“İSTİQLAL SÖHBƏTLƏRİ” - ŞİRMƏMMƏD HÜSEYNOVUN MİLLİ YADDAŞ DƏRSLƏRİ

Yeni milli təfəkkürün və məfkurə istiqamətinin düşüncədə və əməldə ifadəsi necə keçir? Həm bədii fikrin, həm də tarix və ədəbiyyat elminin bu istiqamətdə həmrəyliyi necədir? Milli yaddaş mənəvi sərvət kimi humanitar tədqiqat və təhlillərimizdə öz əksini necə tapır? Bu suallara cavab verən azsaylı kitablar var ki, onlarda bütöv dövrün, keçdiyimiz tarixi mərhələlərin immanent inkişaf qanunauyğunluqlarına salınmış püxtə, konseptual nəzər ehtiva olunur. Görkəmli mətbuat tarixçisi, alim və publisist, professor Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” həmin nüfuz dərinliyinin hasilə gətirdiyi düşüncə mətnidir.

Şirməmməd Hüseynovun illərlə arxivlərdən, qədim mətbuat səhifələrindən topladığı məlumatlar bu gün məfkurə dövrümüzlə bağlı zəngin məxəz sayılır. “İstiqlal söhbətləri” Azərbaycan Xalq Cümhuriyyətinin yaranma ərəfəsini, fəaliyyətini, istiqlal bəyannaməsinin köklərini və o dövrdə cərəyan edən ictimai-siyasi prosesləri işıqlandırır. Həmin dövr ədiblərinin müxtəlif mətbuat orqanlarında (“Açıq söz”, “İstiqlal”, “Azərbaycan” və s.) dərc edilmiş məqalələrini, nitqlərini və tarixi şərhlərini oxucuya təqdim edir. Amma müsahibədə sadəcə tarixi hadisələr deyil, o dövrün mətbuat yazıları əsasında faktoloji materiallar, arxiv sənədləri və müəllifin zəngin təhlilləri yer alır.

“İstiqlal söhbətləri” müsahibə janrında ərsəyə gətirilsə də, Şirməmməd Hüseynovun özünəməxsus araşdırma dəst-xəttini, mətbuat tarixinə dərin dəqiqliklə yanaşmasını ehtiva edir. Amma kitab sadəcə keçmişin salnaməsi deyil, bugünkü müstəqil Azərbaycan dövlətçiliyinin mənəvi və ideoloji dayaqlarını xatırladan, milli şüuru diri tutan bir istiqlal dərsliyidir. Şirməmməd Hüseynov bu söhbətləri ilə əslində Cümhuriyyət dövrünün işıqlı ideyalarını müasir dövrümüzə daşıyan etibarlı bir körpü yaratmışdır.

“İstiqlal söhbətləri” kitabı tanınmış jurnalist, “Real TV”-nin baş direktoru Mir Şahin Ağayevin onunla müxtəlif illərdə apardığı dərin, müstəsna müsahibələrin, söhbətlərin əsasında ərsəyə gəlmiş dəyərli bir məfkurə toplusudur. Əlbəttə ki, bu böyük alimlə həmsöhbət olmaq, dialoqa girmək, fikirlərini dinləmək onun enerji məkanına girməkdir. Hələ həmsöhbətinin bilik dünyasına ürəklə, əmin-arxayın şəkildə daxil olma cəsarətin varsa! Amma bunun üçün yalnız ürək deyil, həm də intellektual baza gərəkdir. Məhz Mir Şahinin intellektual bazası əsasında yaranan suallar, mövzunu həmsöhbəti qədər bilib duyma bacarığı və cavablar ətrafında etdiyi manevrlər qarşı tərəfi - onun özünü də bu kitabın uğurlu obrazına çevirməyi bacarmışdır.

Müsahibə formatında hazırlanan bu söhbətlərdə Şirməmməd Hüseynov milli-mənəvi yüksəkliklərimizi təqdim edir, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin həyatı və yaradıcılığı (Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və b.), parlament fəaliyyəti, istiqlal mücadiləsi və milli mətbuatımızın keçdiyi şərəfli yol haqqında unikal faktları dilə gətirir. Canlı dialoq tərzi oxucuya tarixi sadəcə sənəd kimi deyil, şahid dili ilə hiss etdirir.

Biz müstəqilliyimizi zərrə-zərrə, canımız və qanımız bahasına qazandıq. Ona sarı addım-addım, zaman-zaman yol aldıq. Bu cür addımlardan başladı azadlığın müqəddəs yolu. Onun bütün dövlət və xalq miqyasında əldə edilməsinə çaba göstərmək seçilmişlərin, yüksək zəka və intellekt sahiblərinin əməl göstəricisi oldu həm də. XX əsrin əvvəllərində, 1918-ci ildə yaradılan Azərbaycan Cümhuriyyəti əqidə və məslək birliyinin təzahürü kimi ərsəyə gəldi. Cəmi bir il on bir ay ömür sürən Azərbaycan Cümhuriyyəti xalqa nə verdi, yaxud milli yaddaş tarixində hansı xidməti, tarixi haqqı ilə iz qoydu, hansı əhəmiyətli addımları ilə seçildi?! Şirməmməd Hüseynovun Mir Şahinlə söhbətlərində əsas vurğu bunun üzərində qərarlaşır.

Mir Şahin Ağayev haqlı olaraq Şirməmməd Hüseynovu “Cümhuriyyət dövrümüzün şərəf lövhəsi” kimi təqdim edir. Bütöv bir epoxanın mənzərəsi, ümmətçilikdən millətçiliyə gedən yol, milli mətbuatın yaranması, ədəbi intibah amili, fikir adamlarımızın milli dil, şüur, özünüdərk, kimlik uğrunda mücadilələri və s. kimi məsələlər ən incə nüanslarına, pərdəarxası məqamlarına qədər kitabda əksini tapır.

Bu kitabda Cümhuriyyət tarixi millətin tarixi kimi araşdırılır. Aydındır ki, Azərbaycan Xalq Cümhuriyyəti bir tarixi, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu deyil, XIX əsrin sonu XX əsrin əvvəlləri boyu milli-siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsidir. Həmin illərdə bizdə milli dövlətçilik ideyasının tarixi uzağa getməsə də, milli mənlik şüurunun yaranmasının aspektləri bədii düşüncəyə söykənirdi. Bu mənada, Cümhuriyyət hər hansı elmi müzakirə üçün geniş mövzudur, onu bütün yönlərilə dəyərləndirmək o qədər də asan deyildir. Kitabın əsas üstünlüyü bundadır ki, istiqlal tarixinin struktur əlamətləri bir-bir ortaya qoyulur, Cümhuriyyət amili müstəqil dövlətçilik zəminində, tarixi-siyasi müstəvidə, ədəbi sferada, mədəniyyət quruculuğu, dil siyasəti kontekstində ayrı-ayrılıqda müzakirəyə çıxarılır, hər biri ilə bağlı konkret mülahizələr səsləndirilir.

Şübhəsiz ki, hər bir dövlətin qurulması, yaranması, yaşaması üçün istiqlal təfəkkürünü formalaşdıran ciddi təməl olmalıdır. Bu təməlsiz dövlətçilik təfəkkürünün gerçəkləşməsi mümkün deyildir. Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlu “Üç mədəniyyət” əsərində Fransa inqilabının arxasında güclü fransız ədəbiyyatının dayandığını, dünyanı sarsıdan rus bolşevik inqilabının isə XIX əsr rus ədəbiyyatının ədalət çağırışlarından qaynaqlandığını yazır. Azərbaycan Cümhuriyyətinə də bu prizmadan yanaşılarsa, eyni qənaətə gəlmək olar. Çünki onun arxasında tarixin heç bir dönəmində təsadüf edilməyən nəhəng bir kültür potensialı dayanır: F.Köçərli, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Vəzirov, Y.V.Çəmənzəminli, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Hadi, H.Cavid, S.Hüseyn, Ə.Cavad, C.Cabbarlı, Üzeyir Hacıbəyli və başqaları. Şirməmməd Hüseynov ədəbi əxlaqının və davranışının cövhərində türk ruhunun bütövlüyü dayanan bu şəxslərin hər birinin xidməti üzərində ayrıca dayanır, onların irsini bütün böyük dəyişikliklərin təməlində duran vasitə kimi dəyərləndirir.

Bu bir həqiqətdir ki, bizdə heç vaxt intellekt və emosiya potensialı vahid ədəbi-estetik qayəyə xidmət mənasında o dönəmdəki kimi toplu şəklində üzə çıxmadı. XX əsrin əvvəlləri, Cümhuriyyət öncəsi ədəbiyyatın millətə ən çox yaxınlaşdığı dövrdür. Azərbaycan xalqının milli problemləri bu illərdəki qədər heç zaman fundamental şəkildə bədii ədəbiyyatın mövzusuna çevrilməyib. Ədəbiyyat tarixçiliyi, ədəbi tənqid, janrların dinamikası, teatr sənəti kimi ən müxtəlif sahələrdə böyük uğurlar qazanıldı. Şirməmməd Hüseynov ədəbiyyata yön verən mütəfəkkirlərin yaradıcılığını həm də Cümhuriyyətin təməlində dayanan faktor kimi nəzərə alaraq problemlərə səthi formada yanaşmadığını sərgiləyir. Əlbəttə ki, dünyada cərəyan edən hadisələrlə Azərbaycanda gedən proseslərin bir bağlılığı vardı.  Bunu Şirməmməd Hüseynov da söhbətində qeyd edir: “Azərbaycanda milli hərəkat ideya mənbələrinə görə Şərqin milli azadlıq ideyaları ilə Qərbin mədəni demokratik cərəyanlarını özündə birləşdirir”, - deyir. Ancaq bu da dəqiqdir ki, bəhs etdiyimiz həmin mədəniyyət təməli olmadan dövlət qurulması mümkün deyildi ki, Şirməmməd Hüseynovun söhbətlərində israrlı olduğu məhz həmin məqamdır. O, ilk növbədə, XIX əsrin sonlarından başlayan milli özünüdərk proseslərini meyara çevirir, Mirzə Fətəli Axundzadəni ədəbi intibahın, Həsən bəy Zərdabini ictimai-siyasi intibahın, daha sonra isə XX əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadəni  milli şüur intibahının banisi kimi dəyərləndirir.

Eyni missiyanı sonrakı illərdə davam etdirən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir fədakarlığından can yanğısı ilə bəhs edir. Bu yanğı çağdaş dövrün Bəxtiyar Vahabzadə, Oljas Süleymenov xəttinə qədər uzanır. Belə məqamlarda alimin nəzəri ümumiləşdirmələri və yığcam filoloji konstruksiyaları kitabda bədii-publisistik üslubun məcrasına ustalıqla daxil edilir.

Tatar sözünün mənşəyi, İstiqlal Bəyannaməsindən başlayan milli kimlik ideyası, 1918-ci ilin Mart hadisələri, 1915-ci ilin Çanaqqala savaşı, Türk ordusunun Bakıya ilk səfəri ilə bağlı söhbətlərində də Şirməmməd Hüseynov milli yaddaşın bərpası, tarixi həqiqətlərin üzə çıxarılması və Azərbaycan xalqının özünüdərk prosesini formalaşdıran mühüm mərhələləri obyektiv şəkildə elmi təcəssüm predmetinə çevirir, türk dünyasının vahid tarixi köklərinə, milli dövlətçilik təfəkkürünün təşəkkülünə və istiqlal mübarizəmizin şərəfli səhifələrinə işıq salır.

Kitabın əhəmiyyətli tərəflərindən biri onun milli məfkurəmizin bu gün də əsasını təşkil edəcək məsələlərə vurğu salmasıdır. Məsələn, müstəqil dövlət amili! Şirməmməd Hüseynov cavablarında müstəqil dövlətin konturlarını cızır və məhz, bu yöndə ömür nisar etmiş insanların düşüncə istiqamətinə üstünlük verir. Mirzə Bala Məmmədzadəyə istinadən qeyd edir ki, bunun üçün nə lazımdır: “İlk olaraq vahid və müddəhid bir ərazi. Bu ərazidə yaşayan millət, o millətin əksəriyyətini təşkil edən milli məfkurə şüuru və onların iradəli qərarı, məmləkətin sabit iqtisadi vəziyyəti”.

Daha sonra milli dil məsələsi! Şirməmməd Hüseynov ana dilinin bir xalqın yaşarlılığı üçün nə qədər zəruri olduğunu ifadə edərək Üzeyir Hacıbəylinin “Sorançı” və digər mətnləri üzərində geniş dayanır. Ana dilinin qorunmasını, saf saxlanılmasını yalnız dilçilik elminin predmeti hesab etmir, onu xalqın milli varlığını və gələcəyini şərtləndirən başlıca amil kimi dəyərləndirir. Böyük ədibin publisistikası işığında dil mübarizəsinin milli istiqlal ideyasından ayrılmaz olduğunu elmi-tarixi dəlillərlə əsaslandırır. Ana dilinə laqeydliyin milli təfəkkürün zədələnməsinə gətirib çıxardığını vurğulayaraq dilin saflığı uğrunda mübarizəni hər bir ziyalının müqəddəs borcu hesab edir.

Şirməmməd Hüseynov qondarma erməni soyqırımına da toxunaraq çox vacib bir materiala diqqət yönəldir. 1926-cı ildə nəşr olunan “Böyük Sovet Ensiklopediyası”nda cəmi dörd səhifəlik bir yazının müəllifi olan Qurko Vladimir Aleksandroviçin mövqeyini önə çəkir, o məqaləyə və ümumən Qurkonun əsərlərinə istinadən 1915-ci ildə soyqırım ifadəsi ilə Türkiyəni ittiham edənlərə tutarlı cavablar verir.

Qərbi Azərbaycan məsələsində 2015-ci ildə Prezident İlham Əliyevin Göyçə, Zəngəzura qayıtmağın vacibliyi ilə bağlı səsləndirdiyi çıxışı xüsusi vurğulayır və bu çağırışı milli dövlətçilik strategiyasının, eləcə də tarixi ədalətin bərpasına yönəlmiş strateji hədəfin mühüm tərkib hissəsi kimi dəyərləndirir. Soydaşlarımızın doğma torpaqlarına qayıdış iradəsini və milli kimlik mübarizəsinin yeni mərhələyə keçdiyini diqqətə çatdırır. 2020-ci il Zəfərindən sonra formalaşan yeni geopolitik reallıqlar müstəvisində bu baxış yalnız tarixi həqiqətlərin bərpası deyil, həm də müasir Azərbaycanın ərazi bütövlüyü və milli təhlükəsizlik konsepsiyasının məntiqi davamı kimi çıxış edir. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda təmin edilən tarixi Zəfər, eləcə də Böyük Qayıdış konsepsiyası həmin uzaqgörən strateji xəttin real müstəvidə təsbit olunması və Qərbi Azərbaycana qayıdış ideyasının tam reallığa çevrilməsi üçün möhkəm zəmin yaratmışdır.

Şirməmməd Hüseynovun yazılarında ehtiva olunan intellektual enerji məhz düşüncə enerjisi kimi həm də şifahi söhbətlərinin üslubuna yansıyır. Nə mürəkkəb leksikaya varır, nə də çeşidli sitatlar içrə təfəkkürün məntiqini, təhlil analitikasını əldən verir. Sadəcə sahibləndiyi faktoloji tutum, zəngin sənəd məxəzləri mövzu və materialı nizamlamağa imkan verir. Humanitar elmlərin aktual problemlərindən tutmuş, siyasi, tarixi-ictimai mövzulara qədər istənilən məsələdə erudit zəka sərgiləyir. Bəlkə həm də ona görə ki, Şirməmməd Hüseynov tarixi ilk növbədə, hiss edir. Onun tarixi ümumiləşdirmələri və etnokulturoloji qənaətləri ömrünü arxivlərin qaranlığında keçirmiş, fakt və sənədlərin fanatik girovuna çevrilmiş bir araşdırıcının fikirləridir.

Şirməmməd Hüseynov üçün tarix ilk növbədə, diri, canlı orqanizmdir. Ona görə tarixi hadisələrə və şəxsiyyətlərə iki yöndən yanaşır. İştirakçısı və şahidi kimi, yaxud onun müasiri kimi. Dövrün mühitini, simvolik paradiqmaları, ictimai-siyasi ideologemləri son dərəcə ustalıqla bir araya gətirir. Çünki əsas amil yalnız münasibət bildirmək, ədəbi-ictimai fikri təhlil etmək deyil, həm də tarixi öz proqressiv imkanları ilə yaratmaq istəyidir ki, onu həm də gələcəyə yönəlik zaman vahidi kimi səciyyələndirsin: “Tarixdən kül götürmək olmaz, kül lazım deyil, tarixdən od götürmək lazımdır ki, bu dövlətin indisini və gələcəyini mühafizə edə biləsən”.

Dövlətin indisi və gələcəyini mühafizə etmək üçün isə mütləq şəxsiyyətlər lazım olur. Ona görə Şirməmməd Hüseynovun tədqiqatçı konsepsiyasında şəxsiyyət amili mühüm yer tutur. Tarixdən danışır, mühiti təsvir edir, situasiyaları dəyərləndirir, mövqe və münasibətləri aydınlaşdırır və s., və i. - hər şey bitir, geriyə parlaq şəxsiyyətlər, onların obrazı, düşüncələri qalır. Məzmun və miqyası ilə! Bu mənada, gələcəkdə Şirməmməd Hüseynovun araşdırmalarının həm də antropoloji səviyyəsindən bəhs etmək yerinə düşər.

Bu kitab əlbəttə ki, mədəni-estetik kateqoriya olan tarixi yaddaşın bərpası üçün ən ciddi arsenaldır. Sovet dövründə unutdurulmağa və təhrif olunmağa çalışılan Cümhuriyyət tarixini və onun banilərinin milli məfkurəsini yenidən bərpa edən tutarlı qaynaqdır. Həm də  müasir oxucuya və gənc nəsillərə milli müstəqilliyin nə dərəcədə çətin və şərəfli bir yolla qazanıldığını aşılayan milli məfkurə, milli yaddaş dərsləridir.

Kitabda Şirməmməd Hüseynovun belə fikirləri yer alır: “Məhəmməd Əmin Rəsulzadə gənc yaşlarında yazmışdı ki, “Türklər tarixi yaradanlardır, amma tarix yazan deyillər”. Türklərin tarixini başqaları yazıb. Tarixi yazanlar isə tarix kitablarında türklərin qəhrəmanlığını təcavüz, öz təcavüzlərini qəhrəmanlıq kimi yazıblar. Ona görə də biz həm öz tariximizi, həm də o tarixi yazacağıq”. 

Məncə, biz bu gün məhz o tarixi məqamın iştirakçılarıyıq. Zəfərimizi qazanmış, suverenliyimizi bərpa etmiş qürurlu bir dövlətə sahibik.  Qələm də, zaman da bizim xeyrimizə işləyir. Yaratdığımız tarixi sağlam şəkildə sabaha ötürmək, yenilənən düşüncə diskursumuzun ən gözəl səhifələrini  gələcək nəslə çatdırmaq üçün bu dəfə onu mütləq yazacağıq!

Elə məfkurə uğrunda can nisar edənlərin, Hadi demiş “millət və vətən rahinə qurban olanların” və bir də... yaradıcılıq taleyini bu amala bağlayan Şirməmməd Hüseynov kimi alimlərin ideallarının davamı olaraq yazacağıq!   

ELNARƏ AKİMOVA,

Milli Məclisin deputatı, filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas