Məşhur amerikalı aktyor Alek Bolduinin film çəkilişləri zamanı istifadə etdiyi silahdan həqiqi atəş açılması faciəyə səbəb olub. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Nyu- Meksiko ştatında "Rast" filminin çəkiliş meydançasında baş verən bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Verilən xəbərə görə, növbəti səhnəni çəkmək üçün istifadə edilən silahdan atəş açılması nəticəsində 42 yaşlı kinooperator Qalina Hatçins və 48 yaşlı rejissor Coel Souza yaralanıb. Hadisə yerindən vertolyotla xəstəxanaya aparılan Q.Hatçins dünyasını dəyişib. Təcili yardımla digər xəstəxanaya aparılan C.Souzanın müalicəsi davam edir.
Aktyor A.Bolduinin sözçüsü isə tapançanın boş olması güman edildiyi üçün hadisənin qəsdən törədilmədiyini bildirib. Buna baxmayaraq, polis əməkdaşları hadisə barədə, o cümlədən istifadə edilən silahla bağlı araşdırma aparırlar