Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı artacaq

İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı artacaq

22.06.2022 [11:00]

Meymunçiçəyinin öldürücülüyü yox dərəcəsindədir

“Məclisdən kənar” söhbətlər...

Günel Abbasla

Rubrikamızın budəfəki qonağı 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədlidir. M.Məmmədli uzun illər ölkəmizdə və Türkiyədə tibb sahəsində fəaliyyət göstərib. 2016-cı ildən Sumqayıt Şəhər Uşaq Xəstəxanasının baş həkimi kimi çalışıb. Hazırda Milli Məclisin Səhiyyə komitəsinin, Elm və təhsil komitəsinin üzvü, Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

- Sumqayıtın deputatı kimi fəaliyyətə başladığınız gündən şəhərdə hansı yeniliklərə imza atmısınız?

- Yeni Azərbaycan Partiyasından seçilmiş deputat kimi qarşımızda partiyanın siyasi kursunun yerli insanlara çatdırılması üçün bütün addımların səfərbər olunması istiqamətində fəaliyyətə başlamışıq. Fəaliyyət planına ilk olaraq daimi aktivlik, əhalinin bütün təbəqələri ilə sıx təmas və ölkə rəhbərliyinin siyasi kursunun kütləyə doğru şəkildə çatdırılması daxildir. İkinci istiqamət seçicilərimizin irəli sürdüyü fikirləri, gündəlik problemlərini müvafiq icra strukturlarının nəzərinə çatdırmaq, məişət, iş, sağlamlıq problemlərinin həllində köməklik göstərməkdən ibarətdir. Bu istiqamətdə deputatı olduğum Sumqayıtda kifayət qədər addımlar atmağa və onları gerçəkləşdirməyə çalışdıq.

İcbari Tibbi Sığortanın tətbiq olunmasından sonra həm maddi texniki bazanın yaxşılaşdırılması, həm də uzun müddət Sumqayıt uşaq xəstəxanasının təchizatının yüksək səviyyəyə çatdırılması istiqamətində addımlar atdıq. Yerli təhsil orqanları ilə təhsildə çevik addımların atılması istiqamətində layihələr irəli sürdük və həyata keçirdik. Xüsusən pandemiya dövründə maddi vəziyyəti aşağı olan insanların aşkarlanması, onların problemlərinin müvafiq təşkilatların nəzərinə çatdırılması istiqamətində işlər gördük. Əhalinin məşğulluq problemi ilə əlaqədar Dövlət Məşğulluq Agentliyi və Sumqayıt regional şöbəsi ilə əməkdaşlıq qurduq. Nəticədə işsiz əhalinin Agentlik vasitəsilə digər özəl strukturlarda yerləşdirilməsini təmin etdik. Bununla bağlı kifayət qədər statistik məlumatlarımız da mövcuddur. Son illərdə Sumqayıt şəhərində abadlaşdırma işlərinə ehtiyacı olan ərazilərdə quruculuq işləri aparılıb. Hazırda Sumqayıt abad küçələri, məhəllələri ilə göz oxşayır. Bununla yanaşı, məişət tullantıları problemi ilə bağlı şəxsən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Baş nazirə müraciət etmişəm. Eləcə də 44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərimizin, əsgərlərimizin dəfnində iştirak etmiş, ailələrinin problemləri ilə mütəmadi məşğul olmuş, onlara mənəvi dəstək göstərmişəm.

- Sumqayıtda hələ də həllini tapmayan problem nədir?

- Gənclik şəhəri Sumqayıtda gənclərin sayı çoxdur. Ona görə də burada gənclərin işlə təminatı məsələsi də aktualdır. Digər məsələlər əlilliklə bağlı problemlərin həll olunması, daxili məhəllələrin abadlaşdırılması, narkomaniya ilə mübarizənin aparılmasından ibarətdir. Digər bir məsələ Hacı Zeynalabdin, Yeni Yaşma ərazilərində və Xızı bölgəsində gənclərin asudə vaxtının təmin olunması, idman qurğularının tikilməsidir.

- Xızının inkişafı üçün hansı addımların atılmasında iştirak etmisiniz?

- Xızı rayonunda turizm potensialının inkişaf etdirilməsi ətrafında çoxsaylı müraciətlər etmişik. Bu sahədə qaldırılan məsələlər nəticəsində cənab Prezidentin sərəncamı ilə Şorabad yolunun yenidən qurulması həyata keçirildi, Qarabulaq kəndinə yol çəkildi. Bəzi məktəblərin durumunda problemlər var idi, bununla əlaqədar Türkəbad kəndində modul tipli məktəb quraşdırıldı. Bu da həmin kəndin əhalisinin daha komfort şəkildə təhsil almasına şərait yaratdı. 

- Xızıda xüsusuilə susuzluqla bağlı problemlər aktualdır...

- Dünyada son illər susuzluq və quraqlıq problemləri mövcuddur. Bu məsələ Xızı rayonunda bir qədər də qabarıq idi, biz də müraciətləri nəzərə alaraq problemlə əlaqədar su təsərrüfatı idarəsinə müraciət etdik. Orada kanalların daha intensiv istifadəsi, müəyyən infrastrukturun yenilənməsi hesabına irəliləyiş əldə etdik. Hazırda Şabran istiqamətində dəryaçalarda müəyyən yönləndirilmələrin olması ilə bağlı müraciətlərimizi də etmişik, nəticələrini gözləyirik.

- Seçicilərinizin hansı problemlərini həll etmisiniz?

- Seçicilərin Yeni Yaşmada ictimai nəqliyyat problemlərinin həllinə, fermer təsərrüfatlarının yaxşılaşdırılmasına nail olmuşuq. Hacı Zeynalabdin qəsəbəsi istiqamətində kanalizasiya və internet probleminin həll olunmasına dair işlər görmüşük. Sumqayıt səhiyyəsinin istifadəsinə yeni təcili tibbi yardım avtomobillərinin verilməsinə, bir neçə səhiyyə müəssisəsinə yeni avadanlıqların gətirilməsinə nail olmuşuq. Sumqayıt şəhər uşaq xəstəxanasında mərkəzi üçüncü səviyyəli laboratoriyanın qurulması üçün TƏBİB rəhbərliyinə müraciət etdik və burada da uğurlu nəticə qazandıq.

- Sizcə, seçiciləriniz sizdən razıdırmı?

- Çalışıram ki, onlar fəaliyyətimdən razı qalsınlar. Müraciətlərin hər biri cavablanır, problemlərin həllinin isə 70-80%-in üstündə olmasına çalışırıq.

- Deyəsən, Xızıya tez-tez səfər etmirsiniz?

- Xızıda qismən az oluram. Bunu aradan qaldırmaq üçün əlimdən gələni edəcəyəm. Burada əsas məsələ ondan ibarətdir ki, Xızıda məskunlaşma az və dağınıqdır. Xızının kəndlərinin əksəriyyətində dəfələrlə görüşlər keçirmişik. Bir neçə kəndlərdə ev-ev görüşlər keçirmişik, ancaq görünür bu cür görüşlərin sayını artırmalıyıq.

- Həm Bakıda, həm Sumqayıtda fəaliyyət göstərmək yəqin çox vaxtınızı alır, seçicilərlə görüşlərə yetərincə vaxt ayıra bilirsinizmi?

- Sumqayıtda səhiyyə ilə bağlı mühüm işlərdə iştirak edirəm. Həftənin iki gününü isə seçicilərlə görüşlərə həsr edirik. Bundan əlavə gün ərzində də seçicilərin müxtəlif problemlərini həll etməli oluruq. Onu deyim ki, seçicilərin gün ərzində ünvanladığı müraciətlərin çoxu həkimlik fəaliyyətimlə bağlıdır. Ancaq insanları geri çevirməmək üçün bu problemləri də həll edirəm. Çünki bizim deputat kimi öhdəliyimiz yerindən, mövzusundan asılı olmayaraq vətəndaşlarla işləmək, onların problemlərini həll etməkdir.

- İcbari Tibbi Sığorta paketinə daxil olan xəstəliklərin siyahısının artırılması planlaşdırılırmı?

- İcbari Tibbi Sığortanın xidmətlər zərfinə aid edilən xəstəliklərin sayı artırılacaq. Hədəfimiz bütün xəstəliklərin xidmətlər zərfinə daxil edilməsidir. Bu hədəfə çatmaq üçün maliyyə yükü və sığorta fondunun vəsaitləri kifayət qədər artmalıdır. Siyahıya ilk olaraq orqan transplantasiyası, uşaq patologiyasında olan bəzi məsələlər, onkoloji xəstəliklər və stomatoloji xidmətlərin əlavə edilməsi nəzərdə tutulur.

- Meymunçiçəyi xəstəliyi haqqında müxtəlif fikirlər dolaşır. Çoxları virusun uşaqlara təsir edəcəyini deyir. Bu məsələ barədə nə deyə bilərsiniz, virusun ölkəmizə gəldiyi halda hansı tədbirlər görülməlidir?

- Bu xəstəliyin öldürücülük səviyyəsi yox dərəcəsindədir. Bu xəstəlikdən yalnız immun sistemi sıradan çıxmış insanlar narahat ola bilərlər. Belə xəstəliklər, hətta koronavirus kimi pandemiyalar bütün zamanlarda olub. Sadəcə, indi sosial şəbəkələr vasitəsilə məsələlər başqa rakursa gətirilir. Ancaq narahat olmağa dəyməz, hazırda ölkədə epidemioloji vəziyyət tam nəzarət altındadır. Hətta meymunçiçəyi xəstəliyi aşkar olunsa belə, narahat olmağa əsas yoxdur. Dünyada bu xəstəliyə yoluxmanın çox aşağı olduğunu nəzərə alaraq deyə bilərəm ki, ciddi bir panikaya ehtiyac yoxdur. Sadəcə, qida rasionumuza, yuxu rejimimizə, fiziki sağlamlığımıza diqqət yetirərək həyatımıza davam etməliyik. Bunu özümüzə əlavə dərd edərək sinir sistemimizi yormamalıyıq. Çünki dövlət bütün halları nəzərə alaraq səhiyyə sistemini tam hazır vəziyyətdə saxlayır.

- Bütün illərdə mövsümi xəstəliklər olub. Ancaq son illər kütləvi yayılan virusların sayı daha da artıb. Bunun əsas səbəbini nədə görürsünüz?

- Təbii ki, qidalanmanın da bu proseslərə öz təsiri var. Ancaq illər keçdikcə insanın həyat tərzinin dəyişməsi də bu cür xəstəliklərin artmasına rəvac verir. Çünki insanın həyatı qidalanma və hərəkətdən ibarətdir. İndiki zamanda isə süni vasitələr hesabına qida bolluğu yaradılıb. Hərəkətlilik isə olduqca aşağı düşüb. Bu da arterial təzyiq, kardioloji və sinir xəstəliklərini özü ilə bərabər gətirir. Xüsusilə meqapolislərdə yaşayan adamlar bu cür xəstəliklərin daha çox təsirində olurlar.

- Koronavirusun statistikasında artım müşahidə olunur. İnsanların yenidən kütləvi şəkildə

- Koronavirus artıq mövsümi xəstəliyə çevrilir, bu virusa yoluxanlar da xəstəliyi mövsümi xəstəlik kimi keçirir. Hazırda qripin artıb azalması hansı narahatlıq yaradırsa, koronavirus da bu istiqamətə doğru gedir. Qısacası bu barədə çox dərin düşünməyə ehtiyac yoxdur. Səhiyyə işçisi kimi deyə bilərəm ki, bundan sonra xəstəliyə yoluxanların sayının artması karantinin sərtləşdirilməsi ilə nəticələnməyəcək.

- Bir müddət əvvəl parlamentdə sosial şəbəkələrə nəzarət ilə bağlı müzakirələr gedirdi. Ancaq sonradan bu müzakirələr dayandırıldı. Hazırkı vəziyyətdə sosial şəbəkələrin cəmiyyətə gətirdiyi şərait məlumdur. Bu məsələlər Milli Məclisdə yenidən müzakirə oluna bilərmi?

-  İstənilən prosesi məhdudlaşdıraraq qarşısını almaq doğru deyil. İnsanları məhdudlaşdırdıqca həmin istiqamətə daha çox can atacaqlar. Bunun yerinə həmin vəziyyətlə mübarizə üsullarını tapmalıyıq. Gənclərimizi sosial şəbəkələrdə manipulyasiyadan qorumaq üçün dayanıqlı olmağa öyrətməliyik.

- Təhsil komitəsinin üzvü kimi təhsil sahəsində aparılan islahatları necə qiymətləndirirsiniz, bu sahədə hansı əskiklər var?

- İslahatların aparılmasının özü elə bir növ nəticədir. Ancaq bu islahatların qarşılığında hansısa dəyişiklik yoxdursa, bunun özü də nəticədir. Deməli istiqaməti dəyişmək lazımdır. Əgər biz dünya çağırışlarına cavab verən Azərbaycan istəyiriksə, islahatların sayını artırmalıyıq. Hansı ölkələrdə uğurlu təhsil modeli varsa, bunu Azərbaycan sisteminə uyğunlaşdırmalıyıq. Bununla yanaşı, məktəb idarəetməsindəki bəzi problemləri aradan qaldırmalıyıq. İdarəetmədə bu sahədə çalışmış bilgili gənclərimizdən istifadə etməliyik.

Təhsillə bağlı son illər atılan müsbət addımlardan birini xüsusi qeyd etmək istərdim. Təhsil Tələbə Kredit Fondunun yaradılması olduqca mütərəqqi bir addımdır. Bir neçə tədbirdə bu işlərlə birbaşa məşğul olan şəxslərlə görüşlərimiz olub. Açığı prosesdən razı qalmışıq. Çatışmazlıqlara gəldikdə isə son zamanlar kurikulumla bağlı iradların ortaya çıxdığının, əzbərçiliyin fəsadlarının şahidi oluruq. Deməli, bu məsələlərin də tənzimlənməsinə ehtiyac var. Bundan əlavə hazırda repetitorluğa həddindən artıq yönəlmə müşahidə edilir. Bu halların qarşısı alınmalıdır. Digər bir məsələ isə məktəblərdə hazırda qadın pedaqoqların daha çox olmasıdır, burada artıq gender balansının pozulduğunun şahidi oluruq. Görünən odur ki, bu sahəyə də tənzimləmələr gətirilməlidir. Müəllimlərin iqtisadi vəziyyəti yaxşılaşdırılmalıdır ki, kişi pedaqoqların da sayı artsın.

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

28 İyun 10:14

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

28 İyun 09:21

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30