Növbəti strateji tərəfdaşlıq...

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər yeni mərhələyə qədəm qoyur

I yazı

Azərbaycanın xarici siyasət strategiyasında ikitərəfli əlaqələrin inkişafı və müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinin qurulması mühüm istiqamətlərdən birini təşkil edir. Bu siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, siyasi çəkisinin və etibarlı tərəfdaş kimi mövqeyinin göstəricisidir. Bu gün Azərbaycanla əməkdaşlığa maraq göstərən dövlətlərin dairəsinin genişlənməsi təsadüfi deyil. Ölkəmizin beynəlxalq öhdəliklərə sadiqliyi, müstəqil və prinsipial xarici siyasət yürütməsi, regional və qlobal məsələlərdə məsuliyyətli mövqe nümayiş etdirməsi tərəfdaşların Azərbaycana etimadını daha da artırır. Strateji tərəfdaşlıq sənədləri ilə möhkəmlənən münasibətlər isə siyasi dialoqdan iqtisadiyyat, enerji, müdafiə, təhlükəsizlik və humanitar sahələrədək geniş əməkdaşlıq imkanları yaradır. Bu baxımdan, Azərbaycanın ikitərəfli əlaqələrə verdiyi önəm həm milli maraqların təmin olunmasına, həm də beynəlxalq əməkdaşlıq mühitində etibarlı və sözünə sadiq dövlət kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Qeyd edək ki, Azərbaycan müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində ikitərəfli münasibətlərə malikdir:

- Türkiyə, Rusiya, Özbəkistan və Qırğızıstan Azərbaycanın rəsmi müttəfiqləri hesab olunur.

- İtaliya, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Avropa İttifaqına üzv olan bir sıra ölkələrlə (ümumi olaraq Aİ-yə üzv 10-a yaxın ölkə ilə) strateji tərəfdaşlıq sənədləri mövcuddur.

Azərbaycanın müxtəlif dərəcələrdə (strateji tərəfdaşlıq, hərtərəfli strateji tərəfdaşlıq və ya müttəfiqlik) münasibətlər qurduğu ölkələrin ümumi sayı rəsmi olaraq 20-dən çox dövləti əhatə edir. Noyabrın 12-də Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu siyahıda növbəti oldu.

Davamlı və dostluğa söykənən münasibətlər...

Qeyd edək ki, iki ölkə arasında münasibətlər uzunmüddətli siyasi dialoqa əsaslanır. 1994-cü il fevralın 23-də imzalanan Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə və 1998-ci il iyulun 21-də imzalanan Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin gücünü, dərinliyini və dinamizmini yüksək səviyyəyə çatdırıb. Hər iki ölkə ikitərəfli yüksəksəviyyəli siyasi dialoqa hər zaman böyük hörmətlə yanaşıblar - xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, eləcə də suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiqliklik hər zaman vurğulanıb. Dövlətlər arasında iqtisadi münasibətlər də yüksək səviyyədədir. Bu Bəyannamədə də tərəflər güclü, dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyanın hər iki ölkə üçün uzunmüddətli sabitlik və rifahın vacib təməlləri olduğunu vurğulayıblar. Hər iki ölkə davamlı tərəfdaşlıqların etimad, açıqlıq və güclü insanlararası əlaqələr üzərində qurulduğunu tanıyaraq, uzunmüddətli artım və rəqəmsal transformasiya üçün təməl kimi təhsil, elm, innovasiya və bacarıqlar sahəsində praktik əməkdaşlığın vacibliyini təsdiqləyiblər.

Təhlükəsizlik sahəsində strateji tərəfdaşlığın yeni mərhələsi

Vurğulandığı kimi, Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər uzun illər ərzində siyasi dialoq, iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi istiqamətində inkişaf edib. Strateji Tərəfdaşlıq haqqında Bəyannamədə müdafiə və təhlükəsizlik məsələlərinin ayrıca istiqamət kimi müəyyənləşdirilməsi isə ikitərəfli əlaqələrin daha geniş geosiyasi məzmun qazandığını göstərir. Sənəddə tərəflərin regional sülh və sabitliyin təmin olunması naminə “müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi” barədə ortaq mövqeyi ifadə olunur. Bu yanaşma Azərbaycanın xarici siyasətində təhlükəsizlik amilinə verdiyi əhəmiyyətlə uzlaşır.

Bəlli olduğu kimi, müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik artıq yalnız dövlətlərin sərhədlərinin qorunması ilə məhdudlaşmır. Regional münaqişələr, terrorizm, transmilli təhdidlər, kiberhücumlar və yeni hərbi çağırışlar dövlətlərdən daha çevik və koordinasiyalı fəaliyyət tələb edir. Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar fonunda regional təhlükəsizliyin təmin olunmasında mühüm aktor kimi çıxış edir. Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın beynəlxalq təhlükəsizlik arxitekturasında mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Xüsusilə sənəddə “ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq” məqsədinin vurğulanması tərəfdaşlığın yalnız mövcud problemlərə reaksiya verməklə kifayətlənmədiyini göstərir. Burada əsas məqsəd potensial riskləri əvvəlcədən müəyyənləşdirmək, onların qarşısını almaq və təhlükəsizlik sahəsində institusional hazırlığı gücləndirməkdir. Beləliklə, Bakı-London münasibətləri ənənəvi siyasi və iqtisadi əməkdaşlıq çərçivəsindən çıxaraq regional sabitliyə töhfə verən daha geniş strateji müstəviyə yüksəlir.

Müdafiə potensialının gücləndirilməsi və hərbi əməkdaşlıq imkanları

Bəyannamənin müdafiə əməkdaşlığına həsr olunan müddəaları Azərbaycan-Böyük Britaniya münasibətlərinin praktik və institusional əsaslarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Sənəddə tərəflərin “təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığını inkişaf etdirəcəkləri” bəyan olunur. Bu müddəa hərbi sahədə bilik və təcrübə mübadiləsinin, peşəkar hazırlığın və müdafiə imkanlarının inkişafının ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biri olacağını göstərir.

Azərbaycanın son illərdə müdafiə və təhlükəsizlik sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlar, ordunun modernləşdirilməsi, müasir hərbi texnologiyaların tətbiqi və peşəkar hərbi kadr hazırlığı ölkənin müdafiə potensialını əhəmiyyətli dərəcədə gücləndirib. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər müasir hərbi strategiyanın, texnoloji imkanların və koordinasiyalı fəaliyyətin əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu baxımdan Böyük Britaniya ilə təlim və təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq Azərbaycanın müdafiə imkanlarının daha da təkmilləşdirilməsi üçün əlavə perspektivlər yaradır.

Diqqətçəkən digər məqam müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasıdır. Bəyannamədə “müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarını araşdıracaqlar” ifadəsi tərəflərin bu istiqamətdə qarşılıqlı maraqlarının olduğunu ortaya qoyur. Bu, gələcəkdə texnoloji təcrübə mübadiləsi, müdafiə sənayesi məhsullarının istehsalı və birgə təşəbbüslər üçün zəmin yarada bilər. Eyni zamanda, yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi müdafiə sahəsində əməkdaşlığın ardıcıl inkişafına imkan verir. Bütün bunlar Azərbaycanın milli təhlükəsizlik maraqlarının təmin olunması ilə yanaşı, Böyük Britaniya ilə strateji tərəfdaşlığın yeni məzmun qazanmasına xidmət edir.

Hüquq-mühafizə, institusional dayanıqlılıq və beynəlxalq təhlükəsizlik

Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin mühüm cəhətlərindən biri təhlükəsizlik anlayışına kompleks yanaşmanın nümayiş etdirilməsidir. Sənəddə əməkdaşlıq yalnız hərbi müdafiə və silahlı qüvvələrin imkanları ilə məhdudlaşdırılmır, hüquq-mühafizə orqanları, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi sistemlər də ümumi təhlükəsizlik arxitekturasının tərkib hissəsi kimi nəzərdən keçirilir. Tərəflərin “qanunun aliliyini və institusional dayanıqlılığı gücləndirmək” məqsədilə əməkdaşlığı genişləndirmək niyyəti dövlət idarəçiliyinin və təhlükəsizlik institutlarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Hər zaman bildirilir ki, qloballaşan dünyada transmilli cinayətkarlıq, qanunsuz miqrasiya, insan alveri, narkotik vasitələrin dövriyyəsi və digər sərhədlərarası təhdidlər ayrı-ayrı dövlətlərin səyləri ilə tam aradan qaldırıla bilməz. Bu problemlərin qarşısının alınması operativ informasiya mübadiləsini, hüquq-mühafizə qurumları arasında əlaqələndirilmiş fəaliyyəti və sərhəd təhlükəsizliyinin gücləndirilməsini zəruri edir. Məhz bu baxımdan Bəyannamədə sərhəd idarəçiliyi ilə yanaşı, “məhkəmə və hüquqi əməkdaşlığı formalaşdıracaqlar” müddəasının yer alması tərəfdaşlığın geniş institusional çərçivəsini müəyyənləşdirir.

Sənədin digər mühüm istiqaməti çoxtərəfli platformalarda əməkdaşlıqla bağlıdır. Tərəflər “beynəlxalq sülhə və təhlükəsizliyə birgə töhfə verərək əməkdaşlıq etmək” niyyətlərini təsdiqləyirlər. Bu yanaşma Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakına, regional və qlobal təhlükəsizlik məsələlərində konstruktiv mövqe nümayiş etdirməsinə uyğun gəlir. BMT və digər çoxtərəfli platformalarda təhlükəsizlik, sabitlik və beynəlxalq hüququn prinsiplərinin müdafiəsi hər iki ölkənin qarşılıqlı maraqlarının uzlaşdığı istiqamətlərdə əməkdaşlıq imkanlarını artırır. Nəticə etibarilə, Bakı ilə London arasında təhlükəsizlik tərəfdaşlığı yalnız ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə deyil, daha geniş coğrafiyada sabitliyin və beynəlxalq təhlükəsizliyin təşviqinə yönəlmiş strateji əməkdaşlıq modelinin formalaşmasına xidmət edir.

Pərviz SADAYOĞLU