Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dərmanların qiymətlərinin 2-3 dəfə aşağı salınması təmin edilib

Dərmanların qiymətlərinin 2-3 dəfə aşağı salınması təmin edilib

30.10.2015 [10:30]

Qiymətlərin tənzimlənməsi ilə paralel surətdə, dərman preparatlarının keyfiyyəti də ciddi nəzarətdə saxlanılır
Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin həm 2015-ci ilin birinci rübünün, həm də cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclaslarındakı nitqlərində ölkənin dərman bazarındakı xaotik vəziyyətlə bağlı narahatlığını ifadə edib və bu sahədə nöqsanların aradan qaldırılmasını tapşırıb.
Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq son vaxtlar ölkənin dərman bazarında vəziyyətin qaydaya salınması istiqamətində müvafiq tədbirlər görülür. Bu sahədə, ilk növbədə, qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətini vurğulamaq lazımdır. Parlamentin yaz sessiyasında “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmasına dair müddəa öz əksini tapıb. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılıb. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 3 iyun 2015-ci il tarixli qərarla “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib.
Normativ hüquqi bazanın təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi, öz növbəsində, dərman bazarının tənzimlənməsində mühüm rol oynayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkənin dərman bazarının tənzimlənməsindən məmnunluğunu ifadə edərək bildirib: “Dərman preparatları bazarında çox ciddi dönüş yaradılmışdır. Dövlət bu sahəni artıq öz nəzarətinə götürüb”.
İlkin mərhələdə 1057 adda dərman vasitəsinin qiymətləri tənzimlənib
Qeyd olunduğu kimi, “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliyə əsasən, ölkəmizdə dövlət qeydiyyatına alınan bütün dərmanların qiymətləri müvafiq qaydada tənzimlənir. Hazırda ölkədə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin sayı 4500-dən artıqdır. Bu dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən təsdiqləndikcə eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq.
Artıq ölkəmizdə cari il sentyabrın 15-dən etibarən dərmanların qiymətlərinin tənzimlənməsinə start verilib. Dərmanların qiymətlərinin tənzimlənməsi mərhələli şəkildə həyata keçirilir. Tarif (qiymət) Şurasının cari il iyulun 30-da keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq olunub. Tarif (qiymət) Şurasının avqustun 25-də keçirilən növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Beləliklə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Bunun nəticəsində ilkin mərhələdə satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb. Beləliklə, 25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri cari il sentyabrın 15-dən etibarən qüvvəyə minib.
Tarif Şurası daha 827 dərman vasitəsinin qiymətini təsdiqləyib
Böyük sosial əhəmiyyət kəsb edən proses isə bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq. Tarif (qiymət) Şurasının oktyabrın 28-də keçirilmiş növbəti iclasında daha 827 dərman vasitəsinin qiyməti təsdiqlənib. Ümumilikdə indiyədək Şura tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənib ki, bunlardan 1151 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti dekabrın 1-dən, 749 dərman vasitəsinin qiyməti isə dekabrın 21-dən qüvvəyə minəcək.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin indiyədək olan satış qiymətləri ilə müqayisədə 50 faizinin qiyməti 2 dəfədən çox, 26 faizinin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 96 faizinin qiymətləri endirilib.
Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.
Tarif (qiymət) Şurasının oktyabrın 28-də keçirilmiş iclasında həmçinin malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinin tariflərinə yenidən baxılıb və müvafiq qərarlar qəbul olunub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalının artırılması və ixracın stimullaşdırılması barədə verdiyi tapşırıqların icrası çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiya iclasında qəbul edilmiş qərara əsasən nazirliyin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin müraciətinə baxılıb və qeyri-neft məhsullarının ixracı zamanı malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi xidmətlərinin tarifləri orta hesabla 30 faiz aşağı salınıb.
Dərmanların keyfiyyəti də ciddi nəzarətdə saxlanılır
Əlbəttə, dərman preparatlarının qiymətlərinin tənzimlənməsi və aşağı salınması heç də onların keyfiyyətinin arxa plana keçməsi anlamına gəlməməlidir. Əksinə, dərman vasitələrinin dövlət qeydiyyatına alınması onların keyfiyyətinə də zəmanət verir. Dərman vasitələrinin keyfiyyətinə bu sahəyə milli nəzarətedici orqan olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən çox ciddi nəzarət edilir.
Hazırda ölkənin dərman bazarına keyfiyyətsiz preparatların daxil olmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər aparılır. Bu məqsədlə Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən təlim keçmiş və müvafiq sertifikatlar almış istehsalat müfəttişləri hazırlanıb. Xammalın keyfiyyəti, avadanlıqlar, işçilərin peşəkarlıq səviyyəsi, istehsalat sahələrinin uyğunluğu, proseslərin validasiyası və sənədləşdirmə sisteminin DST-nin Etibarlı İstehsalat Təcrübəsi (Good Manufacturing Practice - GMP) standartlarına uyğunluğu ciddi şəkildə araşdırılır.
Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, satışa çıxarılmazdan əvvəl dərman vasitəsinin keyfiyyətinin yoxlanılması da nəzarətdə saxlanılır. Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra hər dəfə ölkəyə idxal olunan zaman Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə idxal olunan dərman vasitəsinin hər bir seriyasından müvafiq laborator yoxlamaların aparılması üçün nümunələr götürülür. Nümunələr Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yaradılmış laborator tədqiqatlar şöbəsinə təhvil verilir. Müvafiq yoxlamalar aparıldıqdan sonra dərman vasitəsinə analiz sertifikatı verilir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 585 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30