Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər”

“Ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər”

12.04.2014 [09:55]

YAP-ın İqtisadi məsələlər komissiyası bu mövzuda tədbir keçirib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər komissiyası “Ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirib. YAP-ın İqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov rəhbərlik etdiyi komissiyanın ölkəmizdəki iqtisadi prosesləri diqqətdə saxladığını bildirib. Onun sözlərinə görə, İqtisadi məsələlər komissiyası mütəmadi olaraq tədbirlər vasitəsilə ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarını təbliğ edəcək və həmçinin, qarşıda duran məsələlər diqqət mərkəzində saxlanılacaq.
“Dünyada ən mühüm məsələlərdən biri ərzaq təhlükəsizliyidir. Azərbaycanda da bu məsələyə xüsusi diqqət yetirilir. Ona görə də, komissiyamız ilk olaraq bu mövzuda tədbir keçirməyi qərara alıb. Bilirsiniz ki, Azərbaycanda ərzaq təhlükəsizlyi haqqında dövlət proqramları həyata keçirilir. Bu məsələ Prezident İlham Əliyevin xüsusi diqqətindədir və dövlətimizin başçısı müvafiq tövsiyə və tapşırıqlarını verir. Son illər kənd təsərrüfatı sahəsində inkişaf müşahidə olunur və qarşıdakı dövrlərdə ölkəmizin ərzaq təhlükəsizliyinin tam təmin olunması üçün məhsul istehsalının daha da artırılması üçün zəruri tədbirlər görülür” - deyə, E.İbrahimov vurğulayıb.
Daha sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov “Ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə ölkəmizdə bu yöndə aparılan işlər slaydlarla təqdim olunub. Q.Məmmədov çıxışında Ümummilli liderimiz Heydər Əliyevin hələ sovet dövründə respublikamızın iqtisadi inkişafı, o cümlədən kənd təsərrüfatı sahəsində irəliləyişlərin əldə olunması iqtisamətində əhəmiyyətli addımlar atdığını bildirib. Onun sözlərinə görə, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərar qəbul etdi: “Bu qərarı qəbul etdirmək həmin zaman üçün, təbii ki, çox nadir hadisə idi. Belə əsaslı tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın kənd əməkçiləri 1971-1975-ci illərdə məhsul istehsalının artırılması, əkinçilik və heyvandarlıq mədəniyyətinin yüksəldilməsi sahəsində çox böyük nailiyyətlər qazandılar. Ulu öndər totalitar rejimin məngənəsində sıxılan respublikamızda torpağın sahibinə qaytarılma yollarını özünəməxsus tərzdə düşünüb Kremlin siyasətindən, qadağalar çərçivəsindən kənara çıxmaqla bu imperiyanın verdiyi cüzi imkanlardan həssaslıqla istifadə edərək torpaqdan əldə edilən gəlirlərin əsas hissəsinin kənd adamlarına qaytarılmasına nail olmağa çalışırdı. Keçmiş ittifaq dövlətinin rəhbərliyində yüksək vəzifə tutduğu dövrdə də Ümummilli lider mənsub olduğu xalqın və məmləkətin şərəfini uca tutmaqla bərabər, Azərbaycanın sosial-iqtisadi inkişafı naminə hər cür fədakarlıq göstərmiş, buradakı quruculuq işlərinin davam etməsinə hərtərəfli dəstək vermişdir”.
Komitə sədrinin sözlərinə görə, ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycanda məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən fəaliyyəti nəticəsində dünya təcrübəsindən istifadə edərək milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun olaraq bütün parametrləri nəzərə alınaraq yeni layihələr və dövlət proqramlarının hazırlanmasına başlanıldı. “Aqrar-torpaq islahatları birdəfəlik kampaniya deyil. Bu, cox ciddi, həssas bir prosesdir. Nə qədər ki Azərbaycanda müxtəlif mülkiyyət formaları (dövlət, bələdiyyə, xüsusi) mövcuddur, bu proses davam etməlidir. Ulu öndər böyük uzaqgörənliklə həm də sübut etdi ki, Azərbaycanda aqrar sahənin inkişafı aparılacaq torpaq islahatlarının nəticələrindən asılı olacaq.
Beləliklə, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və həmin proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı” - deyə, Q.Məmmədov əlavə edib.
Məruzəçi bildirib ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, hazırda ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir: “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq 13 rayonun ərazisində 156 min 320 hektar sahədə suvarılan torpaqların inventarlaşdırılması işləri, 8 rayonun 197 inzibati ərazi dairəsində 264 min 700 hektar sahədə torpaqların bonitirovkası işləri, 14 rayonun 165 inzibati ərazi dairəsində 484 min 400 hektar sahədə isə torpaqların iqtisadi qiymətləndirilməsi işlərinin yerinə yetirilməsi, 5 rayonda 421 min 553 hektar sahədə torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyənləşdirilməsi işlərinin aparılması və torpaq xəritələrinin tərtib edilməsi, 9 rayonda 38 min 746 hektar sahədə kənd təsərrüfatına yararlı xüsusi mülkiyyətdə olan torpaqların istifadə vəziyyətinin müəyyən edilməsi üçün inventarlaşdırma və xəritələşdirmə işlərinin aparılması, Qaradağ rayonunda 186 hektar sahədə antropogen çirklənmiş və pozulmuş torpaqlarda topoqrafik planalma işlərinin aparılması həyata keçirilib. Eyni zamanda, 10 rayonda 491 min 221 hektar sahədə qış otlağı və bələdiyyə torpaqlarının münbitlik göstəricilərinin müəyyən edilməsi məqsədilə irimiqyaslı torpaq tədqiqatının və xəritələşdirmə işlərinin aparılması, 16 rayonda 54 inzibati ərazi dairəsi üzrə elektron torpaq-kadastr xəritələrinin tərtibi üçün planalma işlərinin aparılması işləri reallaşdırılıb”.
Q.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatının yerli istehsal hesabına tam şəkildə tənzimlənməsi məqsədilə xüsusi tapşırığı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin məsul işçilərinin və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə massiv şəklində torpaq sahələrinin seçilməsi üçün ərazilərə baxış keçirilib. Onun sözlərinə görə, bu məqsədlə 20 rayonun inzibati ərazilərində dövlət mülkiyyətinə aid olan qış otlaqlarına, dövlət ehtiyat torpaqlarına, eləcə də dövlət müəssisələrinə və bələdiyyə mülkiyyətinə aid torpaqlara yerində (naturada) baxış keçirilərək əkin dövriyyəsinə daxil edilməsi mümkün olan massiv sahələr seçilib.
Dövlət Komitəsinin sədri deyib ki, birinci növbədə taxılçılıq təsərrüfatlarının yaradılması üçün nəzərdə tutulmuş və meliorativ layihələri hazırda mövcud olan 57 min hektar ərazidə çöl-tədqiqat işləri başa çatdırılıb, Ağcabədi, Beyləqan, Saatlı, Salyan, Sabirabad, Qax və Şəki rayonları üzrə hazırlanan xəritələr, torpaqlardan müvəqqəti istifadə edən icarəçilərin siyahısı və torpaq tədqiqatının nəticələrinə dair lazımi məlumatlar Nazirlər Kabinetinə təqdim olunub. Q.Məmmədovun sözlərinə görə, əkin dövriyyəsinə daxil ediləcək 162,5 min hektar ərazidə irimiqyaslı tədqiqat və xəritələşdirmə işləri mərhələlərlə başa çatdırılaraq Nazirlər Kabinetinə təqdim olunur: “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş torpaqların əkinəyararlılığı barədə məlumatlara uyğun olaraq, bu ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirildikdən sonra iri taxılçılıq təsərrüfatlarının yaradılması işlərinə başlanılacaq. Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli qərarına əsasən, taxılçılıq üzrə özəl pilot təsərrüfatlarının yaradılması məqsədilə 4800 hektar qış otlaq sahələrinin (o cümlədən, Ağcabədi rayonunda 3300, Beyləqan rayonunda 1500 hektar) təyinatı dəyişdirilərək ehtiyat fondu torpaqları kateqoriyasına keçirilib. Həmin ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirilməklə 2013-cü ilin məhsulu üçün payızlıq buğda səpilib və bu sahələrin hər hektarından 55 sentnerdən artıq buğda toxumu məhsulu əldə edilib. Nazirlər Kabinetinin 2013-cü il 3 aprel tarixli sərəncamına əsasən isə Hacıqabul, Füzuli və Ağcabədi rayonlarında 5625,6 hektar torpaq sahəsi iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün ayrılıb. Hazırda həmin ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirilməklə 2014-cü ilin məhsulu üçün payızlıq taxıl əkini nəzərdə tutulur”.
Çıxışının sonunda Q.Məmmədov ölkə Prezidenti tərəfindən ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində verilən tapşırıqların yerinə yetirilməsi üçün davamlı tədbirlərin bundan sonra da inamla həyata keçiriləcəyini deyib. “Prezident İlham Əliyev son 10 ildə Azərbaycanı yenidən qurdu” - deyən, Komitə sədri bu illər ərzində ölkəmizdə böyük inkişafın baş verdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev aqrar sahədə əldə olunan nəticələr, ölkəmizin kənd təsərrüfatında müsbət tendensiya, məhsuldarlığın artırılması istiqamətində görülən işlərdən danışıb. İ.Quliyev ərzaq təhlükəsizliyi məsələsinin nazirliyinin fəaliyyətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulayıb.
Tədbirdə digər çıxışçılar da ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən siyasətin əhəmiyyətini qeyd ediblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 866 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30