Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Lerikdə “Yay məktəbi” layihəsinin ikinci turuna start verilib

Lerikdə “Yay məktəbi” layihəsinin ikinci turuna start verilib

15.07.2014 [10:22]

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin ikinci turuna start verilib. Lerikdə keçirilən “Yay məktəbi” layihəsinin II turu çərçivəsində qrup rəhbəri, “Səs” qəzetinin baş redaktoru, “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev “Ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatında rolu” mövzusunda məruzə ilə çıxış edib.
Çıxışında Ulu öndər Heydər Əliyevin 34 illik hakimiyyəti dövrünə nəzər salan B.Quliyev qeyd edib ki, bu tarix Azərbaycanın ən şanlı səhifəsi kimi xalqımız tərəfindən hər zaman fərəhlə xatırlanacaq: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1969-cu ilin 14 iyulunda hakimiyyətə gəldiyi dövrdə Azərbaycan Sovetlər Birliyində iqtisadi inkişafına görə ən aşağı yerlərdən birini tutmaqla yanaşı, respublikada istehsal səviyyəsi demək olar ki, yox dərəcəsində idi. İqtisadi potensialı yalnız neftə bağlı olan Azərbaycanda kənd təsərrüfatı, xammal istehsalı, eləcə də digər sahələrdə durğunluq hökm sürürdü. Məhz Ulu öndərin qətiyyəti, zəkası və zamanında doğru qərarlar qəbul etmək bacarığı qısa zaman kəsiyində Azərbaycanı öncül yerlərə qədər yüksəltdi. Aparılan tikinti-quruculuq işləri, aqrar sahənin ayağa qaldırılması, maddi-texniki bazanın yenilənməsi və s. bu kimi sahələrdə görülən işlər nəticədə Azərbaycanda istehsal səviyyəsi ən yüksək həddə çatdı. Artıq Azərbaycan nəinki SSRİ məkanında, o cümlədən, xarici ölkələrə belə öz məhsullarını göndədirdi”.
B.Quliyev çıxışında Ulu öndər Heydər Əliyevin gənc nəslə də xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb: “Gənclərin potensialının doğru istiqamətdə artırılmasında, onların gələcəkdə Azərbaycan üçün yararlı olmalarında, səmərəli işlər görməsində Ulu öndərimiz çox nəhəng işlər görüb. Çünki O, daim Azərbaycanın müstəqilliyini düşünür, məhz həmin gənclərin müstəqil Azərbaycan üçün çalışacaqlarını öncədən görürdü. Təbii ki, bu həm də Onun uzaqgörənliyinin nəticəsi idi”.
Qrup rəhbəri məruzəsində Azərbaycan mətbuatının inkişafı barədə geniş məzmunlu çıxış edərək vurğulayıb ki, Sovet dönəmində Heydər Əliyev respublika mətbuatına da xüsusi diqqət göstərirdi. Əlbəttə ki, bütün bunlar məhz Heydər Əliyevin gələcəyi görməsi, uzaqgörənliyinin göstəricisi idi. Çünki O, bilirdi ki, Azərbaycan tezliklə öz müstəqilliyinə qovuşacaq: “Beləliklə, Azərbaycan müstəqillik əldə etdi, lakin bu müstəqillik qısa zaman içində yenidən itirilmək təhlükəsi ilə qarşı-qarşıya qaldı. Belə olan halda xalqımız öz xilaskarına çağırış etdi. “Səs” qəzeti vasitəsilə Ulu öndərə edilən müraciət isə, əlbəttə ki, cavabsız qalmadı. 1993-cü ilin 15 iyun tarixində Ulu öndər ikinci dəfə ölkə rəhbərliyinə qayıtdı. Bu qayıdış isə xalqımızın, müstəqilliyimizin xilası kimi şanlı tariximizə yazıldı”.
B.Quliyev bütün sahələrdə olduğu kimi ölkə mətbuatında da aparılan genişmiqyaslı islahatlar haqqında danışarkən xatırladıb ki, Ümummilli lider Heydər Əliyev ilk olaraq senzuranı aradan qaldırdı. Söz və ifadə azadlığının bərqərar olduğu dövri mətbuatda müstəqil ictimai-siyasi qəzetlər, çoxsaylı jurnal və dərgilər işıq üzü görməyə başladı: “Bu gün Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev Azərbaycanın müasir inkişaf dövründə öz müdrik siyasətini yürüdür. Bu siyasət isə bütün sahələri əhatə edir. O cümlədən, mətbuat sahəsini də. Sevindirici haldır ki, bu gün Azərbaycanın müstəqil və azad mətbuatında xüsusilə, gənclər uğurlu fəaliyyət göstərirlər”.
Tədbir çərçivəsində millət vəkili İqbal Məmmədov da çıxış edərək bildirib ki, bu gün Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan böyük uğurlar qazanmaqdadır.
Tədbir maraqlı diskussiya və müzakirələrlə davam etdirilib. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində görülən işlər barəsində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Yay məktəbi” layihəsi çərçivəsində gənclər arasında müxtəlif idman yarışları və intellektual oyunlar da keçirilməkdədir. Qaliblərə turun sonunda mükafatlar və müxtəlif hədiyyələrin verilməsi də nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 953 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30