Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 15 İyun Azərbaycan dövlətçiliyinin qurtuluş tarixidir

15 İyun Azərbaycan dövlətçiliyinin qurtuluş tarixidir

13.06.2017 [09:50]

Məlumdur ki, ölkəmiz XX əsrin 90-cı illərinin əvvəllərində çox ciddi taleyüklü dövrlərini yaşamağa məcbur oldu. Bir tərəfdən tarixi düşmənlərimiz ermənilərin respublikamızla sərhədləri boyunca təcavüzkarlıqla müşayiət olunan işğalçılıq siyasəti, digər tərəfdən ölkədaxili siyasi çəkişmələrin geniş vüsət alması nəticə etibarı ilə diqqətdən kənarda qalan Azərbaycan iqtisadiyyatını dərin böhran vəziyyətinə saldı. Aydın məsələdir ki, həmin dövrlərdə ölkəmiz həm siyasi, həm də iqtisadi şərait və formasiyalar üzrə keçid dövrünü yaşayırdı. Belə bir vəziyyətdə isə mərhələli olmaqla, bir-birini şərtləndirən tədbirlərin məcmusunu təmin etməklə, düşünülmüş və məqsədyönlü şəkildə keçid dövrünü son dərəcə faydalı təmin etmək əvəzinə ölkəmiz qeyd olunan neqativ amillərin təsiri nəticəsində böyük itkilərə məruz qaldı. Bu təəssüfləndirici məqamlar isə, heç şübhəsiz, ərazilərimizin işğalı, iqtisadi proses və əlaqələrin qırılması və dayanması ilə nəticələndi. Azərbaycan Respublikasının ictimai-siyasi və sosial-iqtisadi həyatında inkişaf istiqamətli tədbirlərin üzərinə kölgə salan həmin amillər nəticəsində:
1. səmərəli ideyalardan, persepktivli təşəbbüslərdən, uğurlu təkliflərdən ibarət olan və bununla da uzaq gələcəyə istiqamətlənən xətt üzrə addımlar atılmadı;
2. keçmiş inzibati-amirlik iqtisadi sistemi şəraitində mövcud olan iqtisadi idarəetmənin həmin dövr üçün yeni olan bazar münasibətlərinin qanun və tələbləri ilə əvəz edilməsində heç bir fəaliyyət proqramı ortaya qoyulmadı. Bu isə əvvəllər mövcud olmuş iqtisadi-istehsal münasibətlərinin müasir dövr üçün davamlılığına maneə yaratdı;
3. yaranmış tənəzzül iqtisadiyyatın maraq və mənafelərin ifadə olunmasındakı, ehtiyac və tələbatların qarşılanmasındakı gücünü minimuma endirdi, istehsalın aparıcı qüvvəsi olan insan amilini tamamilə diqqətdən kənara saldı, bu isə təsərrüfat subyektlərinin, o cümlədən müəssisələrin fəaliyyətinin dayanmasına, əmək ehtiyatlarının səmərəlilik göstəricisini sıfıra bərabərləşdirməklə kütləvi işsizliyin yaranmasına səbəb oldu;
4. ölkənin iqtisadi proseslərinin tənzimlənməsində makroiqtisadi məqsəd və hədəflər müəyyən edilmədi, bazar iqtisadiyyatı üçün xas olan idarəetmə strategiyası işlənib hazırlanmadı. Nəticədə isə mərhələ baxımından dövrün tələb etidiyi tədbirlər həyata keçirilmədi;
5. dövlətin sosial siyasəti ölkə əhalisinin əhatə olunma zərurətindən uzaqlaşdı.
Bütün bunlar Azərbaycan Respublikasının 1991-1993-cü illərdəki ictimai-siyasi və sosial-iqtisadi mənzərəsinin ifadəsi idi.
Belə bir şəraitdə yuxarıda sadalanan problemlərin aradan qaldırılması, yeni siyasi və iqtisadi mərhələ üçün səmərəli olacaq fəaliyyət mexanizminin işlənib hazırlanması və çevikliyinin təmin olunması, firavan yaşayışın, iqtisadi məmnunluğun və perspektiv addımların atılması zərurəti ilə qarşı-qarşıya idik. Qədirbilən xalqımız müdrik rəhbərə, təcrübəli idarəetməyə yüksək perspektivlərə malik bir dövlətin qurulması üçün bir yumruq olaraq bir an öncə mövcud dərin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələr üzrə cərəyan edən böhranın aradan qaldırılması istiqamətində qətiyyət nümayiş etdirdi və həmin dövrlərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri kimi yayın istisində, qışın soyuğunda, bəzən çıraq işığında, bəzən də gecə saatlarına qədər iş otağında dövrün bütün çətinlikləri ilə mübarizə aparan böyük dövlət xadimi Heydər Əliyevə üz tutdular.
Beləliklə, Azərbaycan dövlətinin müstəqilliyi, xalqının firavanlığı, iqtisadiyyatının inkişafı kimi humanist ideyalara xidmət etmək üçün yüksək ideoloji təşkilatlanmanın əsasları qoyulmuş oldu. 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi. Partiyamızın Proqram və Nizamnaməsində müəyyən edilən qaydalar, istiqamətlər, vəzifələr və prinsiplər bu gün də hər bir vətəndaşın işıqlı sabahına xidmət etməkdədir. Orada yer alan əsas prinsiplər kimi:
- Müstəqil dövlətçilik;
- Qanunçuluq;
- Azərbaycançılıq, vətənçilik;
- Varislik, yaradıcı təkamül;
- Konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi;
- Sosial ədalət prinsiplərini qeyd edə bilərik.
Buradan da görünür ki, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin yüksək təcrübəyə söykənən rəhbərliyi ilə milli vətənpərvərlik ruhunu aşılamaqla, hüquq və azadlıqların, vətənpərvərlik ruhunun, daimi inkişafın, müasirliyin, sülhün, əmin-amanlığın, sadiqliyin, firavanlığın tərəfdarı, təbliğatçısı və bəyanedicisi kimi üzərinə çox böyük tarixi missiya götürmüş oldu. Dahi rəhbərin milli dövlətçilik üçün müəyyən etdiyi siyasi xətt partiyanın həm də sosial-iqtisadi proseslərin tənzimlənməsindəki fəal roluna işıq salırdı. Buna görə də 1992-ci ildə təsis edilən partiyamız 1993-cü ilin iyun ayının 15-də, cəmi səkkiz ayda yüksək təşkilatlanma dövrü keçərək öz dahi liderinin rəhbərliyi ilə müasir Azərbaycan tarixinə Milli Qurtuluş Gününü qızıl hərflərlə yazdı.
Ölkəmiz 15 iyun tarixində öz qurtuluşunu milli zəmində olduğu kimi, həm də:
- iqtisadi qurtuluşunu elan etmiş oldu. Yəni ilk olaraq keçmiş inzibati-amirlik sisteminin müasir bazar münasibətlərilə ziddiyyət təşkil edən uyğunsuzluğundan xilas oldu. Bazar iqtisadiyyatının tələb və qanunları əsasında özünə yeni inkişaf xətti müəyyənləşdirdi. Bununla da bu günə qədər fəxrlə sadaladığımız “Əsrin müqaviləsi” imzalandı, nəhəng iqtisadi islahatlara start verildi, neft və qeyri-neft sektorlarının çoxşaxəliliyə xidmət edən perspektivləri aşkar edildi, dəstəkləndi;
- sosial qurtuluş elan edildi. İnsan hüquq və azadlıqlarının, onun ayrılıqda bir şəxs, bütövlükdə isə cəmiyyətin və xalqımızın dəyərli üzvü olmaq etibarı ilə bir potensial kimi inkişafına günbəgün artmaqda davam edən diqqət göstərildi. Neft kapitalının məhz insan kapitalına çevrilməsi əsasında ondan sosial-iqtisadi inkişafın təmin edilməsində fəal iştirakçı kimi istifadə edildi. Nəticədə qanunvericiliklə müəyyən edilən, yeni, innovativ düşüncəli, məhsuldar təşəbbüsə söykənən çoxsahəli fəaliyyət təmin edildi;
- mədəni qurtuluşuna nail oldu. Dövlət öz vətəndaşına sahib çıxdı. Onun zəhmətkeş, həkim, müəllim, sahibkar, istehsalçı, istehlakçı, kəndli (şəhərli), eləcə də digər sahələr və istiqamətlər üzrə ixtisaslaşmış mütəxəssis kimi formalaşması, onların müvafiq sahə üzrə həvəslə çalışması, bununla da milli-mənəvi dəyərlərimizin yaşadılması sahəsindəki xidmətləri ilə zəngin cəmiyyət formalaşdı.
Yeni Azərbaycan Partiyası öz Proqram və Nizamnaməsində bütün sahələr üzrə səmərəli mexanizmlər bəyan edir. Bunlar içərisində dövlətin inkişafı sahəsindəki ali məqsədlər yer almaqla partiyanın daxili siyasət strategiyası müəyyən edildi, onun iqtisadi və sosial siyasətinin zəruri istiqamətləri faydalılıq meyarı kimi qeyd olundu. Orada iqtisadi siyasət haqqında göstərilir ki, iqtisadiyyat hər bir dövlətin mövcudluğunun əsası kimi onun fəaliyyətinin başlıca sahəsi hesab olunur. Güclü iqtisadiyyat vətəndaşların maddi, mənəvi, sosial cəhətdən zəngin və s. firavan həyat şəraitində yaşamasını təmin edir. Bununla yanaşı, partiya hesab edir ki, Azərbaycan zəngin intellektual potensiala, əsaslı istehsal fondlarına və böyük işçi qüvvəsinə malikdir. Bütün bunlardan Azərbaycanın müstəqilliyini möhkəmləndirmək və əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün səmərəli istifadə olunmalıdır. Orada həmçinin iqtisadi və aqrar islahatların zəruriliyinə, elmi-texniki tərəqqinin nailiyyətlərindən və qabaqcıl texnologiyalardan geniş istifadə edilməsinə, məhsuldar qüvvələrdən səmərəli istifadə olunmasına, investisiya siyasətinin çevik və operativ idarəçiliyinin təşkil edilməsinə, elmi proqnozlar və iqtisadi proqramlaşdırmaya üstünlük verilmişdir.
Yeni Azərbaycan Partiyası iqtisadiyyatın sosialyönümlülüyünün tərəfdarı kimi çıxış edərək onun təmin edilməsi üçün ölkənin iqtisadi inkişafını sürətləndirmək və sosial islahatlar yolu ilə vətəndaşlara layiqli həyat şəraiti yaratmaq, xalqın əmək və ictimai fəallığını artırmaq, ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, insanlara sağlam həyat tərzi aşılamaq üçün fəal və məqsədyönlü şəkildə sosial siyasət aparmağa tərəfdar çıxır.
Bu gün Ulu öndər Heydər Əliyevin ideyaları ilə çiçəklənən ölkəmizin və onun regionlarının inkişaf səviyyəsinə baxdıqda əmin oluruq ki, dövlətimizin bazar iqtisadiyyatının və azad sahibkarlığın inkişafı yolu ilə istehsalın yüksəldilməsinə, vətəndaşların rifah halının təmin olunmasına, ölkədə fəal sosial siyasətin həyata keçirilməsinə nail olmaq istiqamətində böyük inkişaf yolu keçməsində güclü təcrübəsi vardır.
1993-cü ildən qeyd etdiyimiz milli qurtuluşumuzun müasir dövrdə dünyəvi mahiyyəti diqqəti daha çox cəlb etməkdədir. Daha geniş miqyasda ehtiyac duyulan qurtuluşa dünya ölkələrinin çox böyük ehtiyacı var. Ya iqtisadi böhranlardan, ya siyasi gərginliklərdən, ya narıncı inqilablardan, ya da ərəb baharlarından əziyyət çəkən ölkələr bu qurtuluşun dəyərini və mahiyyətini daha yaxşı anlayarlar. İqtisadi böhranlardan sarsılan Yunanıstanın, İspaniyanın, İtaliyanın, narıncı inqilablardan sıxıntıya məruz qalan Ukraynanın, Gürcüstanın, Qırğızıstanın, ərəb baharlarından hərtərəfli tənəzzülə uğrayan Misirin, Liviyanın, Suriyanın və s. ölkələrin acı taleyi gözlərimiz qarşısındadır. Dünya durmadan dəyişir. Bir zamanlar söz sahibi olan ölkələr artıq nəinki “danışa” bilmir, hətta təqiblərə məruz qalır. Bu mənada həmin ölkələrin böyük qurtuluşa ehtiyacları da böyükdür. Sözün həqiqi mənasında, gedən proseslər göstərir ki, Heydər Əliyev siyasəti bir ölkənin hüdudlarından da kənara çıxmaqla bütün dünya miqyasında bir model kimi tətbiq edilməlidir. Tarix sübut edir ki, Heydər Əliyev siyasəti humanizm prinsiplərinin məcmusudur. Heydər Əliyev siyasəti xalqların firavanlıqla yaşaması üçün ən mühüm idarəetmə formasıdır. Heydər Əliyev siyasəti yüksək vətənpərvərlik, milli ruh məktəbidir. Heydər Əliyev siyasəti ölkədə, regionda və dünyada sülhün, əmin-amanlığın və ən başlıcası, qurtuluşun açarıdır. Ona görə də bu siyasətə sadiq qalmalı, onu sevməli, qorumalı və yaşatmalıyıq. Milli Qurtuluş bayramımız mübarək olsun.
CAVADXAN QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent

Paylaş:
Baxılıb: 734 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31