Fransanın ədliyyə naziri Jeral Darmanən oktyabrın 17-dən etibarən keçirilən etiraz aksiyaları zamanı baş verən zorakılıq halları ilə bağlı 329 nəfərin həbsxanaya göndərildiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu haqda nazir BFMTV-RMC telekanalına müsahibəsində bildirib. Nazir qeyd edib ki, ümumilikdə 4914 nəfər polis nəzarətinə götürülüb. Onların 70 faizi yetkinlik yaşına çatmış şəxslərdir. Darmanən bu göstəricinin etirazların yalnız məktəblilərin iştirakı ilə keçirilən hərəkat olmadığını göstərdiyini vurğulayıb.
Nazirin təqdim etdiyi məlumata görə, prokurorlar 2290 nəfər barəsində cinayət təqibinə başlayıb, 1820 nəfər isə məhkəmə orqanlarının qarşısına çıxarılıb. Ümumilikdə 404 nəfər barəsində həbs cəzası tədbiri görülüb, onlardan 329-u həbsxanaya yerləşdirilib.
Darmanən oktyabrın 31-də keçirilən aksiyalar zamanı 240 nəfərin polis nəzarətinə götürüldüyünü bildirib. Onun sözlərinə görə, oktyabrın 17-də saxlanılanların 60–70 faizinin əvvəllər məhkumluğu olmayıb. Nazir sonrakı aksiyalarda zorakılıq hallarının daha çox əvvəllər hüquq pozuntularına yol vermiş şəxslərlə əlaqəli olduğunu iddia edib.