Hörmüz boğazında gəmiçilik trafiki ABŞ-İran hərbi münaqişəsindən əvvəlki dövrlə müqayisədə təxminən 65 faiz aşağı səviyyədə qalır.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) hesabatında bildirilib.
Məlumata görə, son bir həftə ərzində boğazdan 139 gəminin çıxışı, 169 gəminin isə girişi qeydə alınıb. Bir həftə əvvəl bu göstəricilər müvafiq olaraq 170 və 155 olub.
Hesabatda qeyd edilir ki, həftə ərzində beşi Hörmüz boğazında, ikisi Körfəzdə, biri isə Oman körfəzində olmaqla, ümumilikdə səkkiz dəniz hadisəsi qeydə alınıb.
UKMTO-nun məlumatına görə, fevralın 28-də İrana qarşı hərbi əməliyyatların başlanmasından bəri münaqişə ilə əlaqəli 163 dəniz hadisəsi qeydə alınıb. Bunlardan 141-i gəmilərə dəyən ziyanla bağlı olub.