərin Atatürkə olan sevgisi ilə bağlıdır.
Qardaş ölkənin vətəndaşları Türkiyə Cümhuriyyətinin qurucusu olan Atatürkə olan məhəbbətlərini ifadə etmək üçün hər addımda isbatlayıcı nişanələr qoyurlar. Elə bunlardan biri İzmir şəhərindən Kamalpaşaya gedən avtobanın kənarında hündür bir ərazidə Atatürkün qayadan yonulmuş həddindən artıq böyük heykəlidir. Eyni zamanda, İzmirdən bütün ilçələrə gedən yollarda Atatürkün abidələri, heykəlləri qoyulub. Həmçinin, Atatürkün anasının və həyat yoldaşının yaşadığı evin də bu gün qorunub saxlanılması həmin dahi şəxsiyyətin böyüklüyünə olan ehtiramın göstəricisidir.
İkinci məqam isə Türkiyə vətəndaşlarının bayraq sevgisilə bağlıdır. İzmir şəhərində hərəkət edən istənilən şəxs bütün binalardan asılmış Türkiyə bayrağını görə bilər. Bu, təbii olaraq, türkiyəlilərin dövlətçiliklərinə və bayraqlarına olan sevgisinin ifadəsidir. Bəlkə də, elə tarixdə Türkiyənin böyük zəfərlər qazanmasının da ən böyük səbəblərindən biri budur...
Üçüncü məqam, burada elm ocaqları ilə dövlət strukturlarının qarşılıqlı fəaliyyət göstərməsindən ibarətdir. Çox sevindirici bir mənzərə idi ki, bütün tarixi məkanların araşdırılmasında, ictimai və iqtisadi sahələrdəki tətbiqetmələrdə bilavasitə elm ocaqları iştirak edirlər. Məhz bu fakt isə onu sübut edir ki, elmə əsaslanan bütün işlər möhkəm təməlli və əsaslı olur...
Dördüncüsü isə birbaşa mətbuat sferası ilə bağlıdır. Burada diqqəti çəkən amil isə xüsusilə də, yazılı mətbuatda reklamın vəziyyətilə əlaqəlidir. Elə səfərimiz çərçivəsində “Yeni Əsr” qəzetinin redaksiyasında olarkən, bu faktlarla bir daha qarşılaşdıq. Qəzetin redaktorları ilə söhbətimiz zamanı dedilər ki, Türkiyənin yazılı mətbuatı daha çox reklamın hesabanı yaşayır. Bu reklamdan gələn gəlirlər isə həm işçilərin maaşlarının, həm də texniki işlərlə bağlı xərclərin vaxtlı-vaxtında ödənməsinə şərait yaradır.
Burada da nədənsə, türkiyəli həmkarlarımız Azərbaycan mediası haqqında düzgün fikirdə deyildilər. Amma reallıq onlara izah edildikdən sonra fikirlər müəyyən mənada dəyişdi. Çünki bu günə qədər Türkiyə mediasının nümayəndələri “reket qəzetlər” haqqında eşitməmişdilər və bu qədər dövlət qayğısı görməmişdilər...
Həqiqətən, İzmir şəhərinə səfər məndə böyük təəssürat və hisslər yaratdı, tarixi mədəniyyət məkanları ilə tanışlıq geniş dünyagörüşü formalaşdırdı. Və bir daha Türkiyə ilə Azərbaycanın qardaş ölkə olmasının səbəblərini dəqiqləşdirdim. Artıq mənim üçün təkzibedilməz faktdır ki, türkiyəlilər və azərbaycanlılar qardaşdılar və bunu təmin edən mənəvi-mədəni bağlar çox güclüdür.
Ramil VƏLİBƏYOV,
Bakı-İstanbul-İzmir-Bakı
Paylaş:
Baxılıb: 1716 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30