Prezident İlham Əliyev Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin sədri general Tariq Məcidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin sədri general Tariq Məcidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycana ilk dəfə gəldiyini, səfəri zamanı yüksək qonaqpərvərliklə qarşılandığını söyləyən Tariq Məcid Azərbaycanın gözəl bir ölkə olduğunu, burada qardaşlıq hissləri keçirdiyini deyib.
Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib, Azərbaycan ilə Pakistanın yaxın tərəfdaş və müttəfiq ölkələr olduğunu vurğulayıb. Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində genişlənəcəyinə ümidvar olduğunu qeyd edib. Dövlətimizin başçısı Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin sədrinin ölkəmizə səfərinin münasibətlərimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.