Yaponiya parlamentinin aşağı palatası hesab edilən Nümayəndələr Palatasında (Shuugin) keçirilən iclasda parlament üzvləri ölkənin yeni baş nazirini seçmək üçün bir araya gəlib. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Fumio Kisida sədri olduğu LDP-nin və ortağının üstünlük təşkil etdiyi 465 yerlik parlamentin deputatlarından 311-inin səsini qazanaraq Yaponiyanın 100-cü baş naziri olub.
Keçən həftə LDP liderinin seçkilərində Kisida rəqibləri islahatlar naziri Kono Taro və qadın namizədlər - keçmiş daxili işlər naziri Noda Seiko və rabitə naziri Takaiçi Sanaeyə qalib gəlib.
Bununla belə, Yaponiya hakimiyyəti oktyabrın 31-də növbədənkənar seçkilər keçirməyi planlaşdırır. Deputatların səlahiyyətlərinin oktyabrın 21-də başa çatmasını nəzərə alan hakimiyyət seçki planlarını dəyişib. Buna görə də yeni baş nazir parlamenti oktyabrın 14-də buraxacaq və oktyabrın 19-da seçki kampaniyasına başlayacaq, seçkilər isə oktyabrın 31-də keçiriləcək.
Məhz bu səbəbdən Kisidanın 30-31 oktyabr tarixlərində Romada keçiriləcək G-20 zirvəsinə qatılmayacağı qeyd edilib.
Xatırladaq ki, Kisida səlahiyyətini 31 oktyabr 2021-ci il tarixinə təyin edilən seçkilərə qədər davam etdirəcək.