YAP gənclərinin bir iş günü
03.12.2014 [09:11]
Partiyanın Gənclər Birliyinin ofisi gənclərin səmərəli fəaliyyət məkanıdır
Azərbaycan siyasi sisteminin monolit gücü və avanqard siyasi institutu olan, qələbələr partiyası kimi dəyərləndirilən Yeni Azərbaycan Partiyası (YAP) səmərəli və milli maraqlara əsaslanan fəaliyyəti ilə xarakterizə olunur. YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə, həmçinin, siyasi sosiallaşma və ictimai-siyasi institutlaşmaya birbaşa, fundamental töhfələr verən ümumxalq partiyası kimi çıxış edir.
Yeni Azərbaycan Partiyasının üstün nüfuzunu göstərən faktlardan biri onun sıralarında cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin birləşməsidir. Xüsusilə də, özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ulu öndər Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, yüksək vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Görülən effektiv tədbirlərin, göstərilən yüksək səviyyəli diqqət və qayğının nəticəsidir ki, hazırda idarəetmə strukturlarında, o cümlədən Milli Məclisdə, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır. Habelə, müxtəlif dövlət orqanlarına vakant yerlər üzrə keçirilən müsabiqələrdə gənclərin irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir. Gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərən Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi gənclərin ictimai fəaliyyətinin, yaradıcılığının və təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsinin bariz göstəriciləridir.
YAP Gənclər Birliyi istedadlı gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə çoxşaxəli işlər görür
Məhz bunların nəticəsidir ki, özünün inkişaf dövrünü yaşayan Azərbaycan gəncliyi cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edir, milli dəyərlərə və maraqlara müvafiq səmərəli fəaliyyət göstərir. Bu sırada Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin fəaliyyətini də xüsusi olaraq qeyd etmək lazımdır. YAP Gənclər Birliyi istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə səmərəli, çoxşaxəli işlər görür.
Qeyd edək ki, YAP Gənclər Birliyi partiya rəhbərliyi tərəfindən maddi-texniki təchizat və şərait baxımından yüksək standartlara cavab verən ofislə təmin olunub. Öz növbəsində, Gənclər Birliyinin ofisi çevik və səmərəli iş mexanizminə malikdir. Ofisin iş şəraiti ilə tanışlığımız zamanı bunun bir daha şahidi olduq.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bildirir ki, təşkilatın ofisi artıq 3 yaşını qeyd etməyə hazırlaşır. Onun sözlərinə görə, 2011-ci ilin 29 yanvar tarixində YAP Gənclər Birliyinin hesabat-seçki konfransı keçirildi: “Konfransda yeni heyət seçildikdən sonra partiya rəhbərliyi Gənclər Birliyinin daha səmərəli fəaliyyət göstərməsini təmin etmək üçün onu ofislə təmin etdi. Bu bina əsaslı təmir olunub, maddi-texniki bazası təmin edilib. Bu qayğı gənclərdə böyük ruh yüksəkliyi yaratdı”.
S.Orucov qeyd edib ki, bu ofis daha çox gənclərin evi hesab olunur. Bu, özünü həm də statistikada göstərir. Belə ki, YAP Gənclər Birliyi ofislə təmin edildikdən sonra gənclərin bu məkana axını daha da artıb. Bu, daha çox ofislə əməkdaşlıq edən gənclərin sayında, həmçinin, keçirilən layihələrin sayında özünü göstərir: “Ofisdə gənclər otağı, internet mərkəzi, təxminən 50 nəfərlik “dəyirmi masa”dan ibarət zal var. Tələbə-gənclərdən ibarət qrup var ki, hər gün ofisə gəlirlər. Bu, könüllülərdən ibarət qrupdur və onlar heç bir təmənna ummurlar. Hər gün təxminən 50-60 nəfər könüllü ofisimizi ziyarət edir. Bununla da, gənclərimiz Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirirlər. Onu da deyim ki, könüllülərin hamısı heç də YAP-ın üzvü deyillər. Bizim qapılar bütün gənclər üçün açıqdır. Onlar ofisimizə gəlib müxtəlif layihələr təqdim edir, ofisin imkanlarından istifadə edirlər. YAP-ın üzvü olmayan könüllülər çox zaman bizim mühitlə tanış olduqdan sonra partiyanın yerli təşkilatlarına üzv olmaq üçün müraciət edirlər. Gənclər müxtəlif layihələrdə iştirak etməklə yanaşı, sosial şəbəkələrdə də fəaldır və burada ölkəmizin inkişafını, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasəti təbliğ edirlər. Eyni zamanda, ölkəmizin uğurlarına kölgə salmağa yönəlmiş fikirlərə də sosial şəbəkələrdə tutarlı cavab verilir”.
YAP gənclərinin fərdi layihələr həyata keçirdiyini deyən S.Orucovun sözlərinə görə, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olan gənclərə də öz layihələrinin keçirilməsinə dəstək verilir. Belə ki, həmin gənclər öz layihələrinin təqdimatını, digər tədbirləri də YAP Gənclər Birliyinin ofisində keçirirlər. Bundan əlavə, həftənin günlərinin böyük əksəriyyətində ofisdə layihələrin təqdimatı, treninqlər, seminarlar, “dəyirmi masa”lar təşkil olunur. Bu tədbirlərin bir çoxu Azərbaycan xalqının adət-ənənələri, milli bayramları ilə bağlı olur. Eyni zamanda, anım, xatirə, soyqırımı günləri ilə əlaqədar da tədbirlər keçirilir.
Dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyən təşkilat sədri qeyd edib ki, partiya rəhbərliyi bu məsələdə də gənclərə böyük etimad göstərib. Bu etimad bələdiyyələrə namizədliyi irəli sürülən şəxslər arasında gənclərin üstünlük təşkil etməsində özünü göstərir. S.Orucov partiya gənclərinin seçkilərin təbliğat kampaniyasında da fəal iştirak edəcəyini diqqətə çatdırıb: “Bu işlərə gənclər daha çox könüllülük əsasında qoşulurlar. Bizim üçün qürurvericidir ki, ətrafımızda belə gənclər birləşiblər”.
YAP-ın geniş beynəlxalq əlaqələrə malik olduğunu deyən S.Orucovun sözlərinə görə, partiya gəncləri müəyyən beynəlxalq tədbirlərə də fəal şəkildə qatılırlar: “Eyni zamanda, gənclərimiz beynəlxalq tədbirlərə gələn nüfuzlu xarici qonaqlarla münasibətlər qurur və ölkəmiz haqqında onlara müfəssəl məlumatlar verirlər. Gənclərimizin bu yöndəki fəaliyyəti də partiyamızın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir”.
YAP Gənclər Birliyində yüksək intellektli gənclər birləşib
Təşkilat rəhbəri bildirir ki, YAP Gənclər Birliyində yüksək intellektli gənclər birləşib. Onun sözlərinə görə, bu gənclər dövlət idarəçiliyinə də irəli çəkilir: “YAP-da birləşən gənclər dövlət üçün kadr kimi yetişirlər. Təkcə onu deyim ki, ofisimizdə çalışanların əksəriyyəti müvafiq dövlət strukturlarında irəli çəkilirlər. Məsələn, YAP Gənclər Birliyi ofisinin keçmiş rəhbəri Sərraf Hüseynov Azərbaycan Prezidenti Administrasiyasında məsul vəzifəyə irəli çəkilib. Ofisin koordinatoru Leyla Kərimova Binəqədi rayonu İcra Hakimiyyətində işə dəvət olundu. Yəni, belə faktlar çoxdur. Ümumilikdə, ofisimizdə 6 nəfər ştatlı işçi çalışır. Onlar müəyyən sahələr üzrə koordinatordurlar. İşçilər intellektli, bilikli gənclərdir. Sosial şəbəkələrdə - “Facebook”, “Youtube” və “Tvitter” də fəaldırlar. “Qələbə” qrupu daha fəaldır. Ümumiyyətlə, qruplar çoxdur. YAP Gənclər Birliyinin rəsmi səhifəsi fəaliyyət göstərir. Saytımız da daim dəyişir, yenilənir”.
Ofisdə çalışan gənclər dövlətin, partiyanın işini yüksək fəallıqla təbliğ edirlər
YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov isə deyir ki, ofis həftənin beş günü saat 9.00-dan 18.00-a qədər işləyir. Şənbə günü isə qısa iş günüdür. Onun sözlərinə görə, ofisdə çalışan koordinatorlar bir neçə istiqamət üzrə fəaliyyət göstərirlər: “Bu istiqamətlər layihələr, mətbuat, ümumi işlər, təşkilati işlər, beynəlxalq əlaqələr və regionlarla iş üzrədir. Koordinatorların arasında rayonlar bölünüb və onlar partiyanın yerli strukturlarının gənclər birlikləri ilə daim əlaqədə olur, onların fəaliyyəti haqda məlumatlar toplayırlar. Əsas işimiz könüllü və digər gənclərlə fəaliyyət göstərməkdir. Demək olar ki, bir gün ərzində bir neçə layihə həyata keçiririk. Layihələrin əksəriyyəti YAP Gənclər Birliyinə məxsusdur. Bununla yanaşı, başqa gənclərin ideya və təkliflərini həyata keçirməklə bu istqamətdə dəstək göstəririk. Gənclər Fondunun müsabiqəsində qalib gələn gənclər bizim ofisi seçir, təlimçiləri cəlb edirlər. Ümumiyyətlə, böyük layihələrimiz çoxdur. Məsələn, ingilis və rus dili kurslarının birinci mərhələsini başa vurmuşuq. Bu kurslarda uğurla iştirak edən gənclərə diplom və sertifikatlar təqdim olunub. Hazırda ikinci mərhələ başlayır. Belə ki, ingilis dili kursunda 267, rus dili kursunda 214 nəfər qeydiyyatdan keçib. Biz onlar arasında imtahan keçirib seçmələr apardıq, bilik səviyyəsinə uyğun qruplar yaratdıq və bu qrupların da hər birinə ayrı-ayrılıqda kurslar keçiriləcək. İmtahanları və kursları partiyamızın üzvü olan müəllimlər həyata keçirir. Onlar bu prosesdə könüllü, heç bir təmənna olmadan iştirak edirlər”.
Ə.Pənahovun sözlərinə görə, YAP Gənclər Birliyinin ən böyük layihəsi Yay və Qış məktəbləridir. Sonuncu “Yay məktəbi”ndə 800 gənc iştirak edib. Ofis rəhbəri artıq “Qış məktəbi” layihəsinə hazırlaşdıqlarını deyib. Bu dəfə də layihəyə fəal gənclər cəlb olunacaq. Bu layihələrin üstünlüyündən danışan Ə.Pənahovun sözlərinə görə, bu çərçivədə müxtəlif seminarlar, treninqlər, diskussiyalar təşkil olunur, eləcə də partiya funksionerləri, hökumət və parlament üzvləri ilə görüşlər təşkil edilir. Hazırda isə ofisdə natiqlik və bədən dili kursları keçirilir. YAP Gənclər Birliyinin “Tarix klubu” da gənclər tərəfindən böyük maraqla qarşılanb.
Ofis rəhbəri deyib ki, YAP Gənclər Birliyinin layihələrindən biri də müxtəlif aylarda müəyyən sahə üzrə çalışmaqdır. Məsələn, bu ilin sentyabrı “Ekologiya ayı” elan olunmuşdu. Bu layihə çərçivəsində gənclərə həm təlimlər keçirildi, həm də praktiki addımlar atıldı. Gənclər SOCAR-ın Eko-parkında, Mərdəkandakı Nəbatat bağında, “Təmiz şəhər”in Balaxanıdakı tullantılar zavodunda oldular. Layihənin sonunda isə ekologiya və təbii sərvətlər nazirinin müavini ilə görüş keçirildi, layihədə fəal iştirak edən gənclərə diplom və sertifikatlar təqdim edildi. Ə.Pənahov qarşıda “Turizm ayı”nın da nəzərdə tutulduğunu bildirib: “Bu ay çərçivəsində gənclərin mədəni səyahətlərini təşkil edəcəyik. Turizm sahəsi üzrə gənclərə təlimlər keçiriləcək, turizm infrastrukturları haqda məlumatlar veriləcək. Hotellər haqda, gəzməli-görməli yerlər haqda məlumatlar olacaq. Həmçinin, info-turlar təşkil olunacaq. Sonda Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi ilə görüş keçirməyi nəzərdə tuturuq”.
Bunun ardınca isə YAP Gənclər Birliyi “Kənd təsərrüfatı ayı” və “İKT ayı” təşkil edəcək.
Bundan əlavə, Ə.Pənahovun dediyinə görə, YAP Gənclər Birliyinin “Debat klubu” yaranacaq. Klub məhz gənclərin natiqlik, bədən dili, psixoloji, öz mənafeyini qoruya biləcək baxımdan inkişafına kömək məqsədi daşıyacaq. Həmçinin, gələn ilin mart-aprel aylarında YAP Gənclər Birliyi beynəlxalq konfrans keçirməyi nəzərdə tutur. Ofis hazırda bu məsələ ilə bağlı da səfərbər olunub. Ofis rəhbərinin dediyinə görə, konfransda 56-ya yaxın ölkə və təşkilatdan 80-100 gəncin iştirakı nəzərdə tutulur. Tədbirin mövzusu isə ilkin olaraq “Gənc siyasətçilərin müasir qlobal çağırışlar müstəvisindəki yeri” kimi müəyyənləşdirilib.
Ə.Pənahov onu da deyib ki, könüllü gənclər üçün motivasiya xarakterli tədbirlər görülür. Belə ki, onların sağlam həyat tərzi ilə bağlı idman fəaliyyətlərinin təmin olunması üçün “Qorqud” hotelində pulsuz olaraq üzgüçülük hovuzu və trenajor zalları həmin gənclərə təmənnasız istifadəyə verilib. Eyni zamanda, BDU-nun futbol stadionunda həftədə 1 gün futbol oynayırlar. Ə.Pənahov qeyd edib ki, ofisdə kitabxana da mövcuddur ki, orada istənlən mövzuda kitablar var. Bununla yanaşı, kompüter zalı var ki, sürətli internetlə təmin edilib. Gənclər həm kitabxana, həm də kompüterlərdən səmərəli şəkildə istifadə edə bilirlər. Bununla yanaşı, ofisdə gənclərin ad günləri keçirilir, milli bayramlar qeyd olunur. “Ən vacib məqam budur ki, ofisdə çalışan gənclər dövlətin, partiyanın işini təbliğ edirlər. Bizə belə şərait yaratdığı üçün partiya rəhbərliyinə təşəkkür edirik” - deyə, ofis rəhbəri qeyd edib.
Gənclərin bilik və təcrübələrinin artırılmasına xidmət edən iş mexanizmi...
Bəs YAP Gənclər Birliyi ofisinin koordinatorlarının gündəlik iş fəaliyyəti nədən ibarətdir? Elmar Məmmədov 2013-cü ilin aprel ayından ofisdə bu vəzifədə çalışır. YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri olan E.Məmmədov məhz fəallığına görə bu vəzifəyə layiq görülüb. Hazırda o, ofisdə təşkilati işlər üzrə koordinatordur. “YAP Gənclər Birliyinin tədbirlərinin təşkili ilə məşğul oluram. İşimin məsuliyyətli olduğunu dərk edirəm və buna görə də hər hansı səhvə yol verməməyə çalışıram. Çünki kiçik bir səhv tədbirlərin təşkilinə ciddi təsir göstərə bilər. Ətrafımızda olan könüllü gənclərin potensialından istifadə edərək bu işləri lazımi səviyyədə yerinə yetirməyə çalışırıq”, - deyə o, qeyd edib.
Bununla yanaşı, E.Məmmədov gənclərin sosial şəbəkələrdə də aktiv olduğunu deyir. YAP-ın gəncləri daha çox “Facebook”da “Qələbə” qrupunda birləşib. Bu qrup ən böyük qrupdur və gənclər dövlətimizin siyasətini təbliğ edir, müxalifətçilərə isə tutarlı cavab verirlər. Onun sözlərinə görə, bununla yanaşı, gənclər özləri, həm də rayon təşkilatlarının gənclər birliklərinin qrupları var.
YAP Gənclər Birliyinin beynəlxalq məsələlər üzrə koordinatoru Aytən Hüseynova isə cari ilin may ayından ofisdə fəaliyyətə başladığını söyləyir. Bundan öncə Diasporla İş üzrə Dövlət Komitəsində çalışdığını deyən A.Hüseynova diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinə üz tutması təsadüfi deyil: “YAP Gənclər Birliyi sağlam düşüncəli, intellektual gəncləri öz ətrafında birləşdirən ən böyük gənclər təşkilatıdır”.
YAP Gənclər Birliyinin geniş beynəlxalq əlaqələrə və təmaslara malik olduğunu deyən A.Hüseynova bildirib ki, bu əlaqələr həm yeni əməkdaşlıqların formalaşmasına, həm də gənclərin bilik və təcrübələrinin artırılmasına xidmət edir: “YAP Gənclər Birliyi Avropa Demokratik Gənclər Təşkilatına (DEMYC) üzv olub. Bu, öz növbəsində, böyük uğurdur. Biz, həmçinin, Avropa Xalqlar Partiyasının gənclər təşkilatları ilə (EPP) də əməkdaşıq edirik. Bildiyiniz kimi, bu yaxınlarda YAP Gənclər Birliyinin sədri Seymur Orucov Brüsseldə səfərdə oldu. Müzakirə olunan məsələlər YAP Gənclər Birliyinin bu təşkilatın müşahidə şurasına üzvlük məsələsinə müsbət təsirini göstərib. Ümidvarıq ki, yaxın vaxtlarda üzv olacağıq. YAP Gənclər Birliyi, həmçinin, İCAPP-da da uğurla təmsil olunur. Bilirsiniz ki, bu təşkilatın gənclər qolunun birinci vitse-prezidenti Ramin Məmmədovdur. Həm Asiya, həm də Avropanın müvafiq gənclər təşkilatları ilə əməkdaşlıq edən YAP GB davamlı olaraq üstün nüfuz qazanmaqdadır”.
YAP GB-nin ümumi işlər üzrə koordinatoru isə 2010-cu ildən bəri partiyanın üzvü olan Aliyə Ağrılıdır. O, bizimlə söhbətində diqqətə çatdırıb ki, Gənclər Birliyində olduqca işgüzar mühit mövcuddur və gənclərin operativ, səmərəli fəaliyyəti ümumi işə müsbət töhfələr verir: “Diqqətinizə çatdırmaq istəyirəm ki, mən bundan öncə Xətai rayonunda yerləşən orta ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışam. Həmin dönəmdə də Yeni Azərbaycan Partiyasının tədbirlərində fəal təmsil olunmağa çalışmışam. YAP Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən olan nümayəndələri, o cümlədən, ziyalıları və təhsil işçilərini öz sıralarında birləşdirir, bu partiyaya axın olduqca yüksəkdir. Mən də YAP sıralarında olmaqdan haqlı qürur hissi keçirirəm”.
Mətbuatla iş üzrə koordinator vəzifəsi isə Əli Qənbərli tərəfindən yerinə yetirilir. Ə.Qənbərli bildirir ki, onun gündəlik işi mətbuat orqanları ilə əlaqə saxlamaq, müvafiq informasiyaları diqqətə çatdırmaq və ya əldə etməkdir. “İşim olduqca məsuliyyətlidir. Mətbuatı gündəlik olaraq izləyir, müvafiq informasiyaları əldə edərək təşkilatın rəhbərliyinə çatdırıram. Eyni zamanda, təşkilatın fəaliyyəti ilə əlaqədar məlumatlar və məqalələr müvafiq KİV-lərə çatdırılır”.
Fərid Nəsibov isə layihələr üzrə koordinator vəzifəsini icra edir. Gənclər tərəfindən yaradıcı, intellektual layihələrin hazırlanıb həyata keçirilməsini diqqətdə saxladıqlarını bildirən F.Nəsibov deyir ki, YAP Gənclər Birliyi gənclərə öz intellektual potensiallarını reallaşdırmağa şərait yaradır. Onun sözlərinə görə, gənclər çox maraqlı layihələrlə çıxış edirlər. Bu ilin noyabr ayından koordinator kimi ofisdə fəaliyyətə başlayan F.Nəsibov artıq yeni layihələr üzrə işlərin davam etdiyini qeyd edib.
Könüllülər qrupları xüsusi fəallıq göstərir
Qeyd etdiyimiz kimi, YAP Gənclər Birliyinin fəaliyyətində, o cümlədən, müəyyən layihə və tədbirlərin həyata keçirilməsində könüllülər qrupu da xüsusi fəallıq göstərir. Onların bir neçəsi ilə söhbətimiz zamanı könüllülərin iş mexanizmi ilə tanış olduq.
Beynəlxalq məsələlər üzrə könüllülər qrupunda yer alan Aytən Məmmədova bizimlə söhbətində qeyd edib ki, Yeni Azərbaycan Partiyası, o cümlədən, partiyanın Gənclər Birliyi gənclərin fəallığına, onların potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir. Bu da olduqca müsbət haldır: “Mən 2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm və partiyanın Gənclər Birliyi ilə sıx əməkdaşlıq edirəm. Həyata keçirilən layihələrdə və tədbirlərdə aktiv iştirak edirəm. Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaq olduqca böyük iftixardır. Konkret olaraq könüllülərin iş mexanizminə gəldikdə deyə bilərəm ki, YAP Gənclər Birliyinin könüllülər qrupunda təmsil olunmaq bilik və təcrübə qazanılması, ictimai fəallığın artırılması baxımından böyük əhəmiyyət daşıyır.
Bir məqamı da vurğulamaq istəyirəm. Azərbaycanda çox səmərəli və uğurlu gənclər siyasəti həyata keçirilir. Bu, gənclərdə böyük ruh yüksəkliyi yaradır, onların milli maraqlar ətrafında birləşməsini təmin edir. Buna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, dövlət başçısının Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasına xüsusi minnətdarlıq edirəm”.
Beynəlxalq məsələlər üzrə könüllülər qrupunda yer alan digər gənc fəal Gültən Babayeva isə deyib ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi həm gənclərin elmi-intellektual potensialının, ictimai fəallığının artırılması, həm də sosiallaşması üçün əhəmiyyətli platformadır: “Nəzərinizə çatdırım ki, mən 2014-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm, Gənclər Birliyinin işində - layihələrdə, tədbirlərdə aktiv iştirak edirəm. Onu qeyd etmək istəyirəm ki, gənclərin YAP-ı seçməsi onların bu partiyaya olan inam və ümidlərinin göstəricisidir. İstər daxili siyasətdə, istərsə də beynəlxalq arenada əldə edilən silsilə xarakterli nailiyyətlər gənclərin Yeni Azərbaycan Partiyasına üz tutmasını şərtləndirir”.
Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsi olan Gültən Babayeva, eyni zamanda, ictimai fəaliyyəti fonunda bir sıra layihələr müəllifi kimi çıxış edib, xüsusilə də beynəlxalq tədbirlərdə aktiv təmsil olunub. Rus, ingilis, ərəb, ukrain, türk, fransız dillərini bilən G.Babayeva bu potensialından YAP Gənclər Birliyində istifadə edir.
Digər könüllü - Bakı Biznes Universitetinin tələbəsi Həsən Hüseynzadə isə 2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olduğunu deyib. Gənc fəal YAP Gənclər Birliyinin çevik və səmərəli iş mexanizminin gənclərin inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırıb. “YAP Gənclər Birliyi ilə əməkdaşlıq çərçivəsində bir sıra layihələr təqdim etmişəm və qəbul olunub. Yeni Azərbaycan Partiyasının gənclərə xüsusi diqqət və qayğısı bizlərdə ruh yüksəkliyi yaradır, daha səmərəli fəaliyyət göstərmək üçün stimul verir”.
Nardar BAYRAMLI
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20

