Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “ADA” Universitetində iqlim dəyişikliyinin səbəbləri və həll yollarına dair müzakirələr aparılıb

“ADA” Universitetində iqlim dəyişikliyinin səbəbləri və həll yollarına dair müzakirələr aparılıb

06.06.2015 [11:11]

“ADA” Universitetində “İqlim dəyişikliyinin səbəbləri və həll yolları: hökumət tərəfindən görüləcək işlər, vətəndaş cəmiyyətinin öhdəlikləri və texnoloji həll yolları” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “ADA” Universitetinin rektoru Hafiz Paşayev mövzunun aktuallığından danışıb. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin inşasında ətraf mühitin qorunmasının nəzərə alındığını diqqətə çatdırıb. O deyib: “Universiteti layihələndirəndə ətraf mühit məsələlərinə çox diqqətli yanaşdıq. Universitetin qızdırılması və soyudulmasının 50 faizi yerin altından təmin olunur. Biz geotermal maddələrdən istifadə edirik. Eyni zamanda, enerji və ətraf mühit mərkəzi yaratmışıq. Bu məsələləri daim tələbələrimizə təşviq edirik”.
Hafiz Paşayev vurğulayıb ki, iqlim dəyişikliyinin qarşısının alınmasında Fransa dövləti fəallıq göstərir. “Fransa bu il noyabrın 30-dan dekabrın 11-dək Parisdə keçirilən BMT Çərçivə Konvensiyası tərəflərinin iqlim dəyişiklikləri üzrə 21-ci konfransına sədrlik edəcək. Bu məsələ müxtəlif dövlətlər arasında geniş müzakirə olunacaq. “ADA” Universitetində bu gün təşkil edilən tədbir həmin konfransa hazırlıq kimi də qəbul edilə bilər”, - deyə rektor bildirib.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye çıxışında qeyd edib ki, Rusiya havaya istixana effektli qaz buraxılışını 2030-cu ilədək 25-30 faiz, Avropa İttifaqı 2025-ci ilədək 35 faiz, ABŞ isə 2025-ci ilədək 26-28 faiz azaltmağı öz üzərinə götürüb. Səfir vurğulayıb ki, “ADA” Universiteti mənim üçün yaşıl binanın nümunəsidir. Bu binanın tikintisində ətraf mühitə ziyan vurulmayıb. P.Mönye xüsusi qeyd edib ki, hər kəs iqlim dəyişmələrinə görə məsuliyyət daşıyır. İqlim dəyişikliyinin qarşısını almaq məqsədilə 2010-cu ildə Honkonqda Yaşıl Fond yaradılıb. Hazırda 33 ölkənin ianəsi hesabına fonda 10 milyard vəsait toplanıb ki, bunun bir milyardı Fransa tərəfindən ödənilib.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov çıxışında qeyd edib ki, Azərbaycan Doha protokolunu ratifikasiyadan keçirib. Nazir deyib: “Düşünürəm ki, Parisdə buna yeni bir cəhd olacaq. Azərbaycan havaya istixana qaz buraxılışını 2030-cu ilədək 35 faiz azaltmağı öz üzərinə götürmək üçün iş aparır. Ölkəmizdə havaya adambaşına 5,4 ton karbon atılır. Bu, bir çox ölkələrlə müqayisədə çox aşağı rəqəmdir. Biz 2030-cu ilədək enerjinin 30 faizini yeniləşən mənbələrdən götürməyi düşünürük”.
Hazırda Azərbaycanda ceyranların sayında artım olduğunu diqqətə çatdıran nazir bildirib ki, bununla yanaşı, ətraf mühitin qorunması üçün yaradılmış fonda daxil olan cərimələrin sayı 14 dəfə artıb. Artıq bu mexanizm neqativ halların qarşısını alacaq xarakter daşımağa başlayıb.
H.Bağırov deyib ki, Azərbaycanda meşə örtüyü 11,4 faizdən 11,8 faizədək artırılıb. Bakı və Abşeron yarımadasında son üç il yarımda 400 min hektar ərazidə damcılı suvarma yolu ilə yaşıllıqlar salınıb. Xüsusi qorunan sahələr son 15 ildə 4,5 faizdən 11 faizə çatdırlıb. Ötən əsrin 90-cı illərində Azərbaycanda zeytunluqlar 900 hektar ərazini əhatə edirdisə, hazırda zeytunluqların ərazisi üç min hektara çatıb. Hazırda zeytun istehsalı ilə məşğul olmaq üçün kütləvi iş aparılır.
BMT İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonius Broek qlobal istiləşmənin artıq heç bir şübhə doğurmadığını diqqətə çatdıraraq deyib ki, bu məsələdə bütün dövlətlər səylərini birləşdirməlidir. İqlim dəyişiklikləri ilə mübarizə elmi tədqiqatlara əsaslanmalıdır.
Diqqətə çatdırılıb ki, Avropa İttifaqı və bir sıra ölkələr havaya istixana effektli qaz buraxılışını azaltmağı öz üzərinə götürür. Dünyada iki mindən artıq şəhər meri 2020-ci ilədək istixana effektli qaz buraxılışının 454 megaton azaldılmasını öhdəsinə götürən pakt imzalayıb. Vətəndaş cəmiyyətlərini və yerli xalqları təmsil edən 130-dan çox hökumət 2020-ci ilədək meşələrin qırılmasını yarıyadək azaltmağı vəd edir. Bildirilib ki, iqlim dəyişikliyi bizim və yeni nəslin gələcəyinə təsir edir. Nəsli kəsilməkdə olan növlər hər il artır. Bəzi proqnozlara görə, 2100-cü ildə dəniz səviyyəsinin bir neçə metr yüksələcəyi gözlənilir.
Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov vurğulayıb ki, hazırda dünyada 150 milyon kubmetr qaz istifadə edilmədən havaya sovrulur. Bu isə çox ciddi təbii fəlakətlərə yol açır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov təbii resurslardan düzgün istifadənin dayanıqlı inkişafa gətirib çıxardığını bildirib, bu istiqamətdə ölkəmizdə görülən işlərdən danışıb.
Sonra konfrans işini panellərdə davam etdirib. Mövzu ətrafında çıxışlar dinlənilib, müzakirələr aparılıb.

 
Paylaş:
Baxılıb: 764 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30