/ / Azərbaycanda qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir
Azərbaycanda qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir
07.03.2017 [11:20]
Məlum olduğu kimi, Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizdə ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, maddi təminatlarının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Davamlı sosial siyasət sayəsində Azərbaycan insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Ölkədə əhalinin bütün həssas təbəqələrinin sosial ehtiyaclarının ödənilməsi məqsədilə geniş proqramlar həyata keçirilir
Azərbaycanda reallaşdırılan sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, respublikamızda əhalinin bütün sosial təbəqələri dövlət qayğısından bəhrələnmək imkanına malikdirlər. Yəni, ölkəmizdə məqsədyönlü sosial siyasətin tərkib hissəsi olaraq sosial öhdəliklərin yüksək səviyyədə yerinə yetirilməsi təmin edilir, həmçinin xüsusi qayğıya ehtiyacı olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl proqramlar reallaşdırılır. Məsələn hazırda respublikamızda 500 minə yaxın insan, başqa sözlə desək, təxminən 114 min ailə ünvanlı sosial yardım alır. Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası da diqqət mərkəzində saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki bərpa-müalicə müəssisələrində hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilir. Bu qəbildən olan insanların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili işləri də yüksələn xətlə davam etdirilir.
Respublikamızda şəhid ailələrinin, müharibə əlillərinin və əhalinin qayğıya ehtiyacı olan digər təbəqələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərin miqyası da kifayət qədər genişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilir ki, hazırda dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamının icrası istiqamətində, yəni 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış müharibə əlilləri və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və fərdi evlə təmin edilməsi məqsədilə intensiv iş aparılır. Layihəyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə müharibə əlilləri və şəhid ailələri üçün ölkənin 52 rayonunda 375 fərdi yaşayış evinin tikintisinə başlanılıb və qısa müddətdə onlarca ev yüksək səviyyədə inşa olunaraq sakinlərin istifadəsinə verilib.
Azərbaycanın genişməzmunlu sosial siyasətində ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir.
Qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğının əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub
Azərbaycanda həyatın sərt sınağı ilə üzləşərək qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın da sosial müdafiələrinin gücləndirilməsi üçün dövlət tərəfindən davamlı olaraq addımlar atılır. Ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə qayğı siyasətinin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. Ulu öndər 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən Azərbaycanın siyasi rəhbərliyinə gəldiyi elə ilk vaxtlardan qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərini diqqət mərkəzində saxlamağa başladı və ölkəmizin üzləşdiyi humanitar fəlakətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində əməli tədbirlər gördü. Ümummilli liderin səyləri ilə həyata keçirilən tədbirlər sayəsində 1993-2003-cü illərdə ayrı-ayrı dövlətlər, beynəlxalq maliyyə qurumları, humanitar təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə təxminən 640 milyon ABŞ dolları həcmində humanitar yardım göstərildi. 1999-cu ildə Ümummilli lider Heydər Əliyevin BMT-nin Ümumdünya Ərzaq Proqramının baş qərargahına müraciətinə əsasən həmin təşkilatın Azərbaycanda fəaliyyət müddəti müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadıldı. 1998-ci ildə Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Növbəti ildə ölkə Prezidentinin Fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu. Görülən tədbirlər bu kateqoriyadan olan insanların həyat şəraitlərinin yüksəlməsində əhəmiyyətli rol oynadı.
Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması son 13 ildə ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edib
Qaçqın və məcburi köçkün soydaşlarımızın sosial vəziyyətlərinin, o cümlədən də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində illər boyu qurub-yaratdıqları ev-eşiklərindən məhrum qalan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir.
Son 13 ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub.
Qaçqınlar və məcburi köçkünlər üçün salınan qəsəbələrdə müasir sosial infrastrukturun yaradılması da təqdirəlayiq haldır. Qeyd edək ki, qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımız üçün salınan yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib.
Dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində Biləsuvar rayonunun ərazisində məcburi köçkünlər üçün salınan yeni qəsəbənin gələcək sakinləri ilə görüşündə belə bir vədlə çıxış etmişdi: “Ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq”.
Prezidentin bu vədi vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirilib. Belə ki, dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində 2007-ci ilin dekabrında Biləsuvar, Bərdə, Ağcabədi, Saatlı, Sabirabad, İmişli rayonlarındakı 12 çadır şəhərciyinin ləğv edilməsi və çadırlarda müvəqqəti sığınacaq tapan soydaşlarımızın hər cür kommunal rahatlıqlara malik mənzillərlə təmin edilməsi tam başa çatdırılıb. Sonuncu çadır şəhərciyinin ləğv edilməsi ilə 4179 məcburi köçkün ailəsinin mənzil-məişət problemi həllini tapıb. Çadır şəhərciklərinin sakinləri əsasən Füzuli, Biləsuvar, Sabirabad, Ağcabədi rayonlarının ərazisində salınan və elektrik enerjisi, su təchizatı, təhsil, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrə köçürülüb.
2017-ci ildə Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesinə start veriləcək
Deyilənlərdən də göründüyü kimi, Azərbaycanın genişməzmunlu sosial siyasətinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin bu və ya digər ehtiyaclarının ödənilməsinə maksimum diqqət göstərilməsi davamlı xarakter daşıyır. 2016-cı ilin proqramına uyğun olaraq, Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. Ölkəmizdə bütün çadır şəhərciklərinin ləğv edilməsindən sonra növbə fin evlərində və digər uyğunlaşdırılmış tikililərdə müvəqqəti sığınacaq tapan qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına çatıb və hazırda bu istiqamətdə intensiv iş aparılır. Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur. Bu il həmçinin Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesinə start veriləcək. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bununla bağlı tapşırıq verildiyini nəzərə çatdırıb: “Eyni zamanda, tapşırıq verilmişdir ki, Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi də bu il başlasın. Artıq müvafiq göstərişlər verilib, layihələr hazırlanır və əlavə vəsait ayrılacaq ki, biz bu il və bundan sonrakı illərdə bu yataqxanalarda yaşayan vətəndaşlarımızın mənzil şəraitini yaxşılaşdıraq”.
Qaçqın və məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürü
Qeyd etdiyimiz kimi, Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı davamlı xarakter daşıyır. Cari ilin əvvəlindən bu istiqamətdə yeni təşəbbüslər irəli sürülüb.
Prezident İlham Əliyev 2017-ci il yanvarın 23-də məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman imzalayıb. Fərmana uyğun olaraq Nazirlər Kabineti “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında müvafiq qərar qəbul edib.
Prezident İlham Əliyevin 14 fevral 2017-ci il tarixində imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərmanı isə müvafiq kateqoriyadan olan soydaşlarımıza dövlət qayğısının növbəti təzahürüdür. Bəhs olunan Fərmana əsasən, məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlər 01 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçiriləcək. Bu norma məcburi köçkünlər yeni yaşayış sahələrinə köçürülənə qədər qüvvədə qalacaq.
Nadir AZƏRİ
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

