Terrorçu qrupların Nigerin Tillaberi bölgəsinə növbəti silahlı hücumu çox sayda insan tələfatına səbəb olub. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Nigerin şimal-qərbində törədilən terror aktı nəticəsində 69 nəfər həlak olub.
Nigeriyanın daxili işlər naziri Alkaçe Alhadanın sözlərinə görə, ölənlər arasında hücuma məruz qalan Adab-Dab kəndinin də daxil olduğu Banibanqu kommunasının bələdiyyə sədri də var. Hücumun Banibanqu bələdiyyəsindən olan nümayəndə heyətinin kəndə səfəri zamanı təşkil edildiyi bildirilir.
Xatırladaq ki, 2017-ci ildən bəri Tillaberi bölgəsi vaxtaşırı qonşu Mali dövlətinin şimalında fəaliyyət göstərən terrorçu qrupların hücumlarına məruz qalır. Bu hücumların qarşısını almaq üçün Niger hökuməti bütün bölgədə fövqəladə vəziyyət elan edib.
BMT-nin məlumatına görə, son üç ildə Nigerdəkı terror aktları səbəbindən 313 min insan məcburi köçkün vəziyyətinə düşüb, daha 235 min insan isə qonşu ölkələrə sığınmaq məcburiyyətində qalıb.