Türkiyədə meşə yanğınlarının sayı bir il ərzində 35 faiz azalıb

Türkiyədə meşə yanğınlarının sayı bir il ərzində 35 faiz azalıb

Bu ilin əvvəlindən Türkiyədə 2 min 111 meşə yanğını qeydə alınıb. Bu, ötən ilin ilk on ayı ilə müqayisədə 35 faiz azdır.

Bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi meşə sahələrinə təzyiqi artırır.

“Əsas məsələ yanğın ocaqlarının operativ şəkildə söndürülməsindən daha çox risklərin təhlili və qabaqlayıcı tədbirlərin vaxtında görülməsidir. Bundan əlavə, yanğınlardan zərər çəkmiş meşələrin bərpası da mühüm əhəmiyyət daşıyır”, – deyə nazir bildirib. O, yanğınların 86 faizinin insan amili ilə bağlı baş verdiyini də qeyd edib.

İ.Yumaklı yanğınların söndürülməsində ölkə üzrə 28 mindən çox yanğınsöndürənə kömək edən könüllülərin rolunu da xüsusi vurğulayıb: “2021-ci ildə Türkiyənin meşələrinin mühafizəsində iştirak edən könüllülərin sayı 13 min nəfər idisə, hazırda bu göstərici 142 min nəfərə çatıb”.

Nazir yanğınlarla mübarizədə mühüm dəstək vasitələrindən biri kimi yanğın qüllələrinin mövcudluğunu qeyd edib. Hazırda belə qüllələrin sayı 776-ya çatıb. Onlardan 194-ü ərazinin “ağıllı monitorinqi” üçün texniki avadanlıqlarla təchiz olunub.

Bundan əlavə, yanğınların söndürülməsində 28 təyyarə, 119 helikopter və 14 pilotsuz uçuş aparatından istifadə olunur.