Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Qızıl körpü”də arxeoloji tədqiqatlar

“Qızıl körpü”də arxeoloji tədqiqatlar

07.06.2014 [15:43]

Və ya Yevlax haqqında bilmədiklərimiz...
Cənubi Qafqazda ən bolsulu hesab edilən Kür çayının Albaniyanın ortasından keçməsi haqqında qədim müəlliflərin məlumatlarını və bu bütövlüyü təmin etmək üçün ən əlverişli keçid yerinin Yevlax ərazisində olduğunu nəzərə alsaq, görərik ki, İstanbul Türkiyə üçün nə qədər əhəmiyyətlidirsə, Yevlax da Azərbaycan üçün o dərəcədə önəmlidir. İstanbul Şərqlə-Qərbi, Yevlax isə Azərbaycanın bütün bölgələrini bir-biri ilə əlaqələndirən “Qızıl körpü”dür. Başqa sözlə, Yevlax Azərbaycanın İstanbuludur. Azərbaycan şəhərləri içərisində özünəməxsusluğu ilə seçilən Yevlaxda son onillikdə görülən işlər deyilənləri bir daha təsdiq edir.
Beləliklə, Ümummilli lider Heydər Əliyevin siyasi xəttini rəhbər tutan və dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısını, Heydər Əliyev Fondunun dəstəyini daim hiss edən Yevlax şəhəri respublikamızın dilbər guşələrindən birinə çevrilib. Şəhərin Azərbaycanın Şərqdən-Qərbə, Şimaldan-Cənuba doğru istiqamətlənən qədim ticarət yollarının qovşağında yerləşməsi onun əlverişli strateji mövqeyini diqqət mərkəzinə gətirib. Ərazidə yerləşən Zərgərtəpə, Nəmərli, Gülövşə, Nərimanlı, Yəldili abidələri, Malbinəsi kəndindəki antik və ilk orta əsr yaşayış yerləri və küp qəbirləri, Bakı-Ceyhan neft kəməri xəttinin çəkilişi ilə əlaqədar tədqiqata cəlb edilmiş abidələr, habelə Ərəş qalasında aparılan arxeoloji tədqiqatlar burada ən azı 5000 il bundan əvvəl gur insan yaşayışı məskənlərinin olmasından xəbər verməklə yanaşı, Yevlağın hələ qədim zamanlardan xalqımızın iqtisadi və mədəni həyatında mühüm yer tutduğunu bir daha isbatlayır.
Tarixi məlumatlarda həm də Pirəzi, Qıraqbasan, Ərəş (Qala, dayanacaq, tikinti meydanı, mübahisəli məsələlərin həll olunduğu, igid, qoçaq, cəsur, sözünə bütöv, zəkalı insanların yaşayış yeri) adı ilə tanınmış Yevlax (yolaq, keçid, körpü) şəhərinin qədim quru və su yolları ilə əhatələnməsi hələ antik və ilk orta əsrlər dövründən başlayaraq bir dayanacaq məntəqəsi kimi onun əhəmiyyətini artırıb.
XVIII əsrdə Yevlax Qarabağ, Gəncə, Şəki və Şamaxı kimi dörd xanlığın sərhəddində yerləşdiyi üçün Qıraqbasan adı ilə məşhur idi. Bu xanlıqların hökmdarları Yevlax ərazisindəki Kür qırağı meşəliklərdən ovlaq kimi istifadə edirdilər. Təsadüfi deyildir ki, XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqif yazırdı:
Qış günü qışlağı Qıraqbasanın,
Gözüdür Aranın, cümlə cahanın,
Belə gözəl yerin, gözəl məkanın,
Bir gözəl obası hayıf ki, yoxdur.
Həqiqətən də, antik və ilk orta əsrlərdə Yevlax ərazisində evlərin əksəriyyəti çiy kərpicdən və möhrədən tikildiyindən Kür çayı isə daşqınlar zamanı fəlakət törətdiyindən onların çoxunu məhv edirdi.
Arxeoloji tədqiqatlar sübut edir ki, Yevlax ərazisi hələ e.ə. V-IV əsrlərdən başlayaraq Kür çayı vasitəsi ilə İberiya və Qara dəniz sahili, Xəzər dənizi vasitəsilə Yaxın Şərq ölkələri ilə iqtisadi və mədəni əlaqədə olub. Dərbənd-Şamaxı-Mingəçevir-Tiflis ticarət yolu Yevlax ərazisindəki Yeddi qardaş, Hacılar, Dəvəçi körpülərindən keçərək Boz dağın ətəyi ilə uzanır, Hacı Eydil, Qızıl Arslan, Kürəkçay, Zazalı körpüləri vasitəsilə bir qolu Tiflisə, digər qolu isə Bərdə və Dəbilə doğru istiqamət götürürdü. Şəki-Yevlax-Ağdaş-Göyçay-Qaraməryəm-Şamaxı-Mərəzə-Siyəzən-Şabran yolu ərazini Dərbəndlə birləşdirirdi. Bölgə həm daxili, həm də xarici ticarətdə mühüm rol oynayırdı.
Apardığımız arxeoloji tədqiqatların nəticələri sübut edir ki, Yevlax ərazisində e.ə. IV-III minilliklərdə tunc dövrünün ilk mərhələsində başlanmış yaşayış tərzi sonrakı dövrlərdə də fasiləsiz şəkildə davam edərək orta əsrlərdə iri bir feodal şəhərinin yaranmasına səbəb olub.
Yevlax ərazisində ilk şəhər yeri olan Ərəş də belə yaranmışdı. Ərəş şəhər yerində 1947-ci ildə R.M.Vahidov, 1984-cü ildə A.B.Nuriyev, 2008-2009-cu illərdə A.M.Məmmədov tərəfindən kəşfiyyat xarakterli arxeoloji qazıntılar aparılmışdır.
Aparılan arxeoloji tədqiqatların nəticələri ilk orta əsrlər dövründə əsası qoyulan Ərəş şəhərinin qala divarlarının 4,2 metr hündürlükdə olduğunu müəyyənləşdirməyə imkan vermişdir. Qala divarının ətrafı 4 metr enində xəndəklə haşiyələnmişdir. Belə xəndəklərin içərisi su ilə doldurulur, üzərində asma körpülər qoyulurdu. Hücumlar zamanı körpüləri qaldırmaqla müdafiə möhkəmləndirilirdi. Şəhər haqqında orta əsr səyyah, tarixçi və diplomatlarından Övliya Çələbinin, Antoni Cenkinsonun, Layonel Plemtrinin, Cefri Denetin, M.V.Fexnerin, Minadonun, XIX əsr tarixçisi A.Bakıxanovun, müasir tarixçilərdən Y.Mahmudovun, V.İsayevin əsərlərində məlumat var. Bu məlumatlara görə, dünya şöhrətli xam ipəyi, pambığı, çəltik istehsalı ilə tanınmış Ərəşin adı yazılı mənbələrdə 1551-ci ildən çəkilir.
Lakin arxeoloji tədqiqatlar göstərir ki, V-VII əsrlərdə şəhər tipli yaşayış məskəni olan Ərəş monqolların Şamaxı və Gəncəni dağıtdıqları vaxt inkişaf etmiş şəhərlərlə eyni səviyyədə olmasa da, iri bir ticarət mərkəzi kimi diqqəti cəlb etdiyindən əhali buranı tərk edib, iri şəhərlərə üz tutub. XIV əsrdə Teymurun işğallarından sonra Ərəşdə yaşayış yenidən dirçəlir, XV-XVI əsrlərdə o, Ərdəbil, Bərdə, Gəncə, Şamaxı, Şəki, Marağa kimi şəhərlərlə eyni səviyyəyə yüksələ bilir. Yevlax rayonu ərazisindən keçən Əlican çayı üzərindəki VI-VII əsrlərə aid birinci və IX-X əsrlərə aid ikinci körpünün dağıntılardan sonra XV-XVI əsrlərdə yenidən bərpa edilməsinə dair faktlar da fikrimizi əsaslandırmağa imkan verir. Hər iki körpü orta əsrlərdə Yevlax bölgəsində körpüsalma və mühəndis qurğularının yüksək səviyyədə inkişafını, bu işin yerli ustalar tərəfindən məharətlə yerinə yetirildiyini təsdiqləyir.
Arxeoloji tədqiqatlar sübut edir ki, XV-XVI əsrlərdəki bərpa işlərindən sonra şəhərin ticarətdəki mövqeyi artdığından, daxili problemlərlə bağlı olan təsərrüfat, məişət və gündəlik tələbatla əlaqədar tikililər, eləcə də, qonaq evləri və s. kənarda tikilib. Nəticədə Yevlağın özündən kənarda da iri yaşayış məskənləri yaranıb. Şəhər sənətkarlığı mərkəzi bazar və bazar ətrafı ərazilərdə cəmləşib. Mənbələr göstərir ki, orta əsrlərdə Ərəşə Osmanlı dövləti, Rusiya, İran, İngiltərədən olan tacirlər gəlirdilər.
Yevlax ərazisində aparılan arxeoloji qazıntıların nəticələri bölgədə e.ə. II-I əsrlərdə kətan və yun parçalarla yanaşı, ipək parçalardan da istifadə edildiyini sübut edir. VII əsr alban tarixçisi Musa Kalankatlı yazırdı: “Kür çayı sahillərində çoxlu tut ağacları bəslənilir ki, bu da ipək parça istehsalı üçün əsas xammal mənbəyi idi”.
Yevlaxda bu ənənə XIX əsrdə də davam edirdi. Azərbaycanda fabrik tipli ilk kapitalist müəssisəsi də inzibati baxımdan indiki Yevlax ərazisində yerləşən Xanabad manufakturası idi. 1861-ci ildə Pyotr və Pavel Voronin qardaşları Azərbaycanda ilk ipəksarıyan fabriki də Xanabad manufakturası əsasında açıblar. Bütün bunlarla yanaşı, Yevlaxda baramaçılıq, ipək parça toxuculuğu ilə məşğul olmaq üçün ayrı-ayrı yerlərdə kustar üsulla fəaliyyət göstərən xırda müəssisələr də olub. Orta əsrlərdə Yevlaxda baramaçılığın ən qədim növləri hesab edilən narıncı-sarı və ağ rəngli ellipsvari formallar, sonralar isə fransız və italyan cinsli məhsullar yetişdirilib. Barama qurdunun bəslənməsi üçün xar tut (mor), ağ, qara, cır, moza tut, yabanı tut, (çəkil) ağaclarının yarpaqlarından istifadə edilib. İpəkqurdunun bəslənilməsi üçün tikilən saraylar isə “kum” və ya “kumxana” adlanıb.
Arxeoloji qazıntılar zamanı aşkarlanmış üzüm, ərik, nar, alça, armud, göyəm, alma və s. tumları bölgədə bu bitkilərin ən azı 2000 il əvvəldən yetişdirildiyini söyləməyə əsas verir.
Zərgərtəpədə və Gülöşə kəndindəki antik və ilk orta əsr yaşayış yerindəki arxeoloji qazıntılar zamanı aşkarlanmış küplərin üzərindəki daşlaşmış şərab qalıqları, eləcə də, üzümçülükdə istifadə edilən alətlərin tapılması bölgədə üzümçülüyün təsərrüfatın ən qədim sahələrindən biri olduğunu təsdiqləyir. Yazılı mənbələr və səyyahların yol qeydləri də Yevlaxda ağşam, növrəst, yaqubi, xan, çil, keçiəmcəyi, quşürəyi, arazvari və s. üzüm növlərinin yetişdirildiyinə dair məlumatlar verir. Yazılı mənbələrdə I Pyotrun Rusiyada üzümçülüyü inkişaf etdirmək üçün buradan tinglər apartdırdığı da qeyd edilir.
Arxeoloji qazıntılar zamanı aşkarlanmış osteoloji qalıqlar Yevlax əhalisinin hələ lap qədim zamanlardan Kür qırağı meşəliklərdə dovşan, tülkü, turac, bildirçin, kəklik, qaratoyuq, qaşqaldaq, qırqovul, ördək, çöl xoruzu ovu ilə məşğul olduqlarını göstərir. Əhali əsasən qayıqla və qarmaqla balıq ovuna xüsusi fikir verib. İlin soyuq fəsillərində əsasən “Kütüm” balığı ovlanıb.
Yevlaxda aparılan arxeoloji qazıntılar orta tunc dövründən başlayaraq, əhalinin təsərrüfat həyatında əkinçilik və maldarlığın xüsusi yer tutduğunu əsaslandırır. Əhali əsasən yarımköçəri maldarlıqla məşğul olduğundan yayda mal-qara sürülərini Kiçik Qafqaz dağlarının ətəklərindəki yaylaqlara aparırdılar. Hazırda dağlarda “Yevlax yurdu”, “Yevlax bulağı” adlı yerlərin olması da deyilənləri sübut edir. Onlar əsasən Cam bulaq ətrafında köç salırdılar. Çobanların müvəqqəti yerləşdikləri dayanacaqlara “düşərgə”, əhalinin yaylaqlarda yaşadıqları əraziyə “yurd” deyilirdi.
Yevlaxda Kürün sahillərində həm südlük, həm də ətlik mal-qara saxlanılırdı. Burada saxlanılan Qarabağ cinsli atlara sadə və çarmıxa çəkmə üsulu ilə nal vurulurdu. Yevlaxda, həmçinin, Boz dağ Qafqaz cinsli arı yetişdirilirdi. Boz dağın ətəyində “Arı təpə” adlı yerin olması da deyilənləri sübut edir.
Dabbaqlıq da Yevlaxda yardımçı təsərrüfat sahələrindəndir. Peşə ustaları və sənətkarlar heyvan dərisindən çarıq, başmaq, papaq, kürk, qayış, yəhər dəsti, ayaqqabı və s. hazırlayırdılar. Qoyun və quzu dərisindən tumac və müşkü, taxıl, un, duz və s. ərzaq məsullarının saxlanılması üçün isə xırda buynuzlu heyvan dərisindən dağarcıq, süd daşınması üçün tuluq və s. hazırlanırdı. Motal saxlamaq üçün qoyunun dərisindən, kərə yağı, qovurma və cızdaq saxlamaq üçün isə “qarın” adlanan heyvan mədəsindən istifadə olunurdu.
Yardımçı sənət sahələri içərisində nəccarlıq xüsusi yer tuturdu. Nəccarlar qapı, baca, araba, araba təkəri, təknə, tabaq, ərsin, xırman avadanlıqları və s. hazırlayırdılar.
Torpağın yumşaldılması üçün istifadə olunan ağac xış peşəkarlar tərəfindən hazırlanırdı. Xışın kötüyü tut ağacı və ya qaracöhrədən, şana, kürək, bel sapı fıstıq və ya ruset ağacından, vəl qaraağac, palıd və s. hazırlanırdı.
Yevlax rayonunda evlərin tikintisində şəbəkəçilik geniş yayılmışdı. Burada ağacişləmə sənətinin klassik üsulları - oyma, şəbəkə, xatəmkarlıq, rizakarlıq, habelə ağacda bəzək açma ilə əlaqədar olaraq istifadə olunan texnoloji proseslər irsən nəsildən-nəslə keçərək öz milli kompozisiya xüsusiyyətlərini bu gün də davam etdirir.
Yevlaxda zərgərlik, daşişləmə, xalçaçılıq, toxuculuq, tikməçilik, metalişləmə və s. kimi bədii sənətkarlıq sahələri də olub.
Bir sözlə, Azərbaycanın “Qızıl körpüsü” hesab edilən Yevlax ərazisində aparılan arxeoloji tədqiqatların nəticələri onun tariximizdəki iqtisadi, siyasi mövqeyini müəyyənləşdirməyə imkan verməklə yanaşı, gələcəkdə bölgədə sistemli arxeoloji tədqiqatların davam etdirilməsi zərurətini yaradır.
Arif Məmmədov,
AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun şöbə
müdiri, Gəncə arxeoloji
ekspedisiyasının rəisi, tarix üzrə elmlər doktoru, professor

Paylaş:
Baxılıb: 1210 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30