Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlətimizin və xalqımızın gələcəyi naminə görülən bütün işlər Ulu öndər Heydər Əliyev kursunun əbədiyaşarlığını təmin edir

Dövlətimizin və xalqımızın gələcəyi naminə görülən bütün işlər Ulu öndər Heydər Əliyev kursunun əbədiyaşarlığını təmin edir

12.12.2014 [10:02]

Ümummilli liderimiz Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğruldub. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün, hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirib. Ulu öndər Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə alıb.
Böyük şəxsiyyət olaraq Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirib. Məhz Ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılıb. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulub, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilib. Ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb.
Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü bütün ideyaların bu gün Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə reallığa çevrilməsi Azərbaycan həyatının gerçəklikləridir. Müasir dövlətimizin memarı Heydər Əliyevin başladığı böyük işlər və taleyüklü məsələlər, planlar, gənc dövlətimizin milli mənafeyinə tam uyğun müstəqil daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk günlərindən respublikanın müxtəlif regionlarında seçkiqabağı görüşlərində verdiyi vədlərinə əməl edərək, ölkə iqtisadiyyatının daha sürətlə inkişaf etdirilməsi və əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirib. Dövlətimizin və xalqımızın gələcəyi naminə görülən bütün bu işlər isə insanlarımızın Ulu öndər Heydər Əliyev kursuna inamını daha da artırır və bu kursun əbədiyaşarlığını təmin edir.
Xatirə Əliyeva,
YAP Mətbuat
xidmətinin əməkdaşı

Paylaş:
Baxılıb: 882 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30