Azərbaycançılıq - milli özünüdərkdən qələbələrə aparan yol...

İlham Əliyev: Əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik

Dünya miqyasında multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi, irqçiliyin, milli-dini dözümsüzlüyün, ksenafobiyanın artdığı bir dövrdə Vətənimiz Azərbaycanın mənzərəsi tamam fərqli cəhətlərlə-multikulturalizm və tolerantlıqla  səciyyələnir. Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, mədəniyyətlərin, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan əsrlərdən bu yana fərqli dinlərin, mədəniyyətlərin, müxtəlif etnik qrupların təmsilçilərinin rahat, sərbəst şəkildə yaşadıqları məkan kimi tanınmaqdadır. Oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub: “Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar”.

Tolerantlıq, multikulturalizm nümunəsi sayılan Azərbaycan bu gün də öz dəyərlərinə sadiqlik nümayiş etdirir. Müstəqil Azərbaycanın memarı Ümummilli ?ideri Heydər Əliyev tərəfindən əsası qoyulan ?zərbaycançılıq ideologiyaı bu münasibətlər sistemini daha da möhkəmləndirib, daha da gücləndirib. Çoxmillətli və çoxkonfessiyalı ölkə sayılan Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində  - vahid milli ideologiya ətrafında birləşərək yaşayırlar.

Azərbaycançılıq ideologiyası daxili sabitliyin və milli həmrəyliyin əsas dayağıdır

Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı mərhələlərinə nəzər saldıqda aydın görünür ki, ölkəmiz üçün ən böyük sınaqlardan biri milli birliyin qorunması, cəmiyyətdə parçalanma meyillərinin aradan qaldırılması və dövlətçilik maraqlarının ümumi məqsədə çevrilməsi olub. Xüsusilə müstəqilliyin ilk illərində siyasi qarşıdurmalar, hakimiyyət böhranı, ictimai gərginlik və müxtəlif qrupların maraqlarının toqquşması dövlətçiliyimizi ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir şəraitdə Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə yeni inkişaf mərhələsinin əsası qoyuldu. Azərbaycançılıq ideologiyasının dövlət siyasətinin mühüm istiqamətinə çevrilməsi isə cəmiyyətin vahid milli məfkurə ətrafında birləşməsinə imkan yaratdı.

Azərbaycançılıq ideologiyası insanları siyasi baxışlarından, sosial mövqelərindən, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq vahid dövlətçilik mənafeləri ətrafında birləşdirir. Azərbaycançılıq ayrı-ayrı fərqlilikləri qarşıdurma mənbəyinə deyil, milli zənginliyin tərkib hissəsinə çevirir. Məhz bu yanaşma ölkəmizdə ictimai münasibətlərin sağlamlaşmasına, qarşılıqlı etimadın möhkəmlənməsinə və daxili sabitliyin dayanıqlı xarakter almasına zəmin yaradıb. Bu gün Azərbaycanın regional və beynəlxalq müstəvidə əldə etdiyi uğurların arxasında da cəmiyyətin dövlətçilik ideyalarına bağlılığı, milli maraqlar ətrafında həmrəyliyi dayanır. Deməli, azərbaycançılıq yalnız ideoloji seçim deyil, həm də sabitliyin qorunmasının və gələcək inkişafın strateji təminatıdır. Prezident İlham Əliyev çıxışında bildirib ki, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir: “Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik”.

Hüquq qarşısında bərabərlik azərbaycançılığın əsas prinsiplərindəndir

Azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri cəmiyyətdə hüquq bərabərliyinin, ədalət və qanunun aliliyinin təmin olunmasıdır. Bu məfkurə hər bir vətəndaşın mənsubiyyətindən, dini etiqadından, sosial statusundan, dilindən və siyasi baxışlarından asılı olmayaraq özünü Azərbaycan dövlətinin bərabərhüquqlu üzvü hesab etməsini nəzərdə tutur. Başqa sözlə, ölkəmizdə hər kəsin dövlət qarşısında hüquqları olduğu kimi, üzərinə düşən vəzifə və məsuliyyətlər də eynidir. Milli ideologiyanın birləşdirici gücü də məhz bu yanaşmadan qaynaqlanır. Çünki vətəndaş həmrəyliyi yalnız ortaq dəyərlərin deyil, eyni zamanda hamı üçün bərabər hüquqi prinsiplərin mövcudluğu şəraitində möhkəmlənə bilər.

Azərbaycan Respublikasının Konstitusiyası bu prinsipin hüquqi təminatını yaradır. Əsas Qanunumuzun 25-ci maddəsində bərabərlik hüququ təsbit olunub, 12-ci maddədə isə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyənləşdirilib. Konstitusiya heç bir vətəndaşa milli, dini, irqi, sosial və digər mənsubiyyətinə görə üstünlük vermir. Eyni zamanda qanun qarşısında hər kəsin məsuliyyəti və öhdəlikləri də ümumi hüquqi çərçivəyə əsaslanır. Bu baxımdan azərbaycançılıq ideologiyası Konstitusiyanın müəyyən etdiyi hüquqi dəyərlərlə üzvi şəkildə uzlaşır. Burada əsas məsələ yalnız bərabər hüquqların bəyan edilməsi deyil, onların gündəlik ictimai münasibətlərdə real təmin olunmasıdır. Qanunun aliliyinə hörmət, vətəndaş məsuliyyəti və qarşılıqlı hüquqi etimad milli birliyin möhkəmlənməsinə xidmət edir. Beləliklə, azərbaycançılıq hər bir fərdin dövlət qarşısında bərabər mövqeyini və ümumi məsuliyyətini müəyyən edən mühüm ideoloji dayaqlardan biridir.

Gənc nəsil azərbaycançılıq ideologiyasının daşıyıcısı və gələcək uğurların təminatıdır

Milli ideologiyanın davamlılığı onun gələcək nəsillər tərəfindən mənimsənilməsi və ictimai həyatın ayrılmaz hissəsinə çevrilməsi ilə ölçülür. Bu baxımdan gənclərin azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi dövlətimizin strateji hədəflərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Çünki müasir dünyada qloballaşma, informasiya axınlarının sürətlənməsi və müxtəlif ideoloji təsirlərin güclənməsi milli kimliyin qorunmasını daha aktual edir. Gənc nəsil həm müasir biliklərə yiyələnməli, həm də tarixini, milli-mənəvi dəyərlərini, dövlətçilik ənənələrini dərindən bilməlidir. Azərbaycançılıq bu iki istiqaməti bir araya gətirən, gənclərə həm milli kimlik, həm də gələcəyə inam aşılayan ideoloji platformadır.

2020-ci ildə baş vermiş Vətən müharibəsi bu məfkurənin cəmiyyətimizdə nə qədər güclü dayaqlara malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Müharibə dövründə siyasi baxışlardan və sosial fərqlərdən asılı olmayaraq xalqımızın vahid məqsəd ətrafında səfərbər olması, ön və arxa cəbhənin həmrəyliyi, gənclərin torpaq və dövlət uğrunda mübarizəyə qoşulması milli birliyin real təzahürü idi. Bu qələbə yalnız hərbi qüdrətin deyil, eyni zamanda milli ruhun, vətənpərvərliyin və ümumxalq həmrəyliyinin nəticəsi oldu. Həmin tarixi təcrübə göstərdi ki, azərbaycançılıq ideologiyası yalnız keçmişin irsini qorumaqla məhdudlaşmır, həm də gələcəyin qurulmasına istiqamət verir. Bu gün gənclərin elm, təhsil, texnologiya, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində fəallığı həmin ideoloji bağlılığın yeni ifadəsidir. Milli kimliyinə sahib çıxan, dövlətinin maraqlarını üstün tutan və müasir çağırışlara hazır olan gənclik Azərbaycanın gələcək uğurlarının başlıca təminatıdır.

P.İSMAYILOV