Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 20 Yanvar şəhidlərinin fədakarlığı vətənpərvərlik nümunəsidir

20 Yanvar şəhidlərinin fədakarlığı vətənpərvərlik nümunəsidir

19.01.2026 [16:53]

Keçmiş sovet imperiyasının Azərbaycanda törətdiyi 20 Yanvar faciəsindən 36 il ötür. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvarı uzun illər sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxaraq etirazlarını bildirən dinc əhaliyə qarşı ağır texnika və müxtəlif tipli silahlardan istifadə etməklə misli görünməmiş qətliam törətdilər. Qadın, uşaq və yaşlı insanlar da daxil olmaqla günahsız mülki əhali qətlə yetirildi. Bu hadisə Azərbaycan xalqının müstəqillik mübarizəsi tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yer aldı.

Həmin faciəli günlərdə öz xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar şəhidlərinin fədakarlığı Azərbaycan xalqının iradəsinin sındırıla bilməyəcəyini bütün dünyaya nümayiş etdirdi.

Məlum olduğu kimi, 20 Yanvar hadisələri ilə bağlı ilk rəsmi və prinsipial etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir. 1990-cı il yanvarın 21-də bütün təhlükələrə baxmayaraq Sovet hakimiyyətinin bu qanlı əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqımızın başına gətirilən bu faciəyə ilk siyasi-hüquqi qiyməti verdi. O, hadisənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi və əliyalın xalqın qırılmasını antihumanist, antidemokratik və qanunazidd bir cinayət kimi ifşa etdi.

Həmin gün Ulu Öndər Azərbaycan xalqına başsağlığı teleqramı göndərdi. Teleqramda deyilir: “Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gəlmiş faciədən – dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum… Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik və qanunazidd hesab edirəm.”

Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra 20 Yanvar faciəsinin başvermə səbəblərinin araşdırılması və günahkarların ifşası istiqamətində ardıcıl və prinsipial addımlar atdı. Onun təşəbbüsü ilə 1994-cü il martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Bununla da 20 Yanvar faciəsi öz siyasi-hüquqi qiymətini aldı.

Ulu Öndərin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi. Heydər Əliyev bu faciəyə münasibət bildirərkən demişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam…”

Bu gün Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin xatirəsini daim uca tutur. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən şəhid ailələri və əlillər üçün Prezident təqaüdlərinin artırılması bu qayğının bariz nümunəsidir. Prezident İlham Əliyevin 13 yanvar 2023-cü il tarixli Fərmanına əsasən, 20 Yanvar şəhid ailələri üçün Prezident təqaüdü 2023-cü il 1 yanvar tarixindən 600 manat müəyyən edilmişdir.

Şəhidlərimizin fədakarlığı hər birimiz üçün əsl vətənpərvərlik nümunəsidir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə də bu ruhun və mübarizə əzminin davamı oldu. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim dərin ehtiramla yad edilir.

Bu gün Azərbaycanın gənc nəsli şəhidlərimizin qəhrəmanlığından örnək götürür. Onların xatirəsini yaşatmaq, gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. 20 Yanvar şəhidləri xalqımızın yaddaşında əbədi yaşayacaq, çünki bu tarix Azərbaycan xalqının azadlıq iradəsinin simvoludur.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 46 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31