Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı petisiyanın müəllifi Oleq Kuznetsovla görüş keçirilib

Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı petisiyanın müəllifi Oleq Kuznetsovla görüş keçirilib

04.05.2017 [09:46]

Rusiyalı alimin hazırladığı petisiyaya qısa vaxtda 15 mindən çox imza toplanıb
Məlum olduğu kimi, Rusiyanın tanınmış tarixçisi və siyasi təhlilçisi Oleq Kuznetsov Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiya tərtib edib. Hazırda petisiyanın imzalanması prosesi davam edir.
Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə dünən bu məsələ ilə bağlı Oleq Kuznetsovla görüş keçirilib. Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə belə bir petisiyanın hazırlanmasının əhəmiyyətindən bəhs edib və ədalətli mövqeyinə görə O.Kuznetsovun bu addımını təqdir edib. A.Rəhimzadə deyib ki, petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərə qarşı amansız cinayətin törədildiyi, bunun hazırda Ermənistan hakimiyyətində təmsil olunan şəxslər tərəfindən gerçəkləşdirildiyi vurğulanır. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfərin qətlə yetirildiyi, 56 nəfərin həyatına xüsusi amansızlıqla son qoyulduğu, 150 nəfərin itkin düşdüyü, 1275 nəfərin əsir götürüldüyü, 487 nəfərin yaralandığı diqqətə çatdırılır. Sənəddə məlumat verilir ki, insanlığa qarşı böyük terror aktını bir sıra dünya dövlətləri soyqırımı cinayəti kimi tanıyıb. Eyni addımın Rusiyanın Dövlət Duması tərəfindən atılmasının vacibliyi əsaslandırılır.
Rusiyalı tarixçi alim Oleq Kuznetsovun Xocalı soyqırımının tanıdılması üçün hazırladığı petisiyaya qısa vaxtda 15 mindən çox imza toplanıb. Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiyaya reaksiyanın verilməsi üçün ümumilikdə 25 min imzanın toplanması zəruridir.
Çıxış edən O.Kuznetsov Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı petisiyanın aktuallığından danışıb. Azərbaycan gənclərini Xocalı faciəsinə hüquqi qiymətin verilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərməyə, bununla əlaqədar müvafiq təbliğat işləri aparmağa və petisiyaya imza atmağa çağıran Oleq Kuznetsov az vaxtda petisiyaya minlərlə internet istifadəçisinin qoşulduğunu qeyd edib. O deyib ki, Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiyaya reaksiya vermək üçün change.org saytına daxil olmaqla imza sayını daha da artırmaq mümkündür: “Xocalı soyqırımının tanıdılması istiqamətində geniş təbliğat işləri aparılır. İnzibati resurslardan istifadə edərək gənc nəslin diqqətini bu məsələyə cəlb etməliyik. Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməsi çağırışı edilir. Bu sənəd qətliamın soyqırımı kimi qəbul edilməsində, onu törədən cinayətkarların hüquqi məsuliyyətə cəlb edilməsində mühüm əhəmiyyətə malikdir”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva çıxış edərək bildirib ki, artıq dünyanın bir sıra dövlətləri, o cümlədən ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb. Onun sözlərinə görə, Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyəti xüsusilə təqdirəlayiqdir: “Hər bir şəxs bu məsələdə öz vətəndaş mövqeyini ortaya qoymalıdır. Azərbaycanda güclü vətənpərvər gənc nəsil formalaşıb. Bu gənclər müxtəlif təşkilatlarda birləşərək ictimai-siyasi proseslərdə çox fəaldırlar. Həmin təşkilatlar da aktiv fəaliyyət göstərir və onlar petisiyaya imza atmaq prosesində fəal olmalıdırlar”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək bildirib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, bu baxımdan Rusiyanın tarixçi alimi Oleq Kuznetsovun hazırladığı petisiya böyük əhəmiyyətə malikdir. Çünki bu prosesin uğurla yekunlaşması Xocalı soyqırımının Rusiya Dövlət Dumasında müzakirəsinə gətirib çıxaracaq. Bu gün sosial şəbəkələrin həyatımızın bir hissəsinə çevrildiyini deyən millət vəkili qeyd edib ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyimizin mühüm tərkib hissəsidir.
Hikmət Babaoğlu bildirib ki, sözügedən petisiya üçün lazımi sayda imzaların toplanması məqsədilə kütləvi inofrmasiya vasitələri də fəal iştirak etməli, bu yöndə təbliğat işlərini gücləndirməlidir: “Çünki bu, bizim üçün ümummilli məsələdir. Hər bir vətəndaş bu prosesdə fəal olmalıdır”.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov da məsələnin aktuallığını vurğulayaraq Xocalı soyqrımının dünyada tanıdılması istiqamətində dövlətin həyata keçirdiyi siyasətdən bəhs edib. O bildirib ki, bu istiqamətdə atılan bütün addımlar təqdirəlayiqdir. Bu baxımdan, Rusiyanın tarixçi alimi Oleq Kuznetsovun hazırladığı petisiya da yüksək qiymətləndirilir.
Tədbirdə həmçinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Tahir Məmmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov müxtəlif ali məktəblərin nümayəndələri çıxış edərək məsələnin aktuallığını vurğulayıblar. Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatı, bir sıra ölkələr, ABŞ-ın bəzi ştatları Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün qərar və qətnamələr qəbul ediblər. Xocalı soyqırımının müxtəlif ölkələrdə tanıdılması istiqamətində keçirilən petisiyalar da atılan addımlardandır. Belə ki, dünya liderlərinə, KİV-lərə, bütün vicdanlı insanlara ünvanlanan bu petisiyalarda faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, qətliamın insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməsi çağırışı edilir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31