Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İctimai və dövlət maraqlarının müdafiəsi hər bir vətəndaşın borcudur

İctimai və dövlət maraqlarının müdafiəsi hər bir vətəndaşın borcudur

21.06.2015 [13:44]

İctimai və dövlət maraqlarının müdafiəsi cəmiyyətin hər bir üzvünün maraqlarına daxil olduğu kimi, həm də hər bir vətəndaşın daşıdığı məsuliyyətdir. İctimai və dövlət maraqlarının müdafiəsi məsələsinin cəmiyyət tərəfindən ümumi vəzifə olaraq aydın dərk olunması milli birliyi və həmrəyliyi təmin edir, eləcə də, ümummilli maraqların gerçəkləşməsini asanlaşdırır.
Dövlət və ictimai maraqların müdafiəsi dövlət və hökumət başçılarının, diplomatların, dövlətin daxili və xarici siyasi kursunu müəyyən edən və həyata keçirən şəxslərin fəaliyyətinin başlıca məqsədi və əsas tərkib hissəsidir. Bununla belə, dövləti və cəmiyyəti bütöv bir sistem kimi nəzərdən keçirsək görərik ki, bu sistemə daxil olan hər bir element onun vəziyyətinə bu və ya digər dərəcədə təsir göstərir. Deməli, hər bir cəmiyyət üzvünün fəaliyyəti ictimai maraqlara müəyyən dərəcədə təsir göstərməkdədir.
İctimai və dövlət maraqlarının müdafiəsi, ilk növbədə, fərdin vətəndaşlıq borcudur. Peşəsindən, çalışdığı sahədən asılı olmayaraq, fərdin öz işinə dürüst, vicdanla yanaşması, bir vətəndaş olaraq hüquqlarından yararlanmağı bacardığı kimi, cəmiyyət və dövlət qarşısındakı vəzifələrini də yerinə yetirməsi ictimai maraqların təmin olunmasında mühüm faktordur.
Bəzən liberal yanaşmada şəxsi hüquq və azadlıqlar ictimai və dövlət maraqları ilə qarşı-qarşıya qoyularaq, sanki barışmaz və biri digərinə təhlükə törədən dəyərlər kimi təqdim olunur. Halbuki, fərdi və ictimai, yaxud dövlət maraqları bir-birilə əlaqəlidir. Fərdin hüquq və azadlıqlarının onun cəmiyyət və dövlət qarşısındakı məsuliyyəti ilə uzlaşdırılması həm şəxsi, həm də ictimai mənafelərin təmin olunmasına əlverişli şərait yaradır.
İctimai və dövlət maraqlarının müdafiəsində milli şüur amili
Milli şüur öz mənafelərini ümumi maraqlar fonunda dəyərləndirməyi bacaran və toplumun, yaxud dövlətin prioritetlərini anlayaraq müdafiə edən fərdlərin vəhdət halını alan ümumi dünyagörüşü kimi dəyərləndirilə bilər. Fərdi şüur milli şüurun üzvi tərkib hissəsi kimi çıxış edir. Milli şüurun formalaşdığı cəmiyyətdə milli birlik mümkün olur. Milli birlik özünü toplumun bütün, yaxud bir hissəsini əhatə edən, eləcə də ümummilli səviyyəli məsələlərdə cəmiyyətin fikir və işbirliyi şəklində göstərir. Milli birliyi təmin edən milli şüurun əsasında vətən, dövlət, xalq, milli mədəniyyət kimi anlayışlar dayanır. Bu anlayışları və milli şüurun təməl ideyalarını özündə vəhdət halında cəmləşdirən aydın ideologiya milli birliyin təmin olunmasında böyük rol oynayır.
Bu gün bir sıra keçmiş sovet ölkələrinin hələ də milli ideologiya axtarışında olduğu bir vaxtda, Azərbaycanda azərbaycançılıq məfkurəsi ilə tərbiyə olunmuş nəsil formalaşıb. Azərbaycan maarifçilərinin irəli sürdükləri təməl ideya və prinsipləri sistemləşdirərək təkmil azərbaycançılıq ideologiyası formasına salan Ümummilli lider Heydər Əliyev bununla müstəqil Azərbaycanın ideoloji dayağını formalaşdırdı. Milli dəyərlər, dövlətçilik, vətənpərvərlik kimi kollektiv səciyyə daşıyan dəyərləri özündə birləşdirən azərbaycançılıq, həm də fərdi və ictimai maraqların uzlaşdırılmasının uğurlu nümunəsidir. Çünki bu məfkurə insanlara sadəcə toplumun üzvləri kimi deyil, həm də fərd kimi yanaşaraq, dil, din, irq, cins fərqlərindən asılı olmayaraq, hər kəsin şəxsi hüquq və azadlıqlarını müdafiə edir.
İnsanı “dünya vətəndaşı”na çevirmək adı altında, əslində, vətənsizləşdirən, dövlətsizləşdirən və milli-mədəni identikliyini əlindən alan kosmopolitizmdən fərqli olaraq, milli şüur fərdin toplumdakı yerini möhkəmləndirir, onun cəmiyyət üçün önəmini artırır.
Media ümummilli maraqların müdafiəçisi və təbliğatçısı rolunda
Məlumdur ki, indiki dövrdə informasiyanın cəmiyyət həyatındakı rolu əvəzolunmazdır. Kütləvi informasiya və kommunikasiya vasitələri ictimai əhval-ruhiyyənin, hər hansı məsələ ilə bağlı beynəlxalq rəyin formalaşmasında aparıcı funksiyanı yerinə yetirməkdədir. Medianın ictimai proseslərdəki rolunun və təsir gücünün artması onun toplum qarşısındakı məsuliyyətini də artırır.
Bildiyimiz kimi, medianın başlıca rolu cəmiyyəti informasiya ilə təmin etməkdir. Bununla belə, mediaya çıxarılan informasiya heç də hər zaman obyektiv məlumatlandırmaq məqsədi daşımır. Bir çox məlumatlar mahiyyətcə təbliğat, yaxud əks-təbliğat xüsusiyyətlərinə malik olub xəbər obyekti barədə müəyyən ictimai rəy, münasibət və əhval-ruhiyyə formalaşdırmağa xidmət edir. Bu səbəbdən də dünyada geniş yayılan, bəzən qlobal miqyas alan informasiya müharibəsi təhlükəliliyinə və təsir gücünə görə silahlı münaqişələrdən heç də geri qalmır. Kütləvi informasiya vasitələrinin hansısa topluma, yaxud dövlətə qarşı silah kimi istifadə olunması da kifayət qədər tez-tez rast gəlinən haldır.
Əlbəttə ki, yaranmış vəziyyət media işçilərinin, jurnalistlərin üzərinə cəmiyyət və dövlət qarşısında böyük məsuliyyət qoyur. Hər bir media işçisi, ilk növbədə, mənsub olduğu cəmiyyətin bir parçası, müəyyən dövlətin vətəndaşıdır. Bu vəziyyət jurnalistin də hər bir kəs kimi vətəndaşlıq borcu daşıdığını göstərir. Öz fəaliyyətinin təsir imkanlarını düzgün dəyərləndirən, peşə prinsipləri ilə vətəndaşlıq mövqeyini uzlaşdıra bilən media orqanının fəaliyyəti isə ictimai və dövlət mənafelərinin qorunmasına yönəlir. Cəmiyyəti düzgün və obyektiv məlumatlandıran, onu informasiya təxribatlarından qoruyan media toplum qarşısındakı vəzifələrini yüksək səviyyədə həyata keçirə bilər. Sadalananların əksinə olaraq, dezinformasiya, ictimai rəyi çaşdırmaq, kənar qüvvələrin maraqlarını təmin etmək üçün fəaliyyət göstərən kütləvi informasiya vasitələri çox keçmədən özlərinə mənfi imic qazanır, ictimaiyyətin etimadını itirirlər.
İctimai və dövlət maraqlarının mediada qorunması Azərbaycan üçün olduqca aktual bir məsələdir. Sirr deyil ki, Azərbaycanın sürətli inkişafı, beynəlxalq əhəmiyyətli humanitar, idman, mədəniyyət tədbirlərinin respublikamızda keçirilməsi dünyanın nəzər-diqqətini ölkəmizə cəlb edir. Məlumdur ki, bu diqqət heç də hər zaman özünü qərəzsiz maraq, ölkəni tanımaq istəyi şəklində göstərmir. Anti-Azərbaycan dairələr öz çirkin təbliğat kampaniyalarını həyata keçirən zaman bir qayda olaraq əksər hallarda mediaya müraciət edirlər. Bu baxımdan, milli media və milli mətbuatın üzərinə Azərbaycan həqiqətlərinin, eləcə də, ölkəmizin üzləşdiyi işğal faktının düzgün tanıdılması və təbliği kimi məsuliyyətli vəzifə düşür.
Müasir dövrdə Azərbaycan cəmiyyətinin fərqli mövqeləri əks etdirən, müxtəlif məzmunlu informasiya almaq imkanları olduqca genişdir. Respublikada kütləvi informasiya vasitələrinin demək olar ki, hər növü - telekanallar, teleradiolar, internet televiziya və radioları, çap mətbuatı, onlayn qəzet və jurnallar fəaliyyət göstərir. Bu sahədə kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəriciləri də önəmlidir. Belə ki, yalnız fikir və söz azadlığının, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin olunduğu mühitdə fikir plüralizmindən, insanların informasiya əldə etmək və yaymaq azadlığından söz açmaq mümkündür. Bunun təsdiqi olaraq, Azərbaycanda medianın azad fəaliyyəti təmin olunur. Ənənəvi KİV-lərlə yanaşı insanların getdikcə daha çox üz tutduğu internet resurslarından istifadə ilə bağlı heç bir məhdudiyyətin qoyulmaması da vətəndaşların konstitusion hüququ olan informasiya azadlığının mühüm göstəricilərindəndir.
KİV həm də ictimai və dövlət maraqlarının təbliğatçısıdır
Qeyd etdiyimiz kimi, informasiya təhlükəsizliyi məsələsində ölkə KİV-lərinin üzərinə böyük məsuliyyət düşür. Lakin bəzi hallarda respublikadakı bir sıra mətbu orqanlar bilmədən, yaxud məqsədli şəkildə ölkəmizə qarşı yönələn informasiya müharibəsinin iştirakçısına çevrilirlər. Bununla da antimilli mövqedən çıxış edən belə media qurumları xaricdəki anti-azərbaycançı dairələrin, erməni lobbisinin “beşinci kolon”u funksiyasını yerinə yetirmiş olur. Lakin cəmiyyətin belə media qurumlarına münasibəti Azərbaycan ictimaiyyətinin kifayət qədər ayıq-sayıq olduğunu, milli şüura dağıdıcı təsir göstərməyə çalışan təxribatlara müqavimətinin güclü olduğunu nümayiş etdirir.
Bundan əlavə, KİV ictimai və dövlət maraqlarının təkcə müdafiəçisi deyil, təbliğatçısı rolunda da çıxış edir. Medianın maarifləndirici funksiyası cəmiyyət daxilində vətənpərvərlik, dövlətçilik düşüncələrinin, azərbaycançılıq ideologiyasının möhkəmlənməsində təsirli vasitədir.
Həmçinin, ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olması faktoru da Azərbaycan mediasının milli maraqların müdafiəsindəki xüsusi rolunu artırır. Prezident İlham Əliyevin 2014-cü il sentyabrın 24-də imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında Sərəncamı milli təhlükəsizlik maraqlarına uyğun atılan addımdır. Sərəncamda dövlət sirrinin qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından kifayət qədər ciddi məsələlər əksini tapıb. Sərəncam istər media nümayəndələrini, istərsə də sıravi vətəndaşları cəbhə xəttindəki proseslər barədə yaydıqları məlumatlara daha məsuliyyətlə yanaşmağa təşviq edir. Bu isə təxribat, dezinformasiya, düşməni məlumatlandırmaq xarakterli informasiyaların yayılmasının qarşısının alınmasında mühüm amildir.
Beləliklə, Azərbaycan dövləti ölkədə və ya xaricdə yaşamasından asılı olmayaraq vətəndaşlarının qayğısına qalır, onlara dəstəyini göstərir. Eynilə də, dövlətinin, yaşadığı cəmiyyətin qayğısına qalmaq, maraqlarını müdafiə etmək də hər bir vətəndaşın vəzifəsidir. Məhz belə bir qarşılıqlı əməkdaşlıq və birlik sayəsində fərdin, cəmiyyətin və dövlətin maraqlarının ən yüksək səviyyədə təmin olunması gerçəkləşir.
Aqşin ŞAHİNOĞLU
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

 
Paylaş:
Baxılıb: 843 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30