Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Şəmkir Aqroparkı” istehsalçı ilə istehlakçı arasında körpü rolunu oynayır

“Şəmkir Aqroparkı” istehsalçı ilə istehlakçı arasında körpü rolunu oynayır

08.09.2017 [10:11]

Aqroparkın Logistika Mərkəzi istehsalçını, sahibkarı məhsulu yetişdirdikdən sonra üzləşə biləcəyi itkilərdən sığortalamış olur
Artıq bir neçə ildir ki, hökm sürən qlobal maliyyə böhranı əksər ölkələri, hətta dünyanın aparıcı dövlətlərini çeşidli problemlərlə baş-başa qoyub. Lakin həmin ölkələrdən fərqli olaraq Azərbaycan böhranın meydana gətirdiyi ağır fəsadlardan yan dura bilib. Daha dəqiq desək, həyata keçirilən düşünülmüş siyasət, həmçinin bütün sahələri əhatə edən islahatlar nəticəsində ölkəmiz bu gün də öz inkişaf strategiyasını davam etdirir. Və dünyada bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə Azərbaycan perspektiv inkişafının mühüm istiqamətlərindən biri kimi məhz qeyri-neft sektorunu müəyyənləşdirib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bəyan etdiyi kimi, qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir.
Aqrar sektorun inkişafına göstərilən diqqət öz bəhrəsini verir
Bu məqamda bildirmək yerinə düşər ki, Azərbaycanda qeyri-neft sektorunun vacib bir qolu kimi kənd təsərrüfatının yeni yanaşmalar əsasında inkişafına xüsusi diqqət göstərilir. Ölkədə kənd təsərrüfatının inkişafının diqqət mərkəzində saxlanılması isə heç də təsadüfi deyil. Belə ki, Azərbaycanın bölgələrində aqrar sektorun böyük inkişaf potensialı var. Bir sıra sahələrdə ənənələri dirçəltməklə, əmək ehtiyatlarından, torpaqlardan daha səmərəli istifadə etməklə kənd təsərrüfatında iqtisadi aktivliyi, istehsal həcmlərini artırmaq mümkündür. Aqrar sektorun inkişafı, eyni zamanda, ciddi sosial əhəmiyyət daşıyır, regionlarda əhalinin məşğulluğunun təmin olunmasına müsbət təsir göstərir. Məlumdur ki, son illərdə ölkəmizdə işsizlik probleminin həlli üçün önəmli addımlar atılır və insanların məşğulluğu artır. Məşğulluq kimi ciddi sosial problemin həllinə həmçinin aqrar sektorun inkişafı müsbət təsir göstərir.
Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, ölkəmizdə aqrar sektorun inkişafına göstərilən diqqət artıq öz bəhrəsini verir. Cari ilin birinci yarısında bu sahədə 2,2 faiz artıma nail olunub ki, bu da kifayət qədər yaxşı göstəricidir. Digər tərəfdən, Azərbaycanın coğrafi-iqlim xüsusiyyətləri aqrar sektorda ixracın həcmini daha da artırmağa imkan verir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin regionlara son səfəri çərçivəsində keçirdiyi görüşlərdə xüsusi olaraq bildirilib ki, bundan sonra ölkəmizdə aqrar sektor elmi yanaşmalar əsasında inkişaf etdiriləcək. Qarşıda duran əsas vəzifə mövcud torpaq fondundan istifadə edərək məhsuldarlığı artırmaqdır. Bu baxımdan dövlət başçısının iştirakı ilə istifadəyə verilən Respublika Süni Mayalanma Mərkəzi, zona baytarlıq laboratoriyası, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi kimi yüksək təchizata malik yeni kənd təsərrüfatı müəssisələrinin önəmini xüsusi qeyd etmək lazımdır.
Ölkəmizdə aqrar sektorun inkişafına mühüm töhfələrdən biri də “Şəmkir Aqroparkı”dır
Əksər ekspertlərin də vurğuladıqları kimi, ölkəmizdə aqrar sektorun inkişafına mühüm töhfələrdən biri də Qərb regionunda fəaliyyət göstərən “Şəmkir Aqroparkı”dır. Xəbər verildiyi kimi, avqustun 20-də Prezident İlham Əliyev təməli 2014-cü ildə qoyulmuş “Şəmkir Aqropark” MMC-nin Logistika Mərkəzinin açılışında iştirak edib. Ekspertlərin qənaətinə görə, bu mərkəz öz texniki imkanları, yerli fermerlər üçün yaradılan şərait baxımından unikaldır. Aqroparkda keçirilən “Logistika Mərkəzinin təqdimatı və tanışlıq” adlı beynəlxalq konfrans isə fermerlərin və mütəxəssislərin məhz bu imkanlarla tanışlığı üçün gözəl bir imkan oldu.
Öz növbəsində sözügedən konfransın əhəmiyyətini yüksək qiymətləndirən “Şəmkir Aqropark” MMC-nin baş direktoru Qüdrət Seyfullayev bildirib ki, tədbirə qatılan ixracatçılar və fermerlər Logistika Mərkəzinin fəaliyyəti və imkanları ilə yaxından tanış olmaq imkanını əldə ediblər: “Logistika Mərkəzimiz, ümumiyyətlə, bütün regionda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən insanlarla əlaqənin, beləliklə də istehsalçı-emalçı-istehlakçı zəncirinin qurulması baxımından olduqca vacibdir. Eyni zamanda, Logistika Mərkəzi xüsusi brendlər altında ixrac coğrafiyasının genişləndirilməsi və stabil bazar prinsiplərinin həyata keçirilməsi üçün yaradılıb”.
Ümumi ərazisi 8604 hektar olan aqroparkın 8000 hektarının Ceyrançöl massivində, 604 hektarının isə Logistika Mərkəzinin ətrafında yerləşliyini deyən Q.Seyfullayev bildirib ki, aqroparkın fəaliyyətinin ikinci mərhələsində tara istehsalı və emal müəssisələrinin qurulması, innovasiyalar və elmi araşdırmalar mərkəzinin yaradılması, konsaltinq xidmətlərinin, aqrar aptekin fəaliyyətinin təşkil olunması nəzərdə tutulub: “Nəzərdə tutulmuş işlərin həyata keçirilməsi nəticədə aqroparkda tədarük və istehsal olunan məhsulların itkisiz və beynəlxalq standartlara uyğun olaraq həm daxili istehlakçıya, həm də xarici bazarlara çatdırılmasına əlverişli şərait yaradacaq”.
Logistika Mərkəzində laboratoriyanın fəaliyyət göstərdiyini deyən baş direktor qeyd edib ki, burada tədarük olunan məhsulun xarakteristikasını öyrənmək, onu analiz etmək və məhsulun saxlanması ilə bağlı rəy vermək mümkündür. Ofis, çeşidləmə zonası, qəbul və yükləmə terminalları, müvəqqəti saxlama kamerası kimi hissələrdən ibarət olan Logistika Mərkəzinin ümumi ərazisi 39 min kvadratmetrdir. Ümumilikdə Logistika Mərkəzində 24 min ton məhsulun 25 gündən 270 günədək saxlanması mümkündür. Bununla yanaşı, mərkəzdə irikalibrli məhsulların 50 ton/saat gücündə çeşidlənməsi üçün Fransanın “Maf Roda” şirkətindən avadanlıqlar alınıb və quraşdırılıb. Kalibri 39-110 millimetrədək olan məhsulların avtomat rejimdə çeşidlənməsi və qablaşdırılması mümkündür. Quraşdırılan xüsusi skanerlər məhsulun kalibrini, rəngini və defektin olub-olmamasını üzə çıxarmağa imkan verir. Bundan sonra məhsul paletlənir, ona ştrix-kod vurulur və ixraca hazır vəziyyətə gətirilir.
Q.Seyfullayevin sözlərinə görə, “Şəmkir Aqropark” MMC öz inkişaf strategiyasını iki mərhələyə bölüb. Birinci mərhələ Logistika Mərkəzinin yaradılmasından, “vahid pəncərə” sisteminin qurulmasından ibarətdir. Növbəti mərhələdə isə digər müəssisələrin yaradılması nəzərdə tutulub. Belə ki, planda tingçilik, şitilçilik, emal, istixana müəssisələrinin qurulması, meyvə qurudulması, konsentratların istehsalı ilə məşğul olan subyektlərin yaradılması var. Bu da son deyil. Aqropark istehsalçılar üçün konsaltinq xidmətlərinin verilməsini də planlaşdırır ki, bu da bir sıra problemlərin kökündən həllinə səbəb olacaq: “Bu, bizə nə verəcək? Bu gün kiçik təsərrüfatlar yetişdirmə prosesində müəyyən çətinliklərlə üzləşirlər. Konkretləşdirsək, aqronom, məsləhət, aqrotexnik xidmətlərinin təşkilində çətinliklər mövcuddur. Nəticədə məhsul nəzərdə tutulandan daha az olur. Biz isə aqropark olaraq bu xidmətləri verməklə, gələcək fəaliyyətimiz üçün geniş bir baza yaratmış oluruq. Başqa sözlə, regionda yetişdirilən məhsullar bilavasitə aqroparkın məhsuluna çevrilir. Yəni aqroparkımız bu məhsulları tədarük edir, beynəlxalq standartlara cavab verən avadanlıqlarla onların xarakteristikasına uyğun şəkildə çeşidləyir, müasir formada qablaşdırır və xarici bazarlara çıxarır”.
“Şəmkir Aqroparkı” ilə əməkdaşlıq edən şirkətlərin təmsilçiləri yaradılan şəraitdən razılıq edirlər
Öz növbəsində “Şəmkir Aqroparkı” ilə əməkdaşlıq edən şirkətlərin təmsilçiləri də bu qənaətdədirlər ki, aqroparkın fəaliyyəti ölkədə qeyri-neft sektorunun inkişafına böyük təkan verəcək. Məsələn, “AzAqro Market” şirkətinin nümayəndəsi Fərhad Məhərrəmov deyib ki, “Şəmkir Aqropark” MMC-nin fəaliyyətə başlaması nəinki Azərbaycan, ümumiyyətlə region üçün olduqca əhəmiyyətlidir: “Şirkət aqroparkla geniş şəkildə əməkdaşlıq edir və bu əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Ölkə hüdudlarından kənarda bir neçə layihə həyata keçirməyə hazırlaşan şirkətimiz bu baxımdan aqroparkdan ciddi dəstək gözləyir və gözləntilərin doğrulacağına şübhə etmir”.
Onun sözlərinə görə, “Şəmkir Aqroparkı” istehsalçı ilə istehlakçı arasında körpü rolunu oynayır: “Ən əsas üstünlüyü ondan ibarətdir ki, burada Logistika Mərkəzi fəaliyyət göstərir. Logistika Mərkəzi istehsalçını, sahibkarı məhsulu yetişdirdikdən sonra üzləşə biləcəyi itkilərdən sığortalamış olur. Sahibkar məhsulu Logistika Mərkəzinə təhvil verdiyi şəkildə Rusiyanın, Avropanın istənilən nöqtəsinə çatdıra bilər. İnanıram ki, aqroparkın geniş imkanları məşğulluğun artmasına, kənd təsərrüfatı sahəsinin inkişafına da səbəb olacaq”.
“Meyvə və tərəvəz ixrac əməliyyatları üzrə” QSC “Şəmkir Aqropark” MMC ilə əməkdaşlıqdan razıdır. Tərəflər arasında əməkdaşlıq memorandumu mövcuddur. Şirkət bütün məhsulları “Şəmkir Aqroparkı” vasitəsilə ixrac edir. Aqroparkda yaradılan şərait istənilən şirkətin fəaliyyətinə uyğunlaşdırılıb. Aqroparkın ən böyük üstünlüyü burada Logistika Mərkəzinin olmasıdır. “Bir pəncərə” sisteminin olması da əsas üstünlüklərdən biridir. Heç kəsə sirr deyil ki, Qafqaz regionunda “Şəmkir Aqroparkı”nın analoqu yoxdur”. Bunu isə “Meyvə və tərəvəz ixrac əməliyyatları üzrə” QSC-nin sədri Kahin Əsgərov deyib. Ölkəmizdə qeyri-neft sektorunun prioritet sahələrindən biri olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün dövlət tərəfindən yaradılan şəraitdən, bir sıra hüquqi aktların və Dövlət proqramlarının qəbul edilməsindən məmnunluğunu bildirən K.Əsgərovun sözlərinə görə, ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodların geniş tətbiqi ilə istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiyanın formalaşdırılmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılıb: “Şəmkir Aqropark” MMC-nin yaradılması bu cür addımların təzahürüdür. Öz növbəsində 2017-ci ilin may ayında yaradılan “Meyvə və tərəvəz ixrac əməliyyatları üzrə” QSC bu şəraitdən istifadə edərək 26164 ton tərəvəz və 6500 ton meyvə ixrac edib”.
“Shamkir Food Export” şirkətinin rəhbəri Tahir Hüseynov da bu qənaətdədir ki, aqroparkda yaradılmış şərait, xüsusilə də Logistika Mərkəzinin mövcudluğu regionda ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların işini xeyli asanlaşdırıb, əvvəllər müşahidə olunan bir sıra problemlərin həll edilməsinə səbəb olub: “Logistika Mərkəzinin, soyuducu anbarların, “bir pəncərə” sisteminin olması bir sıra vacib problemləri aradan qaldırıb. Ciddi vaxt və məhsul itkisinin qarşısı alınıb. Biz bu günlərdə 4 yük maşınımızı Rusiyaya yola saldıq. Sevindiricidir ki, yüklənmiş maşınların rəsmiləşdirilməsinə cəmi 5 dəqiqə vaxt sərf olundu”.
Sonda qeyd edək ki, gələcəkdə Logistika Mərkəzinin istehsal gücü artırılaraq, illik mal ixracı gücü 365 min tona çatdırılacaq. Bu isə xarici bazarlarda istənilən kvotanın yerinə yetirilməsinə geniş şərait yaradır.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 519 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31