Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı küçələrinin işıqfor problemi, yaxud 45 milyon manatlıq itki

Bakı küçələrinin işıqfor problemi, yaxud 45 milyon manatlıq itki

29.01.2015 [09:39]

Araşdırmalar göstərir ki, paytaxtımızda işıqforların nizamsız fəaliyyəti sürücülərin milyonlarla manat əlavə xərcə düşməsinə və ekologiyaya ciddi ziyan vurulmasına səbəb olur
Qırmızıda dayan, sarıda hazırlaş, yaşılda keç. Bəzilərimizə bunu orta məktəbdə öyrədirlər, bəzilərimizin isə bu işıqlarla tanışlığı valideynlərimizin sayəsində olur. Bu tanışlığın harada baş tutmasından asılı olmayaraq, ilkin təqdimat təxminən eyni sözlərlə cilalanır: bu üç rəng yolda təhlükəsizliyimizin açarıdır. Uşaq yaşlarımızdan beynimizin alt qatına yerləşmiş olan bu informasiyalar gələcəkdə bir çox hallarda doğrudan da həyatımızı xilas edən, ömrümüzü daha uzun edən formulaya çevrilir. Amma çox az adamlar işıqforların yalnız təhlükəsizliyimizə xidmət etmədiyi, əksinə, bəzən çox ciddi fəsadlar yaratması barədə düşünür. Əslində, işıqforların ilkin tətbiqi doğrudan da təhlükəsizliyi təmin etmək məqsədi daşıyıb. Dəmiryollarında quraşdırılan bu işıqlar qatarların təhlükəsiz hərəkətini təmin edib. Daha sonra isə işıqforlardan yollarda da faydalanmağa başlanılıb. Lakin iqtisadiyyatın inkişafı və yeni iqtisadi keyfiyyətlərin meydana çıxması, şəhərlərin böyüməsi və avtomobillərin sayının durmadan artması, bu təhlükəsizlik “şar”ının mahiyyətini də dəyişdirib. Araşdırmalar da işıqforların faydası qədər zərərlərinin olduğunu ortaya çıxarır. Bəs, bu zərərlər nədən ibarətdir?
Tıxac yaradan işıqforlar...
Bakıda ucsuz-bucaqsız tıxacların olması sürücüləri, sürücülərin şikayətləri isə əlaqədar qurumları bezdirib desək, yanılmarıq. Son dövrlərdə tıxacların aradan qaldırılması ilə bağlı xeyli iş görülüb. Yeni yollar salınıb, mövcud yollar genişləndirilib, körpülər, yol ötürücü qovşaqları tikilib. Amma tıxac problemini aradan qaldırmaq hələ ki mümkün olmayıb. Bunun səbəblərindən biri paytaxtımızda nəqliyyat vasitələrinin çoxluğu ilə bağlıdırsa, digər bir səbəb hərəkətin düzgün tənzimlənməməsidir. Ən nəzərəçarpan qüsur isə işıqforların fəaliyyəti ilə əlaqədardır. Xüsusən, şəhərin mərkəzi prospektlərində quraşdırılmış işıqforlar hərəkəti təmin etməkdən daha çox, hərəkəti məhdudlaşdırmağa xidmət edir. Məsələn Rəşid Behbudov, Azadlıq, Bülbül küçələrində təxminən hər 150-200 metrdən bir quraşdırılan işıqforlar sürücülərin “maniya”sına çevrilib. Məsələ, bu işıqforların bir-birinə yaxın yerləşməsində deyil. Problem ondadır ki, işıqforların düzgün tənzimlənməməsi nəticəsində sürücülər hər bir işıqforda “qırmızı işıq”da dayanmaq məcburiyyətində qalır. Budur “yaşıl işıq” yol açılır, növbəti işıqforda yenə “qırmızı”, yenə “yaşıl” yanır, növbəti yenə “qırmızı”... Nəticədə, sürücülər 5-7 dəqiqəlik küçəni bəzən bir saatdan da artıq vaxt ərzində qət etmək məcburiyyətində qalırlar ki, bu da şəhərin tıxaclarını açılmaz düyünə çevirə bilir.
İşıqforların “sağ əli” sürücülərin cibindədir
İşıqforların səmərəsiz fəaliyyəti nəticəsində sürücünün itirdiyi təkcə zaman olmur. Bu itki, bir çox cəhətdən ifadə oluna bilir ki, onlardan biri də çox böyük maliyyə vəsaitinin işıqforlar sayəsində puça getməsidir. Necə?
Biz mümkün qədər əldə edə bildiyimiz rəqəmlərlə Bakıda işıqforların sürücülərin cibinə vurduğu ziyanı hesablamağa çalışdıq. Ortaya heç də gözləmədiyimiz şok bir rəqəm çıxdı. Beləliklə, Bakıda rəsmi rəqəmlərə görə təxminən 900 min avtomobil (marşrut avtobusları və taksilər bura daxil deyil) var. 2012-ci ildə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov paytaxtda 267 işıqforun fəaliyyət göstərdiyini söyləmişdi. 2013-cü ildə isə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev həmin ildə respublikada 600 işıqforun quraşdırıldığını, bunun da 300-nün paytaxtımızda istifadəyə verildiyini qeyd etmişdi. Ötən il isə 15-ə yaxın işıqfor vətəndaşların istifadəsinə verilib. Beləliklə, hazırda paytaxtımızda təxminən 580 işıqfor var. Bir maşının şəhər daxilində qət etdiyi orta məsafəni və onun üzərində yerləşən işıqforları nəzərə alsaq, bu o deməkdir ki, hər avtomobil orta hesabla azı 10-12 işıqforda gözləmək məcburiyyətində qalır. Bunu digər bir hesablama da təsdiq edir. Paytaxt yollarının ümumi uzunluğu 2217 kilometrdir. Bu isə orta hesabla hər 3,8 kilometrdən bir işıqforun yerləşdiyini təsdiqləyir. Şəhərdə avtomobil idarə edən sürücülərin gündə ən azı 40-50 kilometr məsafə qət etdiyini nəzərə alsaq ki, ekspertlər məsafənin bəzən bundan daha artıq olduğunu söyləyirlər, onda yenə də gün ərzində bir sürücünün azı 10-12 işıqforda dayanması faktı ortaya çıxır.
Hər işıqforda orta hesabla 25 saniyə gözləyən sürücülər ümumilikdə 300 saniyəlik bir vaxt itkisi yaşayır. Bu isə ümumilikdə paytaxt sürücülərinin 75000 saat işıqforda gözləməsi deməkdir. Bu müddət ərzində orta hesabla hər saatda 2,3 litr (bu rəqəm motorun gücü, onun hərəkətdə olmayan zaman işlətdiyi benzinin miqdarı nəzərə alınmaqla müəyyənləşdirilib) yanacaq sərf edildiyini düşünsək, bu işıqforların hər gün sürücülərdən 120750 manat pul aldığını görmüş olarıq. Bu isə il ərzində təxminən 44 073 750 (44 milyon 73 min 750) manat deməkdir.
Bu, təkcə paytaxtda şəxsi avtomobilləri ilə hərəkət edən vətəndaşların illik itkisidir. Nəzərə almaq lazımdır ki, paytaxt sakinlərinin və şəhərin qonaqlarının heç də hamısı şəxsi minik vasitələrinə sahib deyillər. Bu şansı olmayanların köməyinə isə marşrut və taksilər çatır. Ona görə də, bu istiqamətdə vəziyyətə nəzər salmaq məqsədəuyğun olardı.
Avtobus sürücülərinin 58792,74, taksilərin 1,3 milyon manatı havaya sovrulur
Hazırda Bakıda 2600-dan çox orta və iritutumlu avtobuslar marşrut xətləri üzrə hərəkət edirlər. Ən uzun xətlər üzrə hərəkət edən avtobuslar gün ərzində azı 6, qısa xətlər üzrə hərəkət edən avtobuslar isə azı 10 dövrə vururlar ki, bu isə paytaxtda marşrut avtobuslarının gün ərzində 20800 dövriyyəsi deməkdir. Hər dövriyyə üzrə orta hesabla 15-16 işıqfor və yenə eyni qaydada 25 saniyə itkini nəzərə alsaq, bu da təxminən 86,6 saat motorun hərəkət etmədən işləməsi anlamına gəlir. Avtobusların yanacaq sərfiyyatanın daha çox olması isə onların minik avtomobillərindən daha artıq benzin işlətməsinə səbəb olur - təxminən saatda 3,1 litr. Bu isə marşrut sürücüləri üçün əlavə 58792,74 manat itki anlamına gəlir.
Taksi sürücüləri ilə bağlı məlumatlarda isə bir qədər qeyri-dəqiqlik ola bilər. Çünki hazırda paytaxtımızda, sadəcə, 6000 lisenziya alan taksi sürücüləri fəaliyyət göstərir. Lisenziya almadan qeyri-qanuni olaraq taksi fəaliyyəti ilə məşğul olanların sayının 15 mindən çox olduğu bildirilir. Belə olduğu halda isə, yenə minik avtomobilləri üzrə aparılan hesablamaları tətbiq edərək taksi sürücülərinin il ərzində 1,3 milyon manat pulunun sözün əsl mənasında havaya sovrulmasının şahidi olaraq.
5 ildə 125 məktəb, kilometrlərlə yollar...
Deyirlər, insanın vaxtı qızıldan qiymətlidir. İşıqforlarda gözləməli olduğumuz vaxtlarda itirdiklərimiz isə bunu bir daha təsdiq edir. İl ərzində bu yersiz dayanmalar nə az - nə çox - 45 432 542,74 manat itki deməkdir ki, bu da ölkəmizdə 60 yaşayış məntəqəsi arasında yolun əsaslı təmiri və ya 25 rayonda yeni orta məktəbin tikintisinə ayrılan vəsait qədərdir. Nəzərə alsaq, Bakıda xüsusən, 2010-cu ildən sonra avtomobil bumu başlayıb, onda təkcə son 5 ildə 220 milyon manatdan artıq vəsaitin həba edilməsinin şahidi oluruq ki, bu da ötən 5 ildə tikilə biləcək ən azı 125 məktəbin yerinə şagirdlərin hələ də köhnə məktəblərdə dərs almaları deməkdir. O məktəblərdə ki, bizə həm də yaşıl, qırmızı, sarı işığın nə demək olduğunu öyrədirlər.
“2 qəpiklik artım”la bağlı qeyd
Xatırlatmaq istərdik ki, yanvarın 12-də Tarif Şurası Vergilər Məcəlləsinə edilən dəyişiklikləri nəzərə alaraq, benzinin qiymətinin 70 qəpikdən 72 qəpiyə artırılması haqqında qərar qəbul etdi. Prezident İlham Əliyevin qərarın dəyişdirilməsi ilə bağlı Tarif Şurasına tapşırıq verməsindən sonra qurum məsələni yenidən müzakirə etdi və ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik səviyyəsində müəyyən edildi. Əlbəttə ki, Prezident İlham Əliyevin atdığı addım kifayət qədər humanist və ədalətli olmaqla bərabər, vətəndaşların maraq və mənafelərinə xidmət edirdi.
O da bəllidir ki, benzinin qiymətinin 2 qəpik artırılmasından sonra özlərinə iqtisadi ekspert deyən bir çoxları məsələnin mahiyyətindən xəbərsiz olduqları kimi, qeyri obyektiv əsaslandırmalarla guya Tarif Şurasının bu addımını şərh edirdilər. Sosial şəbəkələrdə də bununla bağlı müəyyən tənqidi fikirlər oldu. Bunu nəzərə alıb, həmin “ekspertlərə” qısa bir qeydimizi çatdıraq:
Deyək ki, Tarif Şurasının qərarı dəyişdirilməmiş saxlanıb və bu gün də həmin qərar qüvvədədir - benzin 72 qəpikdir. Yuxarıda əsas götürdüyümüz rəqəmlərlə artımdan sonra yaranacaq əlavə xərci hesablasaq, bu, 2 qəpiyə görə ümumilikdə sürücülərin cibindən il ərzində əlavə 32,8 milyon manat çıxması deməkdir. Yəni 2 qəpiklik artım belə sürücülərin işıqforlarda etdikləri məsrəfdən təxminən 30 faiz daha azdır.
Ekologiyaya buraxılan zəhər ölçüyəgəlməzdir
Çox təəssüf ki, şəhərdə avtomobil sıxlığı və nəqliyyatın idarə olunmasındakı qüsurlar yalnız vətəndaşa dəyən ciddi maddi zərərlə bitmir. Hətta bu, yalnız “dəvədə qulaq” qədərdir. İşıqforlarda dayanan avtomobillərin ekologiyaya və dolayısı ilə insanların sağlamlığına vurduğu zərər həddindən artıq böyükdür. Mütəxəssislər bildirirlər ki, paytaxtda ekoloji çirklənmənin 60-80 faizə qədəri nəqliyyatın payına düşür. Bu zaman ekologiyaya vurulan zərər hesablanarkən hər bir litr yanacağın yanması üçün 15 kiloqram hava lazım olduğu vurğulanır. Beləliklə, yuxarıda apardığımız hesablamalar nəticəsində ortaya çıxan rəqəmlər fonunda işıqforda gözləyən avtomobillərin gün ərzində 964832 kiloqram təmiz hava sərf etdiyini söyləyə bilərik. Bu isə il ərzində, 352 163 535 kiloqram hava deməkdir. Bir maraqlı məqamı da diqqətə çatdıraq ki, hesablamalara görə hər bir avtomobil il ərzində ətraf mühitə 1 tona qədər işlənmiş qaz buraxır. Bu minvalla Azərbaycanda təxminən 930 min minik vasitəsinin təxminən 930 min tona qədər işlənmiş qaz buraxmasının şahidi oluruq. Bunun da 65 faizi, yəni 604 min tonu dəm qazıdır.
Hamı itirir - dövlət də, vətəndaş da...
İşıqforların yaratdığı tıxaclarda insanların keçirdiyi əsəb və gərginliyin, yaşadığı stresin sağlamlığımıza vurduğu ziyanı da işin içinə qatsaq, onda ortaya daha qaranlıq tablo çıxır. Beləliklə, görünən odur ki, sistemin bu cür işləyişindən heç kəs qazanmır. Əksinə hamı itirir - dövlət də, vətəndaş da. Əlbəttə, biz bu məsələləri diqqətə çatdırmaqla, işıqforlardan imtina edilməsini təklif etmirik. Amma “daha yaxşısı icad olunana qədər ən yaxşısı budur” bəhanəsinin arxasına sığınmağa da ehtiyac görmürük. Problemlərdən çıxış yolları, ya da ən azından onları minimuma endirmək üçün istənilən halda variantlar mövcuddur. Burada çıxış yolu nə ola bilər?
Hesab edirik ki, burada ən uğurlu addım bir çox Qərb dövlətlərində də mövcud olan nəqliyyatın intellektual idarəetmə sisteminin tətbiqidir. Təbii ki, Azərbaycanda nəqliyyatın intellektual idarəolunması sisteminin mövcud olmasından xəbərdarıq. Sadəcə, sistemin nə qədər işlək və effektiv olmasını yenidən nəzərdən keçirmək lazımdır. Yəni mərkəzin olması hələ heç nə demək deyil, əsas məsələ onun intellektual idarə edib, etməməsindədir.
Azərbaycanda “Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməşik” dövrü tarixin arxivində öz yerini alıb. Bu gün Azərbaycan dövləti də əcnəbilərin dövləti ilə təxminən bərarbər texnoloji imkanlara sahibdir. İnandırıcı deyil ki, Bakıdan, elə bizim iş yerimizdən 150-200 metr aralıda yerləşən bir mərkəzdən sonsuz orbitdəki peykin idarə olunduğu bir şəraitdə paytaxtda bir-birindən cəmi bir neçə yüz metr və ya bir neçə kilometr məsafədə yerləşən obyektlərin idarə olunması mümkün olmasın. Bunun üçün heç elə də böyük intellektə ehtiyac da duyulmur. Sadəcə, iş ciddiyyəti və məsuliyyət, bir də sahib olduğu ölkənin vətəndaşlarına xidmət etmək istəyi. Əgər bunlar olmasa, vəziyyət düzələn deyil. Onda müəllimlər də, valideynlər də, elə valideyn olan sizlər də uşaqlarınıza yalan danışmağa davam edəcəksiniz. Uşağı isə yalana öyrəşdirmək çox təhlükəlidir.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 816 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30