Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / ABŞ prezidentinin Kiyevə gözlənilməz səfəri

ABŞ prezidentinin Kiyevə gözlənilməz səfəri

22.02.2023 [10:59]

Bayden - -Zelenski görüşünün pərdəarxası...

Xəbər verildiyi kimi, ABŞ Prezidenti Cozef Bayden fevralın 20-də gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib. Ağ Ev rəhbərinin Rusiya-Ukrayna müharibəsinin bir illiyi ərəfəsindəki bu səfəri rəsmi Kiyevə dəstək nümayişi olmaqla yanaşı, bir sıra məqamlardan xəbər verir. Bəzi siyasi ekspertlərin fikrincə, bu səfər Ukrayna üçün böyük siyasi və mənəvi dəstək yükü daşıyacaq. Avropanın Ukrayna-Rusiya müharibəsinə münasibətdə loyal davranışları məhz bu səfərlə köklü dəyişikliklərə məruz qala bilər.

Həyəcan siqnalı altında görüş - Vaşinqton yeni müharibə anonsu verir

Qeyd edək ki, Prezident Zelenski ABŞ Prezidenti Co Bayden ilə birgə Kiyevdəki Mixaylovsk kilsəsinə baş çəkib və Ukraynanın müdafiəsi uğrunda həlak olanların xatirəsini yad edib. Həmin vaxt isə Kiyevdə hava həyəcanı siqnalları verilməyə başlayıb. Bu, Rusiya hərbi təyyarələrinin Belarus ərazisində, yaxud Rusiyanın Ukrayna ilə sərhəd zonalarında havaya qalxması ilə əlqələndirilib. Xatırladaq ki, bu səfər Baydenin ABŞ Prezidenti statusunda Ukraynaya ilk səfəri kimi tarixə düşüb və Ukrayna paytaxtının demək olar hər həftə raket zərbələrinə məruz qalması fonunda baş verib. Ağ ev rəhbərinin bu kimi təhlükələrə baxmayaraq Kiyevə gəlməsi isə proseslərin yenidən alovlanacağı ilə əlaqələndirilir.

Baydendən Avropaya ismarıc - ABŞ Ukrayna ilə bir yerdədir

Prezident Bayden Ukrayna səfəri zamanı mühüm mesajları ilə də yadda qalıb. O bildirib ki, Ukrayna bütün gözləntilərin əksinə olaraq, müharibədə uğur qazandı. Prezident Bayden əlavə edib ki, Ukrayna mütləq qalib gələcək: “Bu, əsrin dörddəüçü ərzində Avropada baş verən ən böyük müharibədir. Əminəm ki, Ukrayna qalib gələcək”.

Əslində ABŞ Prezidentinin bu fikirləri həm də müttəfiqlərinə çağrış kimi qəbul edilir. O baxımdan ki, son aylarda Ukraynaya münasibətdə fərqli düşüncələr səsləndirən bəzi Avropa ölkələri hətta ABŞ-ın Kiyevi artıq əvvəlki kimi dəstəkləmədiyini “düşünürdü”. Son dövrlərdə Avropa məkanının Rusiya ilə iqtisadi münasibətlərin yeni mərhələsi haqqında fikirlər səsləndirməsinin də əsasında bu faktor dayanırdı. Bayden bu səfəri ilə həmin təhlükəli fikirləri alt-üst etdi və Rusiyaya qarşı yeni təmərküzləşmə formalaşdırdı. Artıq Avropa ABŞ-ın Rusiyaya qarşı mübarizəsində cızdığı çərçivədən kənara addım atmaqdan çəkinəcək...

Bu dəfəki yardım 500 milyon dollar - Kiyev stimullaşdırılır

Eyni zamanda, bu səfər Rusiya üçün bir hədə-qorxu kampaniyası idi. O baxımdan ki, rəsmi Vaşinqtonun səfər çərçivəsində Ukraynaya yardım paketindən “bəhs açması” əbəs deyildi. Xatırladaq ki, Birləşmiş Ştatların Prezidenti Cozef Bayden Volodimir Zelenski ilə görüşdə bildirib ki, ABŞ Ukraynaya 500 milyon dollar məbləğində yardım paketi təqdim edəcək. Bu isə həm də müharibənin yeni mərhələsinin başlandığını deməyə əsas verir. ABŞ-ın məhz indiki məqamda - Rusiyanın müharibədən yorulması ilə bağlı təbliğat materiallarının çoxaldığı bir zamanda bu yardım paketini açıqlaması da rəsmi Kiyev üçün bir ruh yüksəkliyi yaratmağa xidmət göstərir. Co Bayden bununla Ukraynanın Kremlə qarşı mübarizədə tək olmadığını nümayiş etdirir.

Müharibənin ikinci ili fərqli faza ilə inkişaf edə bilər

Bayden həm də bildirib ki, biz Ukraynaya kömək etmək üçün dünyanın aparıcı iqtisadiyyatlarını birləşdirdik. Biz artilleriya, döyüş sursatı, nəqliyyat vasitələri, hava hücumundan müdafiə sistemləri və yeni HIMARS sistemləri təqdim edəcəyik. Bu həftə biz Rusiya elitasına və Rusiyaya müharibədə kömək edən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edəcəyik. O, eyni zamanda Rusiyanın Ukraynanı xəritədən silmək istədiyini dilə gətirib: “Lakin onun planları baş tutmadı, onlar artıq işğal etdikləri torpaqların yarısını itiriblər, gənc və istedadlı ruslar isə ölkələrində gələcək görmədikləri üçün ölkədən qaçırlar. Rusiya iqtisadiyyatı çox zəifləyib və daha da geriyə gedir”.

Bayden vurğulayıb ki, Putin Ukraynanın zəif olduğunu, müttəfiqlərimizin parçalandığını düşünürdü: “Səhv etdi. Ukrayna iqtisadiyyatına böyük ziyan dəyib, ölkəyə büdcə yardımı şəklində milyardlarla vəsait ayrılacaq. Siz (Zelenski) və bütün ukraynalılar bizə hər gün cəsarətin nə olduğunu, azadlığın necə böyük dəyər olduğunu xatırladırsınız. Nə qədər ehtiyacınız varsa, biz sizinlə olacağıq”.

Bu fikirlər müharibənin yeni fazada inkişaf edəcəyini göstərir. Bu dəfəki dövr isə artıq özündən əvvəlkindən kəskin fərqlənəcək - bu dəfə Ukrayna hər şeyə hazır olacaq...

Qərb mətbuatı:  Ukraynaya 320 tank təqdim ediləcək...

Qeyd edək ki, artıq Qərb mətbuatı da Co Baydenin Ukrayna səfərini yeni müharibə anonsu kimi təhlil etməkdədir. “Politico”nun yazdığına görə, bir çox ABŞ rəsmiləri hesab edir ki, cəbhədəki hadisələr hazırda kritik mərhələyə qədəm qoyur. Onların fikrincə, Ukrayna ötən ilin payızında əldə etdiyi uğurları möhkəmləndirmək üçün əks-hücum təşkil etməyə tələsməlidir. Digər amil zamandır: Vaşinqton ehtiyat edir ki, Avropa ölkələrinin göstərdiyi dəstəyin səviyyəsi müəyyən müddətdən sonra azala bilər və Qərbin Ukraynaya silah axını azalacaq.

Yeri gəlmişkən, Ukrayna prezidenti Volodimir Zelenski də şənbə günü İtaliya mediasına müsahibəsində Ukraynanın qələbə ilə başa çatmalı olan “qısa müharibəyə” hazırlaşdığını bildirib. Zelenski 2014 və 2015-ci illərdə bağlanmış Minsk razılaşmalarının Rusiyaya Ukraynaya hücuma hazırlaşmaq üçün vaxt verdiyini qeyd edərək, münaqişənin dondurulmasına qarşı çıxıb. O, həmçinin Ukraynanın əks-hücuma hazırlaşdığını təsdiqləyib. Zelenski bununla bərabər, Ukrayna qoşunlarının Baxmutdan geri çəkilmək ehtimalını da dilə gətirib.

Ukraynanın əks-hücuma keçməsi üçün ona daha çox ağır silah lazımdır. Britaniyanın “The Times” qəzetinin yazdığına görə, yaxın zamanlarda Qərbin Ukraynaya 320-dək tank təqdim edəcəyi gözlənilirdi. Lakin hazırkı hesablamalar aprelin əvvəlinə qədər cəbhə xəttinə cəmi 50 döyüş maşınının çatacağını göstərir. Qəzetin qeyd etdiyi kimi, az sayda tankın hərbi əməliyyatların gedişatına həlledici təsir göstərməsi ehtimalı azdır.

SADİQ

Paylaş:
Baxılıb: 720 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30