Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan KİV-ləri, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər

Azərbaycan KİV-ləri, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər

24.11.2015 [10:15]

Mətbuat nümayəndələri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun fikirlərinə dəstək verirlər
Azərbaycanda demokratik cəmiyyətin inkişafı həm də ölkəmizdə Kütləvi İnformasiya Vasitələrinin inkişafını və möhkəm əsaslara söykənən söz və mətbuat azadlığının təmin olunmasını şərtləndirir. Təbii ki, mətbuatın inkişafına göstərilən dövlət qayğısı, azad sözün ifadəsinə yaradılan şərait bu sahədəki inkişafın əsas göstəricilərindən sayılır.
Təəssüf ki, dövlətimizin kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyi qayğıdan, eləcə də ölkəmizdə yaradılan demokratik şəraitdən sui-istifadə etməyə çalışanlar da tapılır. Bu mənada yalan, şər, böhtan xarakterli informasiyalar yayan bir sıra media resurslarına da təsadüf edilir ki, bu da yolverilməzdir. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bildirib ki, vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Ə.Həsənov qeyd edib ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar və bu tipli fəaliyyət qanunaziddir və birbaşa hüquqi məsuliyyət doğurur: “Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə, Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir. Hesab edirik ki, Azərbaycan KİV-ləri, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməli, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidirlər. Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyillərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidirlər. Əks-təqdirdə qanunazidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcəkdir”.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisinin bu fikirləri media təmsilçiləri tərəfindən də yüksək dəyərləndirilir. Qəzetimizə açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirib ki, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması faktı ilə bağlı fikirləri vacib xarakter daşıyır. İ.Quliyev son illər Azərbaycanda KİV-lərin inkişafı üçün sistemli tədbirlər həyata keçirildiyini önə çəkərək bu tədbirlərin nəticəsi olaraq ciddi mətbuat orqanlarının xəbər siyasətində ciddilik, dəqiqlik elementlərinin artdığını deyib. Onun sözlərinə görə, əksər yazılı mətbuat orqanları, ciddi xəbər agentlikləri təsdiqlənməmiş, şayiə tipli xəbərlərə ehtiyatla yanaşır, xəbərin dəqiqliyini yoxlamadan onu yaymırlar. Amma təəssüf ki, yeni yaranan, ictimai rəyə ciddi təsir imkanları olmayan bəzi KİV-lər yalan məlumatlar yaymaqdadır: “Bu proses son günlərdə xüsusilə qabarıq şəkildə hiss olunmağa başlayıb. Bir nəfər əməkdaşdan ibarət olan bu cür saytlarda hər gün ən müxtəlif dəqiqləşdirilməmiş məlumatlar yer almaqdadır. Müxtəlif dövlət strukturları, onların rəhbərləri haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır. Kimin kimdən xoşu gəlmirsə, onu işdən azad olunan nazirlərlə əlaqədə suçlayır. Kim kimdən pul qoparmaq istəyirsə, bu cür ucuz yollara əl atır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun mövzu ilə bağlı açıqlaması media ictimaiyyətinin, ümumilikdə cəmiyyətin maraqlarını ifadə edir”.
Baş redaktor Azərbaycanda internet medianın fəaliyyətinin tənzimlənməsi ilə bağlı problemlərin kifayət qədər qabarıq olduğunu və bunun üçün ictimai müzakirələrə, konkret addımların atılmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu istiqamətdə hüquqi müstəvidə də addımlar atılmalıdır: “Qanunvericilikdə boşluqlar varsa, bu məsələ də həllini tapmalıdır. Heç bir halda, heç kim, o cümlədən də media təmsilçiləri yaradılan şəraitdən sui-istifadə etməməlidirlər. Özünü media təmsilçisi kimi qələmə verən hər bir kəs Əli Həsənovun açıqlamasından nəticə çıxarmalıdır”.
“Bakı xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Aydın Quliyev də böhtan və yalan yayan media resursları ilə bağlı dövlət, hökumət səviyyəsində ciddi addımların atılmasının vaxtının çatdığını deyib. Onun sözlərinə görə, bu məsələ bir neçə dəfə MŞ-də müzakirə edilib: “Mətbuat Şurasının qanuni səlahiyyətlərinin məhdudiyyəti həmin media orqanları ilə bağlı ciddi qərarlar qəbul etməyə imkan vermir. Bununla belə, Mətbuat Şurası 80-dən yuxarı bu cür media orqanının adını özündə əks etdirən “qara siyahı” tərtib edib. Amma bu çərçivədə atılan addımlar istənilən nəticəni ortaya qoya bilmir, daha sərt tədbirlər görməyə səlahiyyətlərimiz çatmır. Bu səbəbdən də məsələyə Prezident Administrasiyası səviyyəsində toxunulması və ən ciddi tədbirlərin görülməsinin vacibliyinin qeyd olunması olduqca əhəmiyyətlidir. Əli Həsənovun bu fikirləri nəinki Mətbuat Şurası qarşısında, həm də hüquq-mühafizə orqanları qarşısında da lazımi olan işləri görmək imkanlarını açır. Təsadüfi deyil ki, artıq Baş Prokurorluq ciddi addımlar atmağa başlayıb. Bu cür saytlara və başqa statuslu media orqanlarına xəbərdarlıq edilib”.
A.Quliyev atılan addımların davam etdirilməli olduğunu dilə gətirib. Onun sözlərinə görə, indiyə qədər müəyyən peşə kodekslərinin və qanuni normativlərin, mediada etik normaların qorunması istiqamətində çağırışlar edilib, bu çağırışlar davam etdiriləcək. Amma məsələ artıq qəti şəkildə həll olunmalıdır və ölkənin bütün media orqanları dövlətçilik maraqlarının müdafiəsi mövqeyindən çıxış etməlidir: “Təəssüf ki, bu gün bəzi media orqanları dövlətçilik prinsipləri məsələsini lazımi qədər gözləyə bilmirlər. Biz bunu baş vermiş son hadisələrdə də aydın şəkildə gördük. Ona görə də biz Prezident Administrasiyasının bu istiqamətdə başlatdığı prosesə tam şəkildə dəstək verməliyik”.
“Şərq” qəzetinin baş redaktoru, MŞ-nin İdarə Heyətinin üzvü Akif Aşırlı qeyd edib ki, artıq hər gün yeni-yeni saytların meydana gəldiyinin şahidi oluruq. Bu saytların isə nə hüquqi ünvanları, nə də adi əlaqə telefonları mövcuddur: “Hətta harada fəaliyyət göstərdikləri belə məlum deyil. Təbii ki, belə internet resursları da yalan, böhtan, şər informasiyaları yaymaq və bununla da cəmiyyətdə çaşqınlıq yaratmaq missiyaları daşıyırlar. Bununla yanaşı, dövlətin, millətin təhlükəsizliyi məsələsinə zərbə vurmağa çalışırlar. Nəzərə alsaq ki, həmin saytların fəaliyyətinə də qanuni şəkildə nəzarət etmək mexanizmi mövcud deyil, bu mənada Əli Həsənovun etdiyi çağırışın əsasları var. Biz də Mətbuat Şurasında bu məsələni zaman-zaman müzakirə etmişik. Belə fəaliyyətlə məşğul olan internet saytlarının fəaliyyəti qanunla qadağan olunmalıdır. Bu baxımdan qanunvericilikdə də yeni media ilə bağlı müddəalar öz əksini tapmalıdır. Həmin internet resursları məhz qanunda onlarla bağlı olan boşluqdan istifadə edirlər. Bu baxımdan hesab edirəm ki, məsələ çox ciddidir”.
Hüquq-mühafizə orqanlarının bu saytların bəzilərinə artıq xəbərdarlıq etdiyini söyləyən A.Aşırlı həmin saytların öz fəaliyyətlərini Azərbaycan jurnalistlərinin peşə fəaliyyəti kodekslərinə və KİV haqqında qanuna uyğunlaşdırmayacağı təqdirdə əməllərinin cinayət tərkibi yaratdığını və məsuliyyətə cəlb edilməli olduqlarını deyib: “Artıq məsələ ilə bağlı MŞ-də komissiya yaradılıb. Monitorinqlər aparılır. Amma bu saytların sayı 300-dən artıq olduğu üçün ümumilikdə monitorinqi həyata keçirmək çətinlik törədir. Bu səbəbdən də həmin internet resursları ilə bağlı qanunvericilik təşəbbüsü olmalıdır, informasiya azadlığı haqqında qanunda dəyişiklik olmalıdır. Hansı sayt hüquqi əsaslara malik olacaqsa, qanunun tələbləri çərçivəsində fəaliyyət göstərəcəksə, fəaliyyətini davam etdirsin. Əks halda, qanunun tələblərinə cavab verməyən internet resurslar bağlanmalıdır”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 724 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30