Qətər Avropanı qazla təchiz etməyə hazırdır, lakin bunun üçün 5-7 il lazım gələcək.
“Report” xəbər verir ki, bu barədə Qətərin energetika naziri Saad əl-Kəabi “Doha forum” beynəlxalq konfransında bildirib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə, anti-Rusiya sanksiyaları və enerji böhranının kəskinləşməsi fonunda Qətər yaxın vaxtlarda Avropaya qaz nəqlinə başlaya bilməyəcək.
“Hazırda Avropaya dərhal kömək edə biləcəyimizi düşünmürəm. Enerji təchizatında Rusiyanın yerini heç kim tuta bilməz”, - o deyib.
Bundan əvvəl o, həmçinin bildirmişdi ki, Qətər Rusiyanı əvəz edə bilməyəcək, çünki Avropaya verilən qazın 30-40%-i Rusiyanın payına düşür və əmirlik bu həcmləri əvəz etmək gücündə deyil.
“Avropa İttifaqında Rusiya qazını bir gündə əvəz edə bilməyəcəyik, bu, təxminən 5-7 il vaxt tələb edir”, - nazir bildirib.