Yazıçı, prinsipial və əqidəli insan
27.01.2015 [09:57]
Yanvarın 29-da yazıçı Xeyrəddin Qocanın 65 yaşı tamam olur. Keçdiyi mənalı ömür yolu Xeyrəddin Qocanı belə xarakterizə etməyə imkan verir: Yazıçı, publisist, məşhur “91-lər”dən biri, Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının fəal iştirakçısı, partiya yaranandan Siyasi Şuranın üzvü, YAP-ın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin ilk baş redaktoru, tanınmış ictimai xadim, səmimi, mehriban, prinsipial insan... Bu missiyalar və titullar təkcə Xeyrəddin Qocanın kimliyini göstərmir, həm də onun cəmiyyətdə tutduğu mövqeyi ifadə edir.
Xeyrəddin Qoca, sözsüz ki, Azərbaycan ictimai və ədəbi fikrində özünü təsdiqləmiş şəxslərdəndir. 45 ildən çox müddəti əhatə edən yaradıcılığına jurnalist məqalələri ilə başlayan yazıçı tədricən öz fəaliyyət dairəsini genişləndirərək artıq ədəbi simaya çevrilib. O, bir sıra kitabların, pyeslərin, mətbuatda minlərlə məqalələrin müəllifidir.
Onun ilk satirik hekayəsi sovet dövrünün satira jurnalı “Kipri”də çap olunub. Belə ki, 1968-ci ildə, 18 yaşında olarkən “Kirpi” jurnalı redaksiyasına təqdim etdiyi “Hədiyyə” hekayəsi böyük maraqla qarşılanıb. Bu, onun yaradıcılığının ilk uğuru idi. Sonralar Süleyman Rüstəmin rəhbərlik etdiyi “Kirpiçilər məclisi”nin üzvü olub. Ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən “Ədəbiyyat və incəsənət” qəzetində və respublikamızda çıxan bütün qəzet-jurnallarda mütəmadi dərc olunmağa başlayıb, televiziya və radio efirlərində saysız çıxışları, süjetləri səslənib.
Xeyrəddin Qoca hesab edir ki, yaradıcı şəxsin ilk qələm təcrübəsi, şübhəsiz ki, onun sənətə “vizit vərəqi” olmaqla yanaşı, həm də keçdiyi həyat yolu ilə həmahənglik təşkil edəcək ədəbi janrını da müəyyənləşdirir.
Onun “Filankəslər”, “Marallar”, “Hərə öz payını götürsün”, “Gərək yazam...”, “Bu da belə həyatdır...”, “Bu dünyadan məktublar”, “Pyeslər...”, “Biz bizə bənzərik...” kitabları cəmiyyəti dərindən düşünməyə vadar edir. Buna görə də, oxucu ilə münasibətində Xeyrəddin Qoca dialoqların lakonikliyi ilə yanaşı, tiplərin dilinin onların xarakterinə uyğun olmasına da xüsusi diqqət yetirir.
Ümumiyyətlə, ədib öz əsərlərində mühüm ictimai məsələlərə toxunur, oxucusunu uydurmalar, illüziyalar aləmindən ayırıb, real həyata gətirir, nöqsanları, eybəcərlikləri, çatışmazlıqları vətəndaş mövqeyindən tənqid edir. Tanınmış qələm sahibinin yumorlu istehzası öz tərzinə görə klassiklərimizin istehza tərzinə söykənirsə, onun istər təmsillərinin, istər atmacalarının, istərsə də süjetli hekayələrinin məzmunu təzədir, günümüzün adamlarıdır, cəmiyyətdir, jurnalistlər, yazıçılar aləmidir. Yazıçı xalqın həyatını yaxşı bildiyinə görə əsərlərində xalq ruhunun güclü təsiri duyulur.
Yazıçının Türkiyə Cümhuriyyətində işıq üzü görən “Bu dünyadan məktublar...” adlı kitabı qardaş ölkədə böyük maraqla qarşılanıb, az zamanda tamamilə satılıb qurtarıb. Türkiyəli professor Camal Anadol kitab haqqında yazır: “Budur, Azərbaycanın Əziz Nesini dediyimiz Xeyrəddin Qoca bu əsəri ilə (“Bu dünyadan məktublar...” nəzərdə tutulur) illərdən bəri cəmiyyətdəki müşahidələrinə dayanaraq hüzurlarınıza çıxır... Azərbaycan ədəbiyyatında özəl yeri olan, əsərləri oxucuları tərəfindən həsrətlə gözlənilən Xeyrəddin Qoca yaradıcılığının təməl qaynağını Azərbaycanda yumor və satira kimi incə janrların ustadları ölməz Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev və Mirzə Ələkbər Sabirdən götürmüşdür...Kitabdakı fikirlərin çoxu Türkiyə toplumuna da asanlıqla adaptasiya ola biləcək bir dəyər daşımaqdadır...”.
Yazıçı həm də maraqlı komediyalar müəllifidir. Onun jurnalistlikdən yumora, sonra satiraya, daha sonra dramaturgiyaya gəlməsində bir qanunauyğunluq var. Pyeslərində hadisələrə dərin bir baxış olmaqla yanaşı, ictimai ziddiyyətlərə ciddi münasibət aydın görünür. Akademik Milli Dram Teatrında “Hərənin öz payı...” (2002) adlı pyesinin tamaşası bir neçə il nümayiş etdirildi.
İlk uğurlu pyesdən sonra X.Qocanın “Qonşulaşma, qohumlaşma, kirvələşmə” adlı komediyası Azərbaycan Dövlət Televiziyasında ekran həyatı tapdı (2004). “Düzü-düz, əyrini-əyri” (2006), “Bu, bizim zəmanədir” (2007), “Toy olacaq” (2008) adlı pyesləri Azərbaycan Milli Radiosunun efir tamaşaları kimi dinləyicilərə çatdırılıb. Ötən ilin aprel ayında isə yazıçının “Qonşulaşma, qohumlaşma, kirvələşmə” pyesi əsasında C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında “Vəzifə dəlisi” adlı tamaşası müvəffəqiyyətlə nümayiş etdirilib.
Yazıçının əsərlərini oxuduqca, pyeslərinə tamaşa etdikcə görürük ki, bu gün də “işıq gələn yerə papaq dürtməklə” qaranlıq yaratmağa, cəmiyyətimizin inkişaf meyillərini söndürməyə cəhd edən, satira atəşinə tutulmalı olan adamlar istənilən qədərdir. Öz yazı tərzi, manerasıyla seçilən bu əsərlərdə gülüşün bütün növlərinə rast gəlmək olar.
Ədibin həyat və yaradıcılığına həsr olunmuş “Xeyrəddin Qoca” (foto-kitab), “Ömür belə keçir...”, “Xeyrəddin Qocanın gülüşü”, “Həyati proseslərin axarında” adlı kitablar nəşr edilib. İctimai Televiziya yazıçı haqqında “Ömür belə keçir...” adlı film çəkib. Yazıçı bir sıra ədəbi mükafatlar alıb. Xeyrəddin Qoca mədəniyyət və incəsənət sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
Yazıçının missiyalarından biri də ictimai xadim olmasıdır. Çünki o, xalqın sözünü deyir, xalqın dilində danışmağı bacarır: doğru, sadə, səmimi... Bu xüsusiyyətlər isə X.Qocanın həyat amalında başlıca yerlərdən birini tutur.
Xeyrəddin Qocanın xarakterinin əsas keyfiyyətlərindən biri də onun möhkəm əqidəli və prinsipial insan olmasıdır. Xalqımızın ağır illərində çoxları susanda X.Qoca susmadı. Böyük öndər Heydər Əliyevə qarşı hücumlar başlayanda, Ona böhtan və iftiralar atılanda meydana çıxanlardan biri oldu, mətbuatda görkəmli siyasi xadimin bədxahlarına qarşı kəskin yazılar dərc etdirdi. Bu, yazıçının yüksək ədalət hissindən irəli gəlirdi. Məhz ədalət hissi onu ömrü boyu tərk etməmiş, o, bütün çıxışlarında, yazılarında bu yüksək hissi unutmamışdı, o, Ulu öndərimizi müdafiə edən silsilə məqalələr yazırdı. Həmin dövrü Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi münasibətilə jurnalistlərlə görüşündə də xatırlayıb: “Vaxt var idi ki, mən Moskvada yaşayanda əleyhimə təbliğat gedirdi. Mən o qəzetlərlə nəinki əməkdaşlıq etmişdim, onlar məni yaxşı tanıyırdılar, onların redaktorları mənimlə uzun müddət dostluq əlaqələrində olmuşdular. Onda sistem belə idi. Mənim əleyhimə məqalələr yazmağa başlamışdılar. Buna zəng edirdim ki, mənim məqaləmi, müsahibəmi qəbul elə, qəbul etmirdi. Ondan xahiş edirəm, bundan xahiş edirəm, qəbul eləmir. Mən sonra Azərbaycana gəldim, 1990-cı ildə deputat seçildim. Buraya, sessiyaya Naxçıvandan gəldim. Sessiyada çıxış etdim. Bir qəzetə müraciət etdim ki, bunu dərc elə, eləmədi. İkincisinə müraciət elədim, bunu dərc elə, eləmədi. Üçüncüsünə müraciət elədim, bunu dərc elə, eləmədi. Sonra burada Xeyrəddin Qocanın “Dan ulduzu” qəzeti var idi, Korlar Cəmiyyətinin qəzeti idi, o götürdü, bunu dərc elədi...” (“Respublika” qəzeti, 25 iyul 2000-ci il).
Şair Eldar İsmayıl “Böyük öndər” kitabında Xeyrəddin Qocanın mübarizəsi haqqında yazırdı ki, Korlar Cəmiyyətinin rəhbərliyi X.Qocadan bu yazılara son qoymağı tələb etmişdi, buna baxmayaraq o, Heydər Əliyevi müdafiə edən məqalələrlə çıxış etdiyi üçün işdən çıxarıldı. Bu mövqeyinə görə X.Qoca həmin dövrdə “Mədəniyyət”, “Sərhəd”, “Mozalan” qəzetlərində də eyni aqibətlə üzləşdi. Lakin bütün bunlar onu öz əqidəsindən və prinsipiallığından döndərmədi. Bir yazıçı, bir insan kimi X.Qocanın şəxsiyyəti barədə millət vəkili, yazıçı-publisist Elmira Axundova “Heydər Əliyev: Şəxsiyyət və zaman” kitabının beşinci cildində geniş bəhs etmişdir.
Xeyrəddin Qoca 1992-ci ilin oktyabrında Ulu öndər Heydər Əliyevə müraciət edən məşhur “91-lər”dən biridir. Yeni Azərbaycan Partiyasının yaradılmasının iştirakçısı olan X.Qoca o zaman yaxşı bilirdi ki, yazıçı təkcə bədii əsərlər yazmaqla kifayətlənə bilməz, çünki xalqın düşdüyü vəziyyətdən kənarda qalmaq olmaz. Beləliklə, o, 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransında iştirak etdi və orada partiyanın Siyasi Şurasının üzvü seçildi. O zamandan indiyədək Siyasi Şuranın üzvüdür. Partiyanın təşkilatlanması prosesi gedərkən onun mətbuat orqanının yaradılmasının zəruriliyi də vurğulanıb və partiyanın qurucusu Heydər Əliyev “Yeni Azərbaycan” qəzetini nəşr etdirməyi Xeyrəddin Qocaya həvalə edib. Beləliklə, 10 aprel 1993-cü ildə X.Qocanın baş redaktorluğu ilə YAP-ın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzeti fəaliyyətə başlayıb.
1990-cı illərin əvvəlində Azərbaycanın dərin böhran məngənəsində olduğu zaman səriştəsiz hakimiyyətlər ölkəmizi həmin çətinliklərdən çıxarmaq iqtidarında deyildilər. Təbii ki, belə bir zamanda məhz millətin liderinin hakimiyyətə gəlməsi tarixi zərurət idi. Həmin lider isə Heydər Əliyev idi. O zaman çoxları buna inanmasa da, X.Qoca Ulu öndər Heydər Əliyevi nəzərdə tutaraq “O kişi mütləq qayıdacaq” deyirdi. 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı və qısa müddətdən sonra Azərbaycanı məhv olmaq təhlükəsindən, bütün çətinliklərdən xilas etdi. Ulu öndər Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi və bu gün ölkəmiz məhz bu strategiya əsasında inkişaf etməkdədir.
X.Qocanın fədakar fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Belə ki, o, I çağırış Milli Məclisin deputatı seçilib, sonra Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsinə təyin olunub, hazırda Prezidentin fərdi təqaüdçüsüdür. Bu gün Xeyrəddin Qoca Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətini birmənalı şəkildə dəstəkləyir və bunu öz yazılarında fəal surətdə təbliğ edir. Bütün vətəndaşlarımız kimi X.Qoca da müasir müstəqil Azərbaycanın dinamik inkişaf yolunda inamla irəliləməsinə çox sevinir.
“Əlbəttə ki, Azərbaycanın belə uğurlu inkişafı hər bir vətəndaşımızda haqlı qürur hissi yaradır. Bu gün dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı güclü, öz maraqlarını və vətəndaşlarının mənafeyini yüksək səviyyədə qoruyan, inkişaf edən müstəqil Azərbaycan dövləti ilə fəxr edir”, - deyə X.Qoca vurğulayıb.
Biz də “Yeni Azərbaycan”çılar olaraq YAP Siyasi Şurasının üzvü, yazıçı-publisist Xeyrəddin Qocanı 65 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

