Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İstanbul xatirələri

İstanbul xatirələri

12.10.2016 [10:06]

“Türk Hava Yolları”nın təşkilatçılığı ilə 15 ölkədən 60-a qədər jurnalistin iştirak etdiyi İstanbul səfəri yaddaşlarda silinməz izlər buraxdı
Bir zamanlar Roma, Bizans və Osmanlı imperiyalarının paytaxtı olmuş İstanbul şəhəri müasirliklə tarixiliyin vəhdətini özündə əks etdirən modern bir meqapolis obrazı daşıyır. Asiya ilə Avropanın qovuşuğunda yerləşən bu nəhəng Türk yurduna dəfələrlə səfər edənlər belə onun ecazkarlığı və əzəmətindən ilk dəfəymiş kimi təsirlənirlər. Ötən həftə “Türk Hava Yolları” aviaşirkətinin təşkilatçılığı ilə 15 ölkədən 60-a qədər jurnalistin iştirak etdiyi İstanbul səfərində Azərbaycanı 11 media işçisi təmsil edirdi. Heydər Əliyev adına Beynəlxalq Hava Limanına ayaq basdığımız an içimizdə qardaş ölkəyə, özəlliklə də tarixin Türk coğrafiyasına bəxş etdiyi əzəmətli İstanbula yola düşməyin qəribə bir sevinci var idi. “Türk Hava Yolları”na məxsus təyyarə ilə bir neçə saatlıq məsafə qət etdikdən sonra yollar bizi Türkiyənin ən böyük şəhəri, dəniz portu, ölkənin sənaye-ticarət və mədəniyyət mərkəzi olan İstanbula çatdırdı. Yol boyunca həmkar yoldaşlarımızla müxtəlif səfər təəssüratlarını, qardaş ölkə ilə bağlı anları, özəlliklə də İstanbula səfər həyəcanını bölüşməyin duyğusal mənası isə yaddaşımızda fərqli bir xatirə anı yaratdı...
Məlumat üçün qeyd edim ki, Bolqarıstan, Ukrayna, Serbiya, Rumıniya, Fransa, Macarıstan, Makedoniya və s. ölkələrdən olan jurnalistləri İstanbula yığmaqda məqsəd şəhərdəki və şəhərin timsalında Türkiyədəki vəziyyəti onların vasitəsilə dünyaya çatdırmaq, həmçinin “Türk Hava Yolları” aviaşirkətinin görəcəyi işlərlə tanış etmək idi. Beləliklə, “Türk Hava Yolları” bizi beşulduzlu “Radisson Blu Ataköy Hotel”ində qonaq etdi. İstanbul səfərinin maraqlı və ecazkar olacağını bizə hiss etdirən ən başlıca məqam məhz Topqapı Sarayı, Aya Sofya, Sultan Əhməd məscidi, Yerəbatan Sarıncı kimi tarixi məkanlara səfərimizin nəzərdə tutulması idi.
Milli və dini dəyərlərin, ənənələrin yaşadıldığı tarixi məkanlara ziyarət nə ilə yadda qaldı?
400 il ərzində (1465-1856-cı illər) Osmanlı sultanlarının iqamətgahları olmuş saray kompleks - Topqapı Sarayına səfər bizim üçün, sözün əsl mənasında, “tarixin şüurumuzda canlanması” effekti yaratdı. Saray həm milli, həm də dini dəyər və ənənələrin yaşadıldığı tarixi bir məkan kimi yaddaşımızda silinməz izlər buraxdı. İstanbulun əsas turist məkanlarından biri olan və muzey kimi fəaliyyət göstərən sarayda həm də Məhəmməd peyğəmbərin əbası və qılıncı kimi müsəlmanlar üçün çox dəyərli olan müqəddəs relikviyaları qorunur. Saray kompleksinin Sarayburnunda, Qızıl buynuz buxtası və Mərmərə dənizinə baxan istiqamətdə yerləşməsi onu turistlər üçün daha cəlbedici və əlçatan edib. Saray kompleksinə yüzlərlə otaqlar və zallar daxil olsa da, onlardan ən vacibləri ictimaiyyət üçün açıqdır. Saray kompleksi asayiş keşikçiləri tərəfindən qorunur. Osmanlı memarlığının ən gözəl nümunələrini özündə birləşdirən sarayda çini, geyim, odlu silah, zireh, qalxan, Osmanlı miniatürləri, İslam əlyazmaları və divar rəsmləri, həmçinin Osmanlı xəzinəsinə aid olan zinət əşyaları nümayiş olunur.
Səfər çərçivəsində növbəti ünvanımız əvvəl pravoslav kilsəsi, daha sonra məscid, hazırda isə muzey olan məbəd - Aya Sofya oldu. Müşahidələrimiz də bunu təsdiqləyir ki, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri, Bizansın “qızıl əsri”nin simvolu olan bu tarixi məkan bir çox ölkədən gələn turistlər tərəfindən ziyarət edilir.
Külliyyəsi ilə birlikdə İstanbuldakı ən böyük tikinti komplekslərindən biri olan Sultan Əhməd məscidi də ziyarət məkanlarımızdan biri oldu. Öz möhtəşəmliyi ilə turistləri cəlb edən, dini dəyər və ənənələrin əks olunduğu tarixi məkan kimi çıxış edən məscidin interyeri mavi, yaşıl və ağ rəngli İznik çiniləriylə bəzədildiyi və yarımqübbələrin, böyük qübbənin içi mavi tonlu qələm işləri ilə bəzədildiyi üçün avropalılar onu “Mavi Cami” (Blue Mosque) adlandırırlar.
Yerəbatan Sarıncı ilə tanışlıq isə olduqca ecazkar və fərqli bir mənzərə ilə qarşılaşmağımıza səbəb oldu. Uzunluğu 140 metr, eni 70 metr olan sarıncın içərisində hər biri 9 metr yüksəkliyində 336 sütun var. Kiçik gölü xatırladan sarıncda hər tərəf su ilə əhatə olunub. Belə bir məlumat aldıq ki, hansısa arzusu olan ziyarətçilər suya qəpik pul atır və arzusuna çatacağına ümid edirlər...
Bütövlükdə, bu tarixi məkanları ziyarət etmək, duyduqlarımızı, oxuduqlarımızı öz gözlərimizlə görmək, canlı təəssüratlarımızı qələmə almaq, paylaşmaq sözlə ifadə olunmayacaq qədər xoş idi...
İlker Aycı: Türkiyənin adətlərinə uyğun olaraq biz yolçularımıza müştəri demirik, qonağımız deyirik
Səfərimiz çərçivəsində “Türk Hava Yolları”nın baş ofisində, “Türk Hava Yolları” təyyarələrinin sərnişinlərini qida ilə təmin edən Do&Co şirkətində, “Türk Hava Yolları” Aviasiya Akademiyasında da olduq. “Türk Hava Yolları”nın Uçuş Təhsil Mərkəzində THY-nin simulyatorlarında pilotlara keçilən təlimlər, onların uçuşa hazırlıq prosesi, o cümlədən uçuş zamanı fövqəladə hallardan çıxış yolları barədə ətraflı məlumat verildi. Media işçiləri həmçinin hava limanının “Turkish Airlines Lounge Istanbul” adlı xüsusi zonasında uçuş vaxtını da gözlədilər. Uçuş öncəsi gözləmə müddətini daha yaddaqalan edən bu məkanda sərnişinlərin boş vaxtlarını səmərəli keçirmələri üçün məscid, kitabxana, kino zalı, hamam, bilyard salonu, zəngin mətbəx çeşidləri, konfrans salonu, uşaq otağı və s. fəaliyyət göstərir.
Səfər çərçivəsində mətbuat işçilərinin “Türk Hava Yolları” aviaşirkətinin İdarə Heyətinin sədri İlker Aycı ilə də görüşü oldu. 15 iyul dövlət çevrilişinə cəhddən söz açan İ.Aycı FETÖ terror qrupunun Türkiyədə formalaşmasından, eyni zamanda, digər ölkələrdə kök salmasından danışdı: “İstədik ki, öz gözlərinizlə gördüyünüz gerçəkləri ölkələrinizə qayıtdıqdan sonra qələminiz vasitəsilə həmvətənlərinizlə bölüşəsiniz. Yeni nəsil terror qrupuyla yaşadığımız bu hadisəni başqa ölkələrdəki insanlar yaşamasın deyə təcrübəmizi sizlərlə bölüşməyi düşündük”.
“Türk Hava Yolları” olaraq markamızın, işimizin, şirkətimizin arxasında dururuq. Yolçularımızla olan birlik və bərabərliyimizi uzun yol yoldaşlığı kimi görürük, yolçularımızı, sadəcə, bir uçuşluq qonağımız kimi qarşılayıb yola salmırıq. Türkiyənin adətlərinə uyğun olaraq biz yolçularımıza müştəri demirik, qonağımız deyirik. Bizdə də qonağı süfrənin yuxarı başında oturdurlar, ən gözəl xidmət göstərirlər, evdəki ən gözəl qablarda ən ləzzətli yeməklərə qonaq edirlər”, - deyə İlker Aycı qeyd etdi.
O, çoxsaylı texnoloji yeniliklərin altına imza atdıqlarını deyərək gələcək planlardan və görülməsi nəzərdə tutulan işlərdən də danışdı: “Texnoloji yeniliklərə imza atırıq. Artıq yolçularımızın sifarişlərini ağıllı telefonlardan edə biləcəkləri sistemlər gətiririk. Qısa vaxtda bizimlə əlaqə yarada bilmək üçün yeni sistemlər quraşdırılacaq. Bu il təxminən 64 milyon sərnişin daşıyacağıq və bu göstərici də keçənilkindən çox olacaq. 2018-ci ilin birinci yarısında dünyanın ən böyük hava limanlarından biri İstanbulda istifadəyə veriləcək. Bu hava limanının birinci hissəsi 90 milyon, ikinci hissəsiylə birlikdə isə 150 milyon sərnişin tutacaq. Bu gün İstanbul hava limanı dünyada dördüncü yerdə dayanır. Çox qısa zaman ərzində dünyada ən böyük hava limanı, ən çox ölkəyə uçuş həyata keçirən, daha çox qonaq qarşılaya bilən aviaşirkət olacağıq”.
İ.Aycı təhlükəsizlik məsələlərinə də toxunaraq bu sahədə təmas və işbirliklərinin artdığını, bunun zərurətdən qaynaqlandığını diqqətə çatdırdı. Terrorun təkcə Türkiyənin deyil, bütün dünyanın problemi olduğunu xatırladan Aycı dedi ki, bu gün dünyanın hər yerində bu problem yaşanır: “Hər keçən gün təhlükəsizlik sektorunda çıxan yeni kameraların, yeni cihazların quraşdırılması üçün çalışırıq. Bunlar bizim üçün önəmlidir və həyata keçirilməsi istiqamətində addımlar atırıq. Bütün beynəlxalq əməkdaşlarımızla məlumat mübadiləsindəyik. Təyyarəyə minmədən sərnişin haqqındakı bütün məlumatlar qarşı tərəfə ötürülür və orda təhlükəsizlik tədbirləri başlayır. Təhlükəsizlik məsələsində işbirliyimiz getdikcə artır. Yeni cihazlardan istifadə edirik, bəzilərinin bildiyi, bəzilərinin bilmədiyi yeni cihazlarımız var. Bizim hava limanımız son hadisələrə qədər Avropanın və dünyanın daha təhlükəsiz hava limanlarından biri idi. Bizdəki yoxlanış mərhələləri Avropadan daha çoxdur. Bəzi ölkələrdə tək, bəzilərində isə 2 yoxlama mərhələsindən keçirsiniz, bizdə isə 3 yoxlama mərhələsi var. Heç bir ölkə terrordan sığortalanmayıb. Biz beynəlxalq işbirliyimizi, beynəlxalq təhlükəsizlik məsələsində əməkdaşlığı artırmaq məcburiyyətindəyik. Ən önəmlisi isə terrorla mübarizə məsələsində səmimi və gerçəkçi olmaq məcburiyyətindəyik”.
İstanbul daha məğrur və əyilməz görünür
Beləliklə, bu nəhəng şəhərdən - mədəniyyətləri uzlaşdıran İstanbuldan xoş xatirələrlə ayrılırıq. Müşahidələrimiz diqqətimizə bir neçə məqamı xüsusilə çatdırır. 15 iyul çevriliş cəhdindən sonra həyatın öz axarı ilə davam etdiyi İstanbula turist axını yenə də yüksəkdir, hakimiyyət vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün təxirəsalınmaz, ciddi tədbirlər görür - bu, şəhərin müxtəlif yerlərində aşkar özünü göstərir. Tarixiliklə müasirliyin vəhdəti olan İstanbul şəhəri dövlətin suverenliyini hədəfə alan mənfur qruplaşmaların çevriliş cəhdindən sonra daha məğrur və əyilməz görünür. Türkiyə hakimiyyətinin qətiyyətli mövqeyi və xalqla dövlətin sarsılmaz birliyi bu məğrurluğun daimi olacağına əminlik yaradır.
Beləliklə, öz gözəlliyi ilə göz oxşayan, əzəməti, ecazkarlığı və qonaqpərvərliyi ilə fərqlənən İstanbul yaddaşlarımızın ən dərin qatlarında silinməz izlər buraxdı. Xoş təəssüratlarla dolu olan bu səfərə görə “Türk Hava Yolları” aviaşirkətinə sonsuz təşəkkürümüzü bildiririk.
Nardar BAYRAMLI
Bakı-İstanbul-Bakı

Paylaş:
Baxılıb: 717 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31