Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Məşğulluğun təminatında aktiv məşğulluq tədbirləri mühüm önəm kəsb edir

Məşğulluğun təminatında aktiv məşğulluq tədbirləri mühüm önəm kəsb edir

12.04.2014 [09:51]

Dinamik inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı sosial-iqtisadi islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Ümumiyyətlə, milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi və digər bu kimi tədbirlər Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır. Bir sözlə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə olunan nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub. Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.
Dünya iqtisadiyyatına öz milli maraqları əsasında fəal inteqrasiya yolunu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm səbəblərdən biri də qloballaşma prosesindən irəli gələn çağırışların milli maraqlarla uzlaşdırılmasına nail olunmasındır. Aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Ümumiyyətlə, ölkəmizin iqtisadi imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərin həlli hazırda da dövlətin diqqət mərkəzindədir. Bu gün Azərbaycan hökuməti hər bir vətəndaşın həyatında əhəmiyyətli dəyişikliklərlə müşayiət olunan islahatları gerçəkləşdirmək üçün kifayət qədər maliyyə potensialına və üstün siyasi iradəyə malikdir. 2013-cü ilin yekunlarından göründüyü kimi, Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun və regionların inkişafının sürətlənməsi, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyinin təmin olunması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühitinin yaradılması əhalinin sosial rifahının daha da yaxşılaşmasına zəmin yaradıb.
Bütün bunlara paralel olaraq əhalinin məşğulluq səviyyəsinin və işgüzar fəallığın artırılması, eyni zamanda, işsizliyin azaldılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir. Bütün bunlar əmək bazarında münasibətlərin tənzimlənməsi, əməkhaqqının artırılması ilə sosial rifahın yaxşılaşdırılması və aktiv məşğulluq tədbirlərinin görülməsində özünü göstərir.
Ümumiyyətlə, hər bir dövlətin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Bu isə öz növbəsində ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə gətirib çıxarır. Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi operativ addımların atılması ilə insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunub. Həyata keçirilən tədbirlərin səmərəliliyini anlamaq üçün mövcud göstəricilərə nəzər yetirmək lazımdır.
2003-cü ildən bəri respublika ərazisində 1,2 milyondan çox yeni iş yeri yaradılıb ki, bunların 900 mini daimidir. Ötən müddət ərzində respublikada açılan yeni iş yerlərinin təxminən 700 mindən çoxu bölgələrin payına düşüb ki, bu da ölkənin əmək bazarında qeyri-proporsional vəziyyətin əsaslı şəkildə dəyişməsinə gətirib çıxarıb. Məsələn, 2011-ci ilin 1 yanvar tarixinə ölkədə iqtisadi fəal əhalinin sayı 1995-ci illə müqayisədə 25,9 faiz, 2006-cı illə müqayisədə isə 6,7 faiz artaraq 4587,4 min nəfər, məşğul əhalinin sayı müvafiq olaraq 19,8 faiz və 8 faiz artaraq 4329,1 min nəfər təşkil edib. 2011-ci ilin yekunlarına görə, ölkədə yoxsulluğun səviyyəsi 8 faizədək azalıb. 2013-cü ildə isə 110 min yeni iş yeri açılıb. Ötən ilin yekunlarına görə, işsizliyin səviyyəsi 5 faiz, yoxsulluğun səviyyəsi isə 5,3 faizədək aşağı düşüb. Bəzi inkişaf etmiş ölkələrdə isə, bu rəqəm 10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2014-cü il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,1 min nəfər olub və onlardan 900,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,9 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Bunlardan başqa, 2013-cü ildə minimum əməkhaqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67 faiz çərçivəsində artımı təmin edilib. Dövlət sektorunda çalışanların əməkhaqları isə ən azı 10 faiz həcmində artırılıb. Tətbiq olunan artımlar təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaradıb. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
2014-cü il yanvarın 1-i vəziyyətinə dair məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 4757,8 min nəfər olub, onlardan 4521,2 min nəfərini əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Bundan başqa, 2014-cü ilin yanvarın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1510,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 900,2 min nəfər, qeyri-dövlət bölməsində isə 609,9 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 37,2 min nəfər, qeyri-neft sektorunda isə 1472,9 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1466,7 min nəfər təşkil edib.
Bundan başqa, muzdla çalışanların əmək fəaliyyəti bir çox sahələri ehtiva edib. Belə ki, müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23 faizi məhsul istehsalı sahələrində, onlardan 7,1 faizi tikintidə, 6,7 faizi emal sənayesində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,5 faizi mədənçıxarma sənayesində, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olub. Onu da qeyd etmək lazımdır ki, 2013-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı əvvəlki ilə nisbətən 6,2 faiz artaraq 423 manat təşkil edib. Şübhəsiz, bu göstəricilər əmək bazarının tənzimlənməsi, dolayısıyla, məşğulluğun təmin olunmasında muzdlu əməyin müəyyən rol oynadığını ifadə edir.
Bununla yanaşı, xidmət sahəsində çalışanların əmək fəaliyyətinin proporsionallığı və çoxsaylı sektoru əhatə etməsi aktiv məşğulluq tədbirlərinin səmərəli nəticələr verdiyini göstərir. 2014-cü il yanvarın 1-i vəziyyətinə dair məlumatlara əsasən, xidmət sahəsində çalışanların 22,4 faizi təhsil, 18,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8 faizi daşınmaz əmlakla bağlı əməliyyatlar sahəsində cəmləşib.
Əlbəttə, aktiv məşğulluğun təmin edilməsi istiqamətində görülən tədbirlər əhalinin gəlirləri və əməkhaqqının artmasına müstəsna töhfələr verib. Belə ki, 2013-cü ildə əhalinin gəlirləri əvvəlki ilə nisbətən 8 faiz artaraq 37,6 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 4039,6 manat və ya ayda orta hesabla 336,6 manat təşkil edib. Həmçinin, əhalinin sərəncamında qalan 34,5 milyard manatlıq gəlir əvvəlki illə müqayisədə 8 faiz çox olub.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Belə ki, işsizliyin səviyyəsinin azaldılması, həmçinin, məşğulluğun təmin edilməsi Dövlət Proqramında əsas məsələlərdən biri kimi nəzərdə tutulub.
Əlbəttə, bəhs olunan istiqamətdə əhəmiyyətli nailiyyətlərin əldə olunmasını təmin edən mühüm faktorlardan biri, qeyd etdiyimiz kimi, iqtisadi və maliyyə sabitliyidir. Əvvəla, qeyd etmək lazımdır ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. O da vurğulanmalıdır ki, ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır.
Bir sözlə, Azərbaycanda aparılan köklü iqtisadi islahatlar bugünkü reallıqları, o cümlədən, əhalinin həyat səviyyəsinin yaxşılaşmasını, məşğulluğun təmin olunması, işsizliyin aradan qaldırılması və yoxsulluğun azaldılmasını mümkün edib.
Nurlan QƏLƏNDƏROV
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə
müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 1075 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30