Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Elm və təhsilin inkişafı strateji prioritet kimi dövlətin diqqət mərkəzindədir

Elm və təhsilin inkişafı strateji prioritet kimi dövlətin diqqət mərkəzindədir

11.07.2017 [09:39]

Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf dinamikası elm və təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə, şübhəsiz, Ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar zəminində həyata keçirilən strateji kurs dayanır. Ümummilli lider Heydər Əliyevin miras qoyduğu, özündə yüksək dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm, fundamental töhfələr verir.
Ümumiyyətlə, Azərbaycanda elm və təhsilin inkişafına xidmət edən strateji əhəmiyyətli tədbirlərin önəminə nəzər yetirmək üçün bir sıra məqamlara toxunmaq məqsədəmüvafiqdir.
Azərbaycanın gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır
Bəllidir ki, təhsilin inkişaf etdirilməsi, keyfiyyətcə yeni tərəqqi meyillərinin əldə olunmasına təkan verən mühüm amillərdən biri bu sahəyə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsidir. Məhz bu proses Azərbaycanın təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunmasına gətirib çıxaran başlıca meyilləri özündə ehtiva edir. Bu həm də onu deməyə əsas verir ki, Azərbaycanın təhsil sisteminin inkişaf prioritetləri dünyada cərəyan edən proseslərə inteqrasiya olunmaqla, beynəlxalq standartların mənimsənilməsi və təhsil təcrübəsinə tətbiq olunmasıyla müəyyənləşdirilir. Elə bu prosesin fonunda əldə edilən nəticə və göstəricilər ölkəmizin təhsil sistemində mütərəqqi meyillərin davamlı xarakter almasına gətirib çıxarır. Bu isə ümumi inkişaf konsepsiyasının təhsil istiqamətinin əsaslarının möhkəmləndirilməsinə və intellektual inkişaf səviyyəsinin daha da yüksəldilməsinə səbəb olur.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxışı zamanı bu məsələyə toxunaraq qeyd edib: “Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər”.
Elmin inkişafının təşviq edilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür
Bununla yanaşı, Azərbaycanda elmin təşviqi istiqamətində institusional tədbirlər həyata keçirilir. Ümumiyyətlə, effektiv idarəetmə sisteminə, inkişaf etmiş və intellektual cəmiyyətə malik olan ölkələr dayanıqlı inkişafı təmin etmək üçün elmin təşviqinə dair zəruri tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirirlər. Mühüm strateji prioritet olan bu vəzifənin icrası istiqamətində görülən işlər həm elm və təhsilin inkişafına təkan verir, həm də kadr potensialının təkmilləşməsi prosesində mühüm rol oynayır.
Ölkəmizdə bu sahədə məqsədyönlü işlər görülür, həyata keçirilən tədbirlər elmin tərəqqisinə və bütövlükdə dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Bu məqamda qeyd etmək yerinə düşər ki, ölkəmizdə 2009-cu il 21 oktyabr tarixli Sərəncama əsasən, Prezident yanında Elmin İnkişafı Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda elmi araşdırmaların stimullaşdırılması, ölkənin təbii sərvətlərinin, mədəni və tarixi irsinin öyrənilməsi işlərinin intensivləşdirilməsi, elmin müxtəlif sahələri üzrə tədqiqatların səmərəliliyinin artırılması və Azərbaycan elminin dünya səviyyəsində layiqincə təmsil olunmasına dövlət dəstəyinin təmin edilməsidir. Elmin inkişafının təşviq edilməsi, alimlərin potensialının üzə çıxarılması məqsədilə Fond hər il müxtəlif elm sahələri üzrə qrant müsabiqələri təşkil edir. Və bütövlükdə bu müsabiqələr elmi potensialdan daha səmərəli istifadə olunması prosesini sürətləndirir.
Elmə qoyulan vəsaitlərdən səmərəli istifadə olunması milli inkişafa xidmət edir
Bu da bir həqiqətdir ki, elmə qoyulan vəsait həm bu sahənin, həm də ölkənin bütövlükdə inkişafında mühüm rola malikdir. Dünya təcrübəsi onu göstərir ki, elmi inkişaf etdirmədən ümumi inkişafa və uğurlu gələcəyə nail olmaq mümkün deyil. Elmi resurslardan səmərəli istifadə olunması ayrı-ayrı sahələrin tərəqqisini təmin etməklə yanaşı, inkişaf perspektivlərinin genişlənməsinə etibarlı zəmin yaradır. Bunun üçün isə elmə qoyulan vəsaitlərdən səmərəli istifadə mexanizminin formalaşdırılması zəruridir.
Azərbaycanda elmin inkişafına diqqətin göstərilməsinin bariz nümunələrindən biri də bu sahəyə davamlı olaraq əhəmiyyətli vəsait qoyulmasıdır. Və bu vəsaitlərdən səmərəli istifadə olunması davamlı xarakter alıb. Azərbaycan Prezidenti İlham Əliyev bu məqamlara toxunaraq deyib: “Elə etməliyik ki, elmə qoyulan vəsait elmin inkişafına xidmət göstərsin. Eyni zamanda, bunun praktiki nəticələri də olsun. İqtisadi inkişafımız və ümumiyyətlə, ölkəmizin hərtərəfli inkişafı üçün elmi praktiki addımlarla uzlaşdırmalıyıq. Daha doğrusu, bu uzlaşma vardır, gərək, daha da səmərəli olsun”.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi təsbit olunub
Bu kontekstdə vacib məqamlardan biri isə odur ki, elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da təsbit olunub. Konsepsiyada qeyd olunur ki, uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, “bilik iqtisadiyyatı”nı formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul (işlər, xidmətlər) yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edəcək. Bununla əlaqədar olaraq, elmin inkişafı yerli xüsusiyyətlər və qlobal meyillər nəzərə alınmaqla prioritetləşdiriləcək və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam etdiriləcək.
Onu da qeyd edək ki, bu gün dövlət tərəfindən ardıcıl şəkildə atılan addımlar elmin, təhsil sisteminin, idarəetmənin müasir prinsipləri üzrə təşkilinə təkan verməkdədir. Həyata keçirilən islahatlar, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcminin artırılması elm və təhsilin, sosial sahə və institutların inkişafına səbəb olmaqla yanaşı, müxtəlif sahələr üçün yararlı, yüksək səviyyəli kadr potensialının formalaşdırılması işinə də təkan verir. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yaradılması, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir.
Təhsilin inkişafı peşəkar kadr potensialının formalaşdırılmasına mühüm töhfələr verir
Yeri gəlmişkən, elm və təhsilin inkişafında müvafiq sahə üzrə müəssisələrin, eləcə də tədqiqat mərkəzlərinin müstəsna rolu var. Dünya təcrübəsi deməyə əsas verir ki, təhsil müəssisələrinin və elmi-tədqiqat mərkəzlərinin səmərəli fəaliyyəti bu sahə üzrə mühüm inkişaf göstəriciləri əldə edilməsini şərtləndirməklə yanaşı, həm də ölkənin iqtisadi qüdrətinin artmasında, ayrı-ayrı sahələr üzrə kadr potensialının formalaşdırılmasında böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanda həm milli inkişaf, həm kadr potensialının təkmilləşdirilməsi kontekstində elm və təhsil müəssisələrinin, tədqiqat mərkəzlərinin səmərəli fəaliyyətinə xüsusi diqqət yetirilir.
Bu gün respublikanın aparıcı elm və təhsil, o cümlədən elmi-tədqiqat mərkəzləri həm Azərbaycan təhsilinin inkişafına, həm də səmərəli beynəlxalq əməkdaşlıq əlaqələrinə malik olmaqla ölkə təhsilinin beynəlxalq inteqrasiyasına fundamental töhfələr verirlər. Aparıcı təhsil müəssisələrindən məzun olan kadrlar cəmiyyətin ayrı-ayrı sahələrində, ictimai-sosial münasibətlər sistemində təmsil olunmaqla, eyni zamanda, idarəetmənin müasir prinsiplər və standartlar üzrə təşkilinə töhfə verməkdədirlər.
Ümumiyyətlə, Azərbaycanda iqtisadiyyatın inkişafı, informasiya və kommunikasiya texnologiyalarının genişlənməsi, yeni istehsal sahələrinin yaranması və təkmilləşməsi öz növbəsində yeni peşəkar kadrların hazırlanması zərurətini ortaya çıxarır. İstənilən sahənin inkişafında ixtisaslı kadrların hazırlıq səviyyəsi və fəaliyyəti həlledici əhəmiyyət daşıyır. Hər hansı sahədə irəliləyişin əldə olunması üçün ən vacib məsələlər maddi-texniki bazanın və savadlı, intellektual və peşəkar kadrların mövcudluğudur. Dolayısıyla, müasir elmi-texniki yeniliklərdən xəbərdar olan, iqtisadiyyatda idarəetmənin müasir metodlarına yiyələnən peşəkar kadrlara tələbat da artır. Bu çağırışlara müvafiq olaraq ölkədə kadr hazırlığına xidmət edən təhsil sahəsinə çox böyük diqqət ayrılır. Bu istiqamətdə görülən işlər başlıca olaraq təhsildə kəmiyyət və keyfiyyət dəyişikliklərinə yönəlib. Təhsil sektorunda gerçəkləşdirilən islahatlar təlim-tədris prosesinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verir. Bu baxımdan, aparıcı təhsil və elmi-tədqiqat müəssisələrinin fəaliyyəti müxtəlif sahələr üçün yararlı, yüksək səviyyəli kadr potensialının formalaşdırılması işinə də geniş imkanlar yaradır. Qeyd etdiyimiz kimi, bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yetişdirilməsi, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir.
Nurlan QƏLƏNDƏRLİ
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31