Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan hərbi qüdrətinə görə də regionun lider ölkəsidir

Azərbaycan hərbi qüdrətinə görə də regionun lider ölkəsidir

25.06.2013 [01:48]

Müasir texniki təchizatla təmin olunmuş Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə və dövlətimizin ərazi bütövlüyünü bərpa etməyə hər an hazır və qadirdir
İyun ayının 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 95 il ötür. Xatırlatmaq yerinə düşər ki, məhz 1918-ci ilin bu tarixində Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verib. Lakin 1920-ci ilin aprelində Azərbaycanın sovetlər tərəfindən işğalından sonra milli ordu ləğv edilib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti milli ordunun yaradılması haqqında qərar qəbul edib.
Ancaq ilk vaxtlar bu qərarın icrasını təmin etmək mümkün olmayıb. Belə ki, 1991-ci ildə yenidən öz müstəqilliyinə qovuşmuş Azərbaycan dövləti üçün müsbət mənada heç bir perspektiv yox idi. Azərbaycanda hərbi-siyasi, iqtisadi, sosial vəziyyət çox ağır idi. Bütün istiqamətlərdə dərin böhran hökm sürürdü. Ermənistanla müharibə ilə yanaşı ölkə daxilində vətəndaş qarşıdurması yaşanırdı. Yeni formalaşmaqda olan Azərbaycanın Milli Ordusu o illərdə xalqımızın yeganə ümid közərtisi sayıla bilərdi. Lakin ordu quruculuğu sahəsində qəbul olunan bəzi normativ-hüquqi aktların özləri kimi icra vəziyyəti də çox bərbad idi. 1991-ci il sentyabrın 5-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün ciddi səy göstərmirdi. Ordu quruculuğu sahəsində də, digər sahələrdə olduğu kimi, anarxiya hökm sürürdü. Torpaqların müdafiəsi pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin və şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı qruplaşmaların ümidinə qalmışdı və vahid idarəetmə sistemi yox idi.
1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra vəziyyət sürətlə dəyişməyə başladı. Ümummilli lider yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlığa tabe olan nizami ordu yaratdı. Ulu öndərin dəfələrlə ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü ilin mayında elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi, ölkədə nizami ordu quruculuğu formalaşmağa başladı. Məhz Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Şübhəsiz ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil dövlətimizin mühüm uğurlarından biridir. Bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində isə dövlətimizin uğurları, eyni zamanda, ordu quruculuğu sahəsində əldə olunmuş nailiyyətlər durmadan artmaqdadır. Azərbaycan 3,7 milyard dolları keçən illik hərbi büdcəsi, ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz edilmiş, NATO standartları əsasında təlim görmüş silahlı qüvvələri ilə Cənubi Qafqazda hərbi qüdrətinə görə lider ölkədir. Həmçinin, Azərbaycan silahlı qüvvələrinin göstəriciləri onun keçmiş sovet məkanında da ən güclü və döyüş hazırlıqlı ordulardan biri olduğunu təsdiqləyir. Azərbaycanın gəlirlərinin artması ilə paralel şəkildə silahlı qüvvələrinin modernləşdirilməsi, yenidən qurulması, ən yeni və güclü döyüş vasitələri ilə təchiz edilməsi prosesini həyata keçirməkdədir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemi müasir standartlara uyğun olaraq təkmilləşir. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin təhsil ocaqlarında hərb elminin əsas prinsiplərinə uyğun zabit kadrları hazırlanır. Hərbi təhsil müəssisələrinin kursantları ölkəmizdə ali məktəblər arasında keçirilən olimpiadalarda və yarışlarda, NATO üzvü olan və tərəfdaş dövlətlərlə birgə keçirilən beynəlxalq təlimlərdə iştirak edirlər. Həmçinin, son illər ərzində görülmüş tədbirlər nəticəsində çağırış və səfərbərlik işi xeyli təkmilləşdirilib, hərbi hissələrdə intizam möhkəmlənib, qanun-qaydalara tam riayət olunması təmin edilib. Bütün bunlar orduya gələn gənclərin peşəkar hərbi qulluqçu kimi hazırlanmasına, hərbi ixtisaslara dərindən yiyələnməsinə şərait yaradıb. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz, yəni, hər gün davam edən bir prosesdir. Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını yerinə yetirməyə qadirdir. O cümlədən, güclü hüquqi baza yaradılıb ki, bu da daha əhatəli islahatların aparılmasına imkan verir. Qəbul olunmuş hüquqi sənədlər arasında da heç şübhəsiz ki, Hərbi Doktrina xüsusi əhəmiyyətə malikdir.
Qeyd olunmalıdır ki, Hərbi Doktrina ölkəmizin ikinci konstitusiyası sayıla bilər. Sənəddə ölkənin hərbi təhlükəsizliyini təmin edən bütün müddəalar açıqlanır. Həmçinin, Azərbaycanın ərazi bütövlüyünə hərbi təhlükə törədəcək faktorlar sadalanır. Onların içərisində birincisi, qonşu Ermənistanın torpaqlarımızı işğal etməsidir, daha sonra Azərbaycanın dövlət müstəqilliyinin şübhə altına alınması cəhdləridir, qeyri-qanuni miqrasiyadır, daxili sabitliyi pozmaq cəhdləri və s. amillərdir. Bunun qarşısını almaq üçün yüksək hazırlıqlı silahlı qüvvələrin hazırlanması, onun peşəkar kadrlarla təmin edilməsi, strateji və taktiki hazırlıq məsələlərinin həyata keçirilməsi və ən əsası ordu ilə cəmiyyətin sıx birliyinin təmin edilməsidir.
Bunlarla yanaşı, birmənalı olaraq qeyd olunmalıdır ki, son dövrlər Azərbaycanda hərbi sənaye potensialının gücləndirilməsi istiqamətində görülmüş mühüm əhəmiyyətli tədbirlər bu sahədə ciddi dönüş yaratmaqla bərabər, ordumuzun daha müasir texnika ilə təchizatı, silah-sursat ehtiyaclarının daxili imkanlar və istehsal hesabına ödənilməsi, Azərbaycanın həm də hərbi sənaye ölkəsi kimi nüfuz qazanması, nəhayət, Silahlı Qüvvələrin inkişafında yeni imkanların meydana gəlməsi baxımından da olduqca vacibdir. Ona görə də, hökumət bu məsələyə də çox diqqətlə yanaşır və atılan addımları ciddi maliyyə dəstəyi ilə stimullaşdırır. Yeri gəlmişkən, qeyd edək ki, ötən illər ərzində Müdafiə Sənayesi Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsait hesabına onlarla texnoloji xətlər, müəssisələrin avadanlıq parkının təzələnməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrindən müxtəlif mürəkkəb əməliyyatları həyata keçirən dəzgah və avadanlıq alınıb. Nazirliyin müəssisələrində müxtəlif növ atıcı silahların, döyüş sursatlarının və onların ehtiyat hissələrinin istehsalı məqsədilə 20 zavod və istehsalat birliyi yaradılıb. Bu gün Müdafiə Sənayesi Nazirliyi dünyanın 60-dan çox ölkəsi ilə əməkdaşlıq edir. Məhz bu tədbirlər nəticəsində qısa müddət ərzində nazirliyin müəssisələrində müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatların seriyalı istehsalı həyata keçirilir. Yaradılmış yeni istehsal sahələri, quraşdırılmış texnologiya və avadanlıqlar hesabına istehsal olunan müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 665-ə çatdırılıb.
Heç kəsə sirr deyil ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin bir nömrəli problemidir. Məhz bu səbəbdən rəsmi Bakı bütün diplomatik səylərini problemin sülh yolu ilə həllinə yönəldib. Azərbaycan beynəlxalq ictimaiyyətin də ciddi dəstək verdiyi ATƏT-in Minsk qrupunun irəli sürdüyü təkliflərə razılıq verərək münaqişənin diplomatik yolla həllinə sadiq olduğunu göstərib. Lakin Ermənistan tərəfinin sülh danışıqlarına konstruktiv mövqedən yanaşmaması və manipulyasiya ilə məşğul olması danışıqların müsbət nəticələnəcəyinə olan inamı azaldır. Elə bu səbəbdən də müxtəlif vaxtlarda münaqişənin başqa alternativ üsullarla həlli məsələsi gündəmə gəlir. Təbii ki, beynəlxalq hüquqda sülh danışıqlarının alternativi hərbi yoldur. Bütün beynəlxalq konvensiyalarda da əksini tapan əsas məqamlardan biri dövlətlərin ərazi bütövlüyünə təcavüzün qarşısını almaq və sərhədlərinin toxunulmazlığını təmin etmək üçün hərbi üsula müraciət etməsinə hüquq verilməsidir. Ona görə də, gələcəkdə sülh danışıqları nəticə verməsə müharibə variantının gündəmə gəlməsi də real ola bilər. Bunu nəzərə alaraq, Azərbaycan sülh danışıqlarına paralel olaraq, ölkənin hərbi qüdrətinin artırılması istiqamətində də çox ciddi işlər görür. Lakin Azərbaycan Silahlı Qüvvələrindən fərqli olaraq, Ermənistan ordusunda vəziyyətdən ildən-ilə pisləşir. Ermənistanın 2013-cü il dövlət büdcəsində hərbi xərcləri 451 milyon ABŞ dolları təşkil edir ki, bu rəqəmi isə Azərbaycanın hərbi büdcəsi ilə müqayisə belə etməyə dəyməz.
Göründüyü kimi, Azərbaycan Ordusu bu gün Azərbaycan dövlətinin qüdrətinin nümunəsi olmaqla dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, Azərbaycan ordusu regionun ən hazırlıqlı və ən müasir strukturu sayılır. Prezident İlham Əliyev də dəfələrlə bir faktı xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın dövlət imkanları artdıqca, onun hərbi sistemi də paralel surətdə güclənir və bu məqam Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirir: “Mən hərbi hissələrdə tez-tez oluram. Cəbhə xəttində də tez-tez oluram. Döyüşçülərlə səngərlərdə görüşürəm, söhbət aparıram. Görürəm ki, həqiqətən, Azərbaycan əsgərinin Vətənə çox böyük bağlılığı vardır. Vətən sevgisi, vətənpərvərlik ruhu bizdə çox yüksəkdir. Əminəm ki, dediyim bütün bu amillər - bizim siyasi gücümüz, iqtisadi inkişafımız, hərbi gücümüz, Vətənə olan sevgimiz məsələnin həllinə gətirib çıxaracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Dağlıq Qarabağda dalğalanacaqdır”.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 1408 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30