Fransanın Nitsa şəhərinin keçmiş meri Kristian Estrosi “Eurovision Junior” müsabiqəsinin təşkili və maliyyələşdirilməsi ilə bağlı iş üzrə Marsel İslah Məhkəməsində mühakimə olunacaq.
AZƏRTAC xəbər verir ki, iş 2023-cü ildə Nitsada keçirilən iki tədbirin təşkili və maliyyələşdirilməsi ilə bağlıdır.
Araşdırmanın birinci istiqaməti “France Televisions” tərəfindən təşkil edilən və yayımlanan “Eurovision Junior” müsabiqəsinə aiddir. Estrosinin həyat yoldaşı, dövlət televiziya şirkətinin əməkdaşı Lora Tenuci-Estrosi müsabiqənin açılış mərasimində aparıcılıq edib. Həmin vaxt onun həyat yoldaşının rəhbərlik etdiyi Nitsa bələdiyyəsi tədbirin maliyyələşdirilməsində iştirak edib.
İkinci istiqamət isə “La Tribune” tərəfindən təşkil olunan “Nice Climate Summit” tədbiri ilə bağlıdır. Tenuci-Estrosi tədbirin təşviqində iştirak edib, sonra isə bu işdən geri çəkilib.
Ötən il prokurorluq araşdırmanın dövlət vəsaitlərinin mənimsənilməsi şübhələri və maraqların toqquşması ehtimalları üzrə aparıldığını bildirib. Kristian Estrosi və həyat yoldaşı həmin ilin iyununda polis nəzarətinə götürülüblər.
Estrosi işi “siyasi manipulyasiya” adlandıraraq ittihamları tənqid edib.
Məlumata görə, təqsirləndirilən tərəflərin və “France Televisions”un vəkilləri məhkəmədə bəraət tələb etməyə hazırlaşırlar. Məhkəmə prosesinin tarixi hələ müəyyənləşdirilməyib.