Yeni ittifaq nə vəd edir?
Yaxın və Orta Şərqdə təhlükəsizlik məsələləri getdikcə daha çox aktuallıq qazanır. Regionda geosiyasi rəqabətin dərinləşməsi, silahlı münaqişələrin yaratdığı risklər və ənənəvi təhlükəsizlik mexanizmlərinin yetərsizliyi dövlətləri yeni əməkdaşlıq formatları axtarmağa sövq edir. Artıq ayrı-ayrı ölkələr təhlükəsizlik problemlərini yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, çoxtərəfli platformalar və hərbi-siyasi koalisiyalar vasitəsilə həll etməyə çalışırlar. Bu yanaşma regionda qüvvələr nisbətinin dəyişməsi ilə yanaşı, kollektiv müdafiə və qarşılıqlı təhlükəsizlik prinsiplərinin də ön plana çıxmasına səbəb olur.
Bu istiqamətdə atılan addımlardan biri kimi bu ilin yayında imzalanan Məkkə sazişi diqqət çəkir. Avqustda yaranan Məkkə Birgə Müdafiə Sazişi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən formalaşdırılıb və kollektiv çəkindirmə mexanizminə əsaslanır. Belə təşəbbüslərin əsas mahiyyəti regional dövlətlər arasında koordinasiyanı gücləndirmək, ortaq təhlükələrə qarşı birgə fəaliyyət imkanlarını genişləndirmək və təhlükəsizlik məsələlərində xarici güclərdən asılılığı azaltmaqdır.
“Bədr” imzalandı...
Artıq Yaxın və Orta Şərqdə bu tip yeni təhlükəsizlik təminatına çevriləcək birlik Məkkə sazişi olmayacaq - belə ki, oktyabrın 21-də Qətərin Doha şəhərində Türkiyə, Qətər, İndoneziya və Pakistanın müdafiə nazirlikləri tərəfindən Bədr Anlaşma Memorandumu imzalanıb. Sənəd 4 ölkənin müdafiə qurumunun rəhbər şəxsləri tərəfindən imzalanıb. Saziş bir neçə əsas sahədə müdafiə əməkdaşlığını dərinləşdirməyi hədəfləyir. Xüsusilə, birgə hərbi istehsal, tədqiqat və inkişaf (R&İ) və texniki hərbi təlimi nəzərdə tutur. Bundan əlavə, memorandum ümumi istehsal gücünü artırmaq və təchizat zəncirlərinin inteqrasiyasını asanlaşdırmaq üçün dörd ölkənin müdafiə sənayesi potensialının birləşdirilməsini nəzərdə tutur - bu həm iştirakçıların özlərinin, həm də müttəfiq və dost ölkələrin ehtiyacları üçün nəzərə alınır. Türkiyə tərəfinin fikrincə, saziş mühüm iqtisadi əhəmiyyətə malikdir və regional təhlükəsizliyin, sabitliyin gücləndirilməsinə yönəlib. Qeyd etmək lazımdır ki, dörd ölkənin artıq ikitərəfli əməkdaşlıq təcrübəsi var: məsələn, Türkiyə və Pakistan arasında Babur sinifli korvetlərin birgə istehsalı, eləcə də Türkiyə və İndoneziya arasında Kaplan MT orta tankının birgə hazırlanması kimi təcrübələr mövcuddur. Yeni memorandum bu əməkdaşlığı çoxtərəfli formata genişləndirməyi hədəfləyir. 4 ölkənin hərbi potensialı, hərbi imkanları əməkdaşlığın istiqamətlərini də müəyyən edə bilir. Türkiyə güclü müdafiə sənayesi ixracı, İndoneziya dəniz qüvvələri və müdafiə sənayesinin inkişafı üçün geniş daxili bazar, Qətər isə maliyyə imkanları, yüksək texnologiyalı silah sistemlərindən istifadə təcrübəsi və beynəlxalq müdafiə əlaqələri ilə seçilir.
Yeni regional təhlükəsizlik arxitekturasının konturları
Qeyd edək ki, siyasi mütəxəssislər bu sazişin yalnız hərbi plotensialın inteqrasiyasına və ya hərbi konsolidasiyaya hədəflənməsi ilə razılaşmırlar - xüsusilə Qərb institutları bu sazişin yeni siyasi hədəflər uğrunda formalaşdığı fikrindədirlər. Sazişin siyasi əhəmiyyəti onun yalnız silah istehsalı və hərbi texnologiyalarla məhdudlaşmamasındadır. Politoloqlar düşünür ki, müxtəlif coğrafi məkanları təmsil edən dörd dövlət öz müdafiə imkanlarını uzlaşdırmaqla beynəlxalq münasibətlərdə daha müstəqil fəaliyyət göstərmək, xarici təchizatçılardan asılılığı azaltmaq və regional təhlükəsizlik məsələlərində təsir imkanlarını artırmaq istəyir. Bu baxımdan “Bədr” dəyişən dünya nizamında dövlətlərin ikitərəfli münasibətlərlə kifayətlənməyərək çevik çoxtərəfli əməkdaşlıq formatlarına üstünlük verməsinin nümunəsi kimi çıxış edir.
Türkiyə üçün bu təşəbbüs müdafiə sənayesinin ixrac coğrafiyasını genişləndirmək və hərbi-texnoloji əməkdaşlıqda aparıcı mövqeyini möhkəmləndirmək imkanı yaradır. Qətər maliyyə resurslarını və müdafiə ehtiyaclarını, Pakistan hərbi istehsal və müdafiə təcrübəsini, İndoneziya isə Cənub-Şərqi Asiya bazarındakı mövqeyini bu əməkdaşlıq çərçivəsində uzlaşdıra bilər. Beləliklə, tərəflər təkcə silah alan və satan ölkələr kimi deyil, ortaq istehsal və texnologiya inkişafında iştirak edən tərəfdaşlar kimi çıxış etməyə çalışırlar.
Sazişin regional siyasi konteksti də diqqətəlayiqdir. Yaxın Şərqdə təhlükəsizlik risklərinin artdığı, Asiyada güc rəqabətinin dərinləşdiyi bir şəraitdə bu cür əməkdaşlıq dövlətlərə müdafiə imkanlarını şaxələndirmək və strateji manevr sahəsini genişləndirmək imkanı verir. Bununla belə, siyasətçilər “Bədr” memorandumunu avtomatik olaraq vahid hərbi ittifaq və ya qarşılıqlı müdafiə öhdəliyi kimi qiymətləndirmək düzgün olmazdı. Memarandumla bağlı ilkin rəylərdə əsas diqqətin müdafiə sənayesi və hərbi-texniki əməkdaşlığa yönəlməsi bunu deməyə əsas verir. Nəticə etibarilə, “Bədr” sazişi təhlükəsizliyin yalnız hərbi qüvvələrin sayından deyil, texnoloji imkanlardan, istehsal potensialından və tərəfdaşlar arasında koordinasiyadan asılı olduğu yeni mərhələnin göstəricisidir. Onun real siyasi çəkisi isə imzalanmış sənədin konkret birgə layihələrə, davamlı texnologiya mübadiləsinə və praktik əməkdaşlıq mexanizmlərinə çevrilməsindən asılı olacaq.
ÜDM-in 1 faizi həcmində hərbi büdcə...
O ki qaldı, bu sazişdə birləşən dövlətlərin hərbi potensialına, Türkiyə ilə Pakistanın hərbi gücü məlumdur. Ankaranın müdafiə büdcəsi təxminən 30 milyard dollardır. Pakistanın isə müdafiə büdcəsi təxminən 10,8 milyard dollardır. Güclü orduya sahib olan hər iki ölkə aparıcı güc mərkəzlərindən sayılırlar.
İndoneziya və Qətər isə Asiyanın fərqli geosiyasi məkanlarında yerləşsələr də, hər ikisi müdafiə imkanlarını genişləndirməyə, müasir silah sistemləri əldə etməyə və xarici hərbi təchizatçılarla əməkdaşlığı inkişaf etdirməyə çalışır. Lakin onların hərbi strategiyaları fərqlidir: İndoneziya böyük ərazisini və dəniz sərhədlərini qorumağa, Qətər isə kiçik ərazisinin təhlükəsizliyini yüksək texnologiyalı silahlar və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə təmin etməyə üstünlük verir.
İsveçin Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2026-cı ilin aprelində yenilənmiş məlumatlarına görə, İndoneziyanın 2025-ci ildə hərbi xərcləri təxminən 15 milyard ABŞ dolları təşkil edib. Bu, ölkənin hərbi xərclərinin ÜDM-in təxminən 1 faizi səviyyəsində olması deməkdir. İndoneziya həmin il Cənub-Şərqi Asiyada hərbi sahəyə ən çox vəsait ayıran ölkələrdən biri olub. Ölkənin fəal hərbi qulluqçularının sayı təxminən 400 min nəfərdən artıqdır. Ehtiyat qüvvələrinin sayı da təxminən eyni qədərdir. Aparıcı hərbi qüvvə quru qoşunları sayılır. 2026-cı il üçün quru qoşunlarının şəxsi heyəti təxminən 300 min nəfərdir. 2026-cı il məlumatlarına görə, İndoneziyanın inventarında təxminən 331 tank, 28 min zirehli və digər hərbi təyinatlı nəqliyyat vasitəsi, 153 özüyeriyən artilleriya qurğusu və 67 reaktiv yaylım atəşi sistemi yer alır. İndoneziya hava qüvvələrinin əsas xüsusiyyəti müxtəlif ölkələrdən alınmış təyyarələrdən istifadə etməsidir. Arsenalda ABŞ istehsalı F-16, Rusiyanın Su-27/Su-30 təyyarələri və Braziliyanın Super Tucano hücum-təlim təyyarələri var.
İndoneziyanın hərbi gücünün əsas fərqləndirici cəhətlərindən biri dəniz qüvvələridir. Ölkə çoxsaylı adalardan ibarət arxipelaqda yerləşir və dəniz nəqliyyat yollarının qorunması milli təhlükəsizliyin əsas məsələlərindən sayılır. “Global Firepower”ın 2026-cı il qiymətləndirməsinə görə, İndoneziyanın donanmasına 338 müxtəlif təyinatlı dəniz vasitəsi aid edilir. Bunların arasında 10 freqat, 26 korvet, 4 sualtı qayıq və çoxsaylı patrul gəmiləri var.
Qətərin hərbi gücü - müasir aviasiya, hava hücumundan müdafiə...
Qətərin müdafiə xərcləri və qoşun sayı İndonekziyadan fərqlənir. SIPRI-nin 2025-ci il üzrə ən çox hərbi vəsait ayıran 40 ölkənin siyahısında Qətər yer almır. Bu isə onun hərbi xərclərinin az olması demək deyil. ABŞ-ın World Factbook təşkilatının məlumatlarına görə, 2025-ci il ölkə profilində Qətərin hərbi xərcləri ÜDM-in təxminən 5 faizi səviyyəsində qiymətləndirilir. Bu, İndoneziyanın 1 faizlik göstəricisindən xeyli yüksək hərbi vəsaitdir. Qətərin maliyyə imkanları ölkəyə bahalı döyüş təyyarələri, hava hücumundan müdafiə sistemləri, tanklar və müasir rabitə vasitələri almağa şərait yaradır. Burada əsas məsələ böyük ordu saxlamaqdan çox, məhdud canlı qüvvənin yüksək texnologiyalı silahlarla təchiz edilməsidir.
2025-ci il ölkə profilində Qətər Silahlı Qüvvələrinin fəal şəxsi heyəti təxminən 15 min nəfər olub. “Global Firepower”ın 2026-cı il hesablamasında isə bu say 26 550 fəal hərbçi, 4 min ehtiyatda olan hərbçi və 5 500 nəfərlik paramilitar qüvvələr qeyd edilir - artımın səbəbi kimi isə İran-ABŞ müharibəsi göstərilir. Bu ölkənin hərbi potensialının ən diqqətçəkən hissəsi müasir döyüş aviasiyasıdır. Ölkə müxtəlif təchizatçılardan yüksək səviyyəli qırıcılar alıb: ABŞ istehsalı F-15QA; Fransanın Rafale qırıcıları; Avropanın Eurofighter Typhoon təyyarələri.
Bu təyyarələr müasir radarlar, idarəolunan raketlər, elektron mübarizə vasitələri və müxtəlif növ dəqiq zərbə silahları ilə təchiz oluna bilir. Qətər bu sistemlər vasitəsilə azsaylı hərbi heyətlə yüksək döyüş potensialı yaratmağa çalışır.
Qətər Almaniya istehsalı Leopard 2 tankları və PzH 2000 özüyeriyən artilleriya sistemləri kimi müasir silahlar əldə edib. Bununla yanaşı, ölkənin müdafiə strategiyasında hava hücumundan müdafiə xüsusi əhəmiyyət daşıyır. Patriot kimi sistemlər strateji obyektlərin, hərbi bazaların və infrastrukturun hava hücumlarından qorunmasında mühüm rol oynayır.
P.İSMAYILOV