“OPEC+” qərarını dəyişmədi

“OPEC+” qərarını dəyişmədi

Neft hasilatının sabit saxlanması məqsədəuyğun hesab edilib

“OPEC+” ölkələri (Rusiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, Küveyt, İraq, Qazaxıstan və Oman) noyabrın 1-də videokonfrans formatında keçirilən görüşündə qlobal neft bazarındakı vəziyyət və onun inkişaf perspektivləri müzakirə olunub. “Neft yeddiliyi” 2026-cı ilin sentyabr ayı üçün müəyyən olunmuş hasilat səviyyəsinin cari və dekabr ayında da saxlanılması barədə qərar qəbul edib. Beləliklə, “OPEC+” qrupu Əməkdaşlıq Bəyannaməsi üzrə öhdəliklərin tam yerinə yetirilməsinə kollektiv sadiqliklərini bir daha vurğulayıb.

“OPEC+” ölkələri bununla neft hasilatı kvotasını gündəlik təxminən 36 milyon bareldə saxlamış olacaq. Alyans üzvləri ilə bərabər, “OPEC” ölkələrinin də hasilatı öz kvotalarına uyğun olaraq sabit saxlaması gözlənilir. Belə ki, ABŞ və İran arasında imzalanmış memorandumdan sonra Fars körfəzi ölkələri hasilatı əhəmiyyətli dərəcədə artırmaqdadır. Beləliklə, qlobal neft tədarükündə əsas rol oynayan “OPEC” və “OPEC+” ölkələri gündəlik hasilat və nəql kvotasını ilin əvvəlindəki çərçivəyə qaytarmaqla, bazarı tarazlamaq niyyətindədir.

Qiymətlərin 80-90 dollar olması münasib hesab edilir

“OPEC+” enerji ittifaqı adətən qlobal enerji bazarlarında baş verən fraqmentasiyalara uyğun qərarlar qəbul edir, bazarda nizamlayıcı rol oynamaq üçün yanacağın tədarük kvotalarını müəyyənləşdirir. Alyans üzvlərinin siyasətində neftin baha qiymətə satılması arzuolunan hesab edilmir, tədarükçülər orta qiymət zənbilinin 80-90 dollar arasında olmasını münasib hesab edərək bazara tələb olunan kvotaya uyğun neft çıxarır. Neftin qiymətləri yüksələndə adətən hasilat və nəql artırılır.

“OPEC+” ölkələri neftin qiymətləri ucuzlaşanda, hazırkı ssenariyə əsasən, yanacağın qiymətinin orta satış 70 dollardan aşağı düşməsi tendensiyası artanda hasilatı azaltmaq qərarı verir. Son 2 ildə dünya bazarında neftin orta satış qiyməti 80-90 dollar civarında dövr etdiyindən “OPEC+” ölkələri neftin hasilatını artırmaq yox, nisbi azaltmaq kursu üzrə hərəkət edib. Yaxın Şərqdə və Fars körfəzində baş verən son hadisələr və Hörmüz boğazının bağlanmasından sonra aprelin əvvəlində hasilatı 200 min barelə yaxın artıran “OPEC+” ölkələri bununla da qiymətlərin sabitliyinin təmin edilməsi üçün mühüm addımlardan birini atdı.

Azərbaycan razılaşmanı dəstəkləyir

“OPEC +” ölkələrinin anlaşmasına əsasən, Azərbaycanın gündəlik nəql kvotası əvvəlki həcmdə - təxminən 450-530 min barel müəyyən edilib. Alyans ölkələrinin razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotasını 551 min barelədək artırması qərara alınsa da, son 3 ayda faktiki hasilat həmin rəqəmdən 90 min barel az olub. Belə ki, bu ilin ötən üç rübü ərzində gündəlik neft hasilatı orta hesabla 450 min barel təşkil edib.

Mövcud kvota ölkəmiz üçün orta qiymət şkalasının tənzimlənməsində qənaətbəxş hesab edilir. Ümumiyyətlə, respublikamız istər “OPEC”in, istərsə də “OPEC+”in tədbirlərində qəbul edilən qərarlara həmişə hörmətlə yanaşıb və rəsmi Bakı üçün kvotanın azaldılması barədə dəfələrlə irəli sürülmüş təklifləri tam yerinə yetirib.

Azərbaycan alyansda etibarlı tərəfdaş və nümunəvi tədarükçü kimi təkcə neft ehtiyatlarının nəqlini deyil, həm də müasir qlobal bazarın əsas tələbatlarından birinə çevrilən alternativ yanacaq mənbələrinin səfərbər olunması və koalisiyalarla birlikdə nəqlində təşəbbüskarlıq edir. Xüsusilə də son dövrlərdə “yaşıl enerji” üzrə layihələrdə “OPEC”in ən iri təchizatçıları olan BƏƏ və Səudiyyə Ərəbistanı ilə “yaşıl enerji” konsepsiyasında yaxın tərəfdaşlıq və birgə günəş və külək stansiyalarının qurulması bu fəallığın nümunəsi kimi qiymətləndirilir. Bunu “OPEC”in baş katibi Haysam əl-Qays də etiraf edir və bildirib ki, kartel ölkələri ilə Azərbaycan arasında əlaqələri hər zaman yüksək olub, hazırkı əməkdaşlıq isə “qızıl dövr”ünü yaşayır. “OPEC”in rəhbərliyi qlobal səviyyədə yanacaq emissiyasının azaldılması və yaşıl hidreogenə keçidlə bağlı beynəlxalq təşəbbüslərin dəstəkləyicisi olan Azərbaycanın səylərini də yüksək dəyərləndirib.

Noyabrın sonunda yeni qərar veriləcək

“OPEC+” formatında neft bazarındakı vəziyyət növbəti görüşdə - noyabrın 29-da keçirilməsi nəzərdə tutulan konfransda müzakirə olunacaq. Alyans ölkələrinin istehsal və nəql kvotasının artırılıb-artırılmayacağı qiymətlərin və istehlakın səviyyəsinə uyğun qiymətləndirilərək veriləcək. Əgər neftin qiyməti sabit qalarsa, hasilatın azaldılmasına qərar verilməyəcək. Qiymətlərdə kəskin enişlərin baş vermə tendensiyası müşahidə olunarsa, risklər nəzərə alınaraq hasilatın azaldılmasına qərar verilə bilər.

Yeri gəlmişkən, ABŞ-ın Enerji İnformasiya Administrasiyası cari ilin ikinci yarısında neft qiymətlərinə dair ehtimallarını açıqlayıb. Məlumata görə, “Brent” markalı xam neftin bir barelinin orta qiyməti 78,84 dollar olacaq, “Light” markalı xam neftin orta qiymətinin isə cari ildə 73,61 dollar olacağı gözlənilir.

E.CƏFƏRLİ