Bolqarıstan elektrik enerjisinin saxlanması sahəsində Avropanın liderlərindən birinə çevrilib

Bolqarıstan elektrik enerjisinin akkumulyator sistemlərində saxlanması sahəsində Avropanın aparıcı ölkələrindən birinə çevrilib. Son bir ildə ölkənin enerji saxlama gücü iki dəfə artaraq 6 giqavata çatıb.

AZƏRTAC xəbər verir ki, Bolqarıstanın bu sahədə sürətli inkişafı ölkənin “Balkanların batareyası” adlandırılmasına səbəb olub.

Avropa İttifaqının ayırdığı 700 milyon avroluq maliyyə dəstəyi və həyata keçirilən tənzimləmə islahatları ölkədə iri enerji saxlama layihələrinə özəl investisiyaların cəlb edilməsini sürətləndirib. Yeni akkumulyator sistemləri gündüz saatlarında Günəş elektrik stansiyalarında istehsal olunan enerjinin saxlanılmasına və tələbatın yüksəldiyi axşam saatlarında elektrik şəbəkəsinə ötürülməsinə imkan verir.

Bolqarıstanın Elektrik Enerjisinin İstehsalı, Saxlanması və Ticarəti Assosiasiyasının məlumatına görə, ölkənin elektrik enerjisi ixracı illik müqayisədə 62 faiz artaraq 3,5 teravatsaat təşkil edib. İxracın bir hissəsi Rumıniyaya yönəldilib. Bu, yay aylarında quraqlıq səbəbindən elektrik enerjisi istehsalında çətinliklərlə üzləşən qonşu ölkənin enerji sisteminə əlavə dəstək verib.

Müqayisə üçün qeyd olunur ki, Yunanıstanda akkumulyator sistemlərinin ümumi gücünün ilin sonunadək 1 giqavata çatacağı gözlənilir. Yunanıstan hökuməti 2030-cu ilədək əlavə 5 giqavat gücün istifadəyə verilməsini planlaşdırır.

Ekspertlərin fikrincə, enerji saxlama sistemləri bərpaolunan enerji mənbələrinin elektrik şəbəkəsinə inteqrasiyasını asanlaşdırır, enerji təhlükəsizliyini gücləndirir və qiymət dəyişkənliyinin azaldılmasına kömək edir.