Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan zəngin milli-mənəvi dəyərlərə sahib olan tolerant ölkədir

Azərbaycan zəngin milli-mənəvi dəyərlərə sahib olan tolerant ölkədir

21.06.2015 [13:44]

Məlum olduğu kimi, hazırda dünyada ciddi narahatlıq doğuran məsələlərdən biri də qlobal miqyasda milli-dini-irqi zəmində münaqişələrin çoxalmasıdır. Yəni, dünyanın dörd bir tərəfində, o cümlədən, Yaxın Şərqdə, Avropada, ABŞ-da, MDB məkanında milli-dini-irqi zəmində qarşıdurmalar baş verir ki, bu da bəşəriyyətin gələcəyi ilə bağlı haqlı narahatlıq doğurur. Eyni zamanda, son illərdə dünyanın ayrı-ayrı yerlərində radikal, ekstremist dini qrupların müəyyən siyasi dairələr tərəfindən gizli və açıq formalarda dəstəklənməsinin, həmin qüvvələrdən sosial sabitliyin pozulmasında, hökumətlərə təzyiqlərin göstərilməsində, islamofobiyanın yayılmasında istifadə edilməsinin şahidi oluruq. Digər tərəfdən, bu gün Avropada multikulturalizmin böhranı, islamofob və ksenofob meyillərin güclənməsi də tolerantlığa zərbə vuraraq mədəniyyətlərarası qarşıdurmanı gücləndirir.
Lakin dünyanın əksər ölkələrində narahatlıq doğuran mürəkkəb mənzərə ilə müqayisədə Azərbaycan reallığı tamam fərqlidir. Bu gün öz inkişafına görə fərqlənən Azərbaycan, eyni zamanda, millətlərarası və dinlərarası dialoq baxımından da nümunəvi bir ölkədir. Qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkən Azərbaycanın dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Azərbaycan elə bir ölkədir ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycan öz üstünlüyünü ölkənin çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. Məsələn, ölkəmizdə dövlət, həmçinin, rus pravoslav, katolik, alban kilsələrinin tikintisinə və bərpasına da öz dəstəyini göstərib.
Son illərdə Azərbaycan qlobal iqtisadi əhəmiyyət daşıyan, eyni zamanda, multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirildiyi məkana çevrilib. Davos İqtisadi Forumu kimi mötəbər bir təşkilatın növbəti iclasının Bakıda keçirilməsi ölkəmiz üçün böyük uğur olmaqla yanaşı, Azərbaycanın dünyada tanıdılması baxımından da əhəmiyyətli idi. Qafqaz və Orta Asiyada gedən proseslər, iqtisadi və siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsi üçün ölkəmizin seçilməsi bir daha göstərir ki, Azərbaycan nəinki coğrafi, həm də siyasi, iqtisadi və mədəni cəhətdən beynəlxalq mərkəzlərdən birinə çevrilib. Dünya miqyasında mötəbər təşkilat kimi tanınan, çox böyük nüfuza malik siyasətçiləri, ictimai xadimləri birləşdirən Madrid Klubunun toplantısının, Amerika-Azərbaycan konfransının, Birinci Qafqaz, Krans Montana forumlarının Bakıda keçirilməsi də çox əlamətdar hadisə idi. Son illərdə Bakıda ardıcıl olaraq Mədəniyyətlərarası Dialoq və Humanitar forumlar keçirilir. Ölkəmiz xalqımızın xoş məramına uyğun olaraq bu kimi tədbirlərə məmnuniyyətlə ev sahibliyi etməklə hazırda dünya üçün böyük önəm daşıyan dəyərlərin qorunmasına öz sanballı töhfəsini verir. Əlamətdar haldır ki, qlobal forumların əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış edirlər.
Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi və çoxkonfessiyalı cəmiyyətə malik olması ölkəmizin sivilizasiyalararası dialoqda rolunun artmasını şərtləndirir. Hazırda əksər Avropa təsisatlarının üzvü olan Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür. Dünya ölkələrini əhatə edən Avropa və Asiya təşkilatlarının üzvü olmaq Azərbaycanın sivilizasiyalararası əlaqələrin gücləndirilməsində əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyev dünyadakı gərgin mənzərə ilə müqayisədə Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələrinin bir ailə kimi yaşamalarını dövlətin siyasəti və cəmiyyətin istəyi kimi səciyyələndirib: “Baxın, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu, bizim siyasətimizdir, xalqın da sifarişidir”.
Qeyd etdiyimiz kimi, dünyadakı mürəkkəb proseslərin fonunda Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlığın, müxtəlif etnik, dini mənsubiyyətə malik olan toplumların mehriban birgəyaşayışının şahidi oluruq. Bunun əsas səbəblərindən biri odur ki, qeyd etdiyimiz kimi, Azərbaycan tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkandır. Uzun əsrlər boyu Azərbaycan xalqı özünün milli, dini mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Nəticədə, dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyyəti formalaşıb.
Ölkəmizdə dini zəmində qeyri-sabitliyin yaranmasının qarşısını alan digər bir səbəb müasir Azərbaycan dövlətçiliyinin xalqımıza məxsus mənəvi keyfiyyətlərə söykənməsi və onları qorumasıdır. Bunun təsdiqini, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiyasının müddəalarında görmək mümkündür. Hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Ali Qanunun 18-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “bütün dini etiqadlar qanun qarşısında bərabərdir”. 48-ci maddədə isə Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur.
Bütövlükdə, Azərbaycan dövlətinin hüquqi əsasları, müxtəlif sahələr üzrə qəbul olunan qərarlar dünyəvi xarakter daşıyır. Bununla belə, Azərbaycan dünyəvi dövlət üçün ən münasib seçim hesab olunan müsbət dünyəvilik və ya pozitiv sekulyarizm modelini təcrübədə tətbiq edən ölkələrdən biridir. Bu o deməkdir ki, dövlət din sahəsinə qayğı və dəstək göstərir və bu siyasət tolerantlıq və multikulturalizmin tərkib hissəsi kimi həyata keçirilir.
Təbii ki, dünyada müxtəlif dini, siyasi, etnik qarşıdurmalarla müşayiət olunan XXI əsrdə Azərbaycanda bunun tam əksi olan gözəl bir ab-havanın hökm sürməsi; bütün dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə şəraitin yaradılması birbaşa Ümummilli lider Heydər Əliyevin əməyi sayıla bilər. Çünki milli-mənəvi dəyərlərin təbliğ olunması, milli ənənələrimizə qayıdış prosesi məhz Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra yenidən vüsət aldı. Ümummilli lider Heydər Əliyev hər zaman ölkəmizdə olan tolerantlığı xüsusi olaraq vurğulayırdı. Onun “Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır” fikri Azərbaycan reallığını dolğun əks etdirir.
Ulu öndər Azərbaycanın müqəddəs məkanlarına, İslam dininə inancı və ehtiramı özündə ehtiva edən ocaqlara dövlət qayğısını sərgiləməklə Azərbaycanın, o cümlədən, Özünün İslam dininə münasibətini nümayiş etdirirdi. Bunun təsdiqi olaraq, bir sıra məscidlərdə yenidənqurma və əsaslı təmir işləri aparıldı.
Sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Bibiheybət məscidi yenidən və əsaslı şəkildə təmir edildi. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasi kursun davamçısı olan Prezident İlham Əliyev də Azərbaycanda tolerantlığın inkişafına xüsusi olaraq qayğı göstərir. 2008-ci ildə Bibiheybət məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı zamanı söylədiyi nitqində dövlət başçısı bu məsələni xüsusi vurğulamışdı: “Biz çox şadıq ki, Azərbaycanda bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, öz doğma vətəninin inkişafına töhfələrini verirlər. Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir. Azərbaycan çoxmillətli ölkədir, çoxkonfessiyalı ölkədir. Bizim təcrübəmiz, mən bunu tam qətiyyətlə deyirəm, bizim təcrübəmiz artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq təşkilatlarda diskussiyalar mövzusuna çevrilir və gələcəkdə, əlbəttə ki, Azərbaycanın tolerantlıq məkanı kimi rolu dünya işlərində, dünyada gedən proseslərdə artacaqdır”.
Bununla yanaşı, Azərbaycanın bir müsəlman ölkəsi olması hər zaman ölkə başçısı tərəfindən xüsusi olaraq vurğulanır. Bu baxımdan Prezident İlham Əliyev dini bayramların qeyd olunması, müqəddəs məkanlara ziyarət problemlərinin ortadan qaldırılması istiqamətində bir sıra mühüm addımlar atıb. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Təzəpir məscidi, Əjdərbəy Cümə məscidi, Şamaxı Cümə məscidi əsaslı təmir olunaraq sakinlərin ixtiyarına verilib. Bu, bir daha Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasından xəbər verir.
Eyni zamanda, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri özlərini sərbəst hiss edirlər. Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar, o cümlədən, bütün millətlərin nümayəndələri qanun qarşısında bərabərdir və eyni statusa malikdirlər. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yayılan digər dinlərə də qayğı göstərir. Azərbaycanda inşa olunan və təmir edilən ibadətgahlar içərisində məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da var. Təsadüfi deyil ki, respublikadakı müxtəlif dini icmaların nümayəndələri daim onlara yaradılan şəraitdən və göstərilən dövlət qayğısından razılıqlarını ifadə edirlər.
Nardar BAYRAMLI
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

 
Paylaş:
Baxılıb: 789 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30