Bakının tələbləri əsasında...

Regionda davamlı sülhə doğru addım

Ermənistanın yeni Konstitusiya layihəsi...

Ermənistanın yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunması Bakının müəllifliyi ilə Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar və regional münasibətlər sisteminin yeni mərhələsi baxımından vacib bir məsələdir. Noyabrın 23-də Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişi ilə dərc olunan sənəd təkcə Ermənistanın daxili siyasi və hüquqi sisteminin yenilənməsi cəhdi deyil, həm də Azərbaycanla münasibətlərdə uzun illərdir davam edən münaqişə məntiqindən uzaqlaşmaq istiqamətində atılan addım kimi qiymətləndirilə bilər. Çünki iki ölkə arasında davamlı sülhün əldə olunması üçün siyasi bəyanatlarla yanaşı, qarşılıqlı ərazi iddialarına hüquqi əsas verə biləcək müddəaların da aradan qaldırılması vacibdir. Məlumdur ki, Azərbaycanın sülh gündəliyində Ermənistan Konstitusiyasının və müstəqilliklə bağlı hüquqi sənədlərinin ölkəmizə qarşı ərazi iddiaları ehtiva edən müddəalardan təmizlənməsi mühüm şərtlərdən biri olub. Xatırladaq ki, 1990-cı il Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə dair müddəa iki dövlət arasında münasibətlərin normallaşması qarşısında hüquqi-siyasi maneə kimi çıxış edirdi. İndi təqdim olunan yeni layihədə həmin Bəyannaməyə istinadın preambuladan çıxarılması diqqət çəkən əsas dəyişiklikdir. Paralel olaraq Konstitusiya layihəsinin dərci qlobal dünyaya da bir mesaj xarakteri daşıyır

Azərbaycanın prinsipial tələbi yerinə yetirilir

Vurğulandığı kimi, yeni Konstitusiya layihəsinin Azərbaycan-Ermənistan münasibətləri baxımından ən mühüm yeniliyi preambulada 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılmasıdır. Preambulada Ermənistanın müstəqil, sülhpərvər, təhlükəsiz və firavan dövlət qurmaq, bunu beynəlxalq səviyyədə tanınmış ərazisi daxilində həyata keçirmək məqsədi ön plana çəkilir. Burada diqqətçəkən məqam yalnız əvvəlki sənədə istinadın çıxarılması deyil, dövlətin gələcək inkişafının beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində müəyyənləşdirilməsidir. Bu, Ermənistanın dövlətçilik fəlsəfəsində yeni siyasi istiqamətin formalaşdırılması cəhdi kimi qiymətləndirilə bilər.

Baş nazir Nikol Paşinyan da çıxışlarında yeni Konstitusiyanın əvvəlki münaqişə məntiqindən uzaqlaşmanı ifadə etdiyini bildirib. Digər vacib məqam isə bu dəyişikliyin Konstitusiyanın digər müddəalarında və dövlət siyasətində necə əks olunacağıdır - Bakı üçün vacib olan Ermənistanın hər hansı sənədində ölkəmizə qarşı ərazi iddialarının hüquqi və siyasi əsasının qalmamasıdır. Buna görə də layihənin qəbul edilməsi Azərbaycanın sülh gündəliyində irəli sürdüyü prinsipial tələbin nəzərə alınması istiqamətində əhəmiyyətli addımdır.

Ermənistanın yeni dövlətçilik yanaşması

Layihənin Azərbaycan üçün əhəmiyyət kəsb edən digər mühüm tərəfi xarici siyasətin məqsədinin konstitusion səviyyədə müəyyənləşdirilməsidir. Sənədin 8-ci maddəsində Ermənistan Respublikasının xarici siyasətinin məqsədinin sülhün təmin edilməsi olduğu göstərilir. Bu müddəa ilk baxışdan ümumi siyasi prinsip təsiri bağışlasa da, Ermənistanın əvvəlki dövlətçilik yanaşması ilə müqayisədə ciddi məna dəyişikliyini ifadə edir. Çünki uzun illər regionda qarşıdurma, ərazi iddiaları və güc balansı üzərində qurulan siyasi yanaşma Cənubi Qafqazın inkişafına mane olub, Ermənistanın yürütdüyü işğalçı, təcavüzkar siyasət bu ölkənin özünün də iqtisadi və siyasi imkanlarını məhdudlaşdırıb.

Paşinyan yeni Konstitusiyanın təqdimatı zamanı bu dəyişikliyi açıq şəkildə əsaslandıraraq Ermənistanın münaqişə məntiqindən uzaqlaşmalı olduğunu bildirib. Onun sözlərinə görə, ölkə səngərlər məkanından sülh kəsişməsinə çevrilməli, eyni zamanda beynəlxalq səviyyədə tanınmış ərazisinin və sərhədlərinin toxunulmazlığını müstəqil müdafiə edə bilən dövlət olmalıdır. Bu yanaşma göstərir ki, İrəvanın qarşısında duran əsas vəzifə təhlükəsizliyi ərazi iddiaları və regional qarşıdurma üzərində deyil, dövlətlərarası münasibətlərin hüquqi əsasları və iqtisadi əməkdaşlıq üzərində qurmaqdır.

Azərbaycanın mövqeyi və irəli sürdüyü tələblər də məhz bu reallığa əsaslanır. Bakı dəfələrlə bəyan edib ki, Cənubi Qafqazda davamlı sülhün təmin olunması qarşılıqlı suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınmasından keçir. Bu baxımdan Ermənistanın xarici siyasətdə sülhü əsas məqsəd kimi təsbit etməsi müsbət siyasi siqnaldır. Lakin konstitusion bəyanatların real siyasətə çevrilməsi daha vacibdir. Ermənistan bundan sonra qonşularına münasibətdə hansı siyasi xətt yürüdəcək, regional kommunikasiyaların açılmasına, iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə necə yanaşacaq? Bu sualların cavabı yeni yanaşmanın həqiqiliyini müəyyən edəcək. Sülh yalnız Konstitusiyada yazılan prinsip deyil, gündəlik dövlət siyasətində nümayiş etdirilən məsuliyyət olmalıdır.

5 istiqamətə ünvanlanan siyasi mesajlar...

Ermənistanın yeni Konstitusiya layihəsi təkcə ölkənin hüquqi-siyasi sistemində dəyişiklik cəhdi deyil, həm də müxtəlif ünvanlara hesablanmış mühüm siyasi mesajdır. Bu sənədin mahiyyəti onun ayrı-ayrı müddəalarından daha geniş məzmun daşıyır. Layihə Ermənistanın gələcək siyasi kursu, Azərbaycanla münasibətləri, regional təhlükəsizlik və sülh prosesinə yanaşması baxımından müəyyən mövqenin ifadəsidir.

1. Ermənistanın revanşist müxalifətinə mesaj. Layihənin ilk ünvanı Ermənistan daxilində əvvəlki siyasi kursun bərpasına çalışan revanşist qüvvələrdir. 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın yeni Konstitusiyanın preambulasından çıxarılması Qarabağın Ermənistana birləşdirilməsi ideyasının hüquqi-siyasi əsas kimi saxlanılmasından tam imtina deməkdir. Bununla Paşinyan iqtidarı revanşist düşərgəyə göstərir ki, Ermənistanın gələcəyi keçmiş münaqişə və ərazi iddiaları üzərində qurula bilməz.

2. Ermənistan cəmiyyətinə mesaj. Yeni Konstitusiya erməni cəmiyyətinə seçim təklifidir: keçmişin münaqişə və qarşıdurma məntiqi, yoxsa beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində təhlükəsiz və firavan dövlət quruculuğu? Burada əsas məqsəd ictimai düşüncədə dəyişiklik yaratmaq, müharibə psixologiyasından sülh və inkişaf yanaşmasına keçidi təmin etməkdir. Yəni cəmiyyətə izah olunur ki, davamlı sabitlik ərazi iddialarından deyil, dövlətçiliyin möhkəmləndirilməsindən keçir.

3. Sülhü istəyən qlobal güclərə mesaj. Layihə Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında sülhə siyasi iradəsini nümayiş etdirmək cəhdidir. Xüsusilə ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda əldə edilmiş razılaşmaların davamlı sülhə çevrilməsi baxımından bu addım mühüm əhəmiyyət daşıyır. İrəvan göstərir ki, regional sabitlik naminə öz qanunvericilik bazasında zəruri dəyişikliklərə getməyə hazırdır. Bu, Ermənistanın beynəlxalq etimad qazanmaq və yeni əməkdaşlıq imkanlarına yol açmaq istəyidir.

4. Sülhə mane olmağa çalışanlara mesaj. Konstitusiya layihəsi münaqişənin davam etməsində maraqlı olan qüvvələrə də ünvanlanıb. Ərazi iddialarının konstitusion müstəvidən çıxarılması revanşist planların siyasi-hüquqi dayaqlarını zəiflədir. Bununla göstərilir ki, regionun gələcəyini xarici müdaxilələr, müharibə çağırışları və geosiyasi qarşıdurmalar deyil, suveren dövlətlərin qarşılıqlı razılaşmaları müəyyən etməlidir.

5. Erməni lobbisinə mesaj. Bu sənəd dünya erməniliyinə də ciddi siyasi seçim qarşısında olduğunu göstərir. Ermənistanın gələcəyi diasporun tarixi iddiaları və emosional çağırışları əsasında deyil, ölkənin real milli maraqları ilə müəyyənləşməlidir. İrəvan dolayısı ilə bildirir ki, Ermənistanın təhlükəsizliyi və inkişafı naminə keçmişin iddialarından imtina etmək zəruridir. Beləliklə, layihə yalnız daxili hüquqi dəyişiklik deyil, erməni siyasi düşüncəsində yeni mərhələyə keçid cəhdidir.

Referendum: Sülhə münasibətin siyasi sınağı...

Ermənistanın yeni Konstitusiya layihəsinin hazırlanması və ictimaiyyətə təqdim edilməsi isə hələ prosesin başa çatması demək deyil. Əksinə, sənədin qarşıda keçməli olduğu ən ciddi mərhələ onun parlamentdə dəstəklənməsi və ümumxalq referendumunda qəbul edilməsidir. Məhz bu mərhələdə Ermənistan siyasi elitasının və cəmiyyətinin sülhə münasibəti, münaqişə keçmişindən uzaqlaşmaq iradəsi özünü göstərəcək.

Paşinyanın açıqlamasına görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlamentdə referendumun keçirilməsi ilə bağlı qərarı qəbul etdirmək üçün altı səsi çatmır. Baş nazir müxalifətə layihənin referenduma çıxarılmasına dəstək vermək çağırışı edib. O, hətta siyasi məsuliyyətini bu proseslə əlaqələndirərək Konstitusiya referendumda qəbul edilməyəcəyi təqdirdə istefa verəcəyini, qəbul ediləcəyi halda isə növbəti parlament seçkilərində baş nazirliyə namizəd olmayacağını bəyan edib. Bu, məsələnin Paşinyan hakimiyyəti üçün nə qədər ciddi siyasi əhəmiyyət daşıdığını göstərir.

Digər tərəfdən, Ermənistan müxalifətinin bir hissəsi yeni Konstitusiyanı xarici təzyiqlərin nəticəsi kimi təqdim edir və sənədə qarşı çıxır. Ancaq Ermənistan cəmiyyəti anlamalıdır ki, keçmişin qarşıdurma siyasətinə qayıtmaq ölkəyə yeni imkanlar qazandırmayacaq. Azərbaycanla münasibətlərin normallaşması, regional əməkdaşlıq, nəqliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi inkişaf Ermənistan üçün də mühüm perspektivlər yaradır.

Azərbaycan baxımından isə əsas məsələ layihənin hansı siyasi şüarlar altında təqdim olunması deyil, onun real hüquqi nəticələridir. Konstitusiya dəyişikliyi ilə yanaşı, sülh müqaviləsinin imzalanması, ratifikasiyası və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi vacibdir. Paşinyan da yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh sazişinin imzalanıb ratifikasiya ediləcəyinə və davamlı sülhün təmin olunacağına əminliyini ifadə edib. Deməli, indi Ermənistanın qarşısında seçim dayanır: ya tarixi qarşıdurma səhifəsini bağlayaraq yeni regional reallıqlara uyğunlaşmaq, ya da revanşist qüvvələrin təsiri altında gələcəyini yenidən qeyri-müəyyənliyə sürükləmək.

Pərviz SADAYOĞLU