Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yol, üstündəki izi ilə tanınar

Yol, üstündəki izi ilə tanınar

18.04.2015 [10:03]

Aramızda sirr qalmasın
Gördüm: insanlar eşitməyin acıdırlar. Beyləqanda, Xocavənddə, Bərdədə, Tərtərdə mötəbər adamlarla görüşdük. Onlar bizdən hər şey haqqında soruşurdular, biz onlara hər şey haqqında məlumat verirdik.
Bütün bu gözəlliyi “Kitabi-Dədə Qorqud” dastanının izi ilə bölgələrə etdiyimiz səfər çərçivəsində yaşadıq. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərliyi və iştirakı ilə 3 gün 30 günə bərabər oldu. Yəni 27 günlük ehtiyat qazandıq. Hər səfərdə belə qazanc insanı min il yaşadar.
Prezident Sərəncamının ruhuna qoşulduq
Alman şərqşünas alimi Haynrix Fridrix fon Ditsin ruhunu ehtiramla anacağıq. “Kitabi-Dədə Qorqud” abidəsini 200 il əvvəl o nəşr etdirərək dünya aləminə tanıdıb. Qiymətini də alıb. Azərbaycan Prezidenti İlham Əliyev 200 illik tarixin möhtəşəmliyinə hesablanan Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan xalqının əxlaq, mənəviyyat, yaşam, bir sözlə, varlıq dastanı olduğunu nəzərə alaraq, xeyli sayda tədbirlər keçirib.
Tədbirlərin davamı öz bölgələrimizdə keçirildi. Beyləqan-Xocavənd-Bərdə-Tərtər. “Kitabi-Dədə Qorqud”un izinə düşüb elə yollardan keçdik ki, hər addımda qarşımıza çıxanların fərəhlərindən fərəhləndik.
Müxtəlif xalqların bir dili - Vətən dili
Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, Bakı Slavyan Universitetinin müəllim və tələbələri, Bilik Fondunun könüllüləri, 4 məktəbin şagirdləri də bizimlə idi. “Kitabi-Dədə Qorqud” dastanındakı qəhrəmanların tarixi izlərinin olduğu güman edilən Xocavəndə gəlmişdik. İcra başçısı Eyvaz Hüseynov Kamal Abdullayevi və onun rəhbərlik etdiyi nümayəndə heyətini bu ərazilərdə görməkdən məmnunluq duyduğunu dilə gətirdi. Müharibə adamı olan Eyvaz müəllim Nərgiztəpə yüksəkliyi uğrunda gedən döyüşlərdən danışırdı. Ermənilər Nərgiztəpəni nəyin bahasına olursa-olsun almaq istəyirlərmiş. Qaraca Çobanın məzarının məhz burada olduğu güman edilir. Məkrli düşmən tarixi xeyirlərinə dəyişib Dədə Qorquda sahib çıxmaq istəyirlərmiş. Alınmayıb. Qəhrəman oğullar son damla qanlarına qədər vuruşublar. “İndi başa düşürük ki, Dədə Qorqud qəhrəmanlarının ruhları bizə güc veribmiş” - Eyvaz Hüseynovun gəldiyi qənaət belə idi.
Səfərdə elə qənaətlər hasil oldu ki, xalqımızın keyfiyyətlərinə heyran qalmamaq mümkünsüz idi. Udilərin təhsil aldığı Qəbələ rayonu 1 saylı Nic qəsəbə məktəbliləri, Bakı şəhəri İlyas Əfəndiyev adına Elitar Gimnaziya, Xocavənd rayonu Salakətin kənd və Beyləqan rayonu 1 saylı tam orta məktəbləri arasında elə bir bağlılıq yaranmışdı ki, Kamal Abdullayev ilk çıxışına başlayanda Ulu öndər Heydər Əliyevin kəlamını xatırlatdı: “Azərbaycanın gücü əhalisini təşkil edən xalqların gücündən ibarətdir”. Onlar üç dildə - Azərbaycan, rus, udi dillərində danışırdılar. Qulaqlarda isə bir dil eşidilirdi: Vətən dili.
Bilinməzin bilinən mətn tərəfindən izahı...
Ardını Kamal müəllimdən eşidək: “Belə bir ictimai bütövlük istər-istəməz mədəni bütövlüyə gətirən yoldur. Azərbaycan xalqının qədim tarixi, bu günü ilə bağlı mədəni, mənəvi sərvəti sayıla bilən hər bir dəyər dövlət, ictimaiyyət səviyyəsində yüksək dərəcədə qeyd olunur. Prezident İlham Əliyevin fevral ayında imzaladığı “Kitabi-Dədə Qorqud”un öyrənilməsi, tərcüməsi və ilk dəfə nəşr edilməsinin 200 illiyinə həsr edilmiş Sərəncam bunun çox gözəl bir göstəricisidir. Xocavənddə yaşlı nəslin nümayəndələri “Kitabi-Dədə Qorqud” dastanlarını oxumadıqları halda, Qaraca Çoban, eləcə də, dastandakı bir çox nüanslarla bağlı bilgilərə sahibdirlər. Əgər rəvayətlər yerli əhalinin qəlbində, beynində yaşayırsa, deməli, qan yaddaşı ilə bağlıdır və bu qəhrəmanların mənsubiyyətinə şəkk gətirmək olmaz. Məhz buna görə biz Prezidentin Sərəncamının icrasına belə bir müqəddəs yerdən başlamaq istədik”.
Alimlərimizin saldığı işıq
Əlbəttə, alimlər də çıxış etdilər. Dədə Qorqud irsinin öyrənilməsinin xalqın bütövlüyündə vacib rol oynadığını bildirdilər. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Kitabi-Dədə Qorqud”un ölkədə və xaricdə təbliğatı üçün rəhbərlik etdiyi qurumun böyük layihələr həyata keçirməyə hazır olduğunu xüsusi vurğuladı.
Filologiya üzrə elmlər doktoru, BSU-nun professoru Rüstəm Kamal, filologiya üzrə elmlər doktoru, professor Rəhilə Qeybullayeva, filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilov və digər alimlərimiz dərin məzmunlu çıxışlar ediblər, iştirakçıları Dədə Qorqud işığında sağlam, qürurlu, vətənpərvər həyat tərzi keçirməyə çağırıblar.
Qardaşlığımız mübarək
Azərbaycanda yaşayan müxtəlif xalqların təhsil aldığı 4 məktəb də Beyləqanda “Qardaşlaşma sazişi”ni imzalamaqla bir yerdə olduqlarını göstərdilər. Bu tarixi hadisədə Dövlət müşaviri, akademik Kamal Abdullayev də iştirak etdi: “Bu, sadəcə, simvolik saziş deyil, son dərəcə mühüm bir vətənpərvərlik aksiyasıdır. Biz bu gün Ümummilli liderin qarşımıza qoyduğu tolerantlıq, qardaşcasına münasibət, Azərbaycanda olan bütün xalqların və dinlərin həmahənglik yolunu tutaraq əslində həm də Ulu öndərin ruhu qarşısında sədaqət andı içirik. Siz əbədi dostlara çevrilirsiniz”.
Ermənilər üçün şüar: “Azərbaycana qarışaq, xoşbəxtliyimizə qovuşaq!”
Zal doludur. Səhnədən zala yayılan xoş aura “Kitabi-Dədə Qorqud” əxlaq və mənəviyyat dərsliyimizdir” mövzusunda şagird, tələbə və müəllimlərin iştirakı ilə elmi-praktiki konfrans boyu davam etdi. Kamal Abdullayev repressiyaya məruz qalan dastanın 50-ci illərin axırlarında xalqa qovuşa bildiyini xatırladaraq dedi ki, daha bu iki varlığı bir-birindən ayırmaq mümkün olmayacaq. Konfransda alimlər maraqlı çıxışlar etdilər. Hər çıxış bir tarix idi.
Beyləqandakı “N” saylı hərbi hissənin əsgəri, Bakı Slavyan Universitetinin məzunu Elnur Mustafayevin çıxışı xüsusi ilə seçildi. Eləcə bir cümləsini yazım, aydın olsun: “Əsgər vətənin müdafiəsində Dədə Qorqud dastanlarındakı kimi şücaət göstərməyə qadirdir”.
Azərbaycan Ordusu. Müasir texnikamız və silah-sursatımız. Qürurlu əsgərlərimiz. Kəşfiyyat tağımının şücaəti. Əsgər yeməkxanasında dadlı nahar. Bizi göz bəbəkləri kimi qoruyanların qonaqlarla birlikdə yallı getməsi... Çox gözəl hisslər yaşadıq.
Bizim ərazilərə qovulan düşmən
Ağdərə rayonunun Marağa kəndinə İrandan ilk dəfə 200 erməni ailəsi köçürülüb. Hadisənin 150 illiyi münasibətilə 1978-ci ildə abidə də ucaldılıb.
Üzərində ermənicə “Marağa-150” yazılmış abidə 1988-ci ildə qondarma erməni iddiasının buynuzu bir daha görünəndə yoxa çıxıb.
Bəzi mənbələrə görə, “Marağa-150”nin dağılmağa məruz qalmasına baxmayaraq, hazırda mövcuddur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Tərtərin Şıxarx qəsəbəsində yerləşir.
Bilik Fondunun Bərdə İmamzadəsində aşkarladığı tarix
Tərtərdən Bərdəyə qayıdırıq. Bərdəyə İmamzadə üçün gəldik. Bilik Fondunun ilk layihəsi olan “Dini abidələrdə tarixin izləri” Bərdə İmamzadəsindən başlamışdı. Proqramın ideya müəllifi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevdir. Layihənin icrasına dair fəaliyyət planı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tərəfindən 05 avqust 2014-cü ildə təsdiqlənib. Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ üzrə qazisi, Bərdə Cümə məscidinin axundu Hacı Ramazan Hüseynovun iştirakı ilə AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu qəbirlərin üzərindəki ərəb və fars dilindəki mətnləri sözbəsöz dilimizə çevirib. Bərpadan sonra bu mətnlər lövhələrə həkk olunaraq, hər qəbrin yanına vurulub. Yazıldığı formada təqdim edirəm:
O, diridir və heç zaman ölməz.
Kəcrəftar fələyin yaratdığı bu naxoşluqdan
Dəvasız dərdə düşənə nəzər yetirdik.
Lakin onun xəstəliyinə əlac tapa bilmədik.
Xəstə yatağında can verdi.
Son nəfəsinə qədər öz yoldaşına məhəbbətini əldən vermədi.
Ruhu bədənindən ayrıldığı zaman gözlərini açmadı.
Onun yoldaşı Kəlbəli Niknəfs
Xanımının yolunda varını-yoxunu fəda elədi.
Hər kəs onun dəyərli vücuduna iftixar edərdi.
Bəyim xanım nəcabətli, həcərqiyafəli və vüqarlı birisi idi.
Bu məzar Bəyim xanımın müqəddəs məzarıdır.
Pənah xan Cavanşirin nəslindəndir.
İbni Cəfərqulu xan ibni Məhəmmədhəsən Ağa ibni ... (İbrahim) xan
Vəfat tarixi: 16 zilhiccə, 1328/1910-11

Görüşdə Bərdə ictimaiyyəti ilə yanaşı, müxtəlif bölgələrdəki dini ocaqların nümayəndələri, yerli ziyalılar, tələbələr, şagirdlər də iştirak edirdilər. Bərdənin icra başçısı Vidadi İsayev olduqca razı qaldığını, bu işdə əməyi keçən hər kəsə minnətdarlıq etdiyini dedi. Akademik Kamal Abdullayev Bilik Fondunun “Dini abidələrdə tarixin izləri” layihəsinin bütün dini abidələrdən keçəcəyini bildirdi. Yerli sakinlərdən də danışanlar oldu. İmamzadənin görünüşü onlarda xoş təsir oyatmışdı.
Fakta bax: Şiə ziyarətgah sünnilərin məscidini təmir edir
Daha sonra tədbir iştirakçıları Qax, oradan da Zaqatala rayonuna səfər ediblər. “Kitabi-Dədə Qorqud”un izinə düşənlər Qaxda Bilik Evinin binasına baxış keçirib, Qax Cümə məscidinin Kürmük məbədində “Kitabi-Dədə Qorqud” qəhrəmanı Bəkilin qəbri ziyarət olunub. Zaqataladasa ingiloylar yaşayan Əliyabad kənd məscidinə Mir Möhsüm Ağa ziyarətgahının hədiyyələri və təmirlə bağlı etdiyi maddi yardım - 30 min manat verilib. Bizə hər səfərdə yol göstərən Prezident Administrasiyasının əməkdaşı Sərraf Balaxanın bu hadisəyə facebook səhifəsində göstərdiyi reaksiyanı yazmamaq olmur: “Təsəvvür edin, bir şiə ziyarətgah sünnilərin məscidini təmir edir”.
Multikultural dəyər. Tolerant münasibət. Bunlar birgə yaşayışı şərtləndirən yeni terminlərdir. Tarixcə köhnə, mahiyyətcə əbədi olan termin isə belədir: ADAM KİMİ YAŞAMAQ. Biz hər bir fərdin adam kimi yaşamasına imkan verən cəmiyyət qururuq. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması və fəaliyyəti ilə proses daha da sürətlənib.
Dədə Qorqud demiş, görəlim nə demiş: “Haqq yandıran çırağınız sönməz olsun!”
Ceyhun MUSAOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi

Paylaş:
Baxılıb: 787 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30