İliana Yotova həm də, bu ölkənin ilk qadın Prezidenti kimi tarixə düşdü
İliana Yotova noyabrın 1-də Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turunda səslərin 57,6 faizini toplayaraq qalib gəlib. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası bülletenlərin 99,68 faizinin hesablanmasından sonra məlumat yayıb. Yotova və vitse-prezidentliyə namizəd Kiril Valçev rəqibləri Andrey Gyurov və Georgi Kandevi məğlub ediblər. Sonuncular səslərin 39,3 faizini əldə ediblər. Məğlubiyyətini etiraf edən Andrey Gyurov qalibləri təbrik edib. Beləliklə, İliana Yotova Bolqarıstan tarixində seçkilər yolu ilə dövlət başçısı seçilən ilk qadın olub.
İnamlı qələbə...
Xatırladaq ki, Bolqarıstanda oktyabrın 25-də prezident seçkilərinin birinci turu keçirilmişdi. Həmin seçkilərin nəticələrinə əsasən, İliyana Yotova və Andrey Qyurovun rəhbərlik etdiyi namizəd cütləri ikinci tura yüksəlmişdi. Yotova və vitse-prezidentliyə namizəd Kiril Valçev 34,69 faiz, Qyurov və Georgi Kandev isə 31,98 faiz səs toplamışdı.
Xatırladaq ki, Bolqarıstan Konstitusiyasına əsasən, prezidentliyə namizədin birinci turda qalib gəlməsi üçün səslərin yarıdan çoxunu toplaması və səsvermə hüququ olan seçicilərin yarıdan çoxunun seçkidə iştirak etməsi tələb olunur. Bu şərtlər yerinə yetirilmədikdə, ən çox səs toplamış iki namizədin iştirakı ilə yeddi gün ərzində ikinci tur keçirilir.
Qeyd edək ki, Bolqarıstanda etibarlı şəxsiyyət vəsiqəsi olmayan vətəndaşların noyabrın 1-də keçirilən prezident seçkilərinin ikinci turunda iştirak etməsi üçün xüsusi sertifikatlar verilib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, şəxsiyyət vəsiqəsini itirən, sənədi oğurlanan və ya zədələnən, eləcə də sənədinin etibarlılıq müddəti başa çatan vətəndaşlar səsvermə hüququndan istifadə etmək üçün xüsusi sertifikat almaq hüququna malikdir. Yeni şəxsiyyət vəsiqəsi üçün müraciət edən şəxslərə sənədin daha tez hazırlanması üçün dəstək göstərilib. Bu səbəbdən oktyabrın 30-dək yeni sənəd ala bilməyən vətəndaşlar səsvermə sertifikatı üçün müraciət edərək seçkidə iştirak ediblər.
İliana Yotova kimdir?
Bəs Bolqarıstanın ilk qadın prezidenti kimdir? İliana Yotova 24 oktyabr 1964-cü ildə Bolqarıstanın paytaxtı Sofiyada anadan olub. Atası Malin Todorov həkim və şəhər xəstəxanasının baş həkimi, həmçinin 1999-2003-cü illərdə Slivnitsa şəhərinin meri vəzifəsində çalışıb. İlliana orta təhsilini Sofiyadakı Fransız liseyində başa vurub. 1989-cu ildə Sofiya Universitetindən bolqar və fransız filologiyası üzrə bakalavr dərəcəsi alıb. Daha sonra Strasburq Milli İdarəçilik məktəbində və Strasburq Universitetinin Avropa Araşdırmaları instutunda təhsilini davam etdirib. Yotova fransız, rus və ingilis dillərini bilir.
Karyerasına gəlincə, 1980-ci illərdə İliana Yotova Sofiyadakı “Vəftizçi Müqəddəs İohann” xəstəxanasında tibb bacısı kimi işə başlayıb. 1990-1997-ci illər arasında Bolqarıstan Milli televiziyasında müxbir, redaktor, rejissor, xəbər və aktual mövzulu verilişlərin aparıcısı kimi çalışıb, həmçinin Xəbərlər və Aktual mövzular departamentinin direktoru, 1997-ci ildə Bolqarıstan Sosialist Partiyasının mətbuat xidmətinin rəhbəri olub.
Siyasi karyerasına gəlincə, 2005-ci ildə Bolqarıstanda keçirilən ümumi seçkilərdə Yotova Milli Assambleyaya deputat seçilib və 2007-ci ilə qədər bu vəzifədə çalışıb. Səlahiyyət müddəti ərzində o, Frankofoniya Parlament Assambleyasındakı Bolqarıstan nümayəndə heyətinə rəhbərlik edib, həmçinin Avropa İttifaqı Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olub. İliana Yotova 2007-ci və 2014-cü illərdə Avropa Parlamentinə də üzv seçilib. Orada o, Sosialistlər və Demokratların Proqressiv Alyansı qrupuna daxil idi. Yotova parlamentdə Daxili Bazar və İstehlakçıların müdafiəsi komitəsi (2007-2009), Balıqçılıq komitəsi (2009-2014) və Petisiyalar komitəsində (2009-2014) üzv idi. O, 2012-2013-cü illərdə Mütəşəkkil cinayətkarlıq, Korrupsiya və Çirkli pulların yuyulması üzrə Xüsusi komitənin üzvü olub. 2014-cü il seçkilərindən etibarən Yotova sədr Klod Moraesın rəhbərliyi altında Vətəndaş azadlıqları, Ədliyyə və Daxili İşlər komitəsinin sədr müavini olub. Bu vəzifədə o, 40 000 qaçqının Avropa İttifaqı daxilində ədalətli şəkildə bölüşdürülməsini nəzərdə tutan 2015-ci il hesabatı üzrə öz parlament qrupunun məruzəçisi qismində çıxış edib.
Yotova komitələrdəki fəaliyyəti ilə yanaşı Aİ - Monteneqro Stabilləşmə və Assosiasiya Parlament Komitəsindəki parlament nümayəndə heyətinin sədri, həmçinin Aralıq dənizi Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olub. O, həmçinin Avropa Parlamentinin dürüstlük (şəffaflıq, korrupsiya ilə mübarizə və mütəşəkkil cinayətkarlıqla mübarizə) üzrə partiyalararası qrupunun üzvü idi.
Vitse-prezidentlikdən prezidentliyə doğru...
2016-cı ildə Bolqarıstanda keçirilən prezident seçkiləri ərəfəsində İliana Yotova Bolqarıstan Sosialist Partiyası tərəfindən rəsmi olaraq vitse-prezidentliyə namizəd irəli sürüldü və prezidentliyə namizəd Rumen Radevlə birlikdə seçkilərə qatıldı. Vitse-prezident seçildikdən sonra o, Avropa Parlamentinin üzvü vəzifəsindən istefa verdi. Hər ikisinin 2017-ci il yanvarın 19-da andiçməsi oldu və yanvarın 22-də onlar öz vəzifələrinin icrasına başladı. 1 fevral 2021-ci ildə Prezident Radev rəsmi olaraq elan etdi ki, o və İliana Yotova 2021-ci il ümumi seçkilərində ikinci müddətə namizədliklərini irəli sürəcəklər.
19 yanvar 2026-cı il tarixində xalqa müraciətində o vaxtkı prezident Rumen Radev istefa vermək niyyətində olduğunu açıqladı. Ertəsi gün Radev Prezident vəzifəsindən istefasını Konstitusiya Məhkəməsinə təqdim etdi. Üç gün sonra - yanvarın 23-də Konstitusiya Məhkəməsi Radevin istefasını rəsmən qəbul etdi və 2026-cı il yanvarın 23-də, Konstitusiya Məhkəməsinin Rumen Radevin heç bir kənar təzyiq olmadan, könüllü şəkildə verdiyi istefasını təsdiqləməsindən sonra, İliyana Yotova rəsmən Bolqarıstan Prezidentinin səlahiyyətlərinin icrasına başlayıb. Noyabrın 1-də seçkilərin ikinci turunda qələbə qazandıqdan sonra xanım Yotova növbəti müddətə Bolqarıstanın Prezidenti vəzifəsini yerinə yetirəcək.
Nardar BAYRAMLI