Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mədə-bağırsaq virusu: yeni, yoxsa tipik yay simptomları?

Mədə-bağırsaq virusu: yeni, yoxsa tipik yay simptomları?

08.08.2015 [00:24]

Mütəxəssislər son dövrlər tez-tez rast gəlinən bu xəstəliyə qarşı daha ehtiyatlı olmağı tövsiyə edirlər
Yay aylarında havaların isti keçməsi ilə bağlı insanlar arasında mədə-bağırsaq xəstəliklərinin sayı artır. Bunlar mövsümi çətinliklərlə yanaşı, həm də viruslar, mikroblarla bağlı olur. Problemə daha çox uşaqlar arasında rast gəlinsə də, hazırda böyüklərdə də bu cür virusun yayılması halları müşahidə olunur. Bu səbəbdən mütəxəssislər insanlara daha ehtiyatlı olmağı və bu cür hallarla qarşılaşdıqda dərhal həkimə müraciət etməyi məsləhət görürlər.
“Demək olar ki, bu problemlə bağlı bizə tez-tez müraciətlər daxil olur. Amma bu problemdən əziyyət çəkən, lakin müraciət etməyən insanların da sayı az deyil”. Bunu qəzetimizə açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi Gülnarə Babayeva deyib.
Hər mövsümün özünəməxsus xəstəliklərinin olduğunu deyən G.Babayeva yay aylarında insanlar arasında mədə-bağırsaq pozuntularına daha çox rast gəlindiyini vurğulayıb: “Mədə-bağırsaq xəstəlikləri ağız yolu ilə keçir. Nəzərə alsaq ki, bu xəstəliyə uşaqlarda daha çox rast gəlinir, onda uşaqların təmizliyinə daha çox diqqət yetirmək lazımdır. Hər zaman tövsiyə edirik ki, uşaqları insanların daha çox toplaşdıqları yerlərdən uzaq tutmaq lazımdır. Belə yerlərdə hava-damcı yolu ilə yayılan xəstəliklərə yoluxmaq ehtimalı daha çox olur. Həmçinin, uşaqları nə qədər təmiz saxlayırıq, desək də, onların əllərini kifayət qədər qorumaq, təmiz saxlamaq mümkün olmur. Uşaqlar əllərinə aldıqları hər şeyi ağızlarına aparırlar. Bununla da mədə-bağırsaq xəstəlikləri ortaya çıxır. Bu xəstəlikdən qorunmaq üçün, ilk növbədə, insanın immun sistemi güclü olmalıdır. Bunun üçün qidalarımıza daha çox diqqət etməliyik”.
Virusların müalicəsi yoxdur?
Mədə-bağırsaq pozuntularının həm də viruslar vasitəsilə yarandığını deyən həkim insanları daha diqqətli olmağa çağırıb: “Bu kimi hallarda viruslara qarşı müalicə tədbirləri görməyə çalışırlar. Halbuki, virusların müalicəsi yoxdur. Hazırda bizim əlimizdə virusları öldürəcək dərmanlar mövcud deyil. Virus xəstəlikləri öz-özünə sağalır. Bu zaman antibiotiklərin, ağır dərmanların istifadəsinin heç bir əhəmiyyəti və yeri yoxdur. Virusun bədəndən atılmasını, çıxmasını gözləmək lazımdır.
Bu hallarda müalicə, sadəcə, simptomatik olmalıdır. Yəni ki, əlamətə yönəlik müalicə gərəkdir. Məsələn, xəstəliyə yoluxan insanın yüksək hərarəti varsa, bu zaman hərarəti aşağı salan dərmanlardan istifadə olunmalıdır. Və yaxud da ishalı, qusması varsa, maye itkisi baş veribsə, bu zaman bu əlamətlərə yönəlik tədbir görülməlidir. Amma bu hala səbəb olan, onu törədən virusa qarşı heç bir dərmanımız yoxdur. Onun öz-özünə sağalmasını gözləməkdən başqa heç bir yol, imkan tanımırıq.
Təbii ki, virus xəstəliklərinin də ağırlaşmalarının olması mümkündür. Bəzən belə hallar olur. Ələlxüsus da, virus infeksiyasına bakteriyalar, mikroblar qoşulanda bu kimi hallarla rastlaşırıq. Bu durum da hər zaman olmur, az hallarda ortaya çıxır. Bu zaman antibiotik müalicəsinə ehtiyac ola bilər. Amma bu hal da fərdidir”.
Həkim, həmçinin, deyib ki, son zamanlar müşahidə olunan rotavirus xəstəlikləri iki yaşdan aşağı olan uşaqlarda tez-tez rast gəlinir: “Bunlar orta, yüngül və ağır formada seyr edilir. Rotavirusa yoluxma zamanı, ilk növbədə, qusma olur. Uşaq halsız qalır. Bəzən yediyi hər şeyi qusur. Bağırsaq, mədə nahiyəsində ağrılar olur. Daha sonra ishal yaranır. Temperaturun yüksəlməsi də ola bilər. Bu az hallarda olur. Bu hallarda ağır dərmanlar istifadə olunmamalıdır. Bəzən valideynlər bu kimi hallarda dərman təyin olunmadığı üçün narahat olurlar. Amma hər zaman deyirik ki, yüngül hallarda dərmanların qəbuluna ehtiyac yoxdur. Təbii ki, dərmanlardan ehtiyac olanda, qədərində istifadə olunmalıdır. Yox, əgər infeksiya ağır gedişatla gedirsə, uşaq halsızdırsa, maye itkisi varsa, belə durumlarda təbii ki, simptomatik müalicə verilir, damar yolu ilə maye yeridilir. Xəstə çox halsızlaşarsa, ağır maye itkisi olarsa, qaraciyərdə, böyrəklərdə problemlər ortaya çıxa bilər. Ona görə də valideynlər uşağın vəziyyətini diqqətlə izləməlidirlər. Uşaq çox qusur, halsızdır, heç nə yeyə bilmirsə, o zaman mütləq xəstəxanaya, pediatra müraciət olunmalıdır”.
Sup, qatıq, dovğa, şirə
Bu kimi hallarda ev şəraitində ilkin tədbirlərə gəlincə, həkim deyir ki, bu cür xəstələrə bol maye verilməlidir. Onun sözlərinə görə, su tərkibli bir çox qidaların istifadəsi (məsələn, sup, qatıq, dovğa, şirə) məqsədəuyğundur.
Yayda parazitlərin də mədə-bağırsaq pozuntularına səbəb olduğunu deyən mütəxəssisin sözlərinə görə, mədə-bağırsaq pozuntularını törədən mikrobdursa, yoluxma hallarında antibiotiklərdən istifadə oluna bilər: “Amma bu zaman da antibiotikin tətbiqində diqqətli olmaq lazımdır. Bütün dərmanların, ələlxüsus, antibiotiklərin əks təsirləri var. Bəzən antibiotiklər orqanizmə daxil olaraq xüsusən mədəni, bağırsaqları poza bilir. Qaraciyərə, böyrəklərə yan təsir edir. Allergik reaksiyalara, səpkilərə də səbəb ola bilir. O baxımdan, az istifadə etmək lazımdır. Virus xəstəliklərində isə qətiyyən istifadə olunmamalıdır. Mikrobların səbəb olduğu mədə-bağırsaq pozuntularında ümumi vəziyyət daha ağır olur. Yüksək temperatur, qusma yaranır. Adətən bu zaman dərman, antibiotik istifadə edilir. Onu da nəzərə almaq lazımdır ki, mikrobun törətdiyi mədə-bağırsaq xəstəliklərində vəziyyət fərqlidir. Xəstə çox kiçik deyilsə, yan təsirlər yoxdursa, o zaman da antibiotikdən də istifadə olunmamalıdır. Burada da təyinat məhduddur. Çünki mikroblara bağlı mədə-bağırsaq xəstəlikləri də əlamətə yönəlik müalicə ilə sağala bilir. Yan təsirlər olduqda antibiotiklər, ağır dərmanlar təyin olunmalıdır”.
V.CAVANŞİR

Paylaş:
Baxılıb: 848 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30