Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “İmtahanlarda yüksək nəticə əldə edəcəyimə inanırdım”

“İmtahanlarda yüksək nəticə əldə edəcəyimə inanırdım”

07.08.2015 [00:20]

Qəbul imtahanlarında 700 bal toplayan Lalə Novruzova: Biz gənclər yaxşı oxumalı, ölkəmizi layiqincə təmsil etməyi bacarmalıyıq
Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında III ixtisas qrupu üzrə 700 bal toplayaraq maksimum nəticə əldə edən abituriyentlərdən biri də Lalə Zəfər qızı Novruzovadır. O, Biləsuvarda yerləşən Cəbrayıl rayon 15 saylı qaçqın məktəbini bitirib. Orta məktəbi əla qiymətlərlə bitirdiyini deyən Lalə Novruzova hər zaman sınaqlarda yüksək nəticələr göstərdiyini bildirib: “VII-IX siniflərdən məndə humanitar fənlərə böyük maraq yaranmışdı. IX-XI siniflərdə III ixtisas qrupu üzrə qəbul imtahanına salınan fənlərə daha çox vaxt ayırırdım. Odur ki, bu qrup üzrə fənləri yaxşı bildiyimdən qəbula hazırlaşmaq mənə çətin olmadı. Qəbul imtahanından öncə keçirilən bütün sınaq imtahanlarında iştirak etmişəm, onların hamısında nəticələrim yüksək olub. Sonuncu sınaq imtahanında isə 695 bal toplamışdım. Bundan sonra qəbul imtahanında yüksək bal toplayacağıma inamım daha da artdı. Yaxın ətrafımda olan insanlar da mənim yüksək nəticə əldə edəcəyimə inanırdılar. Onu da deyim ki, sınaq imtahanlarının hamısında iştirak etdiyimdən qəbul imtahanında heç bir həyəcanım yox idi. Qəbul imtahanı, sanki, əvvəl getdiyim sınaq imtahanlarından fərqlənmirdi”.
Əldə etdiyi uğura görə valideynlərinə və müəllimlərinə borclu olduğunu deyən Lalə bundan sonra da təhsilini yüksək səviyyədə davam etdirəcəyinə söz verdiyini bildirib: “Oxumağımda, yüksək nəticə göstərməyimdə ailəmin mənə çox böyük dəstəyi olub. Dərslərlə yaxşı məşğul olmağım üçün onlar mənə hər cür şərait yaratmışdılar. Eyni zamanda, məktəbimiz qaçqın məktəbi olsa da, yüksək keyfiyyətli təhsil almaq üçün yaxşı şərait yaradılıb. Dərslər yüksək səviyyədə keçirilir, müəllimlərimiz yüksək hazırlıqlıdırlar. Bunun da şagirdlərin ali məktəbə hazırlaşmasına böyük köməyi oldu”.
Ziyalı ailəsində böyüyən Lalənin təhsilə üstünlük verdiyini valideynləri də təsdiqləyirlər. Atası Zəfər Novruzovun sözlərinə görə, o, yüksək nəticə əldə etmək üçün hər zaman dərslərinə məsuliyyətlə yanaşıb.
Beləliklə, qəbul imtahanlarında ən yüksək nəticə göstərənlərdən biri kimi önə çıxan Lalənin hədəfi hüquqşünaslıq ixtisasına yiyələnməkdir: “ADA” Universitetində oxumaq istəyirəm. Amma xaricə getmək planlarım da var. Əgər bu reallaşarsa, təhsilimi xaricdə davam etdirəcəyəm”.
Sonda ölkəmizdə gənclərin inkişafı üçün hər cür şəraitin yaradıldığını deyən Lalə Novruzova Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə xüsusi diqqət və qayğı göstərdiyini əlavə edib: “Heç şübhəsiz, ölkəmizin daha da inkişaf etməsi üçün biz gənclər də əlimizdən gələni etməliyik. Yaxşı oxumalı, harada olmağımızdan asılı olmayaraq, ölkəmizi layiqincə təmsil etməyi bacarmalıyıq. Bu istiqamətdə bizim üçün hər cür şərait yaradılıb”.
Vüsalə CAVANŞİR

Paylaş:
Baxılıb: 854 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30