Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nuhun vətənində 10 gün

Nuhun vətənində 10 gün

10.09.2011 [10:41]

Və ya bu gün öz inkişafına və özəlliklərinə görə fərqlənən Naxçıvanda nələr gördüm?
Azərbaycanın bu qədim və möhtəşəm diyarı haqqında məlumatları hələ orta məktəbdə oxuyarkən kitablardan əldə etmişdim. Düzdür, o zamanlar dərslik kitablarında Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR) kimi adı keçən bu diyarın Azərbaycan tarixindəki müstəsna rolu barədə isə heç bir məlumata malik deyildim. çünki sovet məktəblərində bu barədə dərin bilgi verilmirdi. Lakin 9-cu sinifdə oxuduğum “Əlincə qalası” və “Qılınc və qələm” kimi kitablar Naxçıvanın gerçək tarixi haqqında məndə dolğun təəssürat oyatdı. Elə o zamandan da məndə bu diyara getmək arzusu baş qaldırdı. Ancaq bu arzum yalnız 22 il sonra reallaşdı. Kim bilir, bəlkə də qızım Şəmsiyyənin müalicəsi üçün həkimlər “Duzdağ” Fizioterapiya Mərkəzini istinad göstərməsəydilər, hazırda sözün həqiqi mənasında NƏQŞİ-CAHAN olan bu diyara hələ neçə illər sonra yolum düşəcəkdi.
Dağlar qoynunda diyar
Beləliklə, avqustun 22-də saat 14:00-da Bakıdan, Heydər Əliyev Beynəlxalq Aeroportundan istiqamət götürən təyyarə 55 dəqiqə sonra Naxçıvan hava limanına eniş etdi. Lazımi prosedurlardan keçdikdən və yükümüzü aldıqdan sonra bizi qarşılamağa gəlmiş Əsgərlə birlikdə dörd bir tərəfdən dağlarla əhatə olunmuş Naxçıvan şəhərinə doğru istiqamət aldıq. Bu sırada onu qeyd etmək yerinə düşər ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada qədim dövrlərin yadigarı olan təbiət və tarixi abidələr - Mömünə xatun, Qarabağlar, Yusif Küseyir oğlu, Gülüstan türbələri, əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, nalbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı yaşayış yeri - Gəmiqaya, Kilit mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə Qalası, möhtəşəmliyi ilə seçilən İlandağ, misilsiz təbiət abidələri olan Babək qalası, Göy-göl və yüzlərlə sənət əsərləri Naxçıvan diyarının analoqu olmayan turizm potensialıdır. Həmçinin, ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu Muxtar Respublikada turizmin inkişafı üçün geniş imkanlar yaradır. Naxçıvan, eyni zamanda, müqəddəs ziyarətgahların olduğu yer kimi də tanınır. Buradakı “Əshabi-Kəhf” ziyarətgahının adı isə dünyada məşhurdur. Bu barədə bir qədər sonra.
13 ildən sonra yenidən bir arada
Yeri gəlmişkən, Naxçıvanda qaldığımız günlərdə imkan daxilində bu diyarın tarixi abidələri ilə yaxından tanış olmağa çalışdıq. 1186-cı ildə Əcəmi Naxçıvani tərəfindən Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin xanımı Mömünə xatunun şərəfinə ucaldılmış Mömünə Xatun türbəsinə, xalq arasında Atababa türbəsi kimi də adlanan 1162-ci ildə memar Əcəmi Naxçıvani tərəfindən tikildiyi güman edilən Yusif Küseyir oğlu türbəsinə, Nuh peyğəmbərin məzarüstü abidəsinə və Hüseyn Cavid məqbərəsinə baş çəkə bildik.
Təbii ki, bu işdə də bizə sonuncu dəfə 13 il əvvəl görüşdüyüm tələbə yoldaşımız Elyar Qasımov yaxından dəstək oldu. Elyar müəllim bizə nəinki Naxçıvandakı tarixi-mədəniyyət abidələri, eyni zamanda, şəhərdə aparılan quruculuq-abadlıq işləri barədə də əyani şəkildə ətraflı məlumat verdi. Məlum oldu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da uğurla icra edilir. Hər halda yenidən qurulduqdan sonra yaraşıqlı görkəm almış Heydər Əliyev Muzeyini, onun qarşısında ucalan ümummilli liderimizin əzəmətli heykəlini, Ulu öndərimizin adını daşıyan Uşaq və Gənclər Yaradıcılıq Mərkəzini, çeşidli nazirlik, idarə və təşkilatların, həmçinin, mədəniyyət, təhsil və səhiyyə ocaqlarının göz oxşayan və müasir standartlara cavab verən binalarını, muzey və kitabxanaları, istirahət parklarını, təkcə yaşlı nəslin deyil, eyni zamanda, gənclərin və uşaqların asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraiti gördükdə buna bir daha əmin olduq. Yerli sakinlərin sözlərinə görə, bu inkişaf və tərəqqi təkcə Muxtar Respublikanın mərkəzində deyil, ucqar kənd və qəsəbələrdə də müşahidə edilir. Belə ki, ayrı-ayrı qəsəbə və kəndlərdə dünya standartlarına uyğun şəkildə uşaq bağçaları və məktəblər, həmçinin, səhiyyə və mədəniyyət ocaqları tikilərək naxçıvanlıların ixtiyarına verilib.
Yeri gəlmişkən, Muxtar Respublikada quruculuq və abadlıq işləri bu gün də davam edir. Belə ki, Muxtar Respublikanın Ali Məclis sədrinin xüsusi diqqəti və himayədarlığı sayəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında əsaslı təmir və yenidənqurma işləri aparılır. Eyni zamanda, hazırda şəhərin su-kanalizasiya xətlərinin yenidənqurulması istiqamətində qızğın iş gedir.
Uşaq və gənclər üçün lazımi şərait yaradılıb
Bu sırada bir vacib məqamı qeyd etmədən keçmək olmaz. Bu da ölkənin hər yerində olduğu kimi, Muxtar Respublikada da uşaq və gənclər üçün lazımi şəraitin yaradılması ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında həyata keçirilən işlər nəticəsində hazırda nəinki Muxtar Respublikanın mərkəzində, hətta ucqar kənd və qəsəbələrdə belə müasir standartlara uyğun bağça, məktəb və idman mərkəzləri tikilərək istifadəyə verilib. Naxçıvan gənclərinin fəal nümayəndələrindən biri İrfan İsgəndərovun qeyd etdiyi kimi, bütün bunlar əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, həmçinin, gələcək nəslin daha sağlam və savadlı böyüməsi üçün nəzərdə tutulan dövlət siyasətinin Muxtar Respublikada da uğurla həyata keçirildiyini deməyə əsas verir. Təbii ki, naxçıvanlı gənclər də onlara göstərilən bu etimadı doğrultmaq, yaradılan bu şəraitə uyğun olaraq müxtəlif sahələrdə uğurlar qazanmaq üçün var gücləri ilə çalışırlar. Bunu Muxtar Respublika gənclərinin ayrı-ayrı beynəlxalq bilik və idman yarışlarında əldə etdikləri çoxsaylı qələbələr də təsdiqləyir.
Rifah, səliqə-səhman və inkişaf
Naxçıvanda, eyni zamanda, xüsusi bir səliqə-səhmanın, gözəlliyin və ən əsası rifahın olduğunu müşahidə etdik. Bu gün təmiz və yaraşıqlı küçələri (onu da deyim ki, kommunal təsərrüfat idarəsinin əməkdaşları nəinki mərkəzi küçələrdə, həmçinin, kənar qəsəbələrdə belə təmizliyin qorunması üçün gecə-gündüz çalışırlar), xüsusi səliqə ilə tikilmiş binaları ilə göz oxşayan Naxçıvanda vətəndaşların təhlükəsiz və sakit həyat sürməsi üçün lazım olan bütün addımlar atılıb. İstər yerli sakinlər, istərsə də Muxtar Respublikaya gələn qonaqlar burada özlərini tamamilə təhlükəsiz və sərbəst hiss edirlər.
Mübaliğəsiz demək olar ki, hazırda Naxçıvanda bəzi Avropa ölkələrinin həsəd apara biləcəkləri sabitlik və inkişaf var. Və görünür Naxçıvanın, ümumilikdə isə Azərbaycanın inkişaf və sabitlik şəraitində addımlaması bəzi xarici qüvvələri ciddi şəkildə narahat etməkdədir. Hər halda Muxtar Respublikada cəmi bir neçə gün qalmaq hansısa xarici qüvvələrin ara-sıra Naxçıvanda guya insanların təhlükəsiz yaşaması üçün lazımi şəraitin olmaması haqqında bəyanat və hesabatlarının qərəzli olduğunu deməyə kifayət edir.
Naxçıvanda yüksək sürücü mədəniyyəti
Naxçıvan Muxtar Respublikasında insanların rifah halının daha da yaxşılaşdırılması, onlara keyfiyyətli xidmət göstərilməsi istiqamətində atılan addımlar özünü nəqliyyat sahəsində də qabarıq şəkildə göstərir. Belə ki, şəhərdə bütün istiqamətlər üzrə hərəkət edən müasir tipli avtobuslar və Naxçıvanda istehsal edilən “Lifan Naz” adlı taksilər sərnişinlərin ixtiyarına verilib. Həmin avtobusların və taksilərin vahid formada olan, sərnişinlərlə xüsusi nəzakətlə davranan, gülərüzlü sürücüləri isə vətəndaşların mənzil başına təhlükəsiz çatdırılması üçün üzərlərinə düşən məsuliyyətin böyüklüyünü gözəl anlayırlar.
Düzü, Naxçıvanda olduğumuz müddətdə mən hansısa taksi sürücüsünün müştərini qiymətdə aldatmağa çalışdığının, yaxud da hansısa avtobus sürücüsünün səs-küylü, əl-qollu hərəkətinin şahidi olmadım. Eyni zamanda, Naxçıvandakı avtobuslarda “Əgər sürücü təhlükəli sürərsə, dayanacaqdan kənar saxlayarsa, siqaret çəkərsə aşağıdakı telefon nömrələrinə zəng edin” kimi elan tipli yazılara da rast gəlmədim. çünki naxçıvanlı sürücülər öz vəzifələrinin nədən ibarət olduğunu gözəl bilirlər. Məhz bunun nəticəsidir ki, Naxçıvanda avtobusların bir-biri ilə “interval savaşının”, sürücülərin sərnişinlərin israrlı etirazlarına baxmayaraq siqaret tüstülətməsinin şahidi olmadım. Bu isə Naxçıvanda yüksək sürücü mədəniyyətinin olduğundan xəbər verir.
Qonaqpərvər naxçıvanlılar
Təbii ki, sadalanan bu müsbət amillərin üzərinə naxçıvanlıların qonaqpərvər olmasını də əlavə etmək yerinə düşər. Hər halda Naxçıvanda bircə gün belə olmaq imkanı qazanan hər kəs yaxşı bilir ki, Muxtar Respublikanın əhalisi bu diyara xoş niyyətlə gələn hər bir kəsi xüsusi qonaqpərvərliklə qarşılayır. Bu diyarda olduğumuz günlər ərzində bizə də həmin qonaqpərvərliyin şirinliyini dadmaq nəsib oldu. Hər halda evində qonaq qaldığımız Rəşadət dayının ailəsi ilə yanaşı, bizim ora qonaq gəldiyimizi bilən Əliabad qəsəbəsinin sakinləri, həmçinin, xırda alış-veriş və gəzinti üçün şəhərə çıxan zaman təsadüfən söhbət etdiyimiz hər bir naxçıvanlının bizə necə istiqanlı, xoşrəftarlı yanaşması belə deməyə əsas verirdi. Naxçıvanlılar qonaq üçün əllərindən gələni etməkdən usanmır, burada hər kəs qonaq üçün nəsə bir şey etməyə çalışır.
Naxçıvandakı müqəddəs ocaq- “Əshabi-Kəhf” mağarası
Naxçıvana gedib, “Əshabi-Kəhf” mağarasını ziyarət etməmək mümkün deyil. Buna görə də, sıx müalicə qrafikinə baxmayaraq bu müqəddəs ocağı ziyarət etdik. “Əshabi-Kəhf” Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgahdır. “Əshabi-Kəhf” neçə yüzilliklərdir müqəddəs ocaq sayılır. Hətta Sovet hökumətinin qadağaları da insanları ona pənah aparmaqdan çəkindirməyib. El arasında deyirlər ki, “Əshabi-Kəhf”i 7 il dalbadal ziyarət etmək Kərbala, hətta Həcc ziyarətinə bərabərdir. Yəni, həmin ziyarətgahlara gedə bilməyənlər “Əshabi-Kəhf”də olmaqla savaba çata bilər. Ziyarətə daha çox ailəvi gediş məqbul hesab olunur. Ziyarət üçün heç bir yaş məhdudiyyəti qoyulmur.
Əshabi-kəhf ərəb dilində “mağara adamları” deməkdir. Eyniadlı yerin Kiçik Asiya və ya Fələstin ərazisində olması haqqında qədim dini ədəbiyyatlarda, o cümlədən, “Qurani-Kərim”də də məlumat var. “Qurani-Kərim”in “Kəhf” (“Mağara”) surəsində əksini tapmış əfsanəyə görə, Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizləniblər. Allah onları yatırdıb, bir neçə yüz ildən sonra oyadıb, lakin gənclər oyandıqda özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya gediblər. Naxçıvan ərazisində yayılmış əfsanə də təqribən eyni məzmunludur.
“Qurani-Kərim”in 18-ci surə, 17-ci ayəsində deyilir: “Baxsaydın, günəşin mağaranın sağ tərəfindən doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin...”.
Adətən mağaranın içərisinə girəcəkdən baxarkən, yəni girişdən sağ və sol nəzərdə tutulur, məhz Naxçıvandakı “Əshabi-Kəhf”də içəri girən (baxan) adamın sağı (bu nisbətdə mağaranın sağ tərəfi) gündoğana düşür.
Məlum olduğu kimi, ümummilli liderimiz Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində xalqımızın dininə, inanclarına hörmət bəsləyib və müqəddəs yerlərə qayğı göstərib. Bu qayğı, müstəqillik dövrümüzdə də davam edib. Ulu öndərin 1998-ci ildə “Əshabi-Kəhf” ziyarətgahının abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verməsi, xalqımızın dininə və tarixinə göstərilən qayğının bariz nümunəsidir. Bu gün “Əshabi-Kəhf” tarixi abidəsi və ziyarətgahı yenidən qurulub, burada məscid tikilib, yol çəkilib, zəvvarlar üçün hər cür şərait yaradılıb. Son illərdə “Əshabi-Kəhf”də iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işləri daha da genişləndirilib, ziyarətgahda köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz olunub.
Muxtar Respublika mətbuatı
Düzü, bir jurnalist olaraq Naxçıvan Muxtar Respublikasında KİV-in fəaliyyəti ilə də maraqlanmağı özümə borc bildim. Məlum oldu ki, Naxçıvan Muxtar Respublikasının ilk mətbuat orqanı Muxtar Respublikanın Ali Məclisinin və Nazirlər Kabinetinin mətbu orqanı olan “Şərq qapısı” (1921) qəzetidir. Eyni zamanda, yerli rayon və şəhər icra hakimiyyətlərinin orqanları olan “Nuh yurdu” (Naxçıvan şəhəri), “Şərurun səsi” (Şərur), “El həyatı” (Ordubad), “Şərqin səhəri” (Babək), “Arazın səsi” (Culfa), “Oğuz səsi” (Şahbuz), “Oğuz yurdu” (Sədərək), “Yeni həyat” (Kəngərli) qəzetləri də nəşr edilir. Muxtar Respublika mətbuatı diyarın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatını işıqlandıraraq onun tərəqqisində əhəmiyyətli rol oynayır.
Həmçinin, Muxtar Respublikada “Naxçıvan”, “Naqşıcahan”, Naxçıvan Dövlət Universitetinin və AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalları yayımlanır. Bu jurnallarda əsasən Naxçıvan diyarının tarixi, Muxtar Respublikanın ictimai-siyasi həyatı, iqtisadiyyatı, elm, mədəniyyət, ədəbiyyat və incəsənəti, görkəmli şəxsiyyətləri haqqında tədqiqatların nəticələrinə, habelə texniki elmlərə dair məqalələr dərc edilir.
Naxçıvan Muxtar Respublikasında radio verilişlərinə 1926-cı ildən, yerli radio verilişlərinə isə 1930-cu ildən başlanıb. 1963-cü ildən televiziya mərkəzi işə salınıb. Həmin ildə Muxtar Respublika Nazirlər Sovetinin qərarı ilə yerli radionun bazasında Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsi yaradılıb. Komitə fəaliyyət göstərdiyi dövrdə Muxtar Respublikanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatının işıqlandırılmasında mühüm rol oynayıb, xüsusilə, 1988-90-cı illərdə informasiya blokadasını yararaq, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırıb. Komitə bu gün də müstəqillik və demokratik inkişaf yolu seçmiş Azərbaycan Respublikasının, o cümlədən, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının bu yolda inamla irəliləyişinə layiqli töhfəsini verməkdədir.
2004-cü ildə Naxçıvan televiziyasının və radiosunun müstəqil kanalda yayımlanması təmin olunub. Hazırda televiziya ilə 14 saat rəngarəng yerli proqramlar təqdim olunmaqdadır. Komitənin maddi-texniki bazası daim yeniləşməkdə və müasirləşməkdədir. Muxtar Respublikada dövlət televiziya və radioları ilə yanaşı 1 özəl televiziya kanalı (Kanal 35) və 1 özəl radio (Naxçıvanın səsi) yayımlanır. Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin (NDU) jurnalistika fakültəsində kadrlar hazırlanmaqdadır. 2005-ci ildən NDU nəzdində fəaliyyət göstərən kabel televiziyası ixtisaslarını praktik cəhətdən mükəmməl öyrənmələri üçün jurnalistika fakültəsinin tələbələrinin ixtiyarına verilib.
Son söz əvəzi
Təbii ki, bu qısa səfər ərzində Muxtar Respublikada görmək istədiyim, lakin vaxt darlığı ucbatından görə bilmədiyim yerlər də oldu. ümid edirəm ki, bir sonrakı səfərlərdə mənə Batabat gölünü, Şərur rayonunu, xüsusilə, Qarxun kəndini (ulu babalarımın bir zamanlar oradan Yevlax rayonunun Qarxun kəndinə köç etdikləri deyilir-N.A), həmçinin, digər tarixi yerləri də görmək xoşbəxtliyi nəsib olacaq. Amma bütün hallarda xoşbəxtəm ki, bu dahilər yurdunu, hazırda müasir Azərbaycan Respublikasının dövlət bayrağı olan üçrəngli bayrağımızın 1918-ci ildən sonra ilk dəfə rəsmi olaraq dalğalandığı bir diyarı, ən nəhayət, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə sovetlərin varlığına ilk dəfə rəsmi şəkildə son qoyulduğu bir məkanı görə bildim.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1478 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30